Mən geriyə
baxmıram
Kubra Əliyeva: ““Şirbalanın məhəbbəti”ndə
oynayanda səhərisi şəhərə çıxa bilmədim”
“Azadinform”un
suallarını Əməkdar artist Kubra Əliyeva
cavablandırıb.
- Necəsiniz, özünüzü
necə hiss edirsiniz?
-
Yaxşı olmağa çalışıram. İki ilə
yaxındır ki, ürəyim ağrıyırdı,
bütün kardioloqlara gedirdim. İstanbula getdim, türk həkimləri
döşümdə şiş olduğunu aşkar etdilər,
gəlib Bakıda Onkoloji Xəstəxanada əməliyyat
olundum. İndi kimyaterapiya kursu
keçirəm. Hələ bir müddət də bu kursu
almalıyam.
- Buna baxmayaraq, “Planeta parni iz Baku” KVN
Teatrının konsert proqramlarında çıxış
edirsiniz. Sizin üçün əziyyət deyil?
-
İstanbulda olanda Tahir tez-tez zəng edib halımı
soruşurdu. Xəstəxanada və evdə dəfələrlə
yanıma gəldilər. Hərçənd ki, mən
heç kəsə əziyyət vermək istəmirəm, bu
barədə heç kəsə də deməmişəm.
Aktrisalarımızın bir çoxunda bu xəstəlik var.
Çoxları mənə arıqladığımı deyirlər.
Onda bəziləri başa düşür ki, hansı xəstəlikdən
əziyyət çəkirəm, bəzilərinə isə
özüm deyirəm. Heç qohumlarıma da əziyyət
verən adam deyiləm.
- Heç vaxt xəstəlikdən
şikayət etmədiyinizi deyirsiniz, bəs birdən-birə
nə oldu?
-
Ekologiya, Çernobl hadisəsi, qidalar, yeməyimizdən
şübhələnirəm. Bakının havası çox
çirklidir, mən Bakının küçələrində
gəzəndə tozdan nəfəsim tutulur. Sənət
yollarında çox çətinliklər çəksəm
də, xəstəlik bununla əlaqadər deyil, bu, ayrı bir
bəladır. Hətta belə vəziyyətimdə Heydər
Əliyev Sarayında “Planeta parni iz Baku” Teatrında
çıxış edirəm və yenə də onlarla
çalışacağam. Müalicə edilən zaman da məşqlərdən
qalmırdım. Kimyaterapiyadan sonra teatrın uşaqları mənim
qolumdan tutub maşına mindirirdilər, aparmaları
üçün çox təkid etsələr də,
özüm yavaş-yavaş sürüb gedirdim evə. Onlar məni
anladı, çox hörmət etdilər.
- “Planeta parniz iz Baku” KVN Teatrı ilə
işbirliyiniz necə yarandı?
- 10 ildən
artıqdır Tahir-Cabir qardaşlarıyla
çalışıram. Əvvəlcə onların televiziya
versiyalarında bir-iki rol aldım. Allah rəhmət etsin,
Elçin Həmidov onlarla çalışırdı, o, məni
və Musiqili Komediya Teatrından bir neçə aktyoru məsləhət
görüb. Əvvəlcə “Məhəllə”də
Südabə xala roluna dəvət etdilər. Sonra konsertlər
başladı. Mənə çox rol verirlər, amma
özüm az obraz oynamaq istəyirəm. Çünki
geyinib-soyunmaq mənə çox çətin olur. Artıq
“Planeta parni iz Baku” Teatrının aktrisasıyam, bununla da
qürur duyuram.
- Peşəkar aktrisa kimi sizdən bəhrələnirlər?
- Bəhrələnməyə
ehtiyac yoxdur. Onlar çox istedadlı aktyorlardır. “Planeta
parni iz Baku”nun öz stili var. Vaxtında və yerində deyilən
kəskin sözləri təsir etməsə, zal onları elə
qarşılamaz. Tahirgillə işləmək
üçün onların üslubuna uymaq lazımdır.
Onlar 20 ildir bu yolu gəlirlər. Mən onlara
uyğunlaşdım və üslublarını
götürdüm. Bu da mənim məharətimdir ki, onlara
alışa bildim.
- “Məhəllə-3” çəkiləcəkmi?
- Bunu deyə
bilmərəm. Bəlkə də çəkilə bilər.
Xalqın onlara tələbi var, sevilirlər. Düzdür, bəzi
mütəxəssislər “Məhəllə” filmini Cəfər
Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilən
filmlər sırasına qatmırlar, amma nahaq yerə.
Çünki müasir Azərbaycan xalqının həyatı,
adət-ənənəsi, milli mentalitetinə uyğun bir film
olduğuna görə xalq onu çox sevdi.
- Sizcə hansı rolunuzla
tanındınız?
-
“Şirbalanın məhəbbəti”ndə oynayanda səhərisi
şəhərə çıxa bilmədim, Kubra
xanımı tanımayan olmadı. Ələkbər
Kazımovskinin quruluş verdiyi televiziya tamaşası 1982-ci
ildə efirə çıxanda yeni il ərəfəsiydi. Bir
gün sonra özümü bütün Azərbaycanda məşhur
bir aktrisa bildim. İlk rolumsa Cahangir Məmmədov və Əşrəf
Abbasovun librettosu əsasında “Həyətim mənim, həyatım
mənim” tamaşasında olub. Bu tamaşa gedəndə
Musiqili Komediya Teatrında iynə atsan yerə düşməzdi.
- Gəncə,
Sumqayıt Dram Teatrı, Musiqili Komediya və Akademik Milli Dram
teatrlarında çalışmısınız. Bu qədər
iş yeri dəyişməyə səbəb nə idi?
- Gəncə Teatrında cəmi bir
rol oynadım. Mədəniyyət və İncəsənət
Universitetinə daxil olandan sonra Akademik Milli Dram Teatrına gəldim,
amma Bakıya qeydiyyatım və evim olmadığı
üçün işə götürülmədim.
Sumqayıt yeni şəhər idi və orada ev almaq asan
olduğu üçün məni Sumqayıt Dövlət
Musiqili Dram Teatrına yolladılar. 1971-ci ildən 1976-cı ilədək
orada işlədim və Musiqili
Komediya Teatrına dəvət adlım. 17 il orada işlədim,
amma adını çəkmək istəmədiyim direktorla
mübahisəmiz yarandığı üçün inciyib
çıxdım. Müdiriyyətin aktyora kobud davranmasına
dözə bilmirəm. Çünki yaradıcı
insanların qəlbi çox incədir. Başqa sahəyə
getmək istəyirdim, amma rəhmətlik yazıçı
İlyas Əfəndiyev Akademik Milli Dram Teatrında “Tənha
iydə ağacı” tamaşasında Xanbikə roluna dəvət
etdi və 2010-cu ilədək orada çalışdım.
- Akademik Milli Dram Teatrından niyə
ayrıldınız?
- 60
yaşımda teatrdan ayrılacağımı demişdim.
İsrafil İsrafilov direktor təyin ediləndə
bütün heyəti işdən çıxarıb imtahan edəcəyini
dedi. Mənim də imtahanlıq halım yoxdur, 42 illik təcrübəm
var. Bu, xətrimə də dəymədi, amma qayıtmaq da istəmədim.
Çünki artıq səhnədə başım gicəllənirdi,
hərdən səndələyirdim, yorulurdum. Bütün
tamaşanı oynayanda hiss edirdim ki, əvvəlki Kubra deyiləm.
- Teatrrdan uzaqlaşandan sonra ora necə
görünür?
- Həyatımı
bu sənətə qurban vermişəm. 85 manatla teatra
girmişəm, 175 manatla çıxmışam. Mən
radiolara, televiziyalara qaçmasaydım, “Səhər
görüşləri”, “Komediyalar aləminə səyahət”ə
çəkilməsəydim, pul qazana bilməzdim. Novruz
bayramı yaxınlaşanda bizə rol verilməsi
üçün gözümüz rejissorların əlində
qalırdı. İndi də əziyyət çəkən
aktyorlarımız var. Hamı prezident təqaüdü ala
bilməz ki. Aktyor müğənni deyil. Aktyorların qəlbinə
dəymək olmaz, amma müğənnilərin olar.
Çünki onların pulları var, toylara gedirlər.
İndi Bakının çörək mağazası qədər
şadlıq sarayları var. Bir gecədə bir neçə
toyda oxuyur və çox böyük məbləğdə
pullar qazanırlar. Bizim vaxtımızda nə belə
maşınlar, nə belə şərait vardı.
- Ən doğma kollektiv hansı olub?
- Mənim
ögey kollektivim olmayıb. Milli Dram Teatrı hər insanı
qəbul etmir, hər aktyor da orada yerini tapa bilmir. Mən o
qapıdan girəndən onlar məni bağırlarına
basdılar. 1991-ci ildə məni öpüb
qarşıladılar, 2010-cu ildə öpüb yola
saldılar. Hər kollektiv mənim ailəm, canım, ciyərim
oldu. Bu gün də hansını görürəm
bağrıma basıram.
- Dostlarınız çoxdur?
- Qəlb
dostlarım azdır, 1970-ci illərdən qazandığım
rəfiqələrdir. Dost qazanmaq üçün də vaxt
lazımdır, ona ürəyində, evində yer etməlisən.
Rəna, Aza və Ema xanım ən yaxın rəfiqələrimdir.
Sənət yoldaşlarım arasında isə Firəngiz
Mütəllimova, Bəsti Cəfərova, Zemfira Nərimanova,
Zərnigar Ağakişiyeva, Hicran Nəsirova, Mərahim Fərzəlibəyovla
dostluq edirəm və rəhmətlik Telman Adıgözəlovla
dostluğumuz vardı.
- Teatrdan ayrılmısınız,
ancaq ürəyinizdə arzuladığınız rol
qaldımı?
- İlyas
Əfəndiyevin “Geriyə baxma, qoca” əsərində
deyildiyi kimi, mən geriyə
baxmıram. Nə oynamışamsa, xalqıma hədiyyə
edirəm. “Qızıl Fond”da saysız-hesabsız filmlər,
televiziya tamaşalarım var. Azdan-çoxdan hər həftə
də televiziyada görünürəm, bəsdir.
- Pərəstiş etdiyiniz aktyor və
ya aktrisa var?
- Həsənağa
Salayev, Hökumə Qurbanovanın radiodakı ecazkar səsləri
məni valeh edirdi. 15 yaşımda Həsənağa Salayevə
məktub yazmışdım ki, aktrisa olmaq istəyirəm.
İllər ötdü, mən Sumqayıt Teatrında işləyəndə
məşq zamanı Həsənağa Salayev gəldi və
söhbət əsnasında mənim Gəncədən
olduğumu bilib dedi ki, illər öncə Gəncədən
bir qız ona məktub yazıb. Həmin qızın mən
olduğunu dedim. Həsənağa müəllim çox
sevindi və mənə xeyir-dua verdi. Bu mənim həyatımda
olan qəribə hadisələrdən biridir.
- Gənc aktyorlardan kimləri bəyənirsiniz?
- Vəfa
Zeynalova, Mehriban Xanlarova istedadlı aktrisadır, Şəlalə
Şahvələdqızı “Şekspir” tamaşasına
görə saçlarını qırxdırıb, bunu
çox bəyəndim, bax, sənətkarlıq budur. Mehriban
xanım tamamlanmış, bitmiş, hazır bir aktrisadır.
Oğlanlar arasında da istedadlılar var, amma xəstəliyimlə
əlaqədar adları yadımda qalmayıb.
- İndi Azərbaycan teatrında nə
çatmır?
-
İstedadlı aktyorlar çoxdur, amma gözəl əsərlər
və tamaşaların reklamı olmalıdır. Əvvəllər
tamaşanın premyerasında yeganə telekanal olan Az.TV-nin
studiyasında yığılıb otururduq, müzakirələr
edirdik. İndi belə bir ənənə yoxdur. Teatr,
tamaşalar, aktyorları televiziyada görmək istəyirəm.
Yetər, ucuz toy müğənnilərini reklam edib,
onların selikonlarını göstərdik. Mən istəyirəm
ki, oynanılan tamaşa səhərisi televiziyada müzakirə
edilsin və ən maraqlı səhnələr göstərilsin
ki, tamaşaçı maraqlanıb gəlsin.
- Teatrdan ayrılandan sonra
tamaşalara baxırsınız?
- Yox,
heç bir teatra getmirəm. Niyəsini isə deməyəcəm.
- Həyatda bəxti gətirən
qadınsınız?
- Həyat
yoldaşım rəhmətə gedib, 3 uşağı
çətinliklə böyütmüşəm. Allaha
şükür, nəvələrim, nəticələrim var,
heç nəyə ehtiyacları yoxdur. İkinci dəfə
ailə qurdum, oğlum dünyaya gəldi, lakin ayrıldıq.
- Bir müddət əvvəl
oğlunuzla bağlı yayılan xəbərlər sizdə
küskünlük yaratdı?
- Bəzi
telekanallar mənim qəlbimi qırdı. Kubranın oğlu
ilə şou etdilər, bu mənə çox pis təsir
etdi, incitdi. Elə o məsələdən sonra mən bu xəstəliyi
tapdım. Jurnalistlər gərək bunu Kubra xanıma etməyəydilər.
Çünki oğlumun 50-yə yaxın yaşı var. O,
özünə cavabdehdir. Bu hadisədən sonra mən
heç bir kanala çıxmamışam. Xalqın sevgisini
itirmədim, amma gərək bunu mənə etməyəydilər.
Elə nazirlərin oğlanları, qardaşları elə vəziyyətdədir
ki, heç onların adını çəkən yoxdur,
çəkməyə də qorxurlar. Kubranı tək
qadın görüb, utanmadan bunu mənə etdilər. Mən
yandım, heç kəs yanmasın. Amma kimin
övladının sabah necə olacağı bəlli deyil.
Ümidə Həsənli
Kaspi.-2012.-12 iyun.-S.15.