Qəlbimiz
bütün Avropa üçün açıqdır
yaxud “Eurovision-2012” mahnı
müsabiqəsi haqqında düşüncələr
Odlar
yurdu. Bu adı möcüzələr diyarı Azərbaycana
Yerin təkindən üzə çıxan alovun insanlara
işıq və istilik bəxş etdiyi qədim dövrlərdə
vermişlər. Yurdumuz kimi, insanlarımızın da qəlbi
işıqlı, qanı isti, ürəyi odlu-alovludur. Azərbaycan
xalqı bu ölkəyə saf niyyətlə və xoş məramla
gələn hər kəsdən öz qəlbinin hərarətini,
könül evinin işığını heç zaman əsirgəməmişdir.
Bu
hisslər hər bir vətənpərvər azərbaycanlı
üçün qürur mənbəyidir. Ona görə də
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva
başda olmaqla “Eurovision-2012” mahnı müsabiqəsinin təşkilatçıları
bu tədbirin loqotipinin seçilməsində tərəddüd
etmədilər: insanları birləşməyə, sülhə
və həmrəyliyə çağıran “Öz məşəlini
alovlandır!” devizi və odlu çiçək musiqi
bayramının rəmzi oldu.
Azərbaycanın
ev sahibi olduğu “Eurovision-2012” mahnı müsabiqəsi sayca
57-ci idi. 2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində
keçirilən müsabiqənin finalında Eldar və Nigar
dueti 221 xal toplayaraq birinci yeri tutandan sonra Azərbaycan növbəti
müsabiqəyə ev sahibliyi hüququnu qazanmışdı.
Bundan dərhal sonra paytaxt Bakıda “Eurovision” mahnı
müsabiqəsinə ciddi hazırlıq işlərinə
başlandı.
On
beş gün Avropanın qəlbi Bakıda döyündü.
Dünya musiqisevərləri “Eurovision-2012”nin mayın 22-də
və 24-də yarımfinal, 26-da isə final mərhələlərinin
unudulmaz həyəcanını yaşadılar.
Təbii
ki, belə bir möhtəşəm tədbirin keçirilməsi
ölkəmizin dünya miqyasında təqdim edilməsi,
xalqımızın zəngin mədəniyyətinin, yurdumuzun
gözəl təbiətinin, turizm potensialının təbliği
üçün yeni imkanlar açdı, eyni zamanda,
infrastrukturun inkişafına da ciddi təkan verdi.
Azərbaycan
onun qarşısında duran vəzifələrin öhdəsindən
şərəflə gəldi. Çox qısa müddətdə
Bakıda, Dövlət Bayrağı Meydanının
yaxınlığında məxsusi olaraq “Eurovision-2012”
mahnı müsabiqəsi üçün 23 min
tamaşaçı tutan möhtəşəm “Baku Crystal
Hall” Konsert Kompleksi inşa edildi. Bunlar həqiqətən
böyük enerji, yüksək təşkilatçılıq,
fədakarlıq, iradə, hünər və qətiyyət tələb
edən işlər idi.
Ancaq
hər bir yeniliyə, uğura “qulp qoymaq” fürsəti axtaran
bəzi Qərb KİV-ləri dərhal bütün dünyaya
car çəkməyə başladı ki, guya Azərbaycan bu
mahnı müsabiqəsindən özünü “gözə
soxmaq” üçün istifadə etməyə
çalışır. Bu KİV-lər hətta dünyada 125
milyon insanın izlədiyi müsabiqənin özünə də
qara yaxmağa çalışır, onun haqqında qərəzli
ifadələr işlədirdilər. Nə baş vermişdi?
Onlar niyə belə edirdilər?
Azərbaycan
kimin haqqını əlindən almışdı? Belə
müsabiqələr keçirən ölkə
özünü, maddi-mənəvi dəyərlərini, adət-ənənələrini
bir daha göstərməyə çalışırsa, bunun
nəyi pisdir? Məhz rəsmi Bakı da o günlərdə dəfələrlə
bəyan etmişdi ki, “Eurovision” müsabiqəsini keçirmək
Azərbaycan üçün məqsəd deyil, vasitədir. Bəs
onda bədxahlarımız nə istəyirdilər?
Bu və
digər suallar barədə düşünərkən bu qənaətə
gəldim ki, Azərbaycan kimi gənc, sürətlə
inkişaf edən bir ölkədə “Eurovision-2012” mahnı
müsabiqəsi tək möhtəşəm tədbirlər
zamanı bədxah, paxıl, riyakar, ikiüzlü
ünsürlərin zühur etməsi təəccüblü
deyildir. Belələri təmsil etdikləri təşkilatların
və ya nəşrlərin reytinqini “yüksəltmək”
üçün boş yerə hay-küy salmağa, bəzən
də özünə diqqəti cəlb etməyə, guya
söz azadlığı və insan hüquqları uğrunda
mübarizlər kimi “xal qazanmağa” çalışırlar.
Qalmaqalları ilə ad çıxarmış bəzi “məşhur”
siyasətçilər, sifarişlə ağı qara yazan
jurnalistlər və başqaları o günlərdə Azərbaycana
qarşı iyrənc böhtan yarışına girmişdilər.
Görünür, belələri onlar üçün qara
piar olan bu fürsəti çoxdan gözləyirmişlər
ki, suyu bulandırıb balıq tutsunlar. Onların əsas məqsədi
diqqəti özlərinə cəlb etmək və
“bütün məclis boyu səhnədə parlamaq”, hətta
təlxəklik etməkdir.
Başqa
ölkələrdə belə mühüm tədbirlərin
keçirilməsi tarixinə nəzər salsaq, orada da
oxşar mənzərənin şahidi olarıq. Belələrinin
çoxunun sifarişlə işləməsi faktını da
nəzərdən qaçırmamalıyıq. Onlar
aldıqları pulun müqabilində o qədər hay-küy
salırlar ki, ilk baxışda hadisələrin gedişinə
təsir göstərə biləcəkləri təsəvvürü
yaranır. Ancaq bunlar sabun köpüyünə bənzəyir,
bir qədər havada uçur və partlayıb yox olur.
Bunu
yəqin etmək üçün “Eurovision-2012” mahnı
müsabiqəsi zamanı bizim opponentlərin nə barədə
danışdıqlarını və yazdıqlarını
qısaca xatırlatmaq kifayətdir.
Mahnı
müsabiqəsi keçirilən dövrdə bəzi xarici
jurnalistlər nədənsə bizim şəhərin gözəlliyinin
süni olduğunu güman etmiş və Bakını
müsabiqədən sonra görmək istədiklərini
yazmışdılar. Onlara elə gəlirdi ki, bütün
bunlar butaforiyadır və müsabiqədən sonra bu gözəlliklər
də nağıllardakı kimi yoxa çıxacaqdır. Belə
yerdə deyiblər: milçək bir şey deyil, ürək
bulandırır.
Bu məddahlar
elə danışırdılar ki, guya bütün yeni
binalar, muzeylər, parklar, şəhərimizin görməli
yerləri, günbəgün yenilənən, inkişaf edən
Azərbaycanda müstəqillik illərində yaradılmış
bütün bu gözəllikləri aparıb haradasa gizlətmək
və ya götürüb daha yaxşı vaxta qədər
saxlamaq olarmış. Cənablar, məlumunuz olsun ki, Azərbaycanın
simasının dəyişməsi nəinki builki müsabiqədən,
hətta keçənilki mahnı yarışmasında bizim
nümayəndələrin qələbəsindən neçə
illər əvvəl başlanmış möhtəşəm,
məqsədyönlü, perspektivə hesablanmış
işlərin məntiqi yekunudur.
Azərbaycan
tarixən qısa müddətdə nail olduğu tərəqqini
müstəqilliyini bərpa edəndən 20 il sonra
bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan
bu illərdə inkişafın özünəməxsus
modelini yaratmışdır. İndi Azərbaycan
iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən
iqtisadiyyatlardan biridir. Azərbaycan yeni cəmiyyət
quruculuğuna sürətlə transformasiya etmişdir.
Ağır böhran burulğanında ümidsiz halda
çarpışan Avropa ölkələrinin əksəriyyətindən
fərqli olaraq Azərbaycanda maliyyə-iqtisadi artım sabit
templərlə davam edir. Azərbaycan sürətli iqtisadi
inkişafı, o cümlədən qeyri-neft sektorunun
davamlı artımını iqtisadi və siyasi sabitliklə
uzlaşdırmağa nail olmuşdur. Təbii ki, bütün
bunlar dostlarımızı sevindirir, düşmənlərimizdə
isə həsəd və paxıllıq hissləri doğurur.
Opponentlərin
söylədiklərinə məna baxımından təsir
göstərən bir mühüm məqam barədə
söhbət açmaq yerinə düşər. Almaniyada
çıxan “Die Welt” nəşrinin jurnalisti Xolger Kraytlinq
“Eurovision-2012” mahnı müsabiqəsinin qalibi isveçli
Lorinin iştirakı ilə mətbuat konfransını belə
təsvir edir: “Müsabiqənin 28 yaşlı qalibi səhnədə
siçan kimi sakitcə əyləşmişdi və
qorxa-qorxa ətrafa baxırdı. Elə təsəvvür
yaranırdı ki, onu hansısa qoruq meşəsindən tutub
səhvən buraya göndərmişlər. Buna baxmayaraq,
Lorin öz mahnısını mistik meşə mələyi
obrazında ifa etdi və qələbə qazandı”.
Jurnalist
dərhal Lorini 2010-cu ildəki müsabiqənin almaniyalı
qalibi Lena Mayer ilə müqayisə edir və Lena barəsində
çox təmtəraqlı fikirlər söyləyir. Bundan əlavə,
həmin jurnalistin fikrincə, Bakıda keçirilən
müsabiqədə də ən yaxşı iki mahnıdan
biri Almaniyanın nümayəndəsi Roman Lobun ifa etdiyi
“Standing Still” kompozisiyası olmuşdur. Jurnalistin mövqeyi
aydındır, axı kim öz ayranına turş deyər?
Bununla belə, Xolger Kraytlinqin obyektivlikdən uzaq olmasına
göz yummaq mümkün deyil.
Kraytlinq
daha sonra Lorinin qələbəsinə açıq-aşkar qərəzli
münasibət bildirir: “Əgər sən müsabiqədə
qalib gəlmiş mahnının o qədər də
maraqlı olmadığını, onda bayağılıq və
çiylik əlamətləri olduğunu
düşünürsənsə, həyəcanlanmaya bilərsən,
belə düşünən tək sən deyilsən”. Bunun
ardınca Kraytlinq müsabiqənin daha bir
iştirakçısı - Norveç nümayəndəsi
Tuci barədə qərəzli fikirlər söyləyir: “Zəfər
və biabırçılıq lap yanaşı ola bilərmiş,
bəstəkar və prodüser Peter Bostremin
çıxışı buna sübutdur. Bu İsveç
nümayəndəsi Bakıda Lorinin yanında əyləşmişdi.
“Eurovision-2012” mahnı müsabiqəsində iki kompozisiya -
Lorinin ifasında “Eyforiya” və norveçli Tucinin təqdimatında
“dums-dums umsa-umsa” tipli sadə bir etnik rəqs onun adı ilə
bağlı idi”.
Görəsən,
bu “zəhər tuluğu”nun belə kəskin ifadələr
işlətməsinə səbəb nədir? Məsələ
bundadır ki, həmin müğənnilərin hər ikisi mənşəcə
qeyri-avropalı və hətta başqa dini mədəniyyətə
mənsub olan adamlardır. Tam ad-soyadı Lorin Zinab Noka Talyaui
olan Lorin Mərakeş-Liberiya mənşəlidir, Tuci isə
İranın Şiraz şəhərində anadan olmuşdur.
Alman jurnalist özünün kin-küdurətini, daha dəqiq
desək, millətçilik təzahürlərini gizlədə
bilməmişdir: “axı nə üçün onlar
“Eurovision” mahnı müsabiqəsində Avropanı təmsil
edirlər, ümumiyyətlə, bu müsabiqə nə
üçün müsəlman ölkəsində
keçirilir?”. Bu başabəla jurnalistin müsabiqənin
“qeyri-avropalı” iştirakçılarının
ünvanına işlətdiyi bütün
ağlasığmaz epitetləri sadalamağa lüzum
görmürəm. Ona görə ki, Avropa Yayım Birliyinə
daxil olan hər bir ölkə (hətta Avropa
hüdudlarından kənarda olsa belə) bu müsabiqədə
iştirak edə bilər. 1980-ci ildə müsabiqədə
iştirak etmiş Şimali Afrika ölkəsi Mərakeş,
habelə indiyə qədər hər il müsabiqəyə
iştirakçılar göndərən İsrail belə
ölkələrdəndir.
“Eurovision”
mahnı müsabiqəsi ilə əlaqədar kin-küdurət
püskürən jurnalistlərdən biri də Britaniyada
çıxan “The İndependent” nəşrinin müxbiri Dom
Coli olmuşdur. O yazır: “Mən “Eurovision” mahnı
müsabiqəsinə baxmırdım. Ümumiyyətlə, həmin
müsabiqəni heç olmasa bir dəfə
gördüyümə əmin deyiləm, lakin əminəm
ki, o, mənim zövqümə uyğun deyil. Mən bu
özünəməxsus tədbirə ev sahibliyi etdiyinə
görə öz kiçik qonşusu Azərbaycanı
qınayan İran hökuməti ilə müəyyən mənada
razıyam”.
İngilis
jurnalistin bu məsələdə İran ilə bu dərəcədə
həmrəy olması çox qəribə görünə
bilərdi, lakin bir mühüm məqam hər şeyə
aydınlıq gətirir: Dom Coli əslən iranlıdır və
Yəzd şəhərində anadan olmuşdur. Onun gizlətmədiyi
kin-küdurətin, paxıllığın əsas səbəbi
də budur.
Belə
cəfəng yazıları oxuyanda başa düşürsən
ki, onların əsas məqsədi Azərbaycanın imicinə
zərər vurmaq, hətta ən yüksək dərəcədə
inkişaf etmiş ölkələrin də demək olar ki, hər
birində rast gəlinən xırda qüsurları hədsiz
şişirdərək “milçəyi filə döndərmək”
istəyidir. Sanballı nəşrlərdə bu cür qərəzli
yazıların dərc edilməsi isə yalnız heyrət və
təəssüf doğurur. Görünür, onlar fikirləşmirlər
ki, düşünülməmiş belə addımlar atmaqla öz
imiclərini korlayırlar. Görünür, fikirləşmirlər
və yeri gələndə şeytanla da əməkdaşlıq
etməyi məqbul sayırlar.
Əlbəttə,
bütün bu qarayaxmalarda siyasi məqsədlərin olması
da istisna edilmir. Onlar “Eurovision” mahnı müsabiqəsini
maraqla izləyən çoxmilyonlu auditoriyanın diqqətini
bu yolla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsindən, mədəni Avropanın
xalqımıza qarşı törədilən ədalətsizliklərə
barmaqarası baxmasından, erməni faşistləri və
separatçıları tərəfindən doğma
yurdlarından qovulmuş bir milyon azərbaycanlının
problemlərindən, Xocalı, Qaradağlı faciələrindən,
Azərbaycanın Ermənistan tərəfindən
işğal edilmiş ərazilərində törədilən
vandalizmdən yayındırmağa çalışırlar.
Almaniya
Bundestaqının deputatları - iqtisadi əməkdaşlıq,
inkişaf və turizm üzrə parlament komitələrinin
üzvü Xelqa Daub, Bundestaqın Almaniya-Türkiyə
parlamentlərarası dostluq qrupunun sədri Yohannes Kars, habelə
almaniyalı tanınmış siyasi xadim Günter Verxeugen
müsabiqə ərəfəsində Azərbaycana
qarşı həmlələr seriyasını belə izah
edirlər: “Azərbaycana münasibətdə ədalətsizlik
edilmişdir. Mətbuat bizim ölkədə də rast gəlinən
bəzi məsələləri həddən artıq
şişirdir. Dünyada problemləri olmayan dövlət
yoxdur. Üstəlik, Azərbaycanın Dağlıq Qarabağ
münaqişəsi kimi ağrılı problemi vardır. “Eurovision”
mahnı müsabiqəsi ərəfəsində bütün
dünyanın diqqəti Azərbaycana yönəldiyinə
görə ədalətsiz tənqid halları da olmuşdur.
Bütün bu anlaşılmazlıqlara son qoymaq
üçün Azərbaycana gəlmək və buradakı tərəqqini,
inkişafı öz gözləri ilə görmək kifayətdir”.
Ədalət
naminə demək lazımdır ki, geniş bir coğrafi məkanı
əhatə edən başqa yazıların, bəyanat və
rəylərin böyük əksəriyyətinin müəllifləri
yekdilliklə bildirmişlər ki, xaricdəki islam ictimaiyyətinin
qəzəbinə, Ermənistanın müsabiqədə
iştirak etməkdən imtinası ilə bağlı
qalmaqala və dünya hüquq-müdafiə təşkilatlarının
gurultulu bəyanatlarına baxmayaraq, Azərbaycan öz müstəqilliyi
tarixində Qərbin mədəni paradiqmasına
inteqrasiyanın ən təsirli nümunəsini nümayiş
etdirdi.
Duqlas
və Sara Elisson adına Rusiya və
Avrasiya Tədqiqatları Proqramının böyük elmi
işçisi Ariel Koen “The National İnterest” jurnalında dərc
edilmiş məqaləsində müsabiqənin Bakıda
keçirilməsini bu cür qiymətləndirir: “Bu
yaxınlarda populyar teleşou - “Eurovision” mahnı müsabiqəsi
keçirilmiş Azərbaycan müsəlman dünyası,
xüsusən qonşu İran üçün misli
görünməmiş milli və dini
dözümlülük səviyyəsi nümayiş etdirdi. Bu
modeli alqışlamaq və Amerikanın islam ölkələrinə
ünvanladığı ictimai demokratiya çərçivəsində
inkişaf etdirmək lazımdır”.
Koen
ilə razılaşmamaq mümkün deyil, çünki
tolerantlıq Azərbaycan xalqının ən gözəl
xüsusiyyətlərindən biridir və əsrlər boyu mövcuddur.
Bu, danılmaz faktdır.
Azərbaycan
müsabiqəni yüksək səviyyədə keçirməklə
beynəlxalq səviyyəli tədbirlərə
münasibət mədəniyyətini bir daha nümayiş
etdirdi. İndiyə qədər Bakıda keçirilmiş
beynəlxalq forumlar, simpoziumlar, konfranslar, idman
yarışları məhz kommunikasiya sisteminin bu mühüm
komponenti nəzərə alınmaqla təşkil
edilmişdir. Biz özümüz də xarici ölkələrdə
bu qəbildən tədbirlərdə iştirak edərkən
bunların yüksək səviyyədə təşkil edilməsinin,
insanlara səmimi münasibətin şahidi olur və
qayıdandan sonra bu barədə xoş niyyətlə
danışır, təəssüratlarımızı
bölüşürük. Azərbaycan da qonaqlara öz mədəniyyətini,
qonaqpərvərlik ənənələrini nümayiş etdirir. Məgər
burada hansısa gizli məna axtarmaq olarmı? Əlbəttə,
yox! Onu da əlavə etmək istərdim ki, Azərbaycanda
mövcud olan, xarici ekspertlərin və müşahidəçilərin
dönə-dönə xüsusi vurğuladığı
tolerantlıq təkcə müsəlman dünyası
üçün deyil, Avropa ölkələri
üçün də nümunə ola bilər.
Mahnı
müsabiqəsi ölkələri
və insanları birləşdirən,
qarşılıqlı anlaşmaya şərait yaradan mədəniyyət
körpüsüdür. O, siyasi haqq-hesab çəkmək,
hamıya və hər şeyə əsassız qara yaxmaq alətinə
çevrilməməlidir. Azərbaycan hər bir
ifaçının, paytaxtımızın hər bir
qonağının özünü evindəki kimi rahat hiss etməsi
üçün lazım olan hər şeyi etmişdir.
Müsabiqədə
42 dövlət iştirak edirdi. Maliyyə çətinlikləri
ilə əlaqədar 2010-cu ildən müsabiqədə
iştirak etməyən Monteneqro bu il yenidən həmin tədbirə
qayıtmışdı.
Yeri
gəlmişkən, Ermənistanın Bakının ev sahibi
olduğu “Eurovision-2012” mahnı müsabiqəsində
iştirakdan imtina etməsi və erməni müğənnilərin
Avropa Yayım Birliyinə və Ermənistan İctimai
Televiziyasına ünvanlanmış müraciətinə də
münasibət bildirmək istərdim.
Erməni
tərəfi öz imtina qərarını əsaslandıraraq
bildirirdi ki, Ermənistan silahlı qüvvələrinin əsgəri
Albert Adibekyan fevralın 23-də Ermənistanın Tavuş
bölgəsində Azərbaycan snayperinin gülləsindən
həlak olmuşdur və buna görə də onlar Bakıda
keçirilən mahnı müsabiqəsində iştirak etməyəcəklər.
Bu bəyanatı Ermənistanın bir sıra populyar artistləri,
o cümlədən əvvəlki “Eurovision” mahnı
müsabiqələrinin bütün
iştirakçıları imzalamışdılar.
Sonradan
elə Ermənistan KİV-lərinin özləri etiraf
etmişdirlər ki, haqqında söhbət gedən erməni
əsgərini öz yoldaşları güllələmişlər.
Göründüyü kimi, bu dəfə də Ermənistan təbliğat
maşını ənənəsinə sadiq qalaraq beynəlxalq
ictimaiyyətə növbəti yalan
sırımışdır. Bu təbliğat
maşınının “ideoloqları” yaxşı bilirlər
ki, bir müddət əvvəl 9 yaşlı azərbaycanlı
oğlan öz ölkəsində, öz evinin həyətində
sakitcə oynadığı vaxt erməni snayperinin gülləsinə
tuş gəlmişdir.
Əlbəttə,
ermənilərin “Eurovision” mahnı müsabiqəsində
iştirak etməməsinin başqa səbəbləri
vardır. Ermənistan sadəcə olaraq, bu müsabiqədə
qalib gəlməyə ümid etmir, Bakıda uduzmağı isə
heç istəmirdi. Ermənilər illər boyu, mütəmadi
olaraq Azərbaycanın musiqi kompozisiyalarını
oğurlayır, sonra onlara yüngülvarı “əl gəzdirir”
və avropalılara öz mədəni irsləri kimi təqdim
edirlər. “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi
edən ölkələrdə isə bu cür “dəcəlliklərə”
əhəmiyyət vermirlər. Azərbaycanla bağlı
halda isə erməni tərəfi, ehtiyatlı tərpənməyi
qərara almış, görünür, iflasa uğrayacaqlarını
əvvəlcədən bildiklərinə görə imtina
yolunu seçmişdir.
Müsabiqənin
keçirildiyi müddətdə başqa ölkələrdən
Azərbaycana gəlmək üçün viza almaq proseduru
sadələşdirilmişdi. Arzu edən hər kəs
ölkəmizə gələrək, həm burada baş
vermiş bütün dəyişiklikləri öz gözləri
ilə görə, həm də insanları qəlbən və
ruhən birləşdirən əsl bayram tədbirinin
iştirakçısı ola bilərdi.
“Eurovision-2012” mahnı müsabiqəsinin
translyasiyasını İTV kanalı təmin edirdi. Azərbaycan təmsilçisi
Səbinə Babayeva “When the Music Dies” mahnısını ifa edərək
150 bal toplamış və ölkəmizin
bu müsabiqədə fəxri dördüncü yeri
tutmasını təmin etmişdir. Müğənnimizin
məlahətli səsi, gözəl ifa manerası, səhnə
mədəniyyəti insan qəlbini ehtizaza gətirən
mahnısı onun güclü vokal imkanlarını
nümayiş etdirdi. Finalda Səbinəni
müşayiət edən əfsanəvi muğam ustası
Alim Qasımov və Azərbaycan xalq çalğı alətləri
isə bu mahnını müasir etnik çalarlarla zənginləşdirdi.
Azərbaycanlı ifaçı və onun mahnısı
avropalı dinləyicilərin ürəyincə oldu. Odlar yurdu Azərbaycan
bu müsabiqədə iştirak etdiyi illər ərzində həmişə
ilk onluğa, son dörd ildə isə ilk beşliyə daxil
olmaqla sübut etmişdir ki, onun nümayəndələri
“Eurovision” mahnı müsabiqəsində həmişə
qeyri-adi şou göstərir və gözəl ifa
nümayiş etdirirlər.
Qarşıda bizi çox müxtəlif beynəlxalq
müsabiqə və idman yarışları gözləyir. Əminəm ki, həmin tədbirlərdə
də dünya bizim yeni-yeni dəyərlərimizlə tanış olacaqdır. Deməli,
qarşıda hələ bizi çox zəfərlər və
qələbələr gözləyir. Nəsibimiz daim zəfərlər
olsun!
Aslan Aslanov
AzərTAc-ın baş direktoru
Kaspi.-2012.-3 iyul.-S.8-9.