Hacıbaba Bağırov xatirələrdə 

 

Onun heç bir sənətkara bənzəməyən insani xüsusiyyətləri var idi. O, həmişə ağayana idi. Sənətdə aktyor idi, həyatda isə ciddi bir insan

 

“70-ə çatmışam, amma dəyişməmişəm. Ömrüm boyu yoldaşlarımla mülayim olmağa, kiməsə əl tutmağa, kömək etməyə çalışmışam. Mənə müraciət edənlərdən heç kimin qəlbini qırmıram. İmkan daxilində kömək etməyə çalışıram. Bununla da özümü xoşbəxt hesab edirəm ki, teatrda kimlərəsə əl tuta bilmişəm. Kiminsə uşağı əsgər gedir, kiminsə başqa problemi varsa, mənə müraciət edir. Elə bilirlər ki, bu dəqiqə telefonla zəng eləsəm, hər iş düzələcək. Daha bilmirlər, elə çinovniklər var ki, onlara söz deyiləsi deyil. Bacardığım qədər kömək edirəm, alınmayanda da alınmır”. Bu sözləri mənə deyəndə görkəmli aktyor Hacıbaba Bağırovun 70 yaşı vardı. İndi isə teatr və kino ictimaiyyəti aktyorun 80 yaşını qeyd edir. Özü bu dünyadan köçünü çəkib getsə də xatirələrdə, yaddaşlarda yaşayır.

 

Həmişə ağayana

 

Görkəmli aktyorla uzun illər bir səhnədə çalışan Əməkdar artist Novruz Qartal Hacıbaba Bağırovla keçən illəri  unudulmaz sayır. Bir yerdə çalışdıqları 40 il ona Hacıbaba Bağırovun təkcə bir aktyor kimi deyil, həm də insan kimi keyfiyyətlərini tanıdıb: «Bu illər ərzində onunla dost, tərəf müqabil olmuşuq. Birgə qastrollara getmişik. Bir neçə tamaşada oynamışıq. Demək olar ki, həddən artıq yaxın münasibətlərimiz olub». N.Qartalın sözlərinə görə, Hacıbaba Bağırov teatrın direktoru işlədiyi illərdə də həmişə aktyorların qayğısına qalıb, onların nazı ilə oynayıb: «Özü aktyor olduğundan həmişə aktyorları müdafiə edib. Hacıbaba Bağırovun heç bir sənətkara bənzəməyən insani xüsusiyyətləri var idi. O, həmişə ağayana idi. Sənətdə aktyor idi, həyatda isə ciddi bir insan. Onun şux zarafatları vardı. Ancaq hər adamla da zarafat etməzdi. İstər səhnədə, istərsə də həyatda öz səviyyəsini saxlayan insan idi. Onda musiqi, rəqs və yumor vəhdət təşkil edirdi. Bu baxımdan o, yeganə aktyor idi. Hazırda bu səpkili aktyorlar yoxdur. O, sanki dünyaya bu sənət üçün gəlmişdi. Mən fəxr edirəm ki, bu cür görkəmli sənətkarla çiyin-çiyinə işləmişəm. Bu gün də ondan öyrəndiyimi gənclərə öyrədirəm. Hacıbaba Bağırov çox tələbkar insan idi. O, nizam-intizama ciddi riayət edirdi və hamıdan da bunu tələb edirdi».

N.Qartal xatırlayır ki, Hacıbaba Bağırov həmçinin aktyorların problemlərinə də kömək etməyə çalışıb. Kimin həyatında çətinlik vardısa, ona müraciət edər, o da köməyini əsirgəməzmiş: «Kim onun yanına kömək üçün, hansısa problemi ilə bağlı gedərdisə, dərhal onun həllinə çalışardı. Qoymazdı ki, aktyor əziyyət çəksin».

Hacıbaba Bağırov teatrın direktoru olduğu illərdə bu böyük səhnədə Üzeyir bəyin «Məşədi İbad», Tamara Vəliyeva və Emin Sabitoğlunun «Bankir adaxlı», Qeybulla Rəsulovun «Məhəbbət oyunu», Cahangir Məmmədov və Emin Sabitoğlunun «On min dollarlıq kef» və s. tamaşalar səhnələşdirilib və özü də bu tamaşalarda rol alıb: «Baxmayaraq ki, o, teatrın rəhbəri idi, amma səhnəni tərk etmirdi. Bu tamaşaların hamısında çıxış edirdi. Demək olar ki, teatrın repertuarında olan bütün tamaşalarda onun rolu vardı. O, yaradıcı insan olduğu üçün səhnəsiz dayana bilmirdi. Onun Tənqid-Təbliğ Teatrının yaranmasında çox böyük xidməti oldu. Bu gün də həmin teatr tamaşaçıların yaddaşındadır. 1996-cı ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə Hacıbaba Bağırov Musiqili Komediya Teatrına direktor və bədii rəhbər təyin olunandan sonra biz bu teatra gəldik. Biz öz doğma teatrımıza yenidən qayıtdıq. O gündən bu günə qədər onun çoxlu tərəf-müqabilləri dünyasını dəyişib. Fuad Əhmədov, Ağarəfi Rəhimov, Ofeliya Aslan, Xanlar Muradov, İlkin Həmidov, Sabir Sultanov və başqa sənətçilərimizi itirmişik. Hacıbaba Bağırov da dünyasını dəyişib. O köhnə kollektivdən çox az adam qalıb”.

 

Sənətlə şəxsiyyətin birləşməsi

 

Əməkdar Mədəniyyət işçisi Elxan Ocaqov 1996-cı ildə Hacıbaba Bağırovla birlikdə Musiqili Komediya Teatrına gəldiyi günləri xatırlayır: «O vaxt bu teatr 26-lar mədəniyyət evində yerləşirdi. Teatrın repertuarında çox cüzi tamaşalar vardı. «Muskomediya»nın öz truppası demək olar ki, dağılmışdı. Bu teatra gəldikdən sonra Hacıbaba Bağırov mətbuat konfransı keçirdi. Televiziyaradio vasitəsilə bu teatrdan inciyib gedən bütün insanları geri çağırdı, gəncləri dəvət etdi. Tezliklə gözəl bir ansambl yaratdı. 1998-ci ildə «Muskomediya»nın yeni binası açılanda 1 ay 20 gün ərzində «O olmasın, bu olsun» və «Nəğməli könül» kimi iki möhtəşəm tamaşa oynanıldı. Təbii ki, qısa zaman kəsiyində iki belə tamaşanın təhvil verilməsi böyük məsuliyyət və işgüzarlıq tələb edirdi». E.Ocaqov deyir ki, Hacıbaba Bağırov dünyasını dəyişəndən sonra bir neçə teatrda boşluq yaranıb. Belə ki, Hacıbaba Bağırovun oynadığı tamaşaları heç kim oynamayıb, yalnız bir-iki rolunu əvəzləyən olub: «Bankir adaxlı» tamaşasında onun oynadığı Atakişi rolunda İlham Namiq Kamal səhnəyə çıxdı. «O olmasın, bu olsun» tamaşasında Məşədi İbad rolunu isə bir müddət sonra Ramiz Məmmədov oynadı. Digər tamaşalarda isə onu əvəzləyən olmadı. Təbii ki, bütün tamaşalar repertuardan çıxdı». Elxan Ocaqov sənət dostunu əvəzolunmaz adlandırır: «Deyirlər ki, sənətdə əvəzolunmaz insan yoxdur, amma var. Təbii ki, hər bir sənətçinin öz həyat yolu var. Ancaq elə sənətçilər var ki, onları heç kim əvəz edə bilməz. Hacıbaba Bağırov da belə əvəzolunmaz sənətçilərdən idi. Hətta, mən deyərdim ki, əvəzolunmaz insan və müqayisə olunmaz sənət adamı idi. Haçıbaba sənətin  yüksək zirvələrinə yüksələn bir insan idi. O, sənətdə o qədər yüksəlmişdi ki, hətta, onu oynadığı obrazların adı ilə çağırırdılar. Bu, hər aktyora nəsib olmur. OnuSonqulu, Şirbala” deyə çağırırdılar”.

Elxan Ocaqov deyir ki, Hacıbaba Bağırov insanlıqda sənətindən də yüksək xüsusiyyətlərə malik olub. Səmimi, sadə, uşaq kimi kövrək, qayğıkeş: “Hacıbaba insanlara yaxşılıq etməyi sevərdi. Sənətlə şəxsiyyətin birləşməsi nadir bir hadisədir. Bu keyfiyyətlərin hamısı Hacıbabada mövcud idi. Hacıbaba dostu üçün canını verməyə hazır idi. Mən onunla dostluğuma həmişə fəxr etmişəm. Çünki biz nəinki bir yerdə çalışmışıq, hətta uzun illər dostluq etmişik. O, dostun hər xırda problemi ilə maraqlanan, ona can yandıran, qayğı göstərən, kömək əlini hər an uzatmağa hazır bir insan idi. O, gözəl kollektiv rəhbəri idi. 400-ə yaxın işçinin hər birinin problemləri ilə məşğul ola biləcək bir insan idi. Kimsə ona problemi ilə bağlı müraciət edəndə onu həll etməsəydi rahatlıq tapmazdı».

 

Unutmaq olmur

 

Xalq artisti Afaq Bəşirqızı da Hacıbaba Bağırovla tərəf müqabil olub, bir səhnəni paylaşıb: «Əvvəllər Hacıbaba Bağırov atam Bəşir Səfəroğlu ilə işləyib, onunla tərəf müqabil olub. Mən onun teatrda direktor olduğu müddətdə «Muskomediya»ya gəldim və qayıtdım. 2-3 tamaşada da tərəf müqabil olduq». A.Bəşirqızı Hacıbaba Bağırovun ölümündən sonra onunla tərəf müqabil olduğu tamaşalarda aktyorun yoxluğunu dərindən hiss etdiyini xatırlayır: «Təbii ki, tamaşa bir günə, beş günə başa gəlmir. Tamaşanın stolarxası işindən tutmuş yekun məşqlərinə qədər günlərlə məşq edirsən, tərəf müqabilinə öyrəşirsən. Biz onunla «Bankir adaxlı»da oynadıq. Hacıbabanın ölümündən sonra tamaşa yenidən bərpa olunanda mən o tamaşanı çox çətinliklə oynadım, mənə pis təsir etdi. Tamaşa dövründə ona öyrəşmişdim. Həmçinin bir yerdə işlədiyimiz dövrdə ətrafda müxtəlif hadisələr baş verirdi. İstər-istəməz həmin hadisələr yada düşəndə də onun birbaşa bağlı olduğu insanlar da yada düşür, xatırlanır».

Əməkdar artist Kubra Əliyeva isə ilk dəfə  Hacıbaba Bağırovla «Həyatım mənim, həyətim mənim» tamaşasında rol alıb: «1976-cı ildə bu tamaşa səhnəyə qoyuldu. Bu, mənim səhnədə onunla ilk rolum idi. Tamaşa çox böyük uğur qazandı. Təəssüf ki, bəzi insanların səhlənkarlığı ucbatından bu tamaşa televiziyanın fondunda saxlanmadı. Əgər o tamaşa göstərilsəydi, bu gün insanlar üçün böyük hədiyyə olardı. Sonra da uzun illər Hacıbaba Bağırovla birgə çalışdım. Rüfət Əhmədzadənin «Səhər görüşləri» üçün yazdığı tamaşada, «Sonqulunun sərgüzəştləri»ndə oynamışıq. Hətta, Azərbaycanın elə bir güşəsi yoxdur ki, biz onunla birgə səhnəyə çıxmayaq. Hətta, bütün rayonlarda səhnədə yox, stadionlarda tamaşalarda oynamışıq. İlk dəfə Tovuz rayonunun stadionunda oynadıq. Sonra Göyçay, Gəncə, Şuşa, Cəbrayıl, Laçın və başqa rayonlarda bu tamaşalarla insanların qarşısına çıxdıq». Kubra Əliyeva deyir ki, Hacıbaba Bağırovu unutmaq mümkün deyil. Çünki o, unudulacaq sənətkar olmayıb: «Mən bir çox gözəl sənətkarlarımız kimi onun ölümü ilə də barışmıram. O da mənim qəlbimdə yaşayır. Həmişə onun ad günündə biz onu təbrik etməyə gedərdik». K.Əliyeva xatırlayır ki, Hacıbaba Bağırov tələbkar sənətkar olub: «Hacıbaba ilə işləmək üçün gərək onun qədər dəqiq olaydın. O, dəqiq və səliqəli aktyor idi. O, direktor olduğu illərdə teatrı çox gözəl idarə etdi. Hacı nizam-intizamlı aktyor olduğu qədər də səliqəli direktor idi. «Şirbalanın məhəbbəti» o qədər bəyənildi ki, sonradan tamaşanın Cəmil Quliyevin rejissorluğunda kino versiyası da yarandı».

K.Əliyeva sənət dostunu sədaqətli, xeyirxah insan kimi xatırlayır: «Hacı gözəl dost idi. Onunla dostluq etmək böyük bir xoşbəxtlik idi. Çox zarafatcıl, deyib-gülməyi sevən bir insan idi. Bununla bərabər ciddiyyəti vardı. Hətta, o qədər ciddi idi ki, ona yaxınlaşmaq çətin məsələ idi. Ona yaxınlaşıb qəlbini, xarakterini görən insan isə ondan qopmaq istəmirdi».

Musiqili Komediya Teatrının aktrisası Emma Məlikova Hacıbaba Bağırovu gözəl sənətkar və insan kimi xatırlayır: «Mənim Hacıbaba Bağırova böyük hörmətim olub. O, heç kimə pislik etməyib, əksinə, bacardığı, əli çatan qədər köməyə ehtiyacı olanlara kömək etməyə çalışıb. Əgər sağ qalsaydı, bəlkə də, çox adama yaxşılıq edərdi. Həmişə çalışırdı ki, aktyorların qəlbinə toxunmasın Mən onunla çox tamaşalarda tərəf müqabil olmuşam. «Məhəbbət oyunu», «Hələlik» və s. tamaşalarda birlikdə oynamışıq. Mən nə onu, nə də həmin günləri unuda bilmirəm».

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.-2012.-13 iyun.-S.11.