Diaspor qurumları Azərbaycanın mili maraqlarına xidmət edir
Asif
İsa oğlu Qurbanov Bakı şəhərində
doğulub. 1992-ci ildə N.Nərimanov adına 45 nömrəli
orta məktəbi bitirib. Türkiyənin İzmir şəhərindəki
Doqquz Eylül Üniversitetində ali təhsil alıb,
istehsalın idarə edilməsi ixtisasına yiyələnib.
Sonra həmin universitetin aspirantura və doktoranturasında təhsilini
davam etdirib. İqtisadiiyyat uzrə elmlər doktorudur. Türkiyədə
nəşr olunan "Azərbaycanda gəlir
bölgüsü" adlı kitabın
müəllifidir. Elmi həyatı ilə bərabər "Tural" ticarət şirkətinin sahibi və təsisçisidir. Şirkət
Azərbaycan və Türkiyənin ortaq
maraqlarının inkişafına, xalqlarımızın
bir-birinə daha da
yaxınlaşmasına, qardaşlıq tellərinin möhkəmlənməsinə,
Azərbaycan reallıqlarının dunyaya
çatdırılmasına çalışır, Turkiyədə
təhsil alan tələbələrimizə
maddi və mənəvi dəstək verir. Soydaşımız Dünya
Azərbaycanlıları Konqresinin sədr
müavinidir. Karate
üzrə gara kəmər qazanıb, Azərbaycanı
bir sıra yarışlarda təmsil edib. Evlidir. İki övladı var, həyat
yoldaşı İzmirdəki Doqquz Eylül Üniversiteti və
İzmir İqtisad
Üniversitetində tarix müəllimidir.
Türk
dünyasının birliyi ideyası yüzillərdən bəri
mövcud olsa da, yalnız XX əsrdə bu ideyanın
reallaşması istiqamətində konkret addımlar
atılıb. Türk dünyasının iki böyük
liderinin - Mustafa Kamal Atatürkün "Azərbaycanın
sevinci sevincimiz, kədəri kədərimizdir" və Heydər
Əliyevin "Biz bir millət, iki dövlətik" kəlamları
türk dünyasının birliyinə nə qədər
böyük önəm verildiyinin əyani təsdiqidir.
İndi bu fikirlər həm Türkiyədə, həm də
Azərbaycanda iki ölkə arasındakı münasibətlərin
tarixini, bugününü və perspektivlərini özündə
dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul
edilməkdədir. Müasir dövrdə xaricdə yaşayan
Azərbaycan və türk icmalarının üzərinə
düşən başlıca vəzifə bu formula əsaslanaraq,
xalqlarımızın mənafeləri naminə
qarşılıqlı əməkdaşlığımızı
daha da genişləndirməkdən ibarətdir. Dünya Azərbaycanlıları
Konqresinin sədr müavini Asif Qurbanovla söhbətimiz də
bu barədədir.
-
Türkiyədə nə vaxtdan yaşayırsınız? Bu qardaş
ölkədə, o cumlədən İzmirdə Azərbaycanı
lazımınca tanıda bilirsinizmi?
- 20 ildir
İzmirdə yaşayıram. Diaspor fəaliyətimizə
1995-ci ildə başladıq. İlk dəfə
İzmirdə Novruz Bayramı şənliklərinin
təşkilatçılığı mənim üzərimə
düşdü. Bizi
Türkiyədə Novruz Bayramında
insanların bir-birinə daş atması
təəccubləndirmişdi. Bəzi böyüklərimizin
də köməyi ilə əslində belə bir məsələ olmadığını və
bu bayramın Bahar
Bayramı olduğunu və Türk dünyasında da
qeyd edildiyini dedik. Bu söhbətlərdən
sonra İzmirdə fəaliyyət göstərən
üniversitetlerdə bayram tədbirlərinin
keçirilməsinə qərar verdik.
Şənliklərə icra hakimiyətinin
numayəndələri də qatıldılar və bu işə çox böyuk yardımçı oldular.
Təşkilat komitəsi yaradıldı, sədrlik də mənə
həvalə edildi. Ən böyük
köməyi də icra hakimiyəti
aparatında məsul vəzifə tutan
Fadıl Ünaldan aldıq. Bir həftə İzmirin bir çox vacib yerlərində - şəhərin mərkəzində,
tarixi yerlərdə Novruzun
gerçək üzünü, tariximizə
bağlılığını insanlara
göstərdik. Kosanı, Keçəli, paxlavanın, şəkərburanın
dadını insanlara tanıtdıq. Yeri gəlmişkən,
İzmirdə keçirilən bu ilk Novruz şənliyinə
dəstəyi olan, o zaman şəhərin icra
başcısı postunu tutan
hörmətli Kutlu Aktaşa
(sonra o,Türkiyənin daxili
işlər naziri oldu),
tələbə dostlarımız Akifə, Fərhada,
Gülnarəyə, Aidəyə, Mehriyə və
adlarını çəkə bilmədiyim onlarca
vətənsevər dostlarımıza təşəkkür
etmək istərdim. Fəaliyyətimiz gözəl
başladı, böyük rəğbətlə
qarşılandı və bizi çox həvəsləndirdi. Bundan sonra digər işlərimizə
də yol açıldı. İzmirdə
bu illər ərzində mitinq,
seminar, konfrans, şənlik
şəklində Azərbaycanımızın
ağrılı ve sevinçli
günlərini tanıtmağa çalışdıq. Bu gün Türkiyədə
Azərbaycanla bağlı ən geniş
fəaliyyətin İzmir şəhərində
olduğunu deyə bilərik. Xususilə son illərdə Xocalı soyqırımı
günlərində bütün Türkiyədə
olduğu kimi,
İzmirdə də böyük aksiyalar keçirilmişdir.
-
İzmirdəki diasporumuzun həmrəyliyi hansı səviyyədədir?
- Qloballaşan dünyanın
müasir reallıqları bütün türk
xalqlarının qarşısında mühüm və
taleyüklü vəzifələr qoymuşdur. Dövlətlər
və xalqlar arasında gedən inteqrasiya prosesləri, planetin
siyasi mənzərəsində baş vermiş dəyişikliklər
bəşər sivilizasiyasının yeni bir inkişaf mərhələsinə
qədəm qoyduğunu göstərir. Türk
dünyasının bu mürəkkəb və ziddiyyətli mərhələdən
müvəffəqiyyətlə çıxması eyni tarixi
köklərə malik olan xalqlarımız arasında birliyin
və həmrəyliyin səviyyəsindən əhəmiyyətli
dərəcədə asılıdır. Bu sahədə
bütün türk dövlətlərinin səyləri
artmaqda, xüsusilə də tarixi müttəfiqlik xarakteri
daşıyan Azərbaycan-Türkiyə münasibətləri
yeni dünyanın tələblərinə uyğun olaraq
günü-gündən möhkəmlənməkdədir.
Çoxəsrlik dil, din, qan qardaşlığına, ortaq
etno-mədəni dəyərlərə söykənən bu
münasibətlər ölkələrimizin qloballaşan
dünyaya inteqrasiyasının ən mühüm
dayaqlarından birini təşkil edir. Sovetlər
İttifaqının süqutu nəticəsində
dünyanın siyasi düzənində baş vermiş dəyişikliklərdən
sonra Azərbaycan və Türkiyə arasında ictimai-siyasi və
iqtisadi həyatın bütün sahələrində dostluq, əməkdaşlıq
münasibətləri daha da dərinləşərək,
yüksək inkişaf səviyyəsinə qədəm
qoymuşdur. Ölkələrimiz regionda həyata keçirilən
qlobal iqtisadi layihələrdə strateji tərəfdaş
olmaqla yanaşı, bölgədə sülhün, təhlükəsizliyin
və sabitliyin bərqərar edilməsi ilə bağlı məsələlərdə
də eyni mövqedən çıxış edir. Azərbaycan
və Türkiyənin ortaq milli maraqları
xalqlarımızın bir-birinə daha da
yaxınlaşmasına təkan verir.
Diasporumuzun fəaliyyəti
və soydaşlarımız arasındakı munasibətlər
enişli-yoxuşludur. Dövlətçiliklə
bağlı və milli məsələlərdə
möhkəm birlik var,
belə tədbirlər birlikdə düzənlənir, bəzi
dönəmlərdə isə fikir
ayrılıqları qalmaqdadır. Dörd
milyonluq İzmir şəhərində
iki ayrı Azərbaycan dərnəyinin
olması, əslində, çox
normaldır. Bəzən iki ayrı dərnəyin
olması faydalı rəqabət yaradır, tədbirlərin
sayı artırmaqla yanaşı, həm də keyfiyyəti
yüksəldir. Diasporla iş
üzrə komitədən də istəyimiz bu
olardı ki, burada fəaliyyət
göstərən bütün dərnəklərlə
eyni səviyyədə munasibət qursunlar. Azərbaycanın
müstəqilliyinin və dövlətçiliyinin möhkəmlənməsi,
onun mövqeyinin dünya müstəvisində gücləndirilməsi,
erməni təcavüzünə məruz qalmış
xalqımızın haqq səsinin dünyaya çatdırılması,
Dağlıq Qarabağ probleminin
ədalətli həllinə kömək bizim
hər birimizin ümdə vəzifəmizdir.
-
Turk mətbuatında Azərbaycanla bağlı yazılar
verilməsində sizin üzərinizə mühüm vəzifə
düşür...
- Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasında xaricdə yaşayan
soydaşlarımızın müstəsna rolu var. Dünya
arenasında diaspor təşkilatlarımızın fəaliyyətinin
daha dolğun olması üçün onların
yaşadıqları ölkələrin media qurumları ilə
sıx əlaqəsi önəmli məsələlərdəndir.
Qloballaşan informasiya müharibəsində qalib gəlmək
ən güclü və ciddi nəticələr verən bir
vasitədir. Lobbiçilik işinin daha da səmərəli
olması üçün diaspor təşkilatlarının fəaliyyət
göstərdikləri ölkənin media qurumları ilə
yaxınlıq çox vacibdir. Azərbaycanlı jurnalistlərin
xarici qəzet və jurnallar üçün yazması, tələbələrin
təhsil aldıqları ölkənin media qurumlarında staj
keçməsinə nail olunması önəmlidir.
Bizdə
bu barədə işlər hələ zəifdir və
görülən işlərdə medianın rolu da yuksək
deyil. Media ilə işləyən mərkəzimiz yoxdur. Sadəcə,
hər kəs şəxsi münasibətlərindən
faydalanaraq Azərbaycan ilə əlaqəli xəbərləri
mətbuatda verdirə bilir. Burada onsuz da Azərbaycanı hər
kəs tanıyır deyərək, ölkəmiz barədə
xəbərlərə az yer ayırırlar. Ümumilikdə
götürdükdə isə artıq dunyanın demək
olar ki, butun ölkələrində TV-lərdə şou
xarakterli verilişlər daha çoxdur. İnformasiya
müharibəsində qalib gəlmək üçün
dünyanın nüfüzlu media qurumlarında azərbaycanlı
jurnalistlərin təmsil olunması müasir
dövrümüzdə diplomatların,
iqtisadçıların yetişdirilməsi qədər
lazımlı məsələlərdəndir.
- Azərbaycan
diasporunun birləşməsi, ölkəmizin tarixinin və mədəniyyətinin
təbliği istiqamətində hansı işləri
görürsünüz və hansı planlarınız var?
- Mən Dünya Azərbaycanlıları
Konqresinin (DAK) sədr muaviniyəm. DAK-ın iki yerə
bölündüyünü bilirsiz, onların birləşməsi
uçun çox əmək sərf etdik. Birləşmə
bu il alınmadı, çünki bəzi güvvələr
var ki, sərbəst deyillər. Bəziləri diaspora təşkilatlarımıza
Azərbaycana deyil, bəzi dairələrə xidmət
üçün gəlmişlər. Bunun üçün də
zaman lazımdır və birləşmə də olacaq.
Diaspor təşkilatlarımız zaman keçdikcə tam
formalaşacaq, vacib olan odur ki, əsl xidmət
üçün insanları bu təşkilatlara gətirə
biləsən. Başqa niyyətlərlə təşkilatlara
gələn insanlar zaman keçdikcə getməyə məcbur
olacaqlar. Birləşmənin əleyhinə olan insanları isə
tarix bağışlamayacaq.
Mən
Belçikada (27-29 aprel 2012-ci il) DAK-ların birləşmə
qurultayında oldum. İki ayrı DAK və əvvəllər
diaspor xidməti olanlar bir araya gəldik. Yuksək səviyyədə
keçən tədbirin sonunda böyük birləşmə
yaşandı. Azərbaycan diasporu qazandı, istəməyənlər
üzüldü. Yenidən DAK İdarə Heyətinə
seçildim. Davamında Ankarada Belnəlxalq Güney Azərbaycan
Forumunda iştirak etdim. Forum çox faydalı oldu və
Güneydə yaşayan soydaşlarımızın problemlərindən
və həlli yollarından danışıldı. Oradakı
soydaşlarımızın ana dilində təhsili, mədəni
haqları, media vasitələri yoxdur. Davamlı olaraq basqı
altında yaşayırlar. Qlobal dünya artıq belə
ölkə siyasətinə yer vermir. Orada
soydaşlarımızın insan haqlarının qorunması
üçün hələ çox işlər
aparılmalıdır.
Dünya
azərbaycanlılarının hazırda bir müstəqil
dövləti var, o da Azərbaycan Respublikasıdir. Prezident
İlham Əliyev Dunya Azərbaycanlılarının
qurultayında çıxışında dünyada 50
milyondan çox soydaşımızın
yaşadığını qeyd etmişdir. Müstəqil
cümhuriyətimizdə 9 milyon, digər dünya ölkələrində
41 milyon nəfər soydaşımız yaşamaqdadır.
Bunun 30 milyonu Güney Azərbaycanda yaşamaqdadır.
DAK-ın əsas vəzifələrindən biri də
Güney Azərbaycanda yaşayan soydaşlarımızın
huquqlarının qorunmasına, təhsil və mədəni
haqlarının tanınmasına çalışmaqdır.
Zaman isə Azərbaycanın xeyrinə işləyir. İstədiyimiz
nəticələri əldə etmək üçün bizlər
- xaricdə yaşayan azərbaycanlılar fəaliyyətimizi
daha da artırmalıyıq.
-
Diasporumuzun təbliğat işində, sizcə,
çatışmayan nələrdir?
- Diaspor işindən tam razı
olmasam da, deməliyəm ki, böyük işlər
görülüb. Diaspor təşkilatları sərbəst
olmalıdır. Onların işinə müdaxilə
olmamalıdır. Çünki diaspor təşkilatlarımız
fərqli ölkələrdə yerləşir. Onlara eyni
şəkildə hərəkət etmələrini demək
düzgün olmaz. Çünki hər ölkədə yerləşən
təşkilat hər istəyə fərqli cavab verir. Bu təşkilatlar
özləri doğru yollarını tapacaqlar.
Qondarma
erməni soyqırımı ilə bağlı xəbərlər
beynəlxalq mediada tez-tez səslənir. Bu, erməni diasporunun
bilavasitə fəaliyyətindən irəli gəlir. Onlar
üçün əsas məsələ sadəcə
"armenian genocide" söz birləşməsinin
hallanmasıdır. Bu, erməni diasporunun xarici media ilə
münasibətində aparıcı mövqedir.
-
Ermənilərin bu cür fəaliyyətlərinin
qarşısının alınmasında diasporumuz hansı
addımları atmalıdır?
- Erməni diasporunu yaxşı tanımaq, onun strategiyasını dərindən öyrənmək və bilmək lazımdır. Onda biz strateji planlarımızı da lazımi səvıyyədə qura biləcəyik. Bu gün dünyada "erməni soyqırımı" yalanını ikrah hissi ilə qarşılayanlar getdikcə çoxalır. Azərbaycanın enerji ehtiyatları Türkiyə vasitəsilə dünya bazarına çıxarılır. Əgər Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmasaydı, iri regional layihələr onların ölkəsindən keçərdi. Ermənistan və erməni xalqı bunu görməlidirlər, əgər görmürlərsə, deməli, onlar dəyişən dünyaya qara pəncərədən baxırlar. İrəvan öz ampluasındadır və yüz il bundan öncə uydurulan, mənasız ideologiyanı rəsmi siyasətlərinə gətiriblər. Bu gün Ermənistan hakimiyyətinin tutduğu siyasi yol ona uçurum, faciələr bəxş etməkdədir. Biz də bu yalana qarşı səfərbər olmalı, gerçəklikləri, o cumlədən bəşəriyyəti dəhşətə sala biləcək qanlı faciənı- Xocalı soyqırımını dünyaya tanıtmalıyıq. Bu sahədə qlobal işlərə artıq start da verilib. Ermənilər yalanları barəsində saysız-hesabsız kitablar yazmışlar. Biz də qan və faciə dolu həqiqətlərimizi ortaya qoyan və dünyaya həqiqi bilgilər verən informasiyaları lazımi unvanlarına çatdırmalıyıq. Dünyanın məşhur aktyorlarının belə yer alacağı, Dağlıq Qarabağ gerçəyini ortaya qoyan film çəkməliyik. Görmək istədiklərimiz çoxdur.
Namiq QƏDİMOĞLU
Kaspi.-2012.-20 iyun.-S.11.