“Azərbaycan Cənubi Qafqazda ən güclü orduya malikdir 

 

Emin Həsənli: “Sülh danışıqları bir nəticə verməsə ordumuz torpaqlarımızı işğaldan azad edəcək”

 

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli “Kaspi”nin suallarını cavablandırır.

- Emin bəy, hazırda Azərbaycanda ordu quruculuğunun vəziyyəti, bu sahədə həyata keçirilən islahatlar barədə nə deyə bilərsiniz?

- Azərbaycanda ordu quruculuğunun əsası hələ sovetlər birliyi dönəmində qoyulub desək, yanılmarıq. Belə ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə, bilavasitə onun özünün təşəbbüsü ilə 1971-ci ildə Naxçıvanski adına liseyi yaradılıb. Bununla da azərbaycanlı gənclər hərbi təhsilə cəlb olunub. Eyni zamanda ümummilli lider Heydər Əliyev gəncləri SSRİ-nin ayrı-ayrı hərbi məktəblərinə də təhsil almağa göndərib. Sonrada həmin hərbi məktəblərin və Naxçıvanski adına hərbi liseyin məzunları ordu quruculuğu prosesinə cəlb edilib. Ulu öndərin 1993-cü il noyabrın 2-də azərbaycanlılara müraciət nəticəsində isə keçmiş SSRİ-nin tərkibində olmuş müxtəlif ölkələrdə hərbi xidmətdə olan zabitlərimiz Azərbaycana qayıdıblar. O insanların orduya cəlb edilməsilə ordu quruculuğu elmi əsaslarla aparılmağa başlanılıb. Qısa zamanda Füzuli və Qarabağ istiqamətində uğurlu əməliyyatlar keçirilib. 1994-cü ilin may ayında düşmən atəşkəs elan edilməsinə məcbur edilib. Atəşkəs müqaviləsinin imzalanması bizə dövlət quruculuğu, ordu quruculuğu ilə daha geniş məşğul olmağa imkan verib. “Əsrin müqaviləsi” imzalanıb, Azərbaycan iqtisadiyyatı güclənib. Azərbaycanda vahid komandanlığa əsaslanan ordu, 1999-cu ildə Hərbi Akademiya, 2001-ci ildə Təlim-Tədris Mərkəzi yaradılıb. 2001-ci ildə isə Heydər Əliyev ilk məzunlara diplomları özü təqdim edib. 1997-ci ildən Azərbaycanda kadr hazırlığı NATO standartlarına uyğun keçirilməyə başlanılıb. Azərbaycan 1994-cü ildə NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulub, bütün beynəlxalq tədbirlərdə iştirak edib. 1997-ci ildə sülhyaratma bölüyü yaradılıb. Əvvəlcə Kosovada, sonra Əfqanıstanda qardaş Türkiyə taborunun tərkibində sülhyaratma bölüyümüz fəaliyyət göstərib. Kosovada bu missiya dayansa da hazırda Əfqanıstanda davam edir. Azərbaycan İraqda anti-terror koalisiyasında aktiv iştirak edib. Azərbaycan ordusunun beynəlxalq əlaqələri genişlənib, 50-dən artıq dövlətlə ikitərəfli və çoxtərəfli müqavilə imzalanıb. Eyni zamanda Azərbaycan gəncləri qardaş Türkiyədə, Avropada, ABŞ-da, Rusiyada, Çində, Pakistanda hərbi təhsillərini davam etdiriblər, kurslar keçiblər, akademiya təhsili alıblar. Bu gün Azərbaycan hərbi məktəblərində Orta Asiya ölkələrinin kursantları təhsil almağa başlayıb. Hərbi tibb fakültəsi yaradılıb, Azərbaycan Tibb Universitetinə qəbul olan oğlanların bir qrupu Mərkəzi Klinik Baş Hospitalın tərkibindəki Tibb fakültəsində oxumağa başlayıblar. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda ordu quruculuğu düşünülmüş şəkildə həyata keçirilir. Milli ordumuz sürətlə silahlandırılır. Azərbaycan ordusu üçün modern silahlar alınır. Təlimlərə yüksək diqqət yetirilir. Vaxtıilə ulu öndər Heydər Əliyev də o təlimlərdə iştirak edir, hərbi hissələrdə, döyüş bölgələrində olur, hərbçilərlə görüşür, onların problemləri ilə maraqlanır, qayğı göstərirdi. Bu gün isə bu proses Ali baş komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycanın hərbi büdcəsi bütövlükdə Ermənistanın hərbi büdcəsindən çoxdur və hərbi büdcə get-gedə də artır. Azərbaycanda 2008-ci ildə hərbi parad keçirilib, 2009 və 2010-cu illərdə Müdafiə Nazirliyinin, Sərhəd Qoşunlarının və Daxili Qoşunların birgə taktiki əməliyyat təlimləri həyata keçirilib. 2011-ci ildə müstəqilliyimizin 20 illiyi ilə bağlı daha bir hərbi parad keçirilib. Bunlarla yanaşı, Azərbaycanda Fövqəladə Hallar Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Müdafiə Sənayesi Nazirliyi artıq bir çox silahların istehsalına başlayıb.

- Bu gün Azərbaycan ordusu qarşısına qoyulan istənilən tapşırığı yerinə yetirmək gücündədirmi?

- Milli Qəhrəman Mübariz İbrahimov Azərbaycan gəncliyinin torpaqlarımızın işğal altında qalması ilə heç vaxt barışmayacağını sübut edib. Ali Baş Komandan Silahlı Qüvvələrimizin qarşısına hər an torpaqlarımızı işğaldan azad etməyə hazır olmağı əsas tapşırıq kimi qoyub. Bu gün hərbçilərimiz Azərbaycanın quru, dəniz və hava sərhədlərini uğurla qoruyurlar. Onlar qarşıya qoyulan hər bir tapşırığı yerinə yetirməyə hazırdırlar. Azərbaycanın keşiyində duran güclü Silahlı Qüvvələri var. Prezident də çox haqlı olaraq qeyd edir ki, Azərbaycan Cənubi Qafqazda ən güclü orduya malikdir və regionda sülhün təminatçısıdır. Biz inanırıq ki, bu ordumuz mütləq Azərbaycan torpaqlarını işğaldan azad edəcək. Bir vaxtlar Azərbaycanın müstəqil dövlət olacağına, güclü ordusu olacağına inanmayanlar vardı. Bakı-Tiflis-Ceyhan Neft Əsas İxrac Boru Kəmərinə, Bakı-Tiflis-Ərzurum Qaz Kəmərinə əfsanə kimi baxanlar vardı, bu gün onların hamısı reallaşıb. Gec-tez Azərbaycan torpaqlarının işğaldan azad olması da reallaşacaq. Buna inam günü-gündən artır. Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın dövlət müstəqilliyi bəzi dövlətlərdə olduğu kimi atributlardan ibarət deyil. Biz regionda və beynəlxalq aləmdə müstəqil kurs yeridirik. Bu, Azərbaycanın necə qüdrətli dövlət olduğunun sübutudur. Azərbaycan regionun lider dövlətidir, get-gedə beynəlxalq nüfuzunu artırır. Azərbaycan hərbçiləri haqqında dünyanın ən nüfuzlu ordularının rəhbərləri, NATO rəhbərliyi yüksək sözlər deyir. Azərbaycana səfər edən müxtəlif ölkələrin müdafiə nazirləri təlim-tədris mərkəzlərində, hərbi məktəblərdə olurlar və ölkələrində də belə bir şərait olmasını arzulayırlar.

- Hərbi ekspert kimi Ermənistan ordusundakı vəziyyəti necə qiymətləndirirsiniz?

- Ermənistanın həm iqtisadiyyatı zəifdir, həm insan resursları bizdən azdır, həm də ordu adına heç nələri yoxdur, quldur dəstəsindən ibarətdir. Keçirdikləri təlimlər də bunu sübut edir. Keçirdikləri paradlarda da texnikalarını rus əsgərləri sürür. Keçirdikləri bütün diversiya əməliyyatlarında da düşmən həmişə bizdən dəfələrlə artıq itki verir. Ermənistan ordusu psixoloji cəhətdən sarsılıb, məğlub olacağını bilir. Hər kəsə aydındır ki, sülh danışıqları bir nəticə verməsə ordumuz torpaqlarımızı işğaldan azad edəcək. Azərbaycanın güclü ordusu, müasir hərbi texnikası var. Bu texnika sərgi üçün alınmayıb. Bir gün biz əməliyyat keçirəcəyik və torpaqlarımız işğaldan azad ediləcək. Azərbaycan ordusu atəşkəsi bir dəfə pozacaq və torpaqlarımızı işğaldan azad edəcək. Azərbaycan torpaqlarını işğaldan azad etmək haqqımızdır. Ermənistan isə bütün müqavilələri, danışıqları pozduğuna görə dünya birliyi tərəfindən cəzalandırılmalıdır. Əgər dünya birliyi bunu etməyəcəksə, S.Sərkisyan hakimiyyətinin başına ağıl qoymayacaqlarsa, bölgədə Ermənistanın mövcudluğu da sual altında qalacaq. Azərbaycan əsgərləri mövqelərində möhkəm dayanıblar, ordumuzda çox yüksək mənəvi-psixoloji əhval-ruhiyyə var. Azərbaycan oğulları öz torpaqlarını müdafiə etmək qüdrətindədir.

 

 

Rufik İSMAYILOV 

 

Kaspi.-2012.-21 iyun.-S.6.