İrəvan
Teatrı 130-cu mövsümünə qədəm qoyur
Mirzə
Fətəli Axundzadənin komediyaları ilə 1873-cü il,
mart ayının 10-da Bakıda və elə həmin ildə
Tiflisdə peşəkar Azərbaycan teatrının
bünövrəsi qoyuldu. Az sonra, 1882-ci il aprel ayının
2-də isə İrəvanda peşəkar teatr yarandı.
Daha sonralar Azərbaycanın demək olar ki, əksər
bölgələrində, ayrı-ayrı dövrlərdə
müxtəlif janrlı teatrlar yarandı və inkişaf edə
bildi. Doğrudur, onların bir qismi sonralar müxtəlif səbəblərdən
fəaliyyətini dayandırmalı oldu. Lakin ümumən Azərbaycan
teatr sənəti yarandığı gündən bu günə
qədər keçdiyi böyük yaradıcılıq yolu
ilə sanballı və qüdrətli sənət nümunələri
yarada bilmişdir. O cümlədən də Cəfər
Cabbarlının adını daşıyan İrəvan
Dövlət Azərbaycan Dram Teatrı. Diqqəti çəkən
bir əsas məsələ budur ki, İrəvan
Teatrının tarixinin bir qədər də əvvəllərə
təsadüf etməsinə dair kifayət qədər faktlar
vardır və Bakı, Tiflis və digər teatrlardan fərqli
olaraq İrəvan Teatrı yerli müəlliflərin
yazdığı əsər əsasında
yaranmışdır. Onu da demək yerinə düşər
ki, İrəvan Azərbaycan Teatrının
yaradıcılıq yolu, böyük kəşməkəşlərdən
keçmişdir. Teatr dəfələrlə düşmən
qəsdinə məruz qalaraq qapadılmış, mərkəzdən
əyalətə köçürülmüş, hətta
bir neçə dəfə, doğma yurdundan didərgin
salınmışdır. Lakin bu qocaman sənət
ocağı heç vaxt düşmənə boyun əyməmiş,
öz əzmkar və fədakar fəaliyyəti ilə həmişə
düşmənlə layiqli mübarizə aparmış və
bu mübarizə bu gün də davam etməkdədir, həm
də qəhrəmancasına!..
Əvvəlki
yazılarımda Cəfər Cabbarlı adına İrəvan
Dövlət Azərbaycan Dram Teatrının 130 illik tarixinin
ilk fəaliyyətə başladığı dövrdən
ta deportasiya dövrü də daxil olmaqla analitik təhlillə
bütün tarixinə səyahət edərək kəşməkəşli
olsa da, əzmkar, fədakar, şərəfli ömür
yoluna nəzər saldıq, araşdırdıq və
aydınlaşdırdıq ki, İrəvan Teatrı bir sənət
ocağı olaraq təkcə sənət məkanı kimi
deyil, həm də bir mübarizə meydanı olaraq daima milli
mənafe uğrunda çarpışan bir qalaça kimi
mübarizə aparmış, döyüşmüş,
müdafiə olunmuş, qorunmuş, yeri gəldikcə zərbələr
endirmiş, basılmış, qələbə
çalmış, ağır “itgilər” vermiş olsa da zəfər
bayrağını heç zaman əlindən verməmişdir.
Budəfəki
yazımızda isə bu sənət ocağının əsasən
dörd mərhələyə
bölünən peşəkar fəaliyyət
dövrünün dördüncü dövr kimi dəyərləndirilməsi
doğru olan 1989-cu ildən
başlanan deportasiya həyyatındakı fəaliyyətinin
şahidi olduğumuz, ictimaiyyətə bəlli olan və
olmayan tarixi məqamlarına nəzər salmağa
çalışırıq. Əslində bu dövrün
özü də üç hissəyə ayrılır.
Birinci hissəsi 1989-cu ildən 1994-cü ilə qədərki
dövrü əhatə edir ki, 1994-cü ildə Azərbaycan
Respublikası tərəfindən “Teatr studiya” statusundan
dövlət statusuna qaldırılmışdır,
1994-cü ildən 2000-ci ilə qədərki hissəsi isə
teatrın, dövlət statuslu teatr kimi formalaşma
dövrü hesab olunur, 2000-ci ildən etibarən isə teatr
öz yeni inkişaf mərhələsinə qədəm qoyur
və uğurlarla əhatələnə bilən bir
masştaba yüksəlir.
İrəvan
Teatrının fəaliyyətinin dörd dövrü dedikdə,
onun birinci dövrü 1882-1928-ci illəri əhatə edir ki,
bu dövr onun yarandığı zamandan ilk dəfə
dövlət statusu alma müddətinə qədərki bir
zamanı əhatə edir və biz I məqalədə bu
dövrü faktlara söykənərək, kifayət qədər
dolğun şəkildə
işıqlandırmışıq. İkinci dövrü
1928-1967-ci illəri əhatə edir ki, bu dövrü onun
çiçəklənən və solan dövrü kimi dəyərləndirmək
olar və bu tarix də bizim I məqalədə öz əksini
mükəmməl şəkildə tapa bilmişdir. Növbəti
dövr 1967-1989-cu illəri əhatə edir ki, bu dövr
İrəvan teatrının intibah və tənəzzül
dövrü hesab olunur. Bu barədə də bizim II məqaləmizdə
geniş şərhlə izah verilmişdir. Teatrın IV
dövrü, Ermənistan Sosialist Respublikası tərəfindən
hər şeyi əlindən alınaraq, yuxarıda qeyd
etdiyimiz kimi 1989-cu ildən İrəvandan Azərbaycanın
paytaxtı Bakı şəhərinə deportasiya edilməsi
ilə başlayır. Və dəfələrlə min cür
təzyiqlərə və qərəzli təsirlərə
öz mübarizəsi ilə qalib gələn və dirçələn
bu qəhrəman kollektiv bu dəfə də, lakin bu dəfə
Azərbaycan Respublikasında, heç şübhəsiz ki,
xeyirxah və milli qüruru yüksək olan insanların
köməyi sayəsində dirçəldi, formalaşdı
və inkişaf etdi. Teatr didərginlik həyatı
yaşamasına baxmayaraq və heç bir şəraiti
olmadığı halda Azərbaycanın nəhəng
teatrları ilə bir səviyyəyə qədər yüksəldi
və bütün bu uğurların nəticəsi olaraq 125
illik tarixi, dövlət səviyyəsində təntənəli
şəkildə həm Azərbaycan Respublikası miqyasında,
həm də Türkiyə Cümhuriyyətində qeyd olundu.
Eyni zamanda yüksək bədii keyfiyyətli, böyük
masştablı tamaşalar hazırladığını nəzərə
alıb, tarixi boyu heç bir zaman öz binası
olmadığı halda Azərbaycan dövləti tərəfindən
böyük bir sarayla təmin olundu.
Azərbaycan
teatr sənətini layiqincə xarici ölkələrdə təmsil
edə biləcəyinə inanaraq dəfələrlə
xarici ölkələrdə geniş qastrol səfərləri
həyata keçirmək üçün Mədəniyyət
və Turizm Nazirliyinin etimadını qazandı. Teatr xarici səfərlərdə
öz sənət qüdrətini sübut etməklə
yanaşı, həm də Azərbaycanın Mədəniyyət
və Turizm Nazirliyinin göstərdiyi etimadı layiqincə
doğrulda bildi və biz bu məqalədə əsasən
teatrımızın iş prosesinin bu istiqamətinə nəzər
salacaq, artıq tarixə çevrilmiş bu uğurlu səfərlərin
səhifələrinin bəzi məqamlarını
işıqlandıracağıq.
Dediyimiz
kimi, 1989-cu ildə erməni məkrinin qurbanına çevrilərək
dədə-baba yuvasından Allahsızcasına didərgin
salındıqdan sonra İrəvan Teatrı bütün həyatını
yenidən başlamaq məcburiyyətində qaldı və
çox böyük çətinliklərdən sonra, bir
sıra xeyirxah adamların vətənpərvər əməyi
sayəsində Azərbaycan Respublikasının
qayğıları ilə himayələndi. Öncə Akademik Milli Dram
Teatrının nəzdində sadəcə yenicə iməkləyən
uçaq kimi “Teatr studiya” səviyyəsində, (taleyə
fikir verin!.. Böyük tarixi olan, bütün tarixi boyu minbir əziyyətdən
keçən, yalnız və yalnız mübarizələr
sayəsində duruş gətirən bir xalqın, millətin
bir sənət ocağı, Qərbi Azərbaycan nəhənglikdə
bir yurdu özündə ehtiva edən, bütün fəaliyyət
tarixi ilə İrəvan həqiqətlərini yeganə
yaşada və dünya birliyinə sübut etmək qüdrətinə
malik ola bilən, sözün əsl mənasında strateji əhəmiyyət
kəsb edən bir sənət meydanı, (hətta Azərbaycanda!
Və azərbaycançılıqda! Və azərbaycanlılıqda!
Və azərbaycanlılar arasında!) həm də zamanın
elə bir dövründə ki, milli hissin emosional
gücünün tam oyanmış və gərilmiş bir
zamanında!.. hər şeyi sıfırdan başlamalı
olur) məhdud şərait imkanları çərçivəsində
də olsa, nə yaxşı ki, fəaliyyət göstərmək
səlahiyyəti əldə edə bildi. Buna da
şükür! Birtəhər, yüz cür minnətdən
sonra Abşeron Rayon Mədəniyyət Sarayında
(Abşeronlulara təşəkkürlər!) məskunlaşdı.
Boynu bükük bənövşə kimi yenidən cücərməyə,
fağır-fağır boy verməyə başladı. Həmin
dövrdə teatrda dövlətdən heç bir imtiyaz
olmadığı halda yaşamaq, yaratmaq, dəhşətli dərəcədə
mümkünsüz idi. Həm də respublikanın, istər
iqtisadi cəhətdən, istərsə də ictimai-siyasi
baxımdan çox ağır bir zamanında. Lakin belə
sınaqlara dəfələrlə sinə gərmiş və
ruhdan düşməmiş bu qəhrəman sənət məbədi
bu dəfə də sinəsini ağır çətinliklərə
sipər edə bildi. İmkanlara uyğun şəkildə
kollektiv öncə repertuarda olan tamaşaları bərpa etməklə
məşğul oldu və sonrakı illərdə bir
neçə yeni əsərlərə quruluş verildi: Yusif Əzimzadə
“Nəsrəddin” (1989), Panço Pançes “Əkizlər”
(1989), İsa Hüseynov “Şəppəli” (1990), Zəlimxan
Yaqub “Didərginlər” (1991), Süleyman Rəşidi “Allah
onlara rəhmət eləsin” (1992), Şəhrabi Əliyev
“Molla Nəsrəddin və Əzrail” (1994), Georgi Xuqayev “Mənim
qaynanam” (1995), Vidadi Əliyev “Madam-badam” (1995), Süleyman Rəşidi
“Mənim Ərdəbilim” (1995), Əli Quliyev “Dəli Domrul”
(1995), Şahin Cəbrayılov “Sehirli alma” (1996), Şərəf
Başbəyov “Dəmir qadın” (1997), İnqilab Vəlizadə
“Xoş amallar qurbanı” (1997), Mehman Musabəyov “Div oğlu,
div” (1998), Tuncer Cücenoğlu “Kor döyüşü” (1998),
Hidayət “Məhəbbət yaşayır hələ” (1998),
“Tənha payız yarpağı” (1998), M.B.Marinye “Oğru”
(1999), Hüseyn Cavid “Maral” (2000) kimi bir-birindən fərqli
janrlarda olan bu əsərlər teatrın 2000-ci ilə qədərki
bir dövrünü əhatə edir.
Bu dövr, teatr üçün, sanki
uzun müddət havasızlıq şəraitində
saxlanmış və bu şəraitdən yenicə
çıxmış bir, oksigeni acgözlüklə ciyərlərinə
çəkən və hər dəfə oksigeni ciyərlərinə
çəkdikcə, havasızlıqdakı şəraitin
onda yaratdığı ağır spazmaya düçar
olduğundan oksigeni udduqca yaranan başgicəllənməsi
onu, özünə yer tapa bilməyən bir canlının
aqibətinə bənzədirdi.
Kollektiv
heç bir yerdən kömək almadan, yalnız bu teatrın
yaşamasında milli mənafe naminə marağı olan
xeyirxah insanların dəstəyi və yardımı ilə
1994-cü ilə qədər əzmlə duruş gətirə
bildi. 1994-cü il 31 avqust tarixində ulu öndər Heydər
Əliyevin çox böyük və tarixi-siyasi əhəmiyyət
daşıyan qayğısı ilə İrəvan Teatrı
həyatında üçüncü dəfə dövlət
statusu aldı və teatr H.Sarabski adına Mədəniyyət
Evinin bir hissəsində yerləşdirildi. Heydər Əliyevin
bu qayğısı elə bir vacib hadisəni özündə
ehtiva edir ki, bunun mənasının, zaman keçdikcə daha
da öz həqiqəti ilə özünü ifadə edə
biləcəyinə heç şübhəmiz yoxdur.
İftixar Piriyev
(ardı var)
Kaspi.-2012.-21 iyun.-S.12.