Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqı
yaradılıb
Xalq artisti Şəfiqə Məmmədova
ittifaqın sədri seçilib
İyunun
21-də Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqı yaradılıb. APA-nın məlumatına
görə, yeni qurumun yaradılması ilə bağlı bu gün
“Nizami” Kino Mərkəzində keçirilən “Kino və
konseptual problemlər” mövzusunda keçirilmiş tədbirdə
qərar verilib.
İttifaqın
təşəbbüs qrupunun və idarə heyətinin tərkibinə
Şəfiqə Məmmədova, Ayaz Salayev, Cəmil Quliyev,
Vaqif Mustafayev, Oqtay Mirqasımov, Ramiz Fətəliyev, Mais
Ağabəyov, Yusif Quliyev, Siyavuş Kərimi, “Azərbaycanfilm”
Kinostudiyasının direktoru Müşfiq Hətəmov, “Nərimanfilm”
Kinostudiyasının direktoru Nəriman Məmmədov daxildir.
Tədbirdə
çıxış edən Cəmil Quliyev bildirib ki,
yaradılma təşəbbüsü irəli
sürülmüş Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının fəaliyyət
istiqamətləri - milli filmlərin beynəlxalq arenaya
çıxarılması, milli filmlərin təşkili, beynəlxalq
simpozium və konfransların təşkili, kino infrastrukturunun
formalaşdırılmasıdır.
Azərbaycanın
xalq artisti Şəfiqə Məmmədova bildirib ki, bu gün
Azərbaycan kinosunun əsas problemlərindən biri gənc nəslin
formalaşmaması məsələsidir: “Gənc nəslin
demokratik, sağlam, mədəni mühitdə inkişafı
çox vacib məsələdir. Biz bunu kinoya da gətirib,
maarifləndirmə işi aparmalıyıq”.
Müzakirədə
çıxış edən kinorejissor Oqtay Mirqasımov Azərbaycan
kinosunun mövcud vəziyyətindən danışıb, bu
sahənin inkişafının bir nəfərdən
asılı olmadığını qeyd edib: “Kinoda tək adam
heç nədir, bu, kollektiv əməyin nəticəsidir. Mən
16 yaşımda kinoya gəldim və burda püxtələşdim.
Kinonun inkişafı üçün atılan hər bir
addım məni sevindirir. Bu qurumun yaranması da məni
sevindirir və bu qurumun yaranması çox şey deməkdir.
Biz bu illər ərzində çox şeylər itirmişik,
çünki Birliyimiz yalnız sözdə olub. Ümid edirəm
ki, bundan sonra əməldə də olacaq. Beş ildən
çoxdur ki, bu barədə düşünürəm və
bununla bağlı çox fikirlər söyləmişəm”.
O. Mirqasımov kinoşünaslıq ənənələrinin
itirilməkdə olduğunu təəssüflə qeyd edib,
bunu müasir texnologiyalardakı problemlərlə də əlaqələndirib:
“Sözsüz, uğursuz olduğumuz başqa məsələlərdə
var. Düşünürəm ki, bu müddət ərzində
həm rəhbərlik, həm də xalq bizdən iş
gözləyirdi. Yenə qayıdıram əvvəlki fikrimə
- birlik! Məhz birlik hər şeyi həll edəcək”.
Kinorejissor
Ayaz Salayev isə qeyd edib ki, kino xadimləri cəmiyyət
üçün həqiqətən dəyərli
insanlardır: “Biz heç nədən məhsul – film
hazırlayırıq. Film həm satmaq üçün məhsul,
həm də mədəniyyətin təbliğidir. Bizlər
gələcəyə doğru addımlayırıq. Gələcəyə
filmlərlə addımlamaq mümkündür və vacibdir.
Digər vacib olan məsələ isə - dəyərlərdir.
Lazımi dəyərlərin yaranması və inkişafı
üçün kino ictimaiyyətinin belə birliyinin
yaranması vacib idi. Yaradıcı insanlar tək olsa da,
yaradıcı ailəyə ehtiyacı var. Yaxşı ki, belə
bir cəmiyyət yarandı və biz bu cəmiyyətin
içindəyik”.
Müşfiq
Hətəmov Azərbaycan kinosunda müasir səsyazma, qrim
problemlərinin mövcudluğundan danışıb.
Kinorejissor
Vaqif Mustafayev Rüstəm İbrahimbəyovun rəhbərlik
etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının
fəaliyyətini qeyri-qənaətbəxş olduğunu
vurğulayıb: “Hazırda mövcud olan
Kinematoqrafçılar İttifaqının fəaliyyəti qənaətbəxş
deyil, onlar lazımi səviyyədə fəaliyyət göstərmirlər.
Lazımdır ki, milli filmlər təhlil və təbliğ
olunsun, kino mühiti yaransın. Kinonun tədrisi də vacib məsələlərdən
biridir”.
Müzakirələrdən
sonra Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqının yarandığı elan olunub və xalq
artisti Şəfiqə Məmmədova ittifaqın sədri
seçilib.
Kaspi.-2012.-22 iyun.-S.16.