İçimizdə
rahatlıq, hüzur yoxdur
“Savalan” qrupunun bədii
rəhbəri Novruz Novruzlu: “Nə qədər deyib-gülsək
də, torpaqlar qayıtmayınca hüzurumuz da olmayacaq”
...TRT
kanalının Azərbaycanda yeni yayımlandığı
vaxtlarda kanalın efirində hər həftə “Haftanın
yıldızı” adlı bir proqram verilirdi. Təsadüfdən
bizim izlədiyimiz yayımın qonağı Fatih Kısaparmak
idi. İlk dəfə görürdüm və atam elə bir
kövrəkliklə izləyirdi ki, ona qoşulub mən də
bardaş qurdum televizorun qarşısında. Və...
...və
mənim dünyam Türkü Baba Fatihin “...anam
qarabağlıdır, indi sizə onun dilindən eşitdiyim
bir “qadanalım” türküsü oxuyacam” sözləri ilə
dəyişdi. Anladım ki, içimdəki
narahatlığım bu türkülərdəki İÇdə
gizlidir. Bir də məni bağrına basan, gözləri
yaş dolu atamın “...anam, bax biz buyuq” kəlməsində.
Mən
artıq heç bir ifaçıya həsəd aparmıram.
Çünki bu gün Azərbaycanda bu İÇə sahib
“Savalan” Mistik Musiqili Qrupu var!
Nə
xoşbəxt bizə ki, bizimdilər!
Nə
xoşbəxt bizə ki, Tanrı dərgahına günahkar
olaraq getməyəcəyik!
Və
nə xoşbəxt mənə ki, bu gün elə o gündəki
kimi onların lap yaxınlığında bardaş qurub,
gözlərim dolu-dolu izləyə, RUHUM dolusu dinləyə
bilirəm!
- Nədən başlayaq, Novruz bəy?
-
Ürəyin nədən istəyir.
-
Ürəyimin istədiyi o dünyadan
danışdırmaqdır sizi. Gəlin, oxucuları da o
dünyaya götürək...
-
Onda yolun başlanğıcından başlayaq. Əslində,
o dünyanın gözəlliyi onun
qapalılığında, sirliliyindədir.
Gəlişdəki
məqsəd bütün bu yaşadığımız
mühitdə, bu sürət əsrində, səs-küydə
sənətindən, peşəsindən,
adından-sanından, pul-parasından, yoxsulluğundan
asılı olmayaraq ÖZünü axtarmaqdır. Bizim musiqi
dünyamız da bir az ora yaxın olduğundan
özümüzü xoşbəxt adlandıra bilərik.
Mövlana həzrətlərinin belə bir sözü var,
deyir “musiqi Allaha ən yaxın yoldur”. Çünki gözəl
niyyətlə, gözəl düşüncəylə
oxuyanda özün-ÖZündə olursan, ÖZündə
olmağın fərqində olursan.
- O dünya ilə bu dünyada
yaşamaq çoxmu çətindir?
- Deməzdim,
çünki Allah nəyi yaradıbsa gözəl yaradıb. Baxılan yer önəmlidir.
İnsan hardan baxır, hardan qəbul edir. Yunus Əmrə
demişkən:
Dərdimə
dərman arardım,
Dərdim
mənə dərman imiş...
Bədbin
notlara düşmək istəməzdim, amma istər-istəməz
elə bir zamanda yaşayırıq ki, hardasa dəyərlər
aşılanır. Ucuzlaşıb. Bu halda da önəmli olan
insanın ÖZüdür. Əgər
özü-ÖZünu tərk etməsə insanı
ÖZündən kimsə ala bilməz. Önəmli olan hər
hansı şəraitdən, mühitdən asılı
olmayaraq ÖZündə olmağa çalışmaqdır.
Çünki bu qısa zamanda bizə qalan məhz odur.
- İnsanı Özündən nə
çıxara bilər?
-
Özündən başqa heç nə. Nə edə bilərsə
ancaq özü edə bilər, hər mənada. İstər düşüncələrində,
niyyətində işıqlı dünya yaradıb cənnət
yaşayar, istəməzsə əksinə. Aqillər deyir,
ÖZünü bilən NƏFSini bilir. Çünki
bütün gedən yollar ÖZdən keçir. İnsan
hardan baxır, nə düşünür, niyyəti nədir,
ondan başqa bir şey deyil. Aqillər nahaq deməyib ki, bax
baxışına, al alışına... Ona görə nə
qədər gözəl yerdən baxıb, gözəl yerdən
düşünsək, həyatımız da bir o qədər
gözəl olur.
- Belə
çıxır ki, pula xidmət edənlərin ruhu yoxdur...
- O da niyyətə
bağlıdır. Əldə olan silah HAQQa da xidmət edə
bilər, şərə də. Seçimini edən
kainatın uca, ali, mükəmməl yaradıcısı olan
insandır. Önəmli olan pula qarşı münasibətdə
fərd olaraq o adamın kim olduğudur. Nə gözəldir,
Allahın verdiyi o maddiyyatla xalqa, xeyirə, insanlığa xidmət
edəsən. Deyirlər ki, pul qazanmaq çox vacibdir, o halda
ki, pul başınızda yox, cibinizdə olsun. İndiki zamanda
insan ÖZündədirsə, Allah ona yol açıbsa, daha
çox torpağına, millətinə, sənətə,
insanlara yardımda olsa, İÇi daha hüzurlu, daha rahat olar. Bu pulla o
pulun dəyərindən çox xeyir verə, daha gözəl
işlər görə bilər.
- Qrupun nə kimi yenilikləri var?
-
Hazırda bizim çox dəyərli, vətənini, millətini
sevən bir bacımızın sözlərinə musiqilər
hazırlayırıq. Deyirlər ki, ürək yanmasa,
gözdən yaş çıxmaz. O şeirləri də
ruhdan, könüldən, İÇdən gələn, səmimi
olduğuna görə sevdik və
“Savalan” ruhunda musiqilər hazırlamağa qərar verdik. Təəssüflər
olsun ki, bizdə İÇi, ÖZü olan adam çox
azdır. Daha sonra Almas İldırımın “Qara dastan” əsərini
işləmək niyyətimiz var. İnşallah qismət olsa
xarici ölkələrə səfərlərimiz gözlənilir.
İşləyirik, çalışırıq, uzun, incə
bir yolda yavaş-yavaş yürüyürük.
- Bizim bəzi
dindarlar iddia edirlər ki, insanı özündən alıb
aparan hər şey şeytan əməlidir...
- Mən
heç istəmərəm o yerə düşək. Hərə
öz düşüncəsini deyir. Belə götürəndə
Quran da avazla oxunur, uşaq dünyaya gələndə
uşağın ağlamasının özü də
avazdır. Bütün dünyanın qəbul elədiyi
Mövlana həzrətlərinin özü də bir neçə
alətdə ifa edib. Tanrıya şükür ki, onu ziyarət
eləmək bizə də qismət oldu. O musiqi əgər
insanın ruhuna qulluq edirsə, burada şeytanın
varlığından söhbət gedə bilməz.
Düzdür, Quranda deyilir, “mən sizə şah
damarınızdan da yaxınam, şeytan damarınızda
dolaşır”. Yəni şeytan da, mələk də bizdədir,
baxır biz hardayıq. HAQQdan baxarıqsa musiqimiz Allaha qulluq edər,
insanların könlünü-ruhunu oxşayar. Bütün əməllər
niyyətinə görə dəyərlənir, yetər ki,
niyyət gözəl olsun.
- Hal-hazırda harda
çalışırsız?
- Opera və
Balet Teatrında, eyni zamanda radio-televiziyanın Cahangir Cahangirov
adına xor kollektivində fəaliyyət göstərirəm.
Əsas gücümüz isə qrupdadır.
Özümüzü ÖZümüzdə hiss elədiyimiz,
tamlaşdığımız yerdir “Savalan”qrupu.
- Savalan
qrupu dilimizi yaxşı bilməyən dünya dövlətlərində,
ələlxüsus Türkiyədə çox yüksək
şəkildə qarşılanır, amma ölkəmizdə
qrupa münasibət istənilən səviyyədə deyil.
Maraqlıdır, sizi sevən ya sonuna qədər sevir,
tanımayanın da ümumiyyətlə heç bu janr
haqqında anlayışı yoxdur. Bu, təbliğatınızın
zəif olmasındanmı qaynaqlanır, ya sizin janrmı fərqlidir?
- Deyərdim
ki, burda dəyərlərin təsiri var. Mən millətimi həddindən
artıq çox istəyirəm. Qəribədir, elə bil
bir az zövqümüz aşağı düşüb. Bu qədər
acılar yaşamaq hardasa yorub bəlkə də. Bir misal
çəkim, Türkiyədə insanlar xor musiqisini saatlarla,
çox sakit oturub dinləyə bilirlər. Bax, bizim
içimizdə o rahatçılıq, hüzur yoxdur.
Deyirlər
musiqi cismə və mənəviyyata qulluq edir. Biz bunu səhv
salmışıq, daha çox cismə qulluq edən oyun
havaları, altı-səkkiz ritmdə yazılan musiqilər
baş alıb gedir. Bu halda da bizim musiqilər sakit musiqi,
İÇə xidmət edən musiqi olduğundan bir az arxa
planda qalır. Bəlkə dinləyicidən də çox
şey asılıdır.
- Sizə
görə aktyorun, ifaçının, incəsənət adamının,
ümumiyyətlə mədəniyyət sahəsində
çalışanların şəxsiyyət
olmağının bir önəmi varmı? Sirr deyil ki, bu
gün Azərbaycan mədəniyyətində şəxsiyyət
olmayanların bolluğu yaranıb...
- Şəxsiyyət
olmaq hər kəs üçün, ələlxüsus da incəsənət
adamı üçün çox vacibdir. Çünki istər-istəməz
insanların içərisində görünür, efirdən
izlənir, onun dediyi hər bir söz, hər bir
düşüncə hökmən insanlara təsir edir. Sənət
adamı mənəvi cəhətdən, elmi cəhətdən
və digər istiqamətlərdə mütləq öz
üzərində işləməlidir.
- İddia edirlər ki, bu kütləvi
cılızlaşmanın qarşısını almaq
üçün sizin kimi sənət adamlarının üzərinə
çox iş düşür. Necə düşünürsüz,
sizmi bunun qarşısını almaq üçün
çalışmalısınız, yoxsa sizin
üçün imkanlarmı yaradılmalıdır?
- Biz
heç kimin işinə qarışmırıq. Bu üslubu
sevmişik və ifa edirik. Amma gerçəklik budur, istər-istəməz
hər şey maddiyyatdan keçir. Onların
toyda-düyündə qazandıqları pullarla özlərini
reklam etdirmək gücləri olur. Üzdə olduqlarından
sponsorlar da tapılır. Bizim mövzu isə həssas
insanlara, özünü bilmək istəyən insanlara aiddir.
Mən belə düşünürəm.
-
Muğam ifaçısı deyilsiz, amma qavalla oxuyursuz...
-
(gülür) Vallah, qavalla oxumuruq, qrup yarananda on nəfərdən
çox musiqiçi vardı, onun üçü ritm
ifaçısı idi. Sonra o qrup müəyyən səbəblərdən
çox yaşamadı. Biz yenidən iki-üç nəfər
yığıldıq ruhumuzu bölüşməyə və
mən məcbur oldum dəfi özüm çalam, eyni zamanda
ritm tutam. Əvvəlcə dəf yox, davul
çalırdım. Daha sonra dəfə keçdim. Burda alətin
əsas məqsədi ritmi tutmaqdır.
- Sizin qrupda saz olmasa olmaz. Niyə?
- Əslində
ney də olmasa olmaz. Amma çox təəssüf ki, Cavad gedəndən
sonra neysiz qaldıq. Azərbaycanda, səhv eləmirəmsə,
yaxşı ney calan hələ ki yoxdur. İnşallah olacaq.
Bilirsizmi,
musiqinin ruhuna uyğun alətlər olmalıdır. Bizim
musiqilər də onsuz alınmaz. Sazın səsində
çox böyük hikmət, çox böyük güc
var. Nə qədər yorğun olursan ol, o səsi eşidən
kimi ruhun təzələnir.
- Sizi
güclə oxutmaq olarmı? Özünüzün oxumaq istəmədiyiniz
bir vaxtda...
- Əgər
dinləyicilər həssasdırsa orda oxumaq olar. O elə bir
şeydir ki, qarşında oturan tamaşaçı ilə mənəvi
alış-verişdə olursan, bəzən
tamaşaçılar arasında dörd-beş adamın sənə
olan münasibəti oxumağa güc, hal verir.
- Novruz bəy, otuz ilə
yaxındır ki, Operadasız. Belə bir sual verim. Sizi öz
üslubunuzda, sənətin zirvəsində görən
tamaşaçı gəlir “Leyli-Məcnun”da sıradan bir
rolda görür. Bu təzad deyilmi?
- Biz elə
sıradan biriyik. Elə bilirəm, Opera məni balansda
saxlayır. Bəzən adam özünü bir şey zənn
edib çaşa bilər, bu mənada mənə kömək
edir.
- “Sənsiz”i nə vaxt oxumağı
düşünürsüz?
-
Hal-hazırda gözəl bir konsert proqramı üzərində
çalışırıq. Repertuarımızda bizim gözəl
musiqilərimizdən də olacaq. Və təbii “Sənsiz” də.
- “Leyli-Məcnun”u
sizin janrda oxumaq olarmı? Sizin təbinizlə...
- Olar.
“Leyli-Məcnun” sırf təsəvvüfdür. Biz onu indiyə
qədər istənilən şəkildə
açmamışıq. “Leyli-Məcnun” “Romeo-Cülyetta”dan
qat-qat güclü əsərdir. Tam başqa üslubda işləyib,
dünyanı gəzmək olar “Leyli-Məcnun”la və şoka
salmaq olar hamını. Çünki dünya hər şeydən
yorulub, özünə dönməyə can atır..
- Bəs necə bu üsluba salmaq
olar?
- Bu,
artıq rejissor işidir. Bir az böyük
çıxmasın, bizim ruhumuz zatən odur. Məcnunun Leyliyə
çatması əslində HAQQ-a çatmasıdır,
ÖZünə qovuşmasıdır. Leyli bir bəhanədir.
Ona görə bu fəlsəfəni dərindən bilən
rejissor zamanı nəzərə almalıdır. Məsələn,
indi sufizm dünyada çox sevilir, çünki nə qədər
İslamı terrorçu kimi göstərməyə
çalışsalar da, Mövlana var, Şəms var,
Füzuli var, Aşıq Veysəl var, Pir Sultan Abdal var, Yunis Əmrə
var, Nəsimi və coxları var ki, bunlara görə dünya
sufizmi qəbul edir və sevir. Baxır görür ki, burda
ancaq Allaha sevgidən, insanın ucalığından, dəyərindən
söhbət gedir. “Leyli-Məcnun”a məhz bu yöndən
baxıb, yeni bir nəfəslə dünyanı şoka salmaq
olar.
- Niyə incəsənətdə
xarakterdən uzaqlaşma halları çoxalıb?
- O təkcə
bizdə deyil, bütün dünyada baş verir. İnsan
özünü anlamaq istəmir, bundan qorxur. Bəlkə də
ÖZündən o qədər uzaq düşüb ki, bu məsafə
onu qorxudur.
- Onda niyə
cılızlığa sığınır? Daha böyük
şeylər yoxdurmu? Elə sufiliyə sığınsın
da...
- Ora
sığınmaq üçün könül
lazımdır sevgi, istək lazımdır.
- “Savalan”ın istəyi nədir?
-
İnsanlar içi mən qarışıq, insan olmanın fərqində
olmalıdır. Gəlişdəki məna, məqsəd
önəmlidir. Çünki Allah insanı çox uca
varlıq yaradıb. Kainatın sultanı kimi xəlq edib.
İstəyimiz odur ki, gözəl, hüzurlu, dəyərli
bir toplum olsun.
Bu
günlərdə Şuşanın işğalı
gününü qeyd elədik yenə. Allah bütün şəhidlərimizə
rəhmət eləsin, ruhları şad olsun, ruhları bizə
kömək olsun. Mən bir məqamı vurğulamaq istəyirəm,
televizorda bu cür əlamətdar günlərdə
ağlaşma qurulur. Bütün hallarda tərəfdarı
deyiləm. Ağlaşma bir il olar və bitər. Şəhidlik
ən yüksək məqamdır, şəhidin bədənindən
çıxan bir damla qandan bütün günahları
bağışlanır. Şəhidlik uca məqamdır.
Hərdən
zarafatla deyirəm ki, onlar bizə baxıb ağlayırlar, biz
onların nəyinə ağlayırıq? Mən bunun tərəfində
deyiləm. Allah bizim şəhidlərimizin ruhu hörmətinə
bizə kömək olsun, torpaqlarımızı geri qaytaraq,
çünki biz nə qədər deyib-gülsək də,
torpaqlar qayıtmayınca hüzurumuz da olmayacaq. Gözəl,
bir-birinə dəyər verən toplumda yaşamaq həmişə
arzum olub. Bir-birimizə dəyər verə bilək, bir-birimizi
sevək. Hərə öz işində vicdanlı, səmimi
olsun. Məsələn deyək ki, bizi dinləyən bir az da
olsun rahat olursa, içində-ruhunda bir hüzur olursa, deməli,
dünyanın ən xoşbəxt bəndələriyik.
Nigar İsfəndiyarqızı
Kaspi.-2012.- 1 iyun.-S.11.