“Məhəmməd
Əmin Rəsulzadə. Əsərləri. 1915-1916-cı illər”
kitabı təqdim olundu
Əsər qocaman professor Şirməmməd
Hüseynovun uzun və səmərəli
axtarışlarının nəticəsi kimi ərsəyə
gəlib
Mayın
31-də Mətbuat Şurasında “Məhəmməd Əmin
Rəsulzadə. Əsərləri. 1915-1916-cı illər”
kitabının təqdimatı keçirilib. M.Ə.Rəsulzadə irsinin yorulmaz tədqiqatçısı, Bakı
Dövlət Universitetinin jurnalistika
fakültəsinin professoru Şirməmməd
Hüseynovun uzun və
səmərəli axtarışlarının nəticəsi kimi ərsəyə gələn nəşrlə
bağlı mərasimi MŞ sədri Əflatun Amaşov açıb.
Ə.Amaşov
bildirib ki, M.Ə.Rəsulzadə deyəndə ötən əsrin
əvvəllərində milli şüurun oyanışı,
unudulmaqda olan dövlətçilik ənənələrinin
bərpası, mövcud istiqamətdə həyata keçirilən
gərgin və məqsədyönlü işlər yada
düşür. Həmin dövrün mənzərəsi
anbaan göz önündə canlanır. Dahi mütəfəkkirlə
birgə Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin
hansı məziyyətlər hesabına fəaliyyət
göstərmələrinə dair əyani təsəvvür
formalaşır. Bütün bu cəhətlər M.Ə.Rəsulzadə
irsinin dərindən öyrənilməsini, gələcək
nəsillərə çatdırılmasını
mühüm vəzifə kimi müəyyənləşdirməkdədir.
«Bu iş çox məsuliyyətlidir, ağır zəhmət
tələb edir. Təqdimatına
toplaşdığımız nəşrin müəllifi,
hamımızın ağsaqqalı Şirməmməd müəllim
həmin məsuliyyəti və zəhməti çiyinlərinə
götürərək təkcə tədqiqat işi
aparmayıb, eyni zamanda böyük bir tarixi missiya yerinə
yetirib. Rəsulzadənin əsərlərinin hələlik 3
cildi çıxıb. Hər cildin ərsəyə gəlməsinə
təxminən on ilədək vaxt sərf olunub. Bu isə o deməkdir
ki, Şirməmməd müəllim ömrünün əhəmiyyətli
hissəsini, təxminən 20 ildən artığını
dahi mütəfəkkirin irsinin öyrənilməsinə sərf
edib», - deyən Ə.Amaşov Ş.Hüseynov
yaradıcılığının Azərbaycan
jurnalistikasına, elminə, ictimai fikir mühitinə örnək
səciyyə daşıdığını
vurğulayıb, ona qarşıdakı elmi işlərində
uğurlar arzulayıb. Şura sədri səmərəli fəaliyyətinə
görə Ş.Hüseynova Azərbaycan Mətbuat
Şurasının diplomunu təqdim edib.
Bakı
Dövlət Universitetinin jurnalistika fakültəsinin kafedra
müdiri, professor Cahangir Məmmədli Ş.Hüseynovu
bütövlükdə ziyalı mühitimizin müəllimi
adlandıraraq bildirib ki, onun yaradıcılığı,
tükənməz enerjisi Azərbaycan klassikasına,
jurnalistikasına, ədəbi-bədii fikrinə olan sonsuz məhəbbətindən
qaynaqlanır. Təqdimatı keçirilən kitabı da bu
baxımdan dəyərləndirən C.Məmmədli müəllifin
fundamental elmi fəaliyyətinin gələcək nəslə
nümunə kimi göstərilməsinin böyük fəxr
olduğunu önə çəkib. O, həmçinin «525-ci
qəzet»in Ş.Hüseynovun Azərbaycanın ictimai fikrinin
formalaşmasında müstəsna xidmətləri olan şəxslər
haqqında qələmə aldığı materialların
müntəzəm təqdimatında, cəmiyyətə
çatdırılmasında sistemli iş
gördüyünü, belə yazıların verilməsini ənənəyə
çevirdiyini minnətdarlıq hissləri ilə
vurğulayıb.
Azərbaycan
Respublikasının Milli Məclisinin deputatı, MŞ
İdarə Heyətinin üzvü Aqil Abbas Ş.Hüseynov
yaradıcılığını xarakterizə edərkən
bildirib ki, məhz onun gərgin əməyi nəticəsində
M.Ə.Rəsulzadə kimi vətən övladı xalqına
yenidən qaytarıldı. A.Abbas 20-ci əsrin əvvəllərində
Rəsulzadənin Azərbaycanın müstəqillik hərəkatında
misilsiz rol oynadığını vurğulayaraq müəllifə
onun kimi tarixi şəxsiyyət barədə zəngin xəzinəni
ərsəyə gətirdiyi üçün təşəkkürünü
bildirib.
BDU-nun
jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev
AXC dövrünün, eləcə də müstəqilliyə
aparan tarixi yolun tədqiqinin müstəsna əhəmiyyətinə
toxunub. O, mövcud istiqamətdə hələ bir sıra həqiqətlərə
aydınlıq gətirilmədiyini, onların daha dərindən
öyrənilməsinə ehtiyacın duyulduğunu
vurğulayıb. Təqdimatı baş tutan kitabın bu mənada
dəyərli məxəz olduğunu deyən Ş.Vəliyev əsərdə
M.Ə.Rəsulzadənin azad, demokratik fikir, plüralizm kimi dəyərlərə
münasibətinin ifadəsi olan baxışlarının
günümüz üçün də aktual səciyyə
daşıdığına diqqət çəkib.
MŞ
İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş
redaktoru Rəşad Məcid M.Ə.Rəsulzadə
yaradıcılığının yüksək peşəkarlıqla
araşdırılmasının və cəmiyyətə
çatdırılmasının zəruriliyinə toxunaraq
yeni çapdan çıxmış əsəri
Ş.Hüseynovun hədsiz məsuliyyətinin, öz işinə
olan dərin inamının və böyük
şövqünün məhsulu kimi dəyərləndirib.
MŞ-nin
Ahıl Jurnalistlər Məclisinin rəhbəri, əməkdar
jurnalist Yusif Kərimov bildirib ki, hər bir kitab, əsər
fundamentallığı, mahiyyəti, dəst-xətti ilə
özünün müəllifinə bənzəyir. Ş.Hüseynov
da öz xarizması ilə təkcə jurnalistika fakültəsi
deyil, bütövlükdə BDU üçün etalondur, dəyərdir.
Onun M.Ə.Rəsulzadə ilə bağlı ortaya qoyduğu
elm iş isə neçə-neçə gələcək tədqiqatlar
üçün də dəyərli mənbədir.
BDU-nun
professoru Nəsir Əhmədli, «Olaylar» qəzetinin və eyni
adlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz
çıxışlarında Ş.Hüseynov
yaradıcılığını, xüsusən də M.Ə.Rəsulzadə
irsinin öyrənilməsindəki əməyini böyük
fədakarlıq nümunəsi kimi qiymətləndiriblər.
AMEA-nın
akademik Ziya Bünyadov adına Şərqşünaslıq
İnstitutunun əməkdaşı, professor Solmaz
Tohidi-Rüstəmova müəllifin ortaya qoyduğu əsərin
müstəsna əhəmiyyətinə diqqət çəkməklə
yanaşı, bəzi kütləvi informasiya vasitələrində
AXC dövrünə, eləcə də şəxsiyyətlərinə
qarşı düşünülməmiş, heç bir
fakta və reallığa söykənməyən mülahizələrin
yer almasını qeyri-məqbul sayıb. Belə xoşagəlməz
nümunələri ortaya qoyanların tarixi mirasımıza cəbhə
açmaq niyyətlərindən təəssüfünü
ifadə edib.
Sonda
“Məhəmməd Əmin Rəsulzadə. Əsərləri.
1915-1916-cı illər” kitabının müəllifi, qocaman
professor Şirməmməd Hüseynov çıxış
edib. O bildirib ki, tarixi şəxsiyyətlərin fəaliyyətinin
öyrənilməsi vacibdir. Çünki onların hər
birində mənsub olduqları millətlərin
daşıyıcısı olduğu xüsusiyyətlər
var. Görkəmli şəxsiyyətlərin öyrənilməsində
İslam, Şərq aləmi üçün xarakterik
mənfi stereotiplərin mövcudluğunu
önə çəkən Ş.Hüseynov
bildirib ki, o dövrdə də M.Ə.Rəsulzadə
şəxsiyyətinin demokratik, mütərəqqi
ruhlu olmasına dair fikrin qəbulu bu məkan üçün tam fərqli
hadisədir. Dahi mütəfəkkirlə bərabər AXC dövrünün digər xadimlərinin irsinin də öyrənilməsinin vacibliyindən
danışan alim müəllifi olduğu kitabın qəhrəmanının həyat
və yaradıcılığı, siyasi
və mənəvi dünyagörüşü
ilə bağlı maraqlı faktlar
açıqlayıb. toplantı
iştirakçılarına təşəkkürünü
bildirib.
Kaspi.-2012.-1 iyun.-S.12.