“Bu gün Azərbaycan kinosu böhran yaşamaqdadır” 

 

Jalə Əliyeva yeni yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının bu sahədə dönüş yaradacağına ümid edir

 

Müsahibimiz Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyevadır

 

- Jalə xanım, Milli Məclis iyunun 29-da İctimai Televiziyaya xarici teleserialları subtitrlə yayımlamaq hüququ verən qanun layihəsini müzakirəyə çıxarmağa hazırlaşır. Sizcə, bu, başqa telekanallara qarşı ayrı-seçkilik deyilmi?

- Mən məsələyə bu cür yanaşmazdım. Sadəcə olaraq, parlamentə «İctimai teleradio yayımı haqqında» qanuna əlavə və dəyişikliklər edilməsi haqqında layihə daxil olub. Təbii ki, bu qanunda söhbət yalnız İctimai Televiziyadan gedir. Yəni biz ayrı-seçkilik etmirik. Sadəcə, müzakirə etdiyimiz qanun İTV ilə bağlıdır. Biz qanunvericilər olaraq daxil olan qanun layihələrinə münasibət bildiririk. Müzakirəmizə təqdim olunan layihə də İTV-nin fəaliyyətini tənzimləyir. Təbii ki, digər kanalların fəaliyyəti bu qanunla tənzimlənə bilməz. Ona görə də qeyd etdiyiniz dəyişiklik ancaq İTV-yə aiddir. Biz başqa sahələrlə bağlı qanunlar qəbul edəndə də belə olur. Tutaq ki, əgər biz kənd təsərrüfatı ilə bağlı qanuna dəyişiklik ediriksə, yeniliklər ancaq bu sahəyə aid olur. Biz bu qanunda sənaye ilə bağlı məsələlərə toxuna bilmərik. Bizə təqdim olunan layihədə İTV-yə xarici teleserialları subtitrlərin müşayiəti ilə nümayiş etdirmək hüququ verilir. Amma bu da müəyyən limitlə olacaq. Yəni, İTV bütün efirini xarici teleseriallarla doldura bilməyəcək. Özü də söhbət təkcə teleseriallardan getmir. Buraya müxtəlif sənədli filmlər də aiddir.

- Bir vaxtlar xarici serialların Azərbaycan dilində nümayişi də problem idi...

- Bəli, bu problem mövcud idi və biz qısa müddətdə bunu həll edə bildik. Əvəllər Azərbaycan telekanalları çoxlu sayda xarici teleseriallar verirdilər və onların əksəriyyəti rus dilində olurdu. Biz bütün teleserialların efirə Azərbaycan dilində verilməsini təmin etdik. Amma bu, özü ilə bərabər müəyyən yeni problemlər də yaratdı. Məsələn, türk dilində gedən filmlərin Azərbaycan dilinə tərcüməsi ilə bağlı müəyyən narazılıqlar oldu. Türk dilinin bir qolundan digər bir qoluna edilən tərcümə yerinə düşmədi. Çünki Azərbaycan və Türkiyə türkcələri bir-birinə çox yaxındırlar. Hər iki dil oğuz qrupuna aiddir. Digər türkdilli dillərlə müqayisədə bizim bir-birimizi anlamaq imkanlarımız daha genişdir. Belə olan halda türk filmləri Azərbaycan televiziyasında tərcümə ilə gedəndə gülməli vəziyyət yaranırdı. Bu, çox absurd mənzərə idi. Nəzərə alsaq ki, bizim televiziya tamaşaçılarının əksəriyyəti peyk vasitəsi ilə Türkiyə telekanallarını izləmək imkanına malikdirlər, bu halda mənzərə daha da komikləşirdi. Tamaşaçı qeyri-peşəkar dublyajı görəndə, «gəliyormusun» əvəzinə «gəlirsənmi» eşidəndə narahat olurdu. Bu baxımdan, serialların subtitrlə nümayişinə icazə verilməsi lap yerinə düşdü. Əslində biz bunu hələ iki il əvvəl dövlət dilinin tətbiqi ilə bağlı məsələlərin müzakirəsi zamanı da təklif etmişdik. Bizim bu təklifimiz indi nəzərə alınır. Bu halda biz həm «Dövlət dili haqqında» qanuna əməl etmiş oluruq, həm də türk dilinin Azərbaycan dilinə tərcüməsi kimi artıq bir işdən yayınırıq. Bununla da telekanallarımız efirlərində yer verdikləri türk filmlərini tamaşaçılarına olduğu kimi çatdırmaq imkanı əldə edirlər.

- İTV-yə tətbiq olunan bu güzəşt gələcəkdə digər telekanallara da şamil edilə bilərmi?

- Yuxarıda qeyd etdiyim kimi, biz hazırda İTV-nin fəaliyyəti ilə bağlı qanuna əlavə və dəyişikliklər etməyə hazırlaşırıq. Sabah digər telekanallar ilə bağlı təkliflər olarsa, onlara da baxmağa hazırıq. Burada heç bir ayrı-seçkilikdən söhbət getmir.

- Bir müddət bundan öncə sizin komitənin hazırladığı «Teatr haqqında» qanun layihəsi qəbul olundu. Bu qanunun tətbiqi teatrlarımızın fəaliyyətində hər hansı bir dəyişikliyə səbəb oldumu?

- Biz bu qanunu üçüncü çağırış Milli Məclisin dönəmində qəbul etmişik. Qanun ətraflı şəkildə müzakirə olunduqdan sonra həyata vəsiqə aldı. Onu deyim ki, son illər teatrlarımız ümumilikdə çox böyük dövlət qayğısı ilə əhatə olunublar. Özü də təkcə paytaxt teatrları deyil, əyalətlərdəki teatr ocaqları da diqqət mərkəzindədir. Son illər Bakıdakı demək olar ki, bütün teatr binaları yüksək səviyyədə təmir olunub aktyorların və tamaşaçıların ixtiyarına verilib. Bilirsiniz, teatr çox böyük mədəni ocaqdır. İnsanlar teatra gedəndə bütün gündəlik qayğılarından azad olub bir saat yarım-iki saat teatr xadimlərinin yaratdığı ovqatın içinə düşmüş olurlar. Bu baxımdan, teatr çox böyük bir sənət məbədidir. Azərbaycan dövləti də bunu həmişə nəzərə alır. İndiyədək ölkə prezidentinin teatrlarla bağlı çoxlu sayda fərman və sərəncamı olub. Eyni zamanda, biz də bu addımların davamı kimi qeyd etdiyiniz qanunu qəbul etdik. Yəni, bu qanunun qəbul olunması ümumilikdə dövlət siyasətinin bir tərkib hissəsi kimi qəbul olunmalıdır. Düşünürəm ki, bu qanun qüvvəyə mindikdən sonra teatrlarda çox böyük dəyişikliklər müşahidə olunub. Ötən dövr ərzində ümumilikdə dövlətimiz və cəmiyyətimiz inkişafda olub və bundan teatrlarımıza da pay düşüb. Təəssüf ki, biz bu gün konkret olaraq qəbul olunan qanunların yerlərdə necə icra olunmasına nəzarət edə bilmirik. Amma ümumilikdə ötən dövr ərzində teatr xadimlərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində böyük işlərin görüldüyünü vurğulaya bilərik. Bilirsiniz ki, teatr xadimlərinə, aktyorlara mütəmadi olaraq dövlət tərəfindən mükafatlar, təltiflər verilir. Bu gün yüzlərlə aktyor prezident təqaüdü alır. Ümumilikdə, əminliklə demək olar ki, qeyd etdiyiniz qanunun qəbul olunması ilə teatrlarımız durğunluq dövrünü arxada qoyaraq inkişaf etməyə başlayıblar. Teatrlarımız 10-15 il bundan əvvəlki dövrlə müqayisədə həm maddi-texniki, həm də yaradıcılıq baxımından çox irəli gediblər. Təbii ki, burada ümumilikdə dövlətin qayğısı da vurğulanmalıdır. Çünki bugünkü şəraitdə dövlətin qayğısı olmadan teatrların inkişafı mümkün deyil. Amma bununla da kifayətlənmək doğru olmazdı. Teatr elə bir sahədir ki, burada əldə edilənlərlə kifayətlənmək olmaz. Sənət xalq üçündür və onun inkişafı davamlı olmalıdır. Buna görə də bu sahəyə dövlət dəstəyi davamlı olmalıdır.

- Jalə xanım, bəs kinomuzun bugünkü durumunu necə qiymətləndirirsiniz?

- Bilirsiniz ki, müstəqilliyin ilk illərində bu sahədə çox böyük problemlər yaranmışdır. Azərbaycanda demək olar ki, yeni kinolar çəkilmirdi. Dövlətimiz inkişaf etdikcə, bu problemin həlli istiqamətində də müəyyən addımlar atıldı. Bir neçə ildir hər il dövlət büdcəsindən yeni kinoların çəkilməsi üçün vəsait ayrılır. Bu çox təqdirəlayiq addımdır. Dövlətin dəstəyi ilə hər il bir neçə yeni kino çəkilir. Amma ümumilikdə deyə bilərik ki, bu gün Azərbaycan kinosu bir böhran yaşamaqdadır. Çox təəssüf ki, çəkilən yeni kinolardan dünya səhnəsinə çıxarılmaq keyfiyyətinə malik olanları çox azdır. Belə kinoların sayı barmaqla sayılacaq qədərdir. Xarici ölkələrlə müqayisədə bu sahədə xeyli geri qalmışıq. Məsələn, qonşu Türkiyədə bu sahə xeyli inkişaf edib. Orada müxtəlif prodakşnlarla yanaşı, telekanalların özləri də kino çəkirlər. Düzdür, bu kinoların hamısının yüksək keyfiyyətli olduğunu iddia etmək olmaz. Amma bu filmlərin əksəriyyətinin baxımlı olduğunu etiraf etməliyik. Dövlət də istəyir ki, kino sahəsinə dəstək verməklə onu böhrandan çıxarsın. Bizdə gözəl sənət əsərlərinin keyfiyyətlə ekranlaşdırılmasına böyük ehtiyac var. Axşam ssenari yazıb səhər onu film kimi çəkmək hələ sənət demək deyil. Dövlətin ayırdığı vəsait bayağı mövzulara, keyfiyyətsiz ssenarilərə sərf olunmamalıdır. Mənə elə gəlir ki, bunun əksi reallaşdığı təqdirdə biz sənətə heç bir xeyir vermiş olmuruq. Buna görə də yaxşı olardı ki, kino sənayemizə istedadlı ssenaristlər, bu sahəni yaxşı bilən menecerlər dəvət olunsunlar. Rejissorlarımız, istedadlı ssenari müəlliflərimiz artıq öz sözlərini deməlidirlər. Biz hamımız arzu edirik ki, Azərbaycan filmləri dünyanın məşhur kinofestivallarında uğur qazansınlar. Təəssüf ki, hələlik bu sahədə bir az geri qalırıq.

- Bilirsiniz ki, bu yaxınlarda ölkənin tanınmış kino xadimləri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaradıblar. Kinomuzdakı problemlərin bir qisminin də təşkilatçılıq baxımından köhnə kino ittifaqının rəhbərliyinin işi ilə əlaqələndirmək olarmı?

- Ölkənin tanınmış kino xadimlərinin bir araya gələrək yeni bir ittifaq təsis etmələri çox sevindirici haldır. Əsas sevindirici məqamlardan biri də odur ki, bu, təşkilatda demək olar ki, kinomuzun qaymaqları toplaşıblar. Onların bir araya gəlməsi, koordinasiya olunmuş formada fəaliyyət göstərmələri gələcək üçün ümid işartıları hesab oluna bilər. Ümid edirəm ki, bu birlik kino xadimlərimizin daha məhsuldar işləmələri üçün şərait yaradacaq. Təbii ki, yeni ittifaqın rəhbərliyindən də çox şey asılı olacaq. Amma onu da vurğulamaq lazımdır ki, biz, plüralist cəmiyyətdə yaşayırıq.  Bu cür cəmiyyətlərdə yaradıcı məsələlər heç də bir nəfərin arzuları və zövqü ilə həll oluna bilməz. Bu yolla hansısa böyük nailiyyətin əldə olunacağına ümid etmək də doğru deyil. Yeni ittifaqın rəhbərliyi sadəcə olaraq təşkilati problemlərin həllinə yardımçı olmalıdır. Onlar ittifaqın ətrafına istedadlı insanları toplamağa çalışmalıdırlar. Əgər bunu təmin etmək mümkün olsa, Azərbaycan kinosu da öz intibah dövrünü yaşaya bilər.

 

 

İlham QULİYEV 

 

Kaspi.-2012.-28 iyun.-S.6.