Azərbaycan kinosunun əsas problemi
Kino Günü ərəfəsində
açıqlanacaq yeni proqram
bu sahədə ciddi dönüş yaratmağı hədəfləyib
Keçən həftə ölkənin mədəniyyət
aləmində mühüm hadisə baş verib - Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqı
yaradılıb. Belə ki, “Nizami” Kino Mərkəzində
keçirilən “Kino və konseptual problemlər” mövzusunda
keçirilən tədbirdə yeni qurumun yaradılması ilə bağlı qərar
verilib.
İttifaqın
təşəbbüs qrupunun və idarə heyətinin tərkibinə
Şəfiqə Məmmədova, Ayaz Salayev, Cəmil Quliyev,
Vaqif Mustafayev, Oqtay Mirqasımov, Ramiz Fətəliyev, Mais
Ağabəyov, Yusif Quliyev, Siyavuş Kərimi, “Azərbaycanfilm”
Kinostudiyasının direktoru Müşfiq Hətəmov, “Nərimanfilm”
Kinostudiyasının direktoru Nəriman Məmmədov daxildir. Tədbirdə
çıxış edənlər bildiriblər ki,
yaradılma təşəbbüsü irəli
sürülmüş Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının fəaliyyət
istiqamətləri milli filmlərin beynəlxalq arenaya
çıxarılması, beynəlxalq simpozium və
konfransların təşkili, kino infrastrukturunun formalaşdırılmasından
ibarət olacaq. Qeyd edilib ki, bu gün Azərbaycan kinosunun əsas
problemlərindən biri gənc nəslin formalaşmaması məsələsidir.
Müzakirədə çıxış edənlər Azərbaycan
kinosunun mövcud vəziyyətindən danışıblar.
Eyni zamanda, ölkəmizdə kinoşünaslıq ənənələrinin
itirilməkdə olduğu təəssüflə qeyd edilib.
Qeyd olunub ki, hazırda mövcud olan Azərbaycan
Kinematoqrafçılar İttifaqının fəaliyyəti qənaətbəxş
deyil, onlar lazımi səviyyədə fəaliyyət göstərmirlər.
Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqının təsis
edilməsinə Rusiyadakı həmkarlarından da dəstək
gəlib. Belə ki, Rusiya Kinematoqrafçılar
İttifaqının sədri Nikita Mixalkov Şəfiqə Məmmədovanı
Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqının sədri seçilməsi münasibətilə
təbrik edib: «Son 20 ildə Azərbaycan və Rusiya
kinematoqrafçıları ittifaqlarının əməkdaşlığında
fasilə yaranıb. Bu, bizim təqsirimiz deyil. Ölkələrimizin
kinematoqrafçılarının şəxsi əlaqələri
kəsilməyib- deyə kinoittifaq sədri təbrik məktubunda
yazıb. Nikita Mikhalkov
iki ölkənin kinematoqrafçılar
ittifaqları arasında xoş münasibətlərin
bərpa olunacağına ümidvar olduğunu bildirib və
Şəfiqə Məmmədovanı Moskvaya
dostluq səfərinə dəvət edib.
Əsas proqram və nizamnamədir
Yeni
yaradılan quruma səs çoxluğu ilə sədr
seçilən Xalq artisti Şəfiqə Məmmədova mətbuata
müsahibəsində Respublika Kinematoqrafçılar
İttifaqının qarşısında duran əsas məqsədlərdən
söhbət açaraq bildirib ki, əvvəlcə
böyük proqram, nizamnamə dəqiqləşməli,
bütün proqramı tam şəkildə işlənməlidir:
“Biz hər şeyi, ən əsas istiqaməti bilməliyik. İşləməliyik,
iş gedəcək. Avqustun 2-si – Kino Günündə
hazırlanan proqramı ictimaiyyətə təqdim edəcəyik.
Həmin müddət üçün ittifaqın nizamnaməsi
də işlənəcək. Nizamnamədə, proqramda
bütün məsələlər əhatə
olunmalıdır”. Qurumun sədri qeyd edib ki, qarşıda
dayanan əsas məsələlərdən biri gənc
kinematoqrafçılar ordusunu yaratmaqdır. Belə ki, bu sahəyə
gənc nəslin cəlb olunması prioritet istiqamətlərdən
biridir.
Ş.Məmmədova
bu vaxtadək ölkədə fəaliyyət göstərən
eyniadlı qurumun fəaliyyətinə toxunaraq deyib ki, həmin
qurum uzun müddətdir fəaliyyət göstərir, lakin
ordu böyüyür, filmlər çəkilir, artıq
kinematoqrafçıların əhatəsi genişlənir:
“Kim haranı seçsə, orda da fəaliyyət göstərəcək.
Yəni, zaman bu gün bunu tələb edir, eyni sahədə
min qurum ola bilər. Assosiasiyalar, birliklər, nə bilim
yeni-yeni qurumlar. Fikrimcə, bu təbii prosesdir. Biz heç kimlə
rəqabət aparmaq niyyətində deyilik. Əksinə,
ünsiyyət yaratmaq lazımdır. Hərə öz məqsədi,
öz istiqaməti üzrə işləməli,
yaratmalıdır. İstənilən ölkədə paralel
şəkildə, eyni istiqamətdə nə qədər
qurumlar yaranır. Burda nə var ki? Yeni qurumdur və ona
uğurlar arzu etmək lazımdır. Hər birimiz kino naminə
çalışırıq. Hər zaman demişəm ki, bu
ardıcıllıq kəsilməsin, yəni nəsil gəlsin.
Bu, həqiqətən də böyük məsələdir.
Mümkün olsa, əlbəttə, kinomuz naminə beynəlxalq
miqyasa çıxmalıyıq. Kino çox ağır,
çətin sahədir, amma tamaşaçılar
üçün ən sevimli sənətdir”.
Ş.Məmmədova
yeni yaradılan qurumun dövlət təşkilatı, yoxsa
ictimai birlik kimi fəaliyyət göstərəcəyi ilə
bağlı hələlik qeyri-müəyyənliyin
olduğunu da bildirib: “Bu gün Azərbaycanda fəaliyyət
göstərən Rəssamlar, Yazıçılar, Bəstəkarlar
ittifaqları əlbəttə ki, ictimai birliklərdir. Amma
sadaladığım qurumların müəyyən mənada
hökumətdən dəstəkləri var. Elə ittifaqlar
var ki, onlara diqqət göstərilir. Onlar fondlar yaradır,
mükafatlar verir, yəni büdcədən köməkləri
olur. Biz hələ yığışmamışıq, ona
görə bu suala bu gün cavab verə bilmirəm”.
Qurumun
sədri yaradıcı insanları bir birlik ətrafında
toplamağın çətin olacağını da istisna etməyib:
“Mən çoxdan kinodayam, həyatım kinoda, ittifaqlarda,
qurumlarda, kinostudiyada keçib. Bütün fəxri
adlarımı, mükafatlarımı kinoda qazanmışam,
kinomuza var-gücümlə qulluq etmişəm. Ona görə
də bilmirəm nə deyim… Çətin olacağını
dəqiq bilirəm. Çünki hamını
tanıyıram, qurumları tanıyıram, kinonun vəziyyətini
bilirəm, hər şeydən xəbərim var. Mən kənar
adam deyiləm, kinonun adamıyam, kinonun uşağıyam.
Çətindir, amma bu çətinliyə hazıram…”
Dövlətə
dəstək
Təşəbbüs qrupunun üzvü, Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev yeni qurumun yaradılmasının zəruriliyini son illər Azərbaycan kinematoqrafiyasının sürətli inkişafı ilə, dövlətimizin milli kinomuzun tərəqqisinə, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə böyük qayğı göstərməsi ilə izah edib. Belə ki, ölkə başçısı İlham Əliyevin 2007-ci il fevralın 23-də imzaladığı “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında”, həmçinin, 2008-ci il avqustun 4-də imzaladığı “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamlar ölkəmizdə kinonun çox sürətlə inkişaf etməsinə, həmçinin, kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib: “Məhz həmin sərəncamlardan sonra Dövlət Film Fondu tikilib, “Nizami” Kino Mərkəzi bərpa olundu. Azərbaycanda istehsal olunan filmlərin sayı iki dəfə artdı. Eyni zamanda, sənədli kino, animasiya filmləri inkişaf etməyə başladı. Dövlət tərəfindən kino sahəsində çalışan gənclərə çox böyük diqqət yetirildi və onlar müxtəlif layihələrdə uğurla iştirak etməyə başladılar. Ümumiyyətlə, bu istiqamətdə atılan addımların, həyata keçirilən tədbirlərin sayı çoxdur. Təbii ki, belə bir dövrdə kino sahəsində çalışan ictimai təşkilatlar da dövlətə dəstək olmalı, kino siyasətinin reallaşdırılmasına kömək etməlidirlər. Bu tipli təşkilatlar kino sahəsində olan bir çox məsələlərin, bir sıra problemlərin həllində də fəal iştirak etməlidirlər”. C.Quliyev Azərbaycan Kinematoqrafçılar İttifaqında yaranmış mühitin tələblərə cavab vermədiyini təəssüflə dilə gətirib. Onun sözlərinə görə, Azərbaycan Kinematoqrafçılar İttifaqının idarəetmə prinsipləri müasir dövrün tələblərinə cavab vermir. Belə ki, Azərbaycan Kinematoqrafçılar İttifaqında olan iş sistemi artıq tənəzzülə uğrayıb: “Mən bunu tam əminliklə deyirəm. Ona görə də, belə qərara gəldik ki, artıq yeni təşkilatın yaradılmasının vaxtı gəlib çatıb. Beləliklə, biz təşəbbüs qrupu yaratdıq və bu qrup Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqını yaratmağa qərar verdi”.
C.Quliyev
Azərbaycan Kinematoqrafçılar İttifaqının
öhdəsinə düşən vəzifələri
lazımınca yerinə yetirmədiyini vurğulayıb: “Təbii
ki, kino sahəsində fəaliyyət göstərən
ictimai təşkilat digər yaradıcı təşkilatlarla
sıx əməkdaşlıq etməlidir. Eyni zamanda, beynəlxalq
miqyaslı başqa təşkilatlarla
işləməlidir. Lakin təəssüflər
olsun ki, Azərbaycan
Kinematoqrafçılar İttifaqı bunların heç birini etmir və kinomuzun
inkişafına hər hansı dəstək vermir”.
Yeni
yaranan qurumun ilkin hədəflərindən söz açan
C.Quliyev hesab edir ki, təşkilat Azərbaycan kinosu ilə
bağlı bir çox məsələlərin həllində
dövlətə dəstək ola bilər: “Bu təşkilatın
hansı istiqamətlərdə işləməsinə gəlincə,
hesab edirik ki, əvvəla, Azərbaycan filmlərinin
dünyada təbliği, yayımı və nümayişi,
ölkəmizdə mütəmadi olaraq beynəlxalq kino
festivallarının təşkili, kadrların
hazırlığı ilə bağlı Tədris Mərkəzinin
yaradılması, kinematoqrafçıların sosial məsələlərinin
həlli, eyni zamanda, yeni texnologiyaların və
innovasiyaların kinematoqrafiyaya tətbiq olunması, investisiyaların
cəlb edilməsi, simpoziumların, konfransların, digər
müxtəlif tədbirlərin təşkili əsas istiqamətlərdən
olmalıdır”. C.Quliyevin sözlərinə görə, yeni
qurum Azərbaycan
Kinematoqrafçılar İttifaqının işləməli
olduğu, lakin işləmədiyi bir çox sahələr
üzrə işləmək, dövlətin kino siyasətinə
dəstək olmaq niyyətindədir: “Çünki bu gün
dövlətimiz, Azərbaycan hökuməti ölkə
kinosunun inkişafı ilə bağlı çox
böyük işlər görür. Bütün bunları
görməmək isə ən böyük nadanlıqdır.
Ona görə də, ümid edirəm ki, bizim təşkilat
Azərbaycan kinosunun inkişafına dəstək olacaq. Çalışacağıq
ki, kinomuzun
inkişafında bizim də müəyyən
rolumuz olsun”.
Kinorejissor
yeni qurumun gənclərin kinoya cəlb edilməsinə dəstək
olacağını, kino sahəsində kadrların
hazırlığı ilə bağlı Tədris Mərkəzinin
yaradılmasını, bu mərkəzdə kino sahəsi üçün ikinci
dərəcəli peşələrin sahiblərinin (rejissor
assisentləri, səs operatorları, qrimyorlar və s.)
hazırlanacağını, o cümlədən xarici ölkələrlə
fikir mübadiləsi aparılacağını, ölkəyə
tanınmış mütəxəssislərin
dəvət olunacağını və s. bildirib. C.Quliyev
qurumun fəaliyyəti ilə kino sahəsində bir canlanma
yaranacağına, yeni yaranmış təşkilatın Azərbaycan
kinosuna öz töhfələrini verəcəyinə də
ümidini gizlətməyib: “Çünki fəaliyyətində
heç bir irəliləyiş olmayan Azərbaycan
Kinematoqrafçılar İttifaqından fərqli olaraq, biz
ortaya konkret olaraq iş qoyacaq, çeşidli layihələrin
reallaşdırılması üçün addımlar atacaq
və kino siyasətinin reallaşdırılması istiqamətində
dövlətə yaxından dəstək verəcəyik.
Ümid edirəm ki, kinomuzun inkişafında maraqlı olan hər
kəs, ölkəmizin kino xadimləri bizim təşkilatın
ətrafında sıx birləşərək, Azərbaycan
kinosunun inkişafı üçün əllərindən gələni
əsirgəməyəcəklər”.
Təranə Məhərrəmova
Kaspi.-2012.-28 iyun.-S.11.