“Söz çətin məsələdir” 

 

Nə olsun, heç yaşım əlli də yoxdur,

Nuhlarla yol gedən baba dərvişəm...

 

Bağman Baba

 

Şair Bağman Baba: “Mənim üçün ən gözəl mövzu HAQQA söykənməkdir”.

Gənc şairlərimizdən biri yanımda birinin adını çəkdi və söylədi ki, günümüz şairləri arasında  İçi, RUHu olan adamlardan biridir bu adam. Sözün açığı, elə gözəl təqdim etdi, elə gözəl şeirlərini dedi ki, mən öz-özümə təəccübləndim, necə olub bu adı, bu şairi indiyə kim tanımamışam? Yaradıcılığı ilə tanış olandan, ələlxüsus özünü görəndən sonra bu təəccüb yerini utancla əvəz elədi.

Bu adam elə şairiydi ki. Başdan-ayağa şeirə bənzəyirdi. Gördüyüm anda məndə yaranan ilk təəssürat bu oldu. Bəli, bu adam SÖZ adamıydı, üzündə sözün nuru vardı.

Bu söhbətimiz şairin qırx beş illik yubileyinə hədiyyəmiz, eyni zamanda mənim üzrüm olsun. Bu ürəkdə bir yazarı tanımamaq günahdı...

Müsahibim “Akif Səməd” mükafatı laureatçısı, Yazıçılar İttifaqının üzvü, gözəl şair Bağman Babadır.

 

-Özünüzü tanıdarsızmı?

-Çox çətindir əslində. İnsanın özünü tanımağı da, tanıtmağı da çətindir.  İcazə verin, bunu mənim oxuyanlar desin. Sadəcə olaraq Yazıçılar Birliyinin üzvü, şair Bağman Baba.

-İnsanın dünyaya baxışı necə olmalıdır?

-Səmimi olmalıdır, dürüst olmalıdır, hər şeyin üstündən ötəri keçməməlidir. Hətta bir nöqtəyə də fikir verməlidir insan, çünki, o nöqtə olmasa çox şey dəyişə bilər.

-Dərindən baxanda da adamı dərin ağrıdır axı...

-Ağrımaq lazımdır, əslində. Ağrımasan yaşamırsan. Bəzən altmış yaşlı bir adamın gileyini duyursan, ömrünün altı saatını belə yaxşı yaşamayıb. Elə məhz buna görə dərinə getməlisən. Hər şey buna xidmət eləməlidir.

-Azərbaycanda şair olmaq necə bir işdir?

-Çox çətindir. Bizim xalq ədəbiyyatçı xalqdır. İÇi olan, sözə qiymət verən, dəyər verən xalqdır. SÖZü dərindən bilən insanlarımız çoxdur. Bu da bizim xalqın psixologiyasının ədəbiyyata çox yaxın olmasından qaynaqlanır. Elə şairlər var ki, onlardan şair olmayan insanlar daha çox bilir. Ona görə də şairəm deyən nə yazdığını dərindən fikirləşməlidir, nöqtəni hara vurduğunu, getdiyi yolun təkrar olub-olmadığını, dediyi sözün artıq deyilib-deyilmədiyini düşünməlidir. Elə-belə yazmaq olmaz heç vaxt.

-Düşünərək yazılan şeir də güclü olmaz, axı...

-Rifah olmalıdır, özü gəlməlidir şeirin. O gələn məqamdan istifadə edib öz yolunu yaratmağı bacarmalısan. Əlinə qələm götürən adam yeni, yazılmayan nə isə yaratmalıdır, başqasını təkrar etməli deyil. Demirəm ki, özündən fəlsəfə yaratsın, xeyr, şeir şeirdir. Amma hər ard-arda sadalanan misralara da şeir demək olmaz.

-Bir şair üçün ŞEİR nədir?

-Mən özümdən götürüm, şeir əslində məni rahatladan bir  hissiyyatdır. Nə vaxt yazıram, yüngülləşdiyimi hiss edirəm. Cavanlaşıram elə bil, içim rahat olur. İçim rahat olanda daha yaxşı oluram. Neçə ki, o İÇ rahat deyil, ordakı müəyyən düşüncələri ifadə edə bilmirəmsə deməli rahatlığım yoxdur. Bu halda da yaşamaq olmur. İnsan rahat nəfəs almalıdır. Çox təəssüfər olsun ki, bizim insanlar buna adət etməyiblər. Hamı narahatdır, harasa tələsir. Buna yaşayış demək olmaz.

-Şairin azad olduğu yer haradır?

-Yazı masası. Şair o zaman azad olur ki, azad düşüncələrini azad şəkildə öz yazı masasının arxasında ifadə eləyir.

-Azad yaza bilirmi?

-Əlbəttə. Azad yazmaq lazımdır. Mən bu fikrimi televiziyada da səsləndirdim, insan boş xəyallardan çəkinməlidir. İnsanları məhv eləyən, əlçatmayan boş xəyallardır. Reallığa söykənməlidir, HAQQdan yazmalıdır, şairin əqidəsi haqqa qulluq eləməlidir. Bu halda onun özü üçün də yaxşı olur.

-Şeriyyatda HAQQA çatmaq mümkün olurmu?

- Bir şair üçün o halda haqqa çatmaq mümkün olur ki , Yunis İmrə qədər olmasa da onun onda biri qədər İÇi təmiz olsun.

-İrfanilik nədir?

-İrfanilik elə HAQQA söykənməkdir, Allahın digər adı olan HAQQA. Gərək bunu həmişə düşünəsən.

-Şair olub sazı sevməmək mümkündürmü?

-Türk xalqının beşiyi sazdır. Mən bir maraqlı məqam deyim, bir yaxın dostuma hədiyyə seçməliydim, xüsusilə axtarıb qılıınc hədiyyə etdim. Bütün torpaqları istila edən, bizi qoruyan bu qılınc olub. Bu qılıncı unutmaq olmaz. Qılıncı, SAZı, bir də SÖZü bunların üçünü də unutmaq mümkün deyil, çünki, hər biri müqəddəsdir!

 

Külli-aləm, canlı varlıq,

Torpaq şehlə nəfəs alır.

Dəniz, dalğa, hava, iqlim,

Əsən mehlə nəfəs alır.

Gələn-gedən küləklərdi,

Qəm dağıdan fələklərdi.

İnsanları mələklərdi,

Göylər RUHla nəfəs alır.

Yağış adlı şeh göndərir,

Külək adlı meh göndərir.

Nur paylayır, ruh göndərir,

Tanrı Ahla nəfəs alır...

Demə, Adəm tez yaranıb,

Həvva adlı qız yaranıb,

OL söyləyib, söz yaranıb,

SÖZ Allahla nəfəs alır...

 

SÖZ həmişə Tanrıyla nəfəs almalıdır. Küfr sözünü yəqin ki, bilirsiz, bu, bizim dini kitablarda da var, ədəbiyyatda da var, deyir, filankəs küfürlü insandır. Küfr birbaşa vicdanın üstünə yorğan çəkmək deməkdir. Vicdanın səsi Allahın səsidir. Əgər vicdanını susdurursansa demək ki, sən Allahın səsinə sus demiş olursan.

-Haqqa çatmaq, sözdə azad olmaq Azərbaycanda bütün şairlərə nəsib olubmu?

-Əslində kimsəni qınamaq lazım deyil, çünki qul haqqı deyilən bir anlam var, mən heç kimin haqqına girə bilmərəm. Hər kəs bacardığı kimi, düşündüyü kimi, yaşayır, yazır, yaradır. Onu mən dəyişə bilmərəm, hətta dəyişdirmək istəsəm də buna gücüm çatmaz, çünki insanın qabındakı nədirsə onu qoyacaq ortaya. Zamanla da ələnib ələkdən keçiriləcək. Ola bilər, müvəqqəti bir zaman çərçivəsində insanlara xoş təsir edə bilər, ancaq zaman-zaman Yunus İmrə, Movlana kimi müqəddəs övliyalar səviyyəsinə çatmaq çox çətin bir işdir. İndiki zamanda bunlardan danışmağa belə ürək eləmək üçün insanın özünün içində təmizlik olmalıdır. Təmiz olmasan təmiz yazı yaza bilməzsən. Ruhən az da olsa o övliyaların yoluna yaxın olmalısan.

-Niyə Tovuz əhli sazı fərqli sevir?

-Pofessor Qara Namazov kitablarının birində yazıb ki, “Tovuz Oğuz yurdunun köküdür, sazın da beşiyidir”. Elə məhz buna görədir ki, Tovuzda kimi dindirsən evində saz var, sazı sevməyən insan yoxdur. Sazı sevmirsə deməli, nəsə qarışığı var. O ki, qaldı, bölgələrdə fərqli sevilməsinə biz buna bölgələrdə ləhcələrlə danışmağımız kimi baxmalıyıq. Bu da tayfalarla bağlı olan bir şeydir. Avşarlar, Oğuzlar, Boyatlar və digər tayfaların kökü ilə bağlıdır bu ləhcələr. Elə sazın havaları da o tayfaların ləhcələrinə köklənir. Biz isə hamısına eyni baxmalı, bacarıb eyni sevməliyik.

-Elə vaxt olurmu ki, bəzən bir kitablıq şeirinizdə bircə cümlə də istədiyinizi deyə bilməyəsiniz?

-Mən istəmirəm bir kitablıq yazam, bu, çox təmənnalı bir işdir. Az yaz, gözəl olsun, üçcə bənd bir şeirdə belə ürəyini boşaltmaq olar.

 

Yamaca çən gəlir,

Dağları duman alır.

Gözəl gözəl ha qalmır,

Əlindən zaman alır.

Keçirdim yazı budur,

Söz budur, yazı budur.

Qismət bu, yazı budur,

Yaxşını yaman alır.

Alan ürək ha almır,

Ömrü fələk ha almır,

Canı mələk ha almır,

Qaşları kaman alır.

 

Baxın, üç bənd yeddilik. Heç buna müxəmməs də lazım deyil. Mən az yazıb, xoşagələn olmasının tərəfdarıyam. Belə köklənmişəm, başqasını deyə bilmərəm.

-Elə bir şeir yazdınızmı ki, özünüzü belə səcdəyə gətirsin o şeir öz qarşısında?

-Mən həmişə zəif yazdığımı düşünürəm, heç vaxt öz şeirlərimə səcdə eləmirəm. Daha dərinliklərə enməyə çalışıram. Bir fikir verin, görün neçə milyon ildir insan yaranıb və hansı vəziyyətdən hansı vəziyyətə gəlib. Mənə görə insan şüuru zəif inkişaf edib. Gəlin, ən qədim olduğuna görə sazı götürüb ondan bir misal çəkək.  Bizim aşıqlarımız o zaman mədrəsə təhsili görürdülər. Siz onların yazdığı şeirlərlə indikiləri müqayisə edin. Ələsgər, Hüseyn Bozalqanlı və s, bütün o ayələri on birliyə yerləşdirib, belə yazarlarımız indi hardadı?

-Niyə elə şairlər, yazarlar var ki, onu heç tanımadan, kənardan görəndə hiss edə bilirsən ki, bax, bu, söz adamıdır. Söz adamı kənardan özünü hiss etdirir. Bunun xüsusu bir səbəbi varmı?

-Bu, əslində, ilk görüntüdən daha çox, bir az ünsiyyətdən sonra daha aydın olur. Çünki, söz adamı özü də hiss olunur, danışığından da hiss etdirir. Bu, artıq Tanrının işidir. Nur Tanrının verdiyi insanlarda olur, heç kəsin bunu dəyişdirməyə cürəti çatmaz. Kimə bir az, kimə bir az çox...

-Sizə görə ən gözəl mövzu nədir?

-Mənimçün ən gözəl mövzu, əlbəttə ki, indi gənclik yaşını keşmiş sayılsam da bunu deməliyəm, məhəbbət mövzusudur, bu mövzu daim var. Bu, yaşa baxmır. Ancaq şəxsən mənim üçün ən gözəl mövzu haqqa söykənmək, haqqla nəfəs almadır. Haqqa qullu eləmək, o yolu tutmaqdır. Məsələn:

 

Babam, bizə yol ayırdın,

İmanından can doyurdum,

Ol söylədi, mən buyurdum,

Müntəzirəm əmrə qulam.

Nurdan verdi od ərini,

Özü cızdı qədərini,

Gülə-gülə kədərini,

Yaşayıram, ömrə qulam.

Bu yol Mövlamın yoludu,

Yol gedən Adəm oğludu,

Ustad tapdığım, uludu,

Mən də Yunis Əmrə, qulam.

 

Mən haqqı düşünməsəm, heç buna nail ola bilmərəm.

-Şairmi sözə vurğun, sözmü şairə?

-Şair nə qədər ömrü varsa sözə quldur. Dərindən düşünəndə hər kəs ağzından çıxan sözə quldur, çıxdısa sənin deyil artıq, hara götürürsə arxasınca getməlisən. Gərək buna əvvəldən diqqət edəsən, dediyin söz bir kəsi incitməsin, könlünü qırmasın. Söz çətin məsələdir.

 

Gözüm bir içim yuxun var,

Qoymaram başın altına.

Gözəl, gözünün oxu var,

Çəkilib qaşın altına.

Gözəlliyin yaş oynadar,

Ağıl alar, baş oynadar,

Ürək olsa daş, oynadar,

Baxmazsan daşın altına.

Könül, demə gördüm bəhər,

Ağı dedin, şamü-səhər,

Gözəl, səndə badə zəhər

Tökərsən aşın altına.

Göz danışar, göz ağlayar,

Ocaq sönər, köz ağlayar,

Gözəl, məndə söz ağlayar,

Bənzər yağışın altına.

Sevənlərdən kim yarıyıb,

Babam yaralar sarıyıb.

Qara sevdalar qarıyıb,

Gizlənib yaşın altına.

 

Yaş öz işini görür. Şair də qocalır.

İnsanların dostu olmalıdır, bölüşəndə, paylaşanda yaşamaq bir az da asan olur.

Mənə can-can deyən, dostum,

İçimdən xəbərin varmı?

Ömür ötür, an gözləmir,

Köçümdən xəbərin varmı?

Sahibi var, lal daşın da,

Fərman verir hər yaşında.

Qəbirqazan iş başında,

İçimdən xəbərin varmı?

Xeyir-şərimdə olmadın,

Öldüm, yerimdə olmadın.

Dünən birimdə olmadın,

Üçümdən xəbərin varmı?

Səhər haqqı, axşam haqqı,

O əriyən ağ şam haqqı.

Ölüm də bir yaşamaqdı,

Seçimdən xəbərin varmı?

Olum iynə sapındadı,

Ölüm tapatapındadı.

Ruhum hər gün qapındadı,

Elçimdən xəbərin varmı?

 

-Şairə yenilik lazımdırmı? Yoxsa o elə öz keçmişində qalıb ancaq ordanmı çıxış etməlidir?

-Xeyr, şair ümumiyyətlə yeniliklə nəfəs alır. Necə ki, torpaq suyla nəfəs alır, şair də eləcə. Yenilik olmasa şair yaşamaz, əlində imkan ola hər gün bir yenilik eləyər. İstər xalqımız üçün, insanlarımız, Vətənimiz üçün, hərbi xidmətdə olanlarımız üçün. Çünki, şairin duyğuları birbaşa Vətənlə, xalqın taleyiylə bağlıdır. Ona mal-mülk lazım  deyil, şairi ancaq millətin taleyi və bu Vətənin gələcəyi maraqlandırır. Şairin əlində nə var ki, şeirindən başqa.

-Qarşıdan yubiləyiniz gəlir...

-Nə olsun, heç yaşım əlli də yoxdur,

Nuhlarla yol gedən baba dərvişəm...

Bu ömür yolu mənə elə gəlir ki, elə bir göz qırpımında keçib. Əslində bəlkə də mən özüm üçün vaxt tapmamışam. Ona görə vaxtın necə gəlib keçdiyini hiss etməmişəm. Qırx beş yaş nədir ki?

2003-cü ildə bir kitabım çap olunub “deyin, vüqarını əyməsin, atam”, 2007-ci ildə isə “dərdin, qəmin gəmisiyəm” adlı daha bir kitabım işıq üzü görüb. Böyük təqdimatla qeyd olundu. Bu kitabdan sonra mən Tovuzun dünyasını dəyişmiş aşıqlarının və şairlərinin yaradıcılığını topladım. Hər birinin ayrı-ayrılıqda kitablarını nəşr etdirdik. Hər kitab da təqdim olundu. Yeni kitabımı çapa hazırlayıram. Arzular çoxdur.

-Yeni yaşdan nə gözləyirsiz?

-Eləmədiklərim məsələlər var. Nəsr ədəbiyyatında qeydlərim olacaq. 1982-ci ildən üzübəri gördüyüm, şahidi olduğum, olmuş hadisələr var ki, bunlar öz təsdiqini tapmalıdır.

-Gəlin, sonluğu elə bir şeirlə möhür vuraq ki, o şeir izinə düşənləri sizin kitablarınıza gətirsin...

 

Könül, səhər gün doğacaq,

Doğacaq, Mövlam eşqinə,

Üzümüzə nur yağacaq

Yağacaq, Mövlam eşqinə.

Yar yarı seyrə çıxacaq,

Gözlər doyunca baxacaq,

Gül əllər güllər yığacaq,

Yığacaq, Mövlam eşqinə.

         Könül səhər gün doğacaq,

Üzümüzə nur yağacaq,

Gur yanacaq yanar ocaq

Yanacaq, Mövlam eşqinə.

Ocaqlarınız  həmişə yanar olsun!

 

 

Söhbətləşdi: Nigar İsfəndiyarqızı 

 

Kaspi.-2012.-29 iyun.-S.15.