“Biz
tariximizin real
yazılması uğrunda mübarizə
aparırıq”
Akademik
Yaqub Mahmudov: «Hələ görməmişəm ki, bir iş
adamı çıxıb desin ki, ay tarixçilər,
prezident sizi yüksək qiymətləndirir, Dövlət
Mükafatı verir, mənim də hesabıma filan kitabı nəşr
edin»
Prezident
İlham Əliyevin sərəncamı ilə akademik Yaqub
Mahmudov başda olmaqla bir qrup elm xadiminə Qarabağın,
Naxçıvanın və İrəvan
xanlığının tarixinə dair fundamental əsərlərə
görə 2012-ci il üçün Azərbaycan
Respublikasının elm sahəsində Dövlət
Mükafatı verilib.
AMEA-nın
Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov qəzetimizə
müsahibəsində dövlət
başçısının sərəncamını tarix
elminə və tarixçilərin əməyinə verilən
yüksək qiymət kimi dəyərləndirib.
Tariximizin yaralarının
sağalması
-
Ölkə başçısı Milli Elmlər
Akademiyasının Tarix İnstitutunu xüsusi qiymətləndirir.
Ötən il AMEA-nın binasının təmirdən sonra təqdimat
mərasimi zamanı ölkəmizdə elmin inkişafına
çox önəmli əhəmiyyət verən Azərbaycan
prezidenti elmimizin inkişafında akademiyanın rolunu yüksək
qiymətləndirdi. Prezident xüsusilə Tarix İnstitutunda
aparılan araşdırmalara, o cümlədən, İrəvan
xanlığı, Naxçıvan və Qarabağın tarixi
ilə bağlı tədqiqatlarımıza xüsusi qiymət
verdi. Bununla da dövlət başçısı bizim tarix
elmində yeni istiqamətin uğurlarını
vurğuladı.
Ümummilli
lider Heydər Əliyev hələ sovet hakimiyyəti illərində
Azərbaycan tarixinə xüsusi qayğı göstərir,
tariximizin ayrı-ayrı saxtalaşdırılmış səhifələrinin
yenidən yazılmasına çalışırdı. Bunun
üçün dəfələrlə tarixçilərlə
görüşmüşdü. Ulu öndər tariximizin təhrif
olunan səhifələrini hamıdan yaxşı bilirdi və
istəyirdi ki, tariximiz yenidən yazılsın. Buna görə
də Heydər Əliyev həmişə
vurğulayırdı ki, Azərbaycan xalqının XIX-XX əsr
tarixi yenidən yazılmalıdır.
Bu
gün nə xoşdur ki, tariximizin dirçəldilməsi,
olduğu kimi yazılması, saxtalaşdırılmalardan, təhriflərdən
təmizlənməsi yolunda çox uğurlu addımlar
atılır. Nə xoşdur ki, Azərbaycan dövlətinin
başçısı bu məsələləri gündəlik
nəzarəti altında saxlayır. Məhz bu
qayğının təzahürüdür ki, birbaşa
ölkə başçısının tövsiyəsi ilə
Azərbaycan tarixinin elə məsələlərini
qaldırdıq ki, bu da tariximizin yaralarının
sağalması, tariximizin saxtakarlıqlardan qurtulması deməkdir.
Dövlət
başçısının Tarix İnstitutuna ilk
tapşırığı Qarabağın mükəmməl
tarixinin yazılması oldu. Bu tarix o zaman yazıldı ki,
müvəqqəti işğal olunmuş Qarabağ
torpağımızın tarixi ermənilər tərəfindən
daha da təhrif edilirdi, orada yer adları tamamilə dəyişdirilirdi.
Belə bir şəraitdə prezident məhz tarixçilərin
öhdəsinə belə bir ciddi vəzifəni qoydu.
Prezidentin tələbi də ondan ibarət idi ki,
yazdığımız əsərlər elmi həqiqəti əks
etdirməli, tərtibatına, məzmun baxımına görə
bir-birinin dalınca buraxılan və saxta məlumatlardan ibarət
olan “Artsax” kitablarından geri qalmamalıdır. Az vaxt içərisində
mükəmməl bir Qarabağ tarixi – «Qarabağ: real tarix,
faktlar, sənədlər» kitabı yazıldı. Bu kitabı
Azərbaycan və ingilis dillərinə çap etdirdik.
Çox keçmədən kitab MDB məkanında, Moskvada
keçirilən II Beynəlxalq Kitab Sərgisində birincilik
qazandı. Daha sonra Frankfurtda qalib gəldi. O cümlədən,
Tehranda böyük maraq doğurdu.
Elmdə də hücuma keçməliyik
- Maraqlıdır, kitab ermənilər
tərəfindən necə qarşılandı?
-
Bizim üçün bu kitabın böyük maraq
doğurması, poliqrafiya baxımından yüksək səviyyədə
hazırlanması nə qədər əhəmiyyətlidirsə,
daha önəmlisi odur ki, sırf tarixi sənədlər,
faktlar əsasında yazılan əsərə bu günə
qədər dünyanın heç bir ölkəsindən,
erməni saxtakarlarından heç bir mənfi cavab
alınmayıb. Ona görə ki, bu kitab faktlar əsasında
yazılıb. Çünki bu torpaq qədim Azərbaycan
torpağıdır. Çünki bu kitabda sübutlar verilib
ki, ermənilər bu torpağa vur-tut 180 il əvvəl
köçürülüblər. Hətta bizim Ağdərə
ərazisində ermənilər 1978-ci ildə bir abidə
ucaltmışdılar. Bu abidə onların İran ərazisindən
bura köçmələrinin 150 illiyinə həsr
olunmuşdu. 1988-ci ildə separatçılar suyu
bulandıranda, Azərbaycan torpaqlarına Moskvanın
sifarişi ilə yiyələnmək istəyəndə təzədən
həmin abidəni uçurdular. Biz tarixi sənədlərdən
başqa kitabda həmin abidənin də, dağıdılan
abidənin də şəklini verdik.
Rus tədqiqatçıları
da burada çox qiymətli əsərlər yazıblar. Məsələn,
Şavrov Zaqafqaziyanın, Cənubi Qafqazın etnik tarixi ilə
bağlı tədqiqatlarında göstərib ki, Zaqafqaziyada
təxminən 1 milyon 300 min erməni yaşayır. Onun 1
milyondan çoxu rus imperiyası tərəfindən bura gətirilib.
Alim hesab edirdi ki, onların 300 mini yerli ermənilərdir, yəni
1828-ci ildən əvvəl köçürülüb gətirilənlərdir.
«Yerli» burada nisbi məna daşıyır. Böyük rus rəssamı
Maşkov ermənilərin köçürülməsinin
şahidi olub və onların Azərbaycan torpağına
köçürülməsi ilə bağlı bir tablo
yaradıb.
Biz
rus arxivlərindən çoxlu sənədlər
götürərək faktlar əsasında sübuta yetirdik
ki, erməni etnosu Cənubi Qafqaza köçürülüb
gətirilmə etnosdur. Onların Qarabağda heç bir
payı yoxdur. Ermənilər qədimdən burada
yaşamayıblar. Bunun ardınca ermənilər
Naxçıvanla əlaqəli çoxlu təşkilatlar
yaratdılar. Biz Kərim Şükürovla birlikdə
«Naxçıvan: tarixi və abidələri» kitabını
yazdıq. Bu əsərdə də tarixi faktlar əsasında
Naxçıvanın ən qədim Azərbaycan
torpağı, qədim türk etnosuna məxsus olduğu, bu
torpaqda qədim mədəniyyət yaratmağımız
sübuta yetirildi. Burada heç bir erməni abidəsinin
olmadığı, ümumiyyətlə, ermənilərin
burada heç zaman yaşamadıqları faktlarla sübuta
yetirildi.
Tarix
İnstitutu öz işini belə bir əsasla qurur: biz
heç zaman gözləməməliyik ki, ermənilər və
ya kimlərsə nəsə yazır və biz onlara haradasa
cavab verməliyik. Əsas məsələ odur ki, xarici siyasətimizdə
olduğu kimi elmdə də hücuma keçməliyik. Ermənilərlə
informasiya mübarizəsi həmişə olacaq. Bu mübarizə
bu gün də var, sabah da var, sonra da davam edəcək. Bədxah
qonşularımıza, buraya köçürülüb gətirilən
bir etnosa qarşı mübarizədə biz hökmən
öz tariximizi dərindən bilməli və informasiya
mübarizəsində hücum mövqeyi tutmalıyıq. Biz
İrəvan xanlığının tarixini ona görə
yazdıq ki, bu mübahisələrə biryolluq son qoyulsun: bu
gün Ermənistan Respublikası deyilən dövlət tarixi
Azərbaycan torpağında yaradılıb. Bu o deməkdir
ki, onların Cənubi Qafqazda torpaqları yoxdur. Onlar Azərbaycan
torpağında oturublar. «İrəvan
xanlığı»nın bir tədqiqat kimi xüsusi əhəmiyyəti
ondadır ki, bu, ermənilərin bütün dünyada
yaydığı saxta bir tezisin də qarşısını
alır: guya onlar Dağlıq Qarabağda öz müqəddəratını
təyin etmə hüququ almaq istəyirlər. Bizim ölkə
rəhbəri bütün bu tədqiqatları dərindən
bildiyi üçün dünyanın hər yerində məsələni
belə qoyur ki, biz öz torpaqlarımızda ermənilərə
1918-ci ildə dövlət yaratmaq imkanı vermişik. Bir
xalqın ərazisində köçürülüb gətirilən
etnosa bir dəfə öz müqəddəratını təyinetmə
hüququ verərlər. Biz öz ərazimizdə ikinci erməni
dövləti yaratmağa icazə verə bilərikmi? Əsla
yox. Əgər biz müasir Ermənistan Respublikasının
bu torpaqları tərk etməsini tələb etmiriksə, bu,
o demək deyil ki, onlar bizim torpaqlarımız deyil. Ona görə
də onların nə tarixi, nə mənəvi, nə də
siyasi haqları yoxdur ki, özlərinə müstəqillik
istəsinlər. Bu baxımdan bu əsərlər tarix elmində
yeni xətdir. Bu tarix elmində inqilabdır, şüurlarda
intibahdır, təfəkkürlərdə
oyanışdır. Biz bu tarixi dirçəltməklə
heç kəsdən torpaq istəmirik. Biz dünya birliyi tərəfindən
qəbul edilən sərhədləri tanıyırıq. Amma
biz tariximizə sahib çıxırıq. Biz bu gün Təbrizin
tarixini yazmaqla kimdənsə ərazi istəmirik. Amma Təbriz,
Ərdəbil, Qəzvin mənim tariximdir. Mən Tiflisdə, Dərbənddə
mədəniyyət yaratmışam. Burada bizim ədəbiyyatımız,
dilimiz, adət-ənənələrimiz formalaşıb, qəhrəmanlıq
dastanlarımız yaranıb. Koroğlunun – qəhrəmanlıq
dastanının yarandığı ərazini heç kəs
mənim əlimdən ala bilməz. Mən onu təbliğ etməliyəm.
Dədə Qorqud boylarını mən təbliğ etməliyəm.
Bu o demək deyil ki, biz bütün bu əraziləri təzədən
qaytarmaq istəyirik. Sadəcə, deməyimiz odur ki,
Dağlıq Qarabağ deyilən problem qondarma bir problemdir. Biz
tariximizin real yazılması uğrunda mübarizə
aparırıq. İndiyə qədər bizim atlasımız
olmamışdı.
Bu
gün Azərbaycan xalqının milli tarixi atlası var. Mən
bizim tarixçilərin minnətdarlığını
prezidentə yetirirəm. Prezidentin Tarix İnstitutunun fəaliyyətini
qiymətləndirən sərəncamı əməyimizə
verilən yüksək qiymətdir. Bir qrup tarixçiyə
Dövlət Mükafatının verilməsi isə çox
mühüm hadisədir. Biz verilən qiymətə layiq
olmaqdan ötrü qiymətli əsərlər ortaya
qoymalıyıq.
Regionun əsl tarixini yaratmaq istəyirik
- Tarix İnstitutunun tədqiqatlarının
prioritet istiqamətləri nədən ibarətdir?
-
Görüləcək işlərimiz çoxdur. Vətənimizin
elə guşələri var ki, biz onların tarixini öyrənməmişik.
Qədim Dərbəndin, Şimal Qərbi Azərbaycanın
tarixi lazımınca araşdırılmayıb. Dərbənd
bizim Dağıstanla qardaşlıq tariximizin parlaq səhifəsidir.
Bu səhifənin üzərinə qara yaxmaq, bu tarixi kiminsə
adına çıxmaq doğru deyil. Bizim Dərbənd
xanlığımız olub, Dədə Qorqudun qəbri
oradadır. Bu gün Dərbənd bizim sərhədlərimizin
daxilində olmasa belə, tarix düzgün
yazılmalıdır. Dərbəndin tarixinin araşdırılması
ilə bağlı tədqiqatlar aparılır.
Heç
kəsə gizli deyil ki, Tiflis uzun müddət Azərbaycan mədəniyyətinin
inkişafında rol oynayan şəhər olub. Bizim orada 500 il
hakimiyyətdə olan Tiflis Əmirliyi adlı dövlətimiz
olub. Bu dövlətlərin hamısı Rusiyaya qatılandan
sonra ərazimiz əlimizdən alınıb. O torpaqların da
tarixi lazımınca araşdırılmayıb. Biz qədim
Borçalının, həmçinin Azərbaycanın cənub
torpaqlarının tarixini araşdıracağıq. Bizim
mücadiləmiz budur ki, xalqımızın adət-ənənələrinə,
tarixinə, mətbəx mədəniyyətinə
özümüz sahibik. Bu xalq yaşadığı halda onun
tarixinə, mədəniyyətinə sahib
çıxmayın.
- “Azərbaycan tarixi”
üçcildliyi üzərində işlər hansı səviyyədədir?
-
Tarix İnstitutunda görülməli işlərin
hamısı vahid istiqamətə yönəlib. Biz tariximizdəki
təhrifləri demək olar ki, əsasən təmizləyib
qurtarmaq üzrəyik. Sadaladığım tədqiqatlarımız
yekunlaşdıqca biz 3 cildlik
yeni Azərbaycan tarixinin hazırlanmasına
başlayacağıq. Artıq Elm Fondunun müsabiqəsində
qalib olduq və yeni üçcildlik Azərbaycan tarixinin konsepsiyası
artıq hazırdır. Biz o konsepsiya əsasında yeni Azərbaycan
tarixi yazacağıq. Demək olar ki, biz artıq konseptual
istiqamət baxımından bu tarixi yazmağa hazırıq.
Yaxın zamanlarda artıq bunu özümüzün dövlət
elmi tədqiqat planına daxil edəcəyik və güman
edirəm ki, yaxın illərdə Azərbaycan xalqı
üçcildlik timsalında özünün həqiqi
tarixini alacaq.
- Mətbuatda
oxudum ki, bu yaxınlarda Türkiyədə seminarda iştirak
etmisiniz.
- Azərbaycanı
regionda tarix elminin inkişafı sahəsində regional mərkəzə
çevirmək uğrunda çalışırıq. Mən
Dövlət mükafatının təqdim olunması mərasimində
cənab prezidentə müraciətimdə də bunu dedim.
Artıq bu istiqamətdə işlər aparırıq.
İlk böyük addımımız isə mayın 24-25-də
Ankarada Birinci Azərbaycan-Türkiyə tarixçilərinin
seminarını keçirmək oldu. 10 nəfərlik heyətlə
seminara qatıldıq. Türkiyənin dövlət
adamları, ayrı-ayrı təşkilatların nümayəndələri
də seminarda iştirak edirdi. Bu mühüm tədbirə
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan
da təbrikini göndərdi. Seminarda bizim müstəqillik
dövründə, xüsusilə son illərdə əldə
etdiyimiz nailiyyətlər, Azərbaycan-Türkiyə əlaqələrinin
gedişi müzakirə olundu. Çox məmnun oldum ki,
qardaş Türkiyədə mütərəqqi,
ayıq-sayıq düşünən, tarixi tədqiqatlara
hörmət bəsləyən çox nüfuzlu
tarixçilər Azərbaycan tarix elminin uğurlarını
qəbul edir, bizimlə birlikdə işləmək istəyirlər.
Eyni zamanda, Türkiyədə, Gürcüstanda, Ukraynada və
s. əlaqə saxladığımız çox qüdrətli
tarixçilər var. Dağıstanda, Ukraynada, Moldovada tarixə
çox böyük maraq, həvəs göstərənlər
var. Onlar bizim tədqiqatlarımızda iştirak edəcəklər.
Birləşərək bu regionun əsl tarixini yaratmaq istəyirik.
Regional
Ortaq Tarixi Araşdırmalar Mərkəzi yaratmaq istəyirik
ki, Bakı bu sahədə öndə getsin və mərkəzi
ofis burada olsun. Əsl tarix yazılanda hər xalqın, hər
bir millətin öz tarixi yeri görünəcək.
Ciddi boşluq
- Orta məktəblərdə tədris
olunan tarix dərsliklərində müəyyən
çatışmamazlıqların olması ilə
bağlı fikirlər səslənir. Xüsusən vətəndaş
cəmiyyəti bununla bağlı iradlarını bildirir.
- Azərbaycanda
tarix dərsliklərinin yaradılması sahəsində bizim
çox böyük uğurlarımız var. Mən dediyiniz cəmiyyətin
Atatürk Mərkəzindəki toplantısında iştirak
etmişəm və orada gözlədim ki, onlar bizə konkret
təkliflərini versinlər. İstərdim ki, dediyiniz təşkilatların
içərisində bir anlığa düşünsünlər:
hələ sovet hakimiyyəti dövründə tarixə 24
saat yer ayrılırdı. Moskvada, hər yerdə mübarizə
apararaq biz həmin saatı 70-150 saata qaldıra bildik. Az vaxt
içərisində Azərbaycanın tarix dərslikləri
yarandı. Biz bunu vətən sevgisi ilə yaratdıq. Bu
uğuru görməmək, onun içərisindən nəyi
isə axtarıb tapmaq fəlsəfi baxımdan da, insani
baxımdan da doğru addım deyil. Hardasa qara bir nöqtə
axtarıb ondan yapışmaqdansa, qeyd etmək lazımdır
ki, 20 il ərzində Azərbaycan xalqının mənafeyinə
uyğun olan tarix dərsliklərimiz yaranıb. Artıq «Orta əsrlər
tarixi» kursunda qədim türk imperiyalarının tarixi öyrədilir.
Bunun üçün mən heç bir yerdən qərar
gözləməmişəm. Moskvanın, heç bir yerin qərarından
qorxmamışam və biz bu proqramları dəyişdirmişik.
İndi 7-8-ci sinfin «orta əsrlər tarixi» qədim Azərbaycan-türk
imperiyalarının tarixindən ibarətdir. Nə
üçün o cəmiyyətlər bu uğurları
görmürlər? Nə üçün görmürlər
ki, biz «Ata yurdu» deyilən dərslik yazdıq? Nə
üçün görmürlər ki, biz «Dədə Qorqud»u
orta məktəb dərsliklərinə saldıq? Əlbəttə,
görülən işlərin içərisində
qüsurlar da olmamış deyil. Mən bunları təbii qəbul
edirəm. Amma kölgələr günorta vaxtı yox olur. Bu
qüsurlar zaman keçdikcə aradan qaldırılacaq. Və
onları da əmin edirəm ki, bir azdan onlar da bizim
gördüyümüz işləri görmək istəyəcəklər.
Doğrudur ola bilsin ki, etiraf etməyəcəklər, amma hər
halda başa düşəcəklər ki, onlar tarixçilərin
bostanına daş atmaqla böyük səhvə yol verirlər.
Tarixçilərə kömək etmək lazımdır. Mən
böyük narahatlıq keçirirəm ki, televiziyada öz
bədənini nümayiş etdirənlərə
maşın, filan yerdə ev-mənzil açarı göndərilir.
Hələ görməmişəm ki, bir iş adamı
çıxıb desin ki, ay tarixçilər, prezident sizi
yüksək qiymətləndirir, Dövlət Mükafatı
verir, mənim də hesabıma filan kitabı nəşr edin.
Onu görmədiyim üçün də bu dediyiniz təşkilatlardan
da xoş münasibət görməmişəm. Buna təbii
baxıram. Çünki mən bizim işimizdə nöqsan
axtaranlardan pul istəmirəm. Bizə açar
bağışlanmasını, ənam verilməsini gözləmirəm.
Çıxışlarımda da demişəm – Tarix
İnstitutu dövlətin madiyyatı ilə, bugünkü
siyasəti ilə bağlı institutdur. Ona dövlət sahib
çıxmalıdır. Şükür, ona sahib
çıxan dövlətimiz var. Biz işləyəcəyik,
çalışacağıq ki, bizim
uğurlarımızı görməyənləri biz öz tədqiqatlarımızla
peşman edək.
- Tarix elmi bu gün
sizin kimi alimlərin çiynindədir.
Bəs gənc alimlərin missiyası nədir?
- Bu, ciddi bir boşluqdur
və bununla bağlı ciddi tədbirlər görülməlidir.
Güman
edirəm ki, Azərbaycan dövlətinin
başçısı, tarixinə
sahib çıxan prezident
bu sahədə də bizə əl tutacaq. Bizim bura cəlb etdiyimiz gənclərin əksəriyyəti müdafiə
edən kimi akademiyadan qaçırlar.
Çünki gənc ailə
qurmalıdır, onun evi, sosial şəraiti
olmalıdır. Akademiyada isə
doktoranta verilən 100
manatla o nə edə bilər? Yaxud da burada işləyib
200 manat aldı?
Akademiyada çox güclü
potensial var. Amma onların hamısının
yaşı ötüb-keçib.
Onlar öz təcrübələrini
gənclərə verməlidirlər.
Gəncləri bura cəlb
etməkdən ötrü
onlara şərait yaradılmalıdır. Elə bir
şərait yaradılmalıdır
ki, gənclər AMEA-nın Tarix İnstitutunun dissertantı,
doktorantı olmaqdan ötrü yarışsınlar.
Bu barədə düşünülməlidir. Əgər düşünülməsə, gələcəkdə tarix
elmində vəziyyətimiz
o qədər də yaxşı olmayacaq.
- Müsahibəyə
görə təşəkkür
edirik!
- Amma qeyd etməliyəm
ki, sizə müsahibə üçün
söz verdiyimə görə ən çox sevdiyim şair – Mirzə Ələkbər Sabirə
həsr olunana xatirə tədbirinə gedə bilmədim…
Təranə Məhərrəmova
Kaspi.-2012.-2-4 iyun.-S.5.