Bütün siyasi baxışlarımızı kənara qoyaraq bütövlük nümayiş etdirdik 

 

Millət vəkili Fəzail Ağamalı: “Ümummilli məsələdən söhbət gedəndə Azərbaycanın bütün vətəndaş cəmiyyəti, iqtidar və müxalifəti də vahid mövqedən çıxış edir” Fevralın 26-da Türkiyə Cümhuriyyətinin İstanbul şəhərindəki Taksim meydanında Xocalı soyqırımı ilə bağlı yürüş-mitinq keçirilib. 300 minə yaxın insanın iştirak etdiyi bu aksiyaya Türkiyə Böyük Millət Məclisinin üzvləri, siyasi partiya nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, qardaş ölkə ictimaiyyətinin nümayəndələri və Azərbaycandan gələn minlərlə vətəndaşlar da qatılıblar. Bu yürüş-mitinqdə Azərbaycanı təmsil etmək üçün Türkiyəyə səfər edən nümayəndə heyətinin tərkibinə jurnalistlər, diaspor təşkilatları, QHT rəhbərləri ilə yanaşı Milli Məclisin üzvləri də olublar. Nümayəndə heyətinin üzvlərindən biri, Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Türkiyədəki tədbirlə bağlı təəssüratlarını “Kaspi”yə bölüşüb.

- Fəzail müəllim, qardaş ölkədə keçirilən yürüş-mitinq Sizdə hansı təəssüratları yaratdı?

- Minlərlə Azərbaycan türkü kimi Ana Vətən Partiyasının 5 nəfər üzvü, o cümlədən mən və millət vəkili Zahid Oruc da Taksim meydanında keçirilən yürüşdə iştirak etdik. Bunun üçün fevralın 24-dən Türkiyəyə gəlmişdik. Fevralın 25-də bir sıra dərnəklərdə görüşlər keçirdik, təşkil olunan toplantılarda Dağlıq Qarabağ problemi, Ermənistanın təcavüzkar siyasəti, Xocalı soyqırımının mahiyyəti barədə çoxsaylı çıxışlar elədik. Fevralın 26-da isə artıq bütün soydaşlarımız kimi biz də Taksim meydanındakı yürüş-mitinqə qatıldıq. Yürüş olduqca möhtəşəm, qürur doğura biləcək idi. Bu, Türkiyə ilə Azərbaycan dövlətinin birliyini nümayiş etdirirdi. Bununla bir millət, iki dövlət anlayışının Taksim meydanında bir daha möhürü vuruldu. Təsdiq edildi ki, həqiqətən də Türkiyənin və Azərbaycanın sevinci sevincimiz, faciəsi faciəmizdir. Bu yürüş-mitinq onu da sübut etdi ki, artıq bundan sonra Azərbaycana qarşı, eləcə də Türkiyəyə qarşı milli maraqlara zidd olan bütün tədbirlər iki böyük cəmiyyət tərəfindən sakitliklə qarşılanmayacaq. Taksim meydanındakı 300 minə yaxın insan selinin ortaya qoymuş olduğu iradə, eyni zamanda dünyaya çox ciddi mesaj da vermiş oldu. Bu mitinq işğal olunmuş torpaqlarımızın azad edilməsi, Xocalı soyqırımının tanıdılması məsələlərində, eləcə də Türkiyəyə qarşı ayrı-ayrı dövlətlərin haqsız və ədalətsiz, qərəzli münasibətinə qarşı böyük bir iradə nümayişi, XXI əsrdə bir millətə məxsus iki dövlətin birliyinin təcəssümü də sayıla bilər.

- Türkiyə ilə yanaşı, paytaxt şəhərimizdə də Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı ümumxalq yürüşü keçirildi. Həmin vaxt Azərbaycan Türkiyədən necə görünürdü?

- Türkiyə ilə yanaşı, Bakıda da belə bir yürüş-mitinqin keçiriləcəyi barədə məndə məlumat var idi. Ona görə də Türkiyədəki aksiya başa çatandan dərhal sonra internetin imkanlarından istifadə edib eyni gündə Bakıda keçirilən yürüş-mitinqlə bağlı məlumatlar əldə etdik. Deyərdim ki, Bakıdakı yürüş-mitinq də öz mahiyyətinə görə heç də Türkiyədəki aksiyadan geri qalmırdı. Bakıdakı aksiyanın özəlliyi həm də onda idi ki, bu mitinqin önündə dövlət başçısı İlham Əliyev və onun ailə üzvləri də var idi. Eləcə də tutduğu mövqedən və icra etdiyi vəzifədən asılı olmayaraq ölkənin bütün vətəndaşları bu yürüş-mitinqdə kütləvi şəkildə iştirak edirdi. Mən buna çox müsbət yanaşıram və yüksək qiymətləndirirəm. Düşünürəm ki, bu, həm Ermənistana, həm də onu dəstəkləyən dövlətlərə ciddi bir mesajdır. Bu mesajda deyilir ki, ümummilli məsələdən söhbət gedəndə Azərbaycanın bütün vətəndaş cəmiyyəti, iqtidar və müxalifəti də vahid mövqedən çıxış edirlər. Onlar Xocalı soyqırımının dünya miqyasında tanıdılmasına yaxından dəstək verirlər. Bundan sonra da bu dəstək davam edəcək. Biz bütün siyasi baxışlarımızı kənara qoyaraq bütövlük, vahidlik nümayiş etdirdik. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar indiyə qədər ayrı-ayrı məsələlərdə olduğu kimi, Xocalı soyqırımının tanıdılmasında da iqtidarla müxalifət arasında bir sədd yaratmağa çalışırdılar. Bu isə işğalçı Ermənistanın maraqlarına uyğun gələn bir strategiya idi. Yürüş-mitinqin keçirilməsi ilə buna qarşı əks arqument qoyulmuş oldu.

- Türkiyə mətbuatının Taksim meydanında keçirilən yürüş-mitinqə münasibəti necə oldu?

- Türkiyə mətbuatında da Taksin meydanındakı yürüşə çox böyük yer ayrılırdı. Ümumilikdə, Türkiyə mediasında həm aksiyadan əvvəl, həm də yürüş-mitinqdən sonra Xocalı soyqırımı, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı kifayət qədər materiallar öz əksini tapırdı. Hətta mətbuatda analitik xarakterli yazılara, telesüjetlərə də rast gəlinirdi. Türkiyə televiziyalarında ayrı-ayrı tanınmış insanların, dövlət adamlarının, millət vəkillərinin, siyasi şərhçilərin Xocalı soyqırımı ilə bağlı çıxışları olurdu. Hətta həmin televiziya kanallarında Azərbaycandan gəlmiş millət vəkillərinin, ictimai-siyasi xadimlərin fikirlərinə də yer verilirdi. Fevralın 26-da Taksimdə keçirilən aksiya zamanı da Türkiyə mətbuatının mütləq əksəriyyəti orda idi.

- Sizcə, Xocalı soyqırımının dünyada tanıdılması, faciəyə hüquqi-siyasi qiymət verilməsi üçün bundan sonra nə kimi tədbirlər görülməlidir?

- Xocalı soyqırımının tanıdılması ilə bağlı biz sadəcə hadisənin anım günündə deyil, ilin 365 günündə fəaliyyətimizi davam etdirməliyik. Meksikada, Pakistanda, eləcə də ABŞ-da bu proses artıq başlayıb. Bu fəaliyyət digər ölkələrdə də diqqətdə saxlanılmalıdır. Çalışmalıyıq ki, bütün xarici ölkələrin parlamentində Xocalı soyqırımının təşkilatçıları tənqid edilsin. Bununla bərabər, Xocalının soyqırımı aktı kimi tanıdılması prosesi beynəlxalq təşkilatlarda da davam etdirilməlidir. Xocalı soyqırımı ilə bağlı Avropa Məhkəməsinin xüsusi bir prosesinin başlanmasına da nail olmalıyıq. Necə ki, İkinci Dünya Müharibəsindən sonra faşizmi ittiham edən Nurenberq prosesi başladıldı. Bu cür məhkəmələrin indi də reallaşması mümkündür. Ermənistanın sabiq prezidenti Robert Köçəryan, indiki prezident Serj Sarkisyan da Xocalı soyqırımını törədənlərin siyahısında olduğu üçün onlara qarşı da bu səviyyədə ittiham irəli sürülməlidir. Azərbaycanın hüquq-mühafizə orqanlarında adları çəkilən bu iki nəfər, eləcə də hadisələrin təşkilatçısı kimi tanınan bir çox erməni hərbçiləri barədə kifayət qədər dolğun məlumatlar var. Ayrı-ayrı xarici KİV-lərin Xocalı soyqırımı ilə bağlı çoxlu sayda məlumatları, həmin hadisələri əks etdirən foto və video görüntülər var. Bütün bu faktlar Avropa Məhkəməsinə təqdim edilməlidir. Onların hər biri törətdikləri hərbi cinayətə görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Eyni zamanda, Ermənistanın işğalçılıq siyasətini ifşa edən fəaliyyətimiz hər zaman davam etdirilməlidir. İstər millət vəkili olaraq, istərsə də siyasətçi, QHT təmsilçisi, ictimaiyyət nümayəndəsi olaraq. Nə qədər ki, Azərbaycanın torpaqları işğaldan azad edilməyib Xocalı faciəsi soyqırımı kimi dünyada tanınmayıb bu fəaliyyət davam etdirilməlidir. Bu prosesə sistemli, ardıcıl xarakter verib ona nail olmalıyıq. Ermənilər uydurma soyqırımla bağlı ötən əsrin 60-cı illərindən təbliğata başlayıblar. 1965-ci ildə ilk olaraq Uruqvay bu qondarma soyqırımı tanıyıb. İndi dünyanın 26 ölkəsi bu saxta soyqırımı tanıyır. Bunun üçün onlara 50 ildən artıq vaxt lazım olub. Xocalı soyqırımının dünyada tanıdılmasına isə bu qədər vaxt lazım deyil. Birincisi ona görə ki, uydurma erməni soyqırımından fərqli olaraq, Xocalıdakı qətliam faktdır və dünyanın gözü qarşısında baş verib. İkincisi, Xocalı soyqırımı ilə bağlı olduqca zəngin materiallar var. Bu səbəbdən inanıram ki, daha qısa zamanda Xocalı soyqırımının dünyada tanıdılmasına nail ola bilərik. Ən əsası odur ki, bu prosesdə prezident İlham Əliyev öz iradəsini ortaya qoyub. Biz də ondan, Xocalıya ədalət kampaniyasının rəhbəri Leyla xanım Əliyevanın bu sahədəki fəaliyyətindən  nümunə götürərək, Xocalı soyqırımının tanıdılması istiqamətində ciddi iş görməliyik.

 

 

Rufik İSMAYILOV 

 

Kaspi.-2012.-1 mart.- S.6.