Uşaq ölümlərinə səbəb
nədir?
Baş pediator bildirir ki, uşaq
ölümünə təsir edən faktorlar arasında səhiyyə
xidməti 5-ci, 6-cı yeri tutur
BMT-nin Uşaq
Təşkilatı (UNİCEF) “2012-ci ildə dünyada
uşaqların vəziyyəti” adlı ənənəvi illik hesabatını açıqlayıb. Hesabatda bütün ölkələr üzrə
uşaqların təhsil almaq səviyyəsinə
dair statistika ilə
yanaşı, uşaqların normal həyatının
əsas ölçü vahidlərindən
biri, 5 yaşına kimi
uşaq ölümünün
səviyyəsi də yer alıb. Azərbaycan
bu göstəriciyə görə 193
ölkə sırasında 63-cü yeri tutub.
Hesabatda göstərilir ki, Azərbaycan
əhalisinin (9188000 nəfər) 2 milyon 432 min nəfərini
18 yaşadək gənclər, 795 min nəfərini 5 yaşadək
uşaqlar təşkil edir. 1990-2010-cu illərdə əhalinin
illik artım səviyyəsi 1,2 faiz təşkil edib,
2010-2030-cu illər üçün müəyyənləşən
proqnozlara görə, bu rəqəm 0,8 faiz təşkil edəcək.
Hər il Azərbaycanda orta hesabla 182 min uşaq anadan olur, 5
yaşadək ölən uşaqların sayı 9 min nəfərə
çatır.
UNİCEF-in
hesabatının nə dərəcədə
düzgünlüyünü öyrənmək
üçün əməkdar elm xadimi, baş pediator Nəsib
Quliyevlə əlaqə saxladıq. Vaxt azlığına
görə ətraflı danışa bilməyən və mətbuatda
getmiş fikirlərindən istifadə etməyimizi məsləhət
görən N.Quliyevin sözlərinə görə, beynəlxalq
təşkilatların uşaq ölümü ilə
bağlı hesabatları real statistikaya əsaslanmır:
“Dövlət statistikasının göstəricilərindən
məlum olur ki, əgər 1992-1993-cü illərdə Azərbaycanda
diri doğulan hər min nəfər uşaqdan 1 yaşına
çatanadək 28 nəfəri, 36-37 nəfəri isə 5
yaşına çatanadək tələf olurdusa, 2010-cu ildə
diri doğulan uşaqlar arasında ölümün sayı hər
min nəfərə 10,2 promilli olub. 5 yaşına qədər
olan uşaqlar arasında isə ölüm halı hər min
nəfərə 15-17 arasındadır.
Göründüyü kimi, beynəlxalq təşkilatların
açıqladığı statistika, Azərbaycanın rəsmi
dövlət qurumlarının elan etdiyi rəqəmlərdən
iki dəfə artıqdır. Ümumilikdə
yanaşdıqda, 1992-ci ildən bu yana Azərbaycanda uşaq
ölümü 3 dəfəyə yaxın azalıb. Ancaq bu
bizə heç zaman rahatlıq gətirməməlidir. Biz bu
göstəricilərə görə, dünyanın ən
inkişaf etmiş ölkələrinə çatmaq
arzusundayıq. Bu uğurlara nail olunmasında isə hər
şeydən əvvəl əhali arasında yoxsulluğun
azaldılması, iqtisadi yüksəliş və inkişaf,
ölkədə aparılan çox uğurlu sosial-iqtisadi
siyasət aparıcı yer tutur. Çünki artıq
Ümumdünya Səhiyyə Təşkilatı çoxdan
elan edib ki, uşaq ölümünə təsir edən
faktorlar arasında səhiyyə xidməti 5-ci, 6-cı yeri
tutur. Yəni ondan öndə daha da vacib olan faktorlar var. Belə
ki, uşaq ölümünə ən birinci təsir edən
amil iqtisadi faktordur”.
Onun
sözlərinə görə, belə hesabatlarda ölkələr
üzrə rəqəmlər tamamilə fərqli olur. Dövlətin
rəsmi statistikası bir cür məlumat verir, həmin təşkilatların
statistikası başqa cür: “Yəni təşkilat olaraq
onların da öz maraqları var. Axı BMT nə vaxt gəlib
Azərbaycanda həmin statistikanı aparıb? Həmin təşkilatlar
adətən bütövlükdə ölkə üzrə
deyil, 1000 nəfər arasında sorğu aparır, sonra da
alınan nəticəni əhalinin ümumi sayına vurub
hesablayır, müəyyən rəqəm əldə edirlər.
Bizim dövlətin rəsmi statistikasında isə tamamilə
başqa rəqəmlər əks olunub”.
“Himayədar”
Humanitar Tərəqqi İctimai Birliyinin sədri Himayət
Rizvanqızı Azərbaycandakı uşaq ölümlərinin
birinci səbəbini yerlərdə tibb məntəqələrinin
kifayət qədər olmamağında görür: “Xüsusən
ucqar yerlərdə qadınların ilkin səhiyyə xidmətlərinə
çıxışları çox zəifdir. Bir çox
yaşayış yerlərində, ümumiyyətlə, tibb məntəqələri
yoxdur. Bizim uşaq ölümləri ilə bağlı
2010-cu ildə QHT Şurası ilə birgə təkrar
monitorinqimiz oldu. Nəticədə isə məlum oldu ki, hələ
də bir çox yerlərdə tibb məntəqəsi yoxdur,
yaxud da təmirsiz və yararsız haldadır. Uşaq
ölümlərinin də birinci səbəbi tibb məntəqələrinin
hamını əhatə eləməməsidir. Bu sahədə,
xüsusən dağlıq yerlərdə böyük çətinliklər
yaranır. Bakı da daxil olmaqla, bir çox şəhərlərdə
keçirdiyimiz monitorinq zamanı məlum oldu ki, təkcə
Qubanın 44 kəndində tibb məntəqəsi yoxdur. Bu
araşdırma həmçinin rəsmi statistika ilə
tutuşdurulmuşdu. Məlum oldu ki, o kəndlərin əksəriyyəti
dağ kəndləridir və tibbi xidmətdən məhrumdurlar.
H.Rizvanqızı
qeyd etdi ki, rayonlardakı mövcud tibb məntəqələrinin
çoxunda da xidmət keyfiyyəti çox
aşağıdır: “Ona görə də sonda bu cür rəqəmlər
meydana çıxır. Bizdə əhalinin maarifləndirilməsi
işi də çox zəif aparılır. Misal
üçün, qadınlarımız bilmirlər ki, hamiləlik
dözvründə neçə dəfə həkimə
müraciət etməlidir və s”
Qeyd
edək ki, UNİCEF-in “2012-ci ildə dünyada
uşaqların vəziyyəti” adlı ənənəvi illik
hesabatında dünyada 5 yaşadək uşaq
ölümünün səviyyəsinə görə ilk yerləri
Somali, Mali, Burkino-Faso və Çad tutur. Uşaq
ölümünün ən aşağı səviyyədə
olduğu ölkələr isə İslandiya, Lixtenşteyn və
San-Marinodur.
Elgün Mənsimov
Kaspi.-2012.-1 mart.-S.8.