Hər gün yazıçının günüdür
Qələm əhli hesab edir ki,
yazıçı yazanda onun bayramıdır. Bu baxımdan bu bayramı qeyd etməyə məxsusi ehtiyac
yoxdur
Sabah Ümumdünya
Yazıçılar Günüdür. Maraqlı tarixi olan
bayram 1921-ci ildə PEN-klub
(bu ad ingiliscə üç sözün - poets (şair), essayists (oçerkçi)
və nvelists (novella, roman müəllifi) - ilk hərflərindən
yaranan qısaltmadır” qeyd
olunmağa başlayıb. 1923-cü ildə
isə Londonda PEN-klubun
ilk beynəlxalq konqresi
keçirilib. 1986-cı il
yanvarın 12-dən 18-dək artıq PEN-klubun
sayca 48-ci beynəlxalq konqresi
baş tutub. Məhz həmin
konqresin iştirakçıları mart ayının 3-ün
«Yazıçının Ümumdünya Sülh Günü» elan edilməsi barədə qərar qəbul
ediblər. Həmin vaxtadək artıq dünyanın yüzdən
çox ölkəsində PEN-mərkəzləri
fəaliyyət göstərirdi.
Bizim
günlərdə, bir sıra ölkələrdə bu bayram
sadəcə, «Yazıçı günü» adlanır və
bir növ daha çox fərqlənmiş ədibləri təbrik
etmək və mükafatlandırmaq üçün
münasib gün kimi qeyd olunur.
Bayramı
keçirməkdə məqsəd
«Dördüncü hakimiyyət”in - demokratik mətbuatın
mənfi aspektlərinə qarşı çıxmağa,
yalan yazılara, məqsədli təhriflərə,
faktların bilərəkdən
saxtalaşdırılmasına, yaxud siyasi, qrup və şəxsi
maraqlar naminə gerçəyin vicdansızcasına
yozulmasına yol verməməyə çağıran peşə
bayramıdır.
Ancaq
qəribədir ki,
dünyanın qeyd etdiyi bu bayram bizim ölkəmizdə
ümumiyyətlə, yada düşmür. Daha doğrusu,
indiyə qədər qeyd olunmayıb. Hətta
yazıçılarımızın çoxu belə bir
bayramın mövcudluğundan xəbərsizdirlər.
Qeyd
edək ki, eyni adlı təşkilat – PEN klub bizim ölkəmizdə
də yaradılıb. Üzvləri də kifayət qədər
tanınmış adamlardır. Maraqlıdır, eyniadlı
klubun fəaliyyəti nə yerdədir? Həmkarlarının
qeyd etdikləri bayrama qoşulurlarmı?
Bayramı qeyd etmək
yaxşıdır, ancaq...
PEN
klubun vitse-prezidenti, Əməkdar İncəsənət xadimi
Natiq Rəsulzadə hesab edir ki, “Yazıçılar
günü”nü qeyd etmək düzgün deyil. Onun fikrincə,
yazıçılıq fərqli peşədir və
yazıçıların bayramı başqa peşə
bayramları kimi qeyd edilməməlidir: «Əlbəttə, bayramı qeyd
etmək yaxşıdır, ancaq “Yazıçılar
günü”nün qeyd edilməsi mənə bir qədər qəribə
gəlir. Yazıçı fərdi olmalıdır. Hətta,
bir çox ölkələrdə Yazıçılar
İttifaqı yoxdur. Bircə sovet dövründən qalan
Yazıçılar İttifaqları fəaliyyət göstərir.
Amma Yazıçılar Birliyinin əsas funksiyası ondan ibarət
olmalıdır ki, o, Həmkarlar Təşkilatı kimi fəaliyyət
göstərsin. Bu baxımdan Yazıçılar
İttifaqları və PEN klub çox zəruridir». N.Rəsulzadə
Avropa ölkələrində «Yazıçılar
günü»nün qeyd edilməsinin fərdi xarakter
daşıdığını bildirib: «Olsun ki, həmin
ölkələrdə PEN klub eyni vaxtda 10-15 yazıçının
nəşr olunan kitabını qeyd edir. Ancaq həmin
günü Yeni il, Novruz bayramı səviyyəsində qeyd
olunmasının tərəfdarı deyiləm».
Yazıçı
ölkəmizdə fəaliyyətdə olan PEN klubun fəaliyyətinə
toxunaraq bildirib ki, bu təşkilat keçən il
yaradılıb və prezidenti postuna Çingiz Abdullayev
seçilib. Bütün dünyada fəaliyyət göstərən
PEN klubun məqsəd və vəzifələri bizdə də
hədəf götürülüb.
“İstəyirik ki, xüsusən Azərbaycan gəncliyi
üçün əhəmiyyətli olan kitablar dərc edək.
Bu gün dünyada çox məşhur olan bestsellerlər
var. Bütün dünya ölkələrində həmin
kitablar oxunur. O kitabların Azərbaycan dilində tərcüməsi
yoxdur. Biz ilk növbədə qarşımıza məqsəd
qoymuşuq ki, dünyada məşhur olan kitabları Azərbaycan
oxucusuna çatdıraq». N.Rəsulzadənin sözlərinə
görə, PEN klubun digər məqsədi Azərbaycan
yazıçılarını dünya ölkələrində
tanıtdırmaqdır: «Bu da təbii ki, tərcümə
vasitəsilə mümkündür. Azərbaycanla başqa
ölkələr arasında mədəni körpülər
yaratmaq istəyirik. Amerika, Yaponiya, Çin və s. ölkələrin
yazıçıları ilə yaxından tanış olmaq,
onları ölkəmizə dəvət etmək, mətbuat
konfransları keçirmək, həmçinin öz
yazıçılarımızı həmin ölkələrə
göndərmək və s.-dir”. Yazıçının
sözlərinə görə, artıq bir neçə
aydır bu istiqamətdə işlər də
görülür. Belə ki, PEN klubun rəsmi saytının
açılması planlaşdırılır. «PEN klub
proqramla işləyir. Təbii ki, onun üzvlərinin sayı
Yazıçılar Birliyinin üzvlərinin sayından
qat-qat azdır. Klubun üzvləri ən istedadlı, görkəmli
və fəal yazıçılardır. Heç olmasa, bu məşhur
yazıçıları Avropada tanıtdırmaq istəyirik.
Həmçinin onların əsərlərini müxtəlif
dillərə tərcümə edərək həmin ölkələrdə
yaymağı planlaşdırırıq”. N.Rəsulzadə Azərbaycan
yazıçılarının ana dilimizdən başqa rus,
ingilis, fransız, alman dillərində də yazmaq arzusunu dilə
gətirib: «Ancaq bir şərtlə ki, onlar həmin dilləri
o ölkədəki yazıçılardan aşağı səviyyədə
deyil, onlarla eyni səviyyədə
bilsinlər. Belə olanda kitabları həmin ölkələrdə
yaymaq daha asan olar. Dünyada çox da olmasa elə nümunələr
var. Məsələn, Vladimir Nobokov rus dilində yazıb,
sonra ailəsi ilə Almaniyaya, daha sonra Amerikaya
köçüb. Sonra o, ingilis dilində yazmağa
başlayıb. Nobokov çoxdan dünyasını dəyişib.
Ancaq Rusiya ilə Amerika o vaxtdan
yazıçını bölüşə bilmir”. N.Rəsulzadənin
fikrincə nə qədər çox dildə yazmağı
bacaran yazıçılarımız olsa, o qədər
yaxşıdır. Belə ki, bu, PEN klub kimi təşkilat
üçün müsbət bir amildir.
Bütün
dünyada PEN klubun qeyd etdiyi bayrama gəlincə, vitse-prezident
hesab edir ki, «Bu gün
Yazıçılar günüdür, sevinək» - deyə
ancaq bu bayram üzərində düşünmək düzgün deyil. “Tanınmış şəxsiyyətləri
bir yerə toplayıb «Bu gün sizin bayramınızdır, əlinizdə
şüarlarla çıxın!» - deyə bunda məna
görmürəm. Əgər bu bayramı Avropa ölkələrində
də qeyd edirlərsə, yəqin ki, bunu çox sakit edirlər».
Yazıçı
yazmağa başlayanda...
Xalq
yazıçısı Mövlud Süleymanlı hesab edir ki,
yazıçı bir gün üçün yazmır:
«Yazıçının bayramı o vaxtdır ki, o, qələmini
götürüb yazmağa başlayır. Yazıçı
ilboyu yazırsa, deməli, ilboyu onun bayramıdır.
Yazıçı yazanda onun bayramıdır. Necə ki,
torpağı cücərəndə onun bayramıdır.
Yurdun bayrağı əgər dalğalanırsa, onun
bayramıdır. Hər şey bir-birinə
bağlıdır. Yazıçı ömür boyu kiməsə
məktub yazır. Əgər roman və ya povest yazırsa
belə, bu da onun məktubudur.
Yazıçı düşüncəsini
düzəndə saxlayırsa,
onda onun əhval-ruhiyyəsi yaxşı
olur, yazıya köklənir, nə yazdığını bilir,
dost yanında, məclisdə
sözünü bilən
insan olur. Yazıçı da belədir.
O da əkinçi, səpinçi, biçinçi
kimi sözlə əlləşir. Onun materialı
sözdür. Bu baxımdan sözlə işləyən yazıçı
üçün yalnız
bir günü seçmək düzgün
deyil. Hər gün yazıçının
günüdür. Oturub-duranda, qələmi
əlinə alanda, küçə ilə gedəndə – onun günüdür».
Xalq şairi Fikrət Qoca da hesab
edir ki, yazıçı üçün
hər hansı peşə bayramının
keçirilməsi düzgün
deyil: «Yazıçı
o zaman özünə
yazıçı deyə
bilər ki, o, oturub yazır. Yazmayanda onun yazıçılığı
qurtarır. Yazıçı hər gün düşünəndə, yazanda
yazıçıdır. Bəzən yazıçılar haqqında
filankəs «böyük
və ya kiçik yazıçıdır»
ifadələrini işlədirlər.
O, ilk növbədə insan
olmalıdır. Amma dünyada «İnsan günü» keçirilirmi?»
F.Qocanın fikrincə, elə peşələr var ki, onlar üçün
ümumiyyətlə, peşə
bayramı qeyd edilməməlidir. «Həkimlik, yazıçılıq peşədən də yuxarı sənətlərdir.
Elə sənətlər var ki, onlar gecə-gündüz
insanlara lazım olur. Məsələn, həkim insanları
yaşadır, onlara həyat verir. Həkimlərin təqaüd yaşları
da yoxdur». Xalq şairi hesab edir ki, yazıçının
müqəddəs vəzifəsi
bacardığı, düşündüyü,
onu həddən artıq ağrıdan və ya sevindirən
nüanslar haqqında
yazmaqdır. “Bu cür
hadisələr isə
hər gün, hər an baş
verə bilir”.
Bayramın nə ziyanı?
“Ulduz» jurnalının
baş redaktoru Elçin Hüseynbəylinin
fikrincə, yazıçıların
yeni kitabının çıxması, onların
oxucularla görüşü,
imza günü və s. bayramdır. Bu baxımdan, hansısa konkret bir günü
fərqləndirmək düzgün
deyil. “Bununla
belə, əgər belə bir beynəlxalq
bayram qeyd olunursa, onda gərək Azərbaycanda
da qeyd olunsun”.
E.Hüseynbəyli qeyd edib ki,
bayramın tarixini bilsə də, heç zaman qeyd olunması haqda düşünməyib. “Bəlkə də bunun səbəbi ölkəmizdə bayramın
indiyədək qeyd olunmamasıdır. Əgər qeyd
olunsaydı, biz də
bir yerə yığışar, tədbir
keçirər, kiməsə
mükafat verərdik.
Bayramın ziyanı yoxdur».
Şair Ədalət Əsgəroğlu
hesab edir ki, yazıçıların
peşə bayramının
qeyd edilməsinə ehtiyac yoxdur. Çünki yazıçı üçün
hər zaman bayramdır. “Yazıçı yazanda onun bayramıdır.
Bu baxımdan bu bayramı qeyd etməyə məxsusi ehtiyac yoxdur. Biz ancaq yazıçıların kitab
təqdimatlarını, yubileylərini,
ad günlərini” keçiririk
Qeyd edək
ki, söhbətləşdiyimiz
digər qələm adamları da bayramdan xəbərsiz olduqlarını və onun əhəmiyyətsizliyini
vurğuladılar. Hətta yazıçılığa
ideal baxıb ürəkləri
sözlə dolu olanlar da “Yazıçılar
günü”nü mənasız
bayram hesab etdilər. Onda maraqlıdır:
gerçəkdən yazıçıların
bayramı hansıdır?
Təranə Məhərrəmova
Kaspi.-2012.-2 mart.-S.9