Turistlər niyə
Duabyı seçir?
Bahadur Bilalov: “Bizim istirahət mərkəzlərinin
böyük əksəriyyəti öz işlərini yay
mövsümü üçün qurublar”
İstənilən ölkəni ətraflı tanımaq üçün əvvəlcə onun mədəniyyəti ilə tanış olmaq lazımdır. Elə turistləri bu və ya digər səfərə cəlb edən əsas amillərdən biri də üz tutduğu ölkənin mədəniyyətidir. Azərbaycanın da zəngin mədəni irsi, adət-ənənələrində olan spesifik xüsusiyyətləri, milli mətbəxi, geyimləri, bayramları və s. daim əcnəbilərin diqqət mərkəzindədir. Sadaladıqlarımız arasından xalqımızın ən qədim dövrünün adət-ənənələrini günümüzə qədər qoruyub saxlayan və öz orijinallığı ilə hər zaman seçilən Novruz bayramı da var.
Müxtəlif
xalqlar daim çalışırlar ki, öz
bayramlarını xüsusi bir təntənə ilə təqdim etsinlər. Bu da təbii
ki, həmin ərəfədə ölkəyə minlərlə
turistin gəlməsi ilə nəticələnir. Azərbaycan
da həmçinin, milli bayramı olan Novruzu yüksək təntənə
ilə qeyd etməyə və bu ərəfədə öz mədəniyyətini
təbliğ etməyə çalışır. Qeyd etmək
lazımdır ki, bayram ərəfəsində xeyli sayda xarici
turistlər Azərbaycana pənah gətirirlər. Bayram
günlərində qeyri-iş günləri olduğundan bir
çox azərbaycanlılar xarici ölkələrdə
istirahət etməyə üstünlük verirlər. Vətəndaşların
ən çox getdiyi ölkələr sırasında isə
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)
öndədir.
Bu
barədə Azərbaycan Turizm Assosiasiyasının (ATA)
icraçı direktoru Aydın Məmmədov bir neçə
gün əvvəl mətbuata açıqlama da verib. Onun
sözlərinə görə, Novruz bayramı günlərində
Azərbaycanda həm daxili turistlərin, həm də ölkədən
kənara gedən turistlərin sayında artım baş verəcək:
“Azərbaycanlı turistlər Novruz bayramı günlərində
dincəlmək üçün əsasən isti ölkələri
seçiblər. Bu ölkələrin siyahısında ilk
yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)
tutur. Həm hava şəraiti, həm də qiymətlərin
digər uzaq ekzotik ölkələrdən münasib olması
turistlərin Dubaya üstünlük verməsinə imkan
verir. Bu səbəblərə görə Dubaya turist
axını daha da artıb. İndidən Novruz günləri
üçün təyyarə biletləri demək olar ki,
satılıb. Artıq martın 25 və 26-sı
üçün Azərbaycana geri qayıdış biletləri
yoxdur, biletlərdə qıtlıq hiss olunur”.
A.Məmmədov
deyib ki, Novruz günləri üçün endirimlər hər
ölkə üzrə fərqlidir. Dubaydakı və
Türkiyədəki otellərin qiymətlərində 15-20
faiz endirim edilib. Azərbaycanda Novruz günləri
üçün turizm şirkətləri tərəfindən
Qəbələ, Şəki şəhərləri, Quba-Qusar
zonalarına da turlar təşkil olunur. Azərbaycanda turizm
xidmətlərinin qiymətlərinin o qədər də baha
olması fikri ilə razılaşmayan A.Məmmədov hesab
edir ki, Azərbaycanda istirahət etmək istəyənlər
erkən bronlaşdırmaya maraq göstərmirlər. Ancaq
erkən bronlaşdırma olarsa, qiymətlər də
aşağı olar. Gediş vaxtına nə qədər az
vaxt qalarsa, qiymət də bir o qədər baha olur: “Belə vəziyyət
hər bir ölkədə müşahidə olunur. Buna
görə də insanlar istirahət etdikləri yeri lap əvvəldən
planlaşdırmalıdır. Çünki, bu halda istirahət daha ucuz başa gəlir.
Dünyanın bir çox ölkələrində, o cümlədən
Avropada yay istirahəti üçün biletlər ilin əvvəlindən
alınır. Yanvar-fevral aylarından artıq biletlər
satılır. Azərbaycanda isə fevral başa çatandan
sonra camaat fikirləşir ki, dincəlmək lazımdır. Bunu bir az
əvvəlcədən fikirləşmək, erkən
bronlaşdırmaya getmək lazımdır”.
Azərbaycan
Turizm İnstitutunun turizm biznesinin təşkili və
texnologiyası kafedrasının müdiri, dosent Bahadur Bilalov
da “Kaspi”yə açıqlamasında bildirdi ki, bu qış
çox soyuq keçib, ona görə də hamı isti yer
axtarır: “Azərbaycan Turizm Assosiasiyasının
icraçı direktoru Aydın Məmmədov da bu məsələyə
və eyni zamanda statistikaya əsaslanaraq açıqlama verib. Statistikaya
baxanda görürsən ki, həqiqətən də
martın 20-dən 26-a qədər Dubaya uçan aviareyslərdə
gediş-gəliş bileti artıq yoxdur. Hətta, bayaq
internetdən Dubayın otellərinə baxırdım,
onların böyük əksəriyyətində də
artıq yer yoxdur. Çox təəssüflər olsun ki bizim
yerli istirahət mərkəzlərində idarəçiliyi
düzgün qurmurlar. Əslində Novruz bayramı ilə
bağlı onların xüsusi endirimli proqramları olmalı
idi. Həmçinin müxtəlif əyləncəni
özündə ehtiva edən proqramlar olmalıydı ki, bizim
vətəndaşlar da xarici ölkəyə yox, öz istirahət
guşələrimizə üz tutsunlar. Amma,
biz hələ ki, bunlara rast gəlmirik”.
B.Bilalov
yerli turizm xidmətlərinin baha olmasının səbəbini
də açıqladı: “Bizim istirahət mərkəzlərinin
böyük əksəriyyəti öz işlərini yay
mövsümü üçün qurublar. Ay yarım, iki ay
işləyirlər, vəssalam, ondan sonra yeni
mövsümün gəlişini gözləyirlər. Bu, belə
olmamalıdır. Əslində bizim turizm obyektlərində
qiymətlərin yuxarı olmasının da bilavasitə səbəblərindən
biri budur ki, orada işlər çox qısa müddətə
qurulur. Əgər onlar bütün il boyu öz işlərini
apara bilsələr, təbii ki, qiymətlərdə də
endirim olar. Bunlar biznesin əsas xüsusiyyətləridir”.
Mütəxəssis həmçinin
dedi ki, kim ki harada dincələcəyini hələ müəyyənləşdirməyib
öz istirahət mərkəzlərimizə üz tuta bilərlər:
“Təbii ki, istirahəti hərə öz bildiyi kimi, öz
maddi imkanlarına uyğun keçirir. Sadəcə olaraq,
onlar öz işlərini qabaqcadan planlaşdırsalar daha
yaxşı olardı. Arzu edirəm ki, gələn il Novruz
bayramında xaricə gedənlərin sayı az olsun və
yerli turizm obyektlərində dincələnlərin sayı
artsın. Bunun üçün də təbii ki, bizim turizm mərkəzləri
öz işlərində müsbət dönüş
yaratmalıdırlar”.
Dubaya
olan aviareys biletlərinin satılıb qurtarmasını daha dərindən
öyrənmək üçün bir neçə turizm
agentlikləri ilə də əlaqə saxladıq. Həqiqətən
də, bildirdilər ki, biletlər artıq bitib. Biletlərin ən
çox satıldığı ikinci ölkə isə
Türkiyədir. “Azərbaycan Express Travel” şirkətindən
qeyd etdilər ki, Novruz paketi ilə bağlı Türkiyəyə
olan biletlər də artıq satılıb.
Bəs,
Dubaya olan marağın səbəbi nədir görəsən?!
Bunu isə yaxın günlərdə turist kimi Dubaydan
qayıdan Ülfət Əhmədovadan eşidək: “Dubayda ən
çox xoşuma gələn əyləncə istirahət və
alış-verişin təşkilati tərəfi oldu. Orada hər
şey çox gözəl və hərtərəfli təşkil
olunub. Əylənmək, istirahət etmək, dünya mətbəxləri
ilə tanış olmaq istəyənlər üçün
geniş imkanlar yaradılıb. Turistlərin və şəhərdə
ilk dəfə olanların mümkün çətinlikləri,
dil problemləri nəzərə alınıb. Bütün
yol işarələri ərəb dili ilə yanaşı,
ingilis dilində də verilib, ticarət mərkəzlərində
bir çox dillərdə, hətta rus, türk dillərində
belə xəritələr, informativ broşürlər
paylanılır. Akvaparklarda hər bir istirahət edəni
müşahidə dairəsində saxlayan, hər addımda
köməyə gəlməyə hazır olan əməkdaşlar
fəaliyyət göstərir. Burada istirahət etməyin və
əylənməyin çox rahat və təhlükəsiz
olması, xüsusilə təqdirəlayiqdir...”
Elgün Mənsimov
Kaspi.-2012.-2012.-2 mart.-S.8.