“İnsanın gənclik
simasını geri qaytarırıq”
Dünyaca məşhur estetik cərrah
Tunc Tiryaki etdikləri əməliyyatlardan sonra müştərilərinin
hər hansı xəstəliyə tutulma ehtimalının
sıfıra bərabər olduğunu deyir
Dünya
Estetik Cərrahlar Cəmiyyətinin üzvü, beynəlxalq səviyyəli
estetik cərrah Tunc Tiryaki Azərbaycana qısa müddətli
səfərdə edib. Səfər çərçivəsində
bir sıra görüşlər keçirən türkiyəli
həkim “Kaspi” qəzetinin də qonağı olub. Biz də bu
fürsətdən yararlanaraq, ona öz suallarımızı
ünvanladıq.
- Tunc bəy, siz plastik cərrahiyə
dedikdə daha çox hansı əməliyyatları nəzərdə
tutur və icra edirsiniz?
-
Plastik cərrahiyə dediyiniz şey, əslində rekonstruktiv
cərrahiyyə deməkdir. Yəni, qopan qolların,
barmaqların yerinə dikilməsi. Buna mikro cərrahiyyə də
demək olar. Yanıq cərrahiyyəsi, cild tümörlərinin
cərrahiyyəsi, ya da doğuşdan üzü qüsurlu
olan uşaqların cərrahiyyəsi, eyni zamanda estetik cərrahiyyə
və sair bizim işimizdir. Amma bu istiqamət üzrə
ixtisası bitirdikdən sonra hər kəs öz yolunu
seçir. Kimisi sadəcə əl cərrahiyəsi, kimisi
mikro və ya estetik cərrahiyyə ilə məşğul
olar. Estetik cərrahiyyə isə plastik cərrahiyyənin
çox kiçik bir bölümüdür. Biz də bu sahə
ilə məşğul oluruq. Amma estetik cərrahiyə əməliyyatları
içərisində bütün əməliyyatları da həyata
keçirə bilirik.
- Cərrahiyyə
əməliyyatı dedikdə, insanların təsəvvüründə
narkozdan istifadə edilməsi canlanır. Sizin etdiyiniz cərrahiyyə
əməliyyatları zamanı necə, bu tətbiq olunurmu?
- Biz
narkozdan istifadə etmədən də bir çox cərrahiyyə
əməliyyatları həyata keçiririk. Bunun
üçün xəstəyə sakitləşdirici dərman
preparatı veririk. Məsələn, vücud əməliyyatlarında
liposakşını anestizisiz, narkozsuz etmək
mümkündür. Amma daha ağır əməliyyatlarda təbii
ki, narkozdan istifadə edirik. İnsan üzündə
aparılan bütün əməliyyatlar isə narkozsuz həyata
keçirilir. Buna misal olaraq, burunda, goz ətrafında və
sairdəki əməliyyatları göstərmək olar.
Üzdə cərrahiyə əməliyyatı zamanı
yalnız sümüklərlə bağlı hər hansı
problem olduqda narkozdan istifadə edirik.
- Xəstələriniz əməliyyatdan
sonra yataq şəraitində uzun müddətmi qalırlar?
-
Üz əməliyyatlarında bir-iki hal istisna olmaqla,
bütün vaxtlarda xəstələrimiz əməliyyat
başa çatandan sonra evə yollanırlar. Kiçik üz
əməliyyatları zamanı isə yarım gün xəstəxanada
nəzarət altında qalırlar. Yəni, səhər əməliyyat
olunan şəxs günorta saatlarında evinə dönə
bilir. Vücudda, yəni selikon əməliyyatında da xəstələrimiz
axşam evə göndərilir. Yalnız, üz gərmə
(dartma) və qarın gərmə əməliyyatından sonra
xəstələri xəstəxanada saxlayırıq. Buna da səbəb
hər iki əməliyyatın böyük cərrahi proses
olmasıdır. Bunlardan xaricində bütün əməliyyatlardan
sonra xəstələr həmin gün axşam evə göndərilir.
Əməliyyatdan 48 saat sonra xəstələrimiz duş qəbul
edə, əməliyyatına bağlı olaraq 3-6 gün
arasında işinin başına dönə bilirlər.
Ümumiyyətlə, bizim etdiyimiz bütün əməliyyatlardan
1 həftə sonra müştərilərimiz rahatlıqla
hovuza, dənizə girə bilirlər.
- Əksər insanlar cərrahiyyə
əməliyyatından sonra yaranan izlərdən
narahatçılıq keçirirlər. Sizin əməliyyatlardan
sonra xəstələr bu kimi hallarla üzləşirmi?
- Hər
hansı əməliyyat olursa-olsun onu başlamaq
üçün dəridə bir kəsik açmaq lazım gəlir.
Təbii olaraq bunun da bir izi qalır. Amma kiçik əməliyyatlarda,
xüsusən də askılamalarda kiçik bir dəlik
açıb əməliyyatı aparmaq mümkündür. Bu
zaman həmin dəliyin izi qalmır. Əgər hər
hansı ciddi problem yoxdursa, vücudda həyata keçirilən
əməliyyat zamanı da, kiçik bir dəlik vasitəsilə
bu işi görmək mümkündür. Qarın gərmə
(dartma), üz gərmə kimi ağır əməliyyatlar
zamanı isə bu işin gizli yönlərinə baş
vururuq. Yəni, bu izlər qulağın içində,
kipriyin, qaşın altında və sairdə gizlədilir ki,
xəstə əməliyyatdan sonra hər hansı
narahatçılıq keçirməsin.
- Qadınlar üzərində daha
çox hansı cərrahi əməliyyatlar həyata
keçirirsiniz?
-
Ümumiyyətlə, estetik əməliyyatlar əsasən
qadınlar üzərində həyata keçirilir. Bu əməliyyatları
da fəsillərə uyğun olaraq gerçəkləşdirmək
olur. Məsələn son baharda əsasən üzdə cərrahiyyə
əməliyyatları aparılır. Yazda isə insanlar
çimərliyə gedəcəkləri üçün daha
çox vücud əməliyyatları ön plana
çıxır. Selikon, liposakşın, qarın gərmə
(dartma) əməliyyatları edirik. Ancaq bütün bu proseslər
içərisində ən çox selikon əməliyyatları
olur. Bunlar arasında da sinənin böyüdülməsi əməliyyatları
daha çox üstünlük təşkil edir.
- Bu əməliyyatlardan sonra xəstələr
təkrar sizə müraciət edirlərmi?
- Belə
hallar olur. Bəzən, bir qadın sinəsini böyütmək
üçün bizə müraciət edir. Biz cərrahiyyə
əməliyyatı edib onun sinəsini
böyüdürük. O, bundan məmnun qalır və öz
vücudundakı bəzi problemləri də aradan qaldırmaq
istəyir. Buna misal olaraq artıq piy qatını və sairi
göstərmək olar. Bir sözlə, estetik cərrahiyyə
üçün müraciət edən şəxs bu işin
nə qədər güvənli və effektli olduğunu
anlayandan sonra bütün problemlərini həll edib qurtarana
kimi bizimlə təmasını kəsmir. Bütün bu
problemləri həll edildikdən sonra həmin adam təkrar
bizə müraciət etmir.
- Bu əməliyyatlardan sonra
qidalanma, hərəkətlərlə bağlı xəstələrə
hər hansı qaydalara riayət etmək
tapşırılırmı?
- Əməliyyat
üçün bizə müraciət edən müştərilərimizlə
bağlı maraqlandığımız və narahatlıq
keçirdiyimiz yeganə hal, onların siqaret aludəçisi
olub-olmamalarını müəyyənləşdirməkdir. Əgər
müştəri siqaret çəkəndirsə, onun üzərində
bir çox əməliyyatları etmək olmaz və etmirik.
Bu olduqca vacibdir. Ancaq tam sağlam və normal insandırsa, əməliyyatdan
sonra o, hər hansı məhdudiyyətlərlə üzləşməz.
Müştəri sərbəst şəkildə yuyuna, bərbərə
gedə və sair işləri görə bilər. Bir həftə
sonra normal iş həyatına dönə bilər. İki həftə
sonra gəzintiyə çıxa bilər, bir ay sonra isə
tam sərbəst şəkildə bütün işləri
görə bilər. Qidalanmaya gəlincə də, əməliyyatın
ardınca hər hansı pəhrizə ehtiyac yoxdur. Əməliyyat
etdirən müştəri istər yaxşı qidalanar, istərsə
də özünə qarşı müəyyən məhdudiyyətlər
tətbiq edə bilər. Bu, onun öz işi və
seçimidir.
- Bu əməliyyatlara məruz
qalan qadın sonradan ana olmaq istərsə, bu ona hər
hansı problem yaratmaz ki?
- Əsla!
Tam əminliklə selikon əməliyyatı etdirmiş bir
xanım sonradan heç nədən çəkinmədən
hamilə qala bilər. Rahatlıqla uşağını
dünyaya gətirib onun ana südü ilə bəslənməsini
həyata keçirə bilər.
- Estetik əməliyyatlardan sonra hər
hansı xəstəliyə tutulma ehtimalı varmı?
- Bu əməliyyatlardan
sonra müştərilərimizin hər hansı xəstəliyə,
xüsusən də xərçəng xəstəliyinə
tutulma ehtimalı sıfıra bərabərdir. Özəlliklə
də vurğulamaq istərdim ki, heç bir estetik əməliyyatın
xərçəng xəstəliyi ilə əlaqəsi yoxdur.
Burada əsas məsələ selikonla əlaqədardır. Bəzən
sual verirlər ki, sinəyə selikon qoydurduqda xərçəng
xəstəliyinə tutulma ehtimalı yaranarmı? Bir peşəkar
cərrah kimi mən deyirəm ki, xeyir. Bu sahədə minlərcə
elmi araşdırma var. Həmin araşdırmalar on minlərlə
qadın üzərində aparılıb. Müəyyən
edilib ki, bütün dünyada sinəsinə selikon qoyduran
qadınlarla bunu etməyən digər zərif cinsin nümayəndələri
arasında xərçəng xəstəliyinə tutulma
faizində fərq yoxdur. Bununla bağlı son vaxtlar
internet resurslarda maraqlı
bir məlumat yayılmışdı. Həmin məlumatda
Fransada sinəsinə
selikon qoyduran xanımların xərçəng
xəstəliyinə tutulma
riskinin çox olduğu göstərilirdi.
Qısa araşdırmadan sonra məlum oldu ki, problem xərçəng
xəstəliyinə tutulmada
deyil, Fransa mənşəyi ucuz bir selikondadır. Bu selikonların yırtılma
faizi normal selikonlara nisbətən 5 dəfə
yüksək idi.
Biz də Dünya
Estetik Cərrahlar Cəmiyyəti olaraq bu selikonların dəyişdirilməsini tövsiyə
etdik. Çünki həmin selikonlar
çox keyfiyyətsiz
idi.
- Bəs sizin cərrahi əməliyyatlar zamanı
istifadə etdiyiniz selikonlar müasir tələblərə uyğundurmu?
- Dünyada təsdiq edilmiş iki selikon markası var. Bunların hər ikisi çox keyfiyyətlidir. Bu iki selikon arasında
isə allerqan deyilən marka dünyanın ən keyfiyyətli selikonudur.
Bizim istifadə etdiyimiz selikon da bu
marka selikondur. Nədən bundan istifadə edirik? Çünki bu selikonların
çox vacib özünəməxsusluğu var. Bunların içərisində
olan jele axmayandır, bunun partlamasını, çatlamasını
kənara qoyaq, onu bıçaqla belə kəssəniz içindəki jele axmaz. Bu selikonları
həyat boyu istifadə etmək belə mümkündür.
Heç
bir şəkildə dəyişdirilməsinə ehtiyac
yoxdur. Bu selikonların istifadə edildiyi müddətdə
- nə hamiləlik zamanı, nə süd verdikdə, nə də ondan sonrakı dövrlərdə çıxarılmasına
ehtiyac yoxdur. Hər bir xanım həyatının sonuna kimi bu selikonlardan
istifadə edə bilər.
- Bəs, kişilər hansı estetik əməliyyatlarla bağlı sizə müraciət edirlər?
- Kişilər daha çox renoplasti, yəni burun əməliyyatı, saç
əkdirmək və yağ (piy)
aldırmaq üçün
müraciət edirlər.
- Yağ aldırmaq məsələsinə
toxundunuz. Əməliyyatdan sonrakı müddətdə
təkrar piylənmə
getmir ki?
- Xeyr, belə bir şey ola bilməz. Təbii ki, kişinin çəkisi arta bilər, amma xüsusən o nahiyəyə
piy yığıla bilməz. Dərialtı
yağ dokusunun
bəlli yerlərdə
depoları var. Bizim burada əsas işimiz o qalınlığı
aradan götürməkdir.
Sonra xəstənin çəkisi
arta bilər, əgər çox yeyərsə, amma bu, hər yerdə
eyni miqdarda olacaq, yəni, mənim verdiyim şəkildə kilo alacaq.
- Bəzən estetik əməliyyat keçirən insanlar bir-birilərinə daha çox bənzəyirlər.
Bu kimi narahatçılıq
sizin etdiyiniz əməliyyatlarda müşahidə
olunurmu?
- Mümkün olduqca bundan çəkinməyə
çalışırıq. Əgər siz hər hansı
estetik əməliyyata
məruz qalan bir adamı gördükdə, onun əməliyyatda olduğunu
hiss edib, başa düşürsünüzsə, demək ki, bu, pis keçirilmiş
estetik əməliyyatdır.
İstər kişi,
istərsə də qadın fərq etməz. Yaxşı əməliyyat odur
ki, ona kənardan
baxarkən siz heç vaxt başa düşə bilməzsiniz. İnsanların bir-birinə oxşamasının
səbəbi isə həkimin özü istədiyi kimi əməliyyat etməsidir.
Ancaq bizdə bu, belə deyil. Biz xəstənin üzündə əməliyyat
ediriksə, həmin şəxsin gənclik şəklini istəyirik.
18-20-25 yaşına aid şəklini tələb
edirik. Şəkildə nə varsa,
onu edirik. İnsanın gənclik simasını
geri qaytarırıq.
Əslində, bütün əməliyyatlar
məhz belə keçirilməlidir.
- Ümumiyyətlə,
plastik əməliyyat
üçün Sizə
müraciət edən
hər kəsin istəyi qəbul edilirmi?
- Bizim xəstəxanaya gələn 10 xəstədən
2-3 nəfəri məlumat
xarakterli söhbətdən
sonra geri qayıdır. Yəni, bizə gələn
xəstənin burun əməliyyatına ehtiyac
yoxdursa, o burunu əməliyyat etmərik.
Onsuz da yaxşı burunu əməliyyat edib xəstəni göndərsəniz, xəstə
sonra narazı şəkildə geri qayıda bilər.
- Son olaraq, deyə bilərsinizmi, plastik əməliyyat etdirmək istəyən vətəndaşlar sizə
necə müraciət
edə bilərlər?
- Mən Azərbaycanda
daimi olaraq işləmirəm. Mütəmadi olaraq bura səfərlər edirəm.
Son zamanlar isə
Xətai Estetik Klinikası ilə ortaq bir işbirliyi
ərsəyə gətirmişik.
Bu səbəbdən, Bakıda yerləşən
həmin klinikada xəstələrimizlə görüşürük.
Əgər plastik əməliyyat
etdirmək istəyən
olarsa, onun seçimi əsasında bunu həm Xətai
Estetik Klinikasında, yaxud da İstanbulda
həyata keçiririk.
Ərturan İSMAYIL
Kaspi.-2012.-6 mart.- S.13.