Vətən həsrətilə
tikən barmaqlar
Ağsaqqal dərzi deyir ki, sənətlə
gələn qazanc halallığı sevir, ona görə də
həm usta, həm də müştəri razı
qalmalıdır
Bu
gün istənilən yerdə dərzi dükanlarına rast gəlmək
mümkündür. Yəni dərzilik digər peşələr
kimi itib-batmaqda deyil. Amma burada da müəyyən
çatışmazlıqlar var. Bu
çatışmazlıqlar isə heç də əsl dərzilərin
ürəyincə deyil. “Sadə peşə adamı”
rubrikamızın bu dəfəki qonağı Ağdam
qaçqını, dərzi Sahib Hümbətovdur.
Onunla
tanışlığımız dostlardan birinin məsləhəti
ilə baş tutdu. Yeni Günəşli qəsəbəsində
balaca bir dükanda fəaliyyət göstərir. Ustanın
koordinatlarını alarkən, çox keyfiyyəli iş
gördüyünü də dedilər. Odur ki, dərzini
görmək üçün həftə sonu
yollanırıq onun məkanına. Elə də geniş
olmayan dükanında gülər üzlə
qarşılayır bizi və söhbətə
başlayırıq. Əvvəlcə, özü haqda
qısa məlumat alırıq. Hümbətov Sahib 1953-cü
ildə Ağdam şəhərində anadan olub. Ağdamda
8-ci sinfi bitirdikdən sonra sənətə qarşı onda həvəs
yaranıb: “Həmin vaxtdan usta yanına getməyə
başladım. Sənətin sirlərinə bələd
olandan sonra hərbi xidmətə getdim. Sənət hərbi
xidmətdə çox kömək olub mənə. Buna
görə mənim xüsusi hörmətimi
saxlayırdılar və bəzilərindən seçilirdim. Əsgərliyi
bitirdikdən sonra sənətimi davam etdirdim. Beləcə,
1976-cı ildən Ağdam Məişət Kombinatında sərbəst
olaraq peşəkar usta kimi fəaliyyətə
başlamışam. Orada işlədiyim 17 il müddətində
ağsaqqallardan çox şey öyrəndim və bu müddətdə
onların böyük hörmətini qazandım”.
Sənətkarın
insanlığı olmalıdır
O
vaxt işlərin çox olduğunu deyən usta onu
çatdırmağın çətinliyini də bildirdi: “Məsələn,
10 gödəkcə hazır idisə, beşinin də behini
verirdilər ki, hazırlayım. Mən tikdiyim gödəkcələri
alıb aparıb Rusiyada satırdılar. Sonra Qarabağ
müharibəsi başladı, işləmək xeyli çətinləşdi.
Bununla belə, mən güzəranımı təmin etmək
üçün sənətimi evdə davam etdirdim. Amma
müharibə şəraiti getdikcə pisləşdiyindən
məcbur olub evi tərk etməli oldum. Bir müddət
Bakıda və Gəncədə qohum evlərində
yaşadım. Bütün bu müddətlərdə dərziliyi
atmamışam. Yenidən Bakıya qayıdaraq bir müddət
kirayələrdə qalmışam. Hazırda Keşlə qəsəbəsində
bağçada yaşayıram”.
Dərzi
Sahib kişi öz sənətini belə qiymətləndirir:
“Usta kimi sənətimə çox böyük hörmətim
var. Əgər hörmət və istəyim olmasa, bu
yaşımda işləmərəm. Sənət bilmək
çox gözəl şeydir. Ən əsası da
insanlığa üstünlük verirəm. Pulu həmişə
qazanmaq olar, ona görə mən hər dəfə
çalışmışam ki, sənətdə hörmətim
olsun və məni insan kimi tanısınlar. Bu qəsəbədə
məni həddindən artıq çox istəyirlər. Bir
sözlə, darıxmağa heç vaxtım olmur. Adam var ki,
işə çox həvəssiz gəlir, amma mən işim
oldu-olmadı, həvəslə gəlirəm. Bilirəm ki,
burada həm özümə, həm də sənətimə
qiymət verirlər. Hərdən biri gəlib deyir pulum yoxdu,
“kurtka”mın burası sökülüb. Deyirəm yoxdu,
canın sağ olsun. Amma elə ustalar da var ki, pulu olmayanı
geri qaytarırlar. Məncə, bu yaşdan sonra ancaq hörmət
qazanmaq lazımdır. O dünyada insana qalan elə bu hörmət
olacaq”.
Dərzinin metodu onun qabiliyyəti və
səliqəsidir
Dərzilikdə
heç bir metodun olmadığını deyir sənətkar:
“Bu sənətin bir metodu var ki, o da dərzinin qabiliyyətinin
olmasıdır. Bəlkə də digər sənət sahələrində
xüsusi bir metod ola bilər. Amma dərzinin əsas metodu onun
səliqəli işləməsidir. Usta var ki yaxşı
tikir, usta da var tərbiyəsiz tikir”. Usta həmçinin deyir
ki, indiki dərzilərlə keçmişdəkilərin
çox fərqi var: “Ona görə ki, sovet vaxtında sənətə
böyük hörmət və diqqət var idi. O vaxt
müştərilər aylarla məni gözləyirdilər.
İş çox olurdu deyə çatdıra bilmirdim.
Hazırda elə olur ki, 3-4 gün heç nə qazana bilmirsən.
Amma Ağdamda işləyəndə, o gün olmurdu ki, qazanc
olmasın. İndi isə həmənki işin heç
beş faizi də yoxur. Həm də o vaxtkı parçalarla
indikilərdə keyfiyyətə görə çox
böyük fərq var. O dəfə özümə bir
kostyum aldım, bir az geydikdən sonra baxdım ki, rəngi
qızarıb. Deməli, get-gedə keyfiyyət
aşağı düşür. Amma sovet vaxtında olan
paltarların sökülüb-dağılmayana kimi rəngi
getməzdi. O vaxt dokuron adlı parça növü vardı.
Ona vurulan ütü yuyulanda da getmirdi. İndi həmin
parçalardan yoxdur. Hazırda mağazalarda əvvəlkilərdən
də baha qiymətə parçalar var. Amma keyfiyyət
baxımından görürəm ki, əvvəlkilərin
yerini verəni yoxdur”.
Sənətkarın
sözlərinə görə, indi sıfırdan
başlayaraq gödəkcə, plaş və s. tikdirənlər
yoxdur. Ona görə ki, camaatın maddi vəziyyəti buna
imkan vermir. Bundan başqa, xaricdən o qədər xarici mal gətiriblər
ki, hərə öz zövqünə uyğun nəsə
tapa bilir. Amma kasıblarsa bundan yararlana bilmirlər: “Elə mənim
də yanıma ancaq kasıblar gəlir. Çünki onlar
yeni “kurtka”, pencək və s. ala bilmədiklərindən gətirib
köhnəsini təmir etdirirlər”.
Bəy kostyumu tikmək çox məsuliyyətli
bir işdir
O, əvvəllər
xeyli bəy kostyumları tiksə də, indi tikmir. Sifariş
verənlər olur, amma insan yaşa dolduqca çətin
işlərə getmək istəmədiyini deyir: “Ona görə
ki, bəy kostyumu tikmək çox məsuliyyətli bir
işdir. Vaxtilə Ağdamda saysız-hesabsız belə
kostyumlar tikmişəm. Onda sifariş çox idi, həm də
cavan idim. Beş kostyumu bir vaxtda tikirdim. İndi xaricdən ucuz
qiymətə kostyumlar gətirilir. 30-35 manata olan kostyum necə
olacaq?! Ona görə də kasıb təbəqə ucuz mala
qaçır, tikdirməkdə maraqlı olmurlar”. Usta onu da
qeyd etdi ki, əgər indi kimsə kostyum tikdirmək istəyərsə,
bu, 50 manata başa gələ bilər. Dəri “kurtka”ların
rənglənməsi isə 10 manatdır: “Dərini rəngləyəndən
sonra əlavə lak da vururam. Lakin dərzilər adətən
o lakı vurmurlar, çünki o da əlavə puldur. Lak
vurulmayan “kurtka” yağışa düşən kimi həm rəngi
gedir, həm də alt paltarlar qapqara olur. Bu mənim aləmimdə
düz deyil, halal pul qazanmaq lazımdır. Sənətdə ən
xoşlamadığım şeylərdən biri də yalan
danışmaqdır”.
Dərzilər arasında rəqabət
yoxdur
Ustadan
indiki zamanda dərzilər arasında rəqabətin
olub-olmadığını soruşduq. O isə dedi ki, dərzilər
arasında qabaqlar rəqabət olurdu, indi yoxdur: “O vaxt rəqabət
beləydi, gördükləri işin keyfiyyətinə
üstünlük verirdilər. Ağdamda elə sənətkar
vardı ki, məndən də yaşlı idi, amma
görürdün ki, onun elə də işi olmur. Olsa da
tanımayan adamlar olurdu. Lakin mən rəqabətə
çox üstünlük verirdim. Yəni işi təmiz,
vaxtında və keyfiyyətli görəndə hiss edirdin ki,
müştəri özü ilə bərabər
başqalarını da sənin yanına gətirir. Ona görə
müştərim bol olurdu həmişə. Amma elə ustalar
vardı ki, behi əvvəlcədən alırdı, onu orda,
bunu burda aldadırdı. Həmin ustaların da müştərisi
az olurdu”.
Onun hazırda
tələbələri olmasa da, özündən sonra
davamçısı var: “Ağdamda tələbələrim
olub, onların da işləyib-işləmədiyini bilmirəm.
Burda isə tələbələrim yoxdur, amma
davamçım var. Üç oğlum var, onlardan ikisi sənəti
bilir. Biri hazırda “Vosmoy” bazarında dərzi işləyir.
Bu sənət hərtərəfli sənətdir, yəni dərzi
sənəti ilə ailə saxlamaq olur. Sənətlə olan
qazanc həm də halallığı sevir. Həm usta, həm
də müştəri razı qalmalıdır”.
Sonda
sənətkardan ən böyük arzusunu xəbər
alırıq. Onunsa tək istəyi vətənə
qayıtmaqdır: “Doğma tərpaqlarsız yaşamaq mənim
üçün çox çətindir. İstərdim ki,
qocalığa gedən vaxtımda həm sənətimi, həm
də həyatımı vətəndə davam etdirim”.
Elgün Mənsimov
Kaspi.-2012.- 6 mart.-S.15.