Əqidə və
iman sahibi...
Ötən əsrin əvvəllərində
şeirləri ilə qəlblərə hakim
kəsilən Əhməd Haşım, Məhmət Akif Ərsoy, Yahya Kamal kimi şairlər türk ədəbiyyatında yeni
bir cığır salmağa
başladılar. Bu dövrün
görkəmli nümayəndələrindən olan Yahya Kamal
bütün varlığı ilə ədəbiyyata,
mədəniyyətə xidmət edən, milli
düşüncəsi ilə seçilən çox
böyük şəxsiyyətlərdən
biri idi.
Əslində,
Yahya Kamal türk tarix və coğrafiyasının
qızıl səhifələrini ustalıqla yaradan
böyük vətənpərvər, millət
sevdalısı və azadlıq aşiqi idi.
Sovet
dövründə biz yalnız bir neçə türkiyəli
yazıçı və şair tanıyırdıq ki,
onların da üstündə kommunist damğası var idi. Nazim
Hikmət, Rəşad Nuri Güntəkin və son dövrlərin
satirik yazarı Əziz Nesin. Fərəhli haldır ki,
dövlət müstəqilliyimizi qazandıqdan sonra, sadəcə,
gediş-gəlişlər üçün yollar
açılmadı. Həm də bir-birimiz üçün
qapanmış ədəbiyyatın, mədəniyyətin
üzərindəki qalın pərdələr də çəkildi.
Türkiyə və Azərbaycan ədəbiyyatının tədrisi
ilə bağlı əlaqələr öz üfüqlərini
genişləndirdi.
Yahya
Kamalın elmi və bədii yaradıcılığı ilə
bağlı ilk dəfə Azərbaycan oxucularına ətraflı
və mükəmməl məlumat verən filologiya elmləri
doktoru, professor Maarifə Hacıyevadır. O, uzun illər
Türkiyənin müxtəlif ali məktəblərində
Azərbaycan dili və ədəbiyyatından mühazirələr
oxuyub. Bu gün öz fəaliyyətini yenə də davam
etdirir. Təqdirəlayiq haldır ki, Türkiyədə Azərbaycan,
Azərbaycanda Türkiyə ədəbiyyatının təbliğatı
ilə məşğul olan bu cəfakeş alim hər iki
xalqın ədəbi əlaqələrinin
araşdırılıb öyrənilməsində,
sözün əsl mənasında, fədakarlıq göstərir.
Bu yaxınlarda Maarifə xanımın Yahya Kamalın
yaradıcılığı ilə bağlı
hazırladığı bir kitab da böyük türk
oğlu Yahya Kamalla bağlıdır. Kitabı filologiya elmləri
üzrə fəlsəfə doktoru Mehmet Rıhtım ilə
birlikdə çap etdirən Maarifə Hacıyevanın bu mətbu
ərmağanı Yahya Kamalın
yaradıcılığı haqqında ilk dəfə olaraq
Azərbaycan dilində işıq üzü görmüş
nəşrlərdən sayılır.
Xalq
şairi Bəxtiyar Vahabzadə Yahya Kamalı "iman
şairi" adlandıraraq yazırdı: "Hələ
uşaqlıqdan onun qəlbində dərin izlər
açmış Quran səsləri türklüklə
müsəlmanlığın birləşməsindən
doğaraq əqidə və iman səviyyəsinə yüksəlmişdir".
Müəlliflərin oxuculara təqdim etdiyi "Yahya Kamal Bəyatılı"
kitabında da məhz bu böyük insanın şeir
dünyasının mövzuları, duyğuları şərh
edilmiş, əsərlərinin gözəlliyindən,
insanlarda yaratdığı nəşədən, sevgidən
söz açılmışdır.
Azərbaycanın maarifpərvər
ziyalılarını düşündürən mövzular
var ki, biz onların bir çoxunun əks-sədasını məhz
Yahya Kamalın yaradıcılığında izləyə
bilirik. 1919-cu ildə Əhməd Cavad İstanbulun gözəlliklərindən
söz açan, hüsnünə bir sevgi, məhəbbət
yağışı çiləyən "İstanbul"
şeirini yazdı. Onu narahat edən və qəlbən üzən
bir sıra problemlərini də misraların ahəngində
dilə gətirərək "Ah, ey solğun üzlü
dalğın, İstanbul" söylədi. Elə Yahya Kamal
üçün də bu şəhər dünyanın ən
gözəl, möhtəşəm ünvanlarından biri idi.
O da üzünü bu gözəllər gözəli
İstanbula tutaraq onun mavi gözlərindən axan
yaşları öz həzin misraları ilə silmək istəyirdi.
Özünü ona qurban verməyə hazır dayanaraq
"Aziz İstanbul" adlı kitabında bu şəhərin
tarixini yazırdı. O, İstanbulun varlığından vəcdə
gələrək ürəyinin məhəbbətini, fəxarət
və şərafətini belə naxışlayırdı:
"Türkiyə türklərinin Yer üzündə
başqa bir əsəri olmasaydı, təkbaşına
yalnız bu əsər şərəf naminə yetərdi".
Ümumiyyətlə,
Yahya Kamal Bəyatılının
yaradıcılığı ilə paralellər aparanda Nizami
Gəncəvini, Məhəmməd Füzulini, Abbas Səhhəti,
Mirzə Cəlili, Əhməd Cavadı, Hüseyn Cavidi, Səməd
Vurğunu xatırlamamaq olmur. Milli düşüncələrin
toplumunda, həyat, ölüm haqqındakı fikirlərdə
o qədər eynilik, yaxınlıq var ki... Bütün bunlar
isə bir daha təsdiqləyir ki, bu unudulmaz klassik şair və
yazıçılarımız istər türk, istərsə
də Azərbaycan ədəbiyyatının nümayəndəsi
olsun, fərq etməz - hamısının bir anası, bir
amalı, bir dili, bir dini, bir əqidəsi, bir mücadiləsi
var. Məhz bu möhtəşəm və ucadan uca Ananın
öz övladlarına verdiyi öyüdün və
südün nəticəsidir ki, ayrı-ayrı dövrlərdə
yaşamalarından, fərqli bölgələrdə
doğulmalarından, müxtəlif quruluşlarda
çarpışmalarından asılı olmayaraq, milli
düşüncədə, tarixi bağlılıqda eyni
kökə əsaslanır.
Yahya
Kamal Bəyatılı müxtəlif janrda şeirlər
yazıb. Onun poeziya ümmanında bayatı, qəzəl,
rübai, heca vəznində və sərbəst şeirləri
diqqət çəkir. Şərq poeziyasında rəngarəng
şeir növləri içərisində rübainin
özünəməxsus yeri var. Ədəbiyyatda bu janrın
yaradıcıları çoxdur. Qətran Təbrizidən
başlayaraq Arif Nihata kimi söz ustalarının rübailəri
dillər əzbəridir. Məlumdur ki, şeir
növünün içərisində rübai çox
çətin bir janrdır. Məhz dörd misranın
içində dərinməzmunlu fikirləri yığcam və
dolğun vermək müəllifdən olduqca böyük
poetik istedad tələb edir. Yahya Kamalı həmkarlarından
fərqləndirən bir cəhət də budur ki, o, nəinki
bunu bacarmış, həm də fani dünyanın mənzərəsini
belə əhatəli yarada bilmişdir. Məsələn:
Bir mərhələdən
günşələ dərya görünür,
Bir mərhələdən
hər iki dünya görünür.
Son mərhələ
bir fəsli-xəzandır ki, sürər,
Keçmiş,
gələcək cümləsi rüya görünür.
Yahya
Kamal Bəyatılının sağlığında şeirləri
çox çap edilsə də, əsərlərinin küll
halında nəşri ölümündən sonrakı illərə
təsadüf edib. Vəfatından sonra ədəbi irsi varisləri
tərəfindən öyrənilib, Yahya Kamal institutu
yaradılıb. Nəşriyyatlar böyük məmnuniyyətlə
onun əsərlərini bu günə kimi çap edirlər.
Bu unudulmaz şəxsiyyət haqqında tədqiqat əsərləri
yazılır, xatirələr, əlyazmaları
toplanılır, müxtəlif tədbirlər, seminarlar,
yubiley gecələri təşkil olunur. Bir məsələ də
bəllidir ki, Yahya Kamal yaradıcılığını
Mustafa Kamal Atatürk də çox sevərmiş. Türk
toplumunun ruhunu, düşüncəsini əks etdirən
şeirlərin çoxunu Mustafa Kamal Atatürk şairin
öz dilindən eşidib. Yahya Kamalın Atatürklə
görüşləri, söhbətləri olması barədə
də şairin müasirləri, tədqiqatçıları
yazıblar. Belə bir xatirə söylənilir ki, 1933-cü
ildə xarici ölkədən vətənə dönən
Yahya Kamal Atatürkün qonağı olub. Bu görüşlə
bağlı öz xatirəsini qələmə alan Behcət
Kamal yazır ki, şairin şeirləri oxunan zaman ilk dəfə
Atatürkün üzündə iki gözyaşı
damlası ilə Yahya Kamala baxdığını
görüb.
Yahya
Kamal mədəniyyət, sənət, məşhur şəxsiyyətlər
haqqında bir dastan bağlamışdı. Geniş biliyə,
dərin təfəkkürə sahib olması
yazılarında da görünür. Onu oxuyanlar da, dinləyənlər
də həmişə bu şairi, nasiri, ictimai xadimi, natiqi
heyranlıqla qarşılayardılar. Yazdıqlarının,
çıxışlarının da çoxu
sağlığında toplulara salınmamışdı. Vəfatından
sonra adını daşıyan institut “Edebiyyata dair” adlı
bir kitab hazırladı. Uzun müddətdən sonra ərsəyə
gələn bu topluda Yahya Kamalın yüzlərlə
yazıları cəmləşdi. Yahya Kamalın tədqiqatçıları
onun əsərlərini təhlil edərkən bir yüksək
cəhəti daha çox qiymətləndirərək
yazırdılar: "Türk ədəbiyyatında Yahya Kamal
şeir sənəti üzərində ən çox
düşünən və şeirlərini bu
düşüncəyə görə yazan bir şairdir. Onun
şeirləri ilə şeir görüşləri
arasında sıx bir münasibət vardır. Yahya Kamal
yalnız şeirləri ilə deyil, şeir haqqındakı
düşüncələri ilə də çevrəsinə
və özündən sonra gələnlərə təsir
etmişdi".
Türk
dünyasının başqa bir böyük şairi Nazim Hikmətin
müəllimi olan Yahya Kamal uzun illər pedaqoji fəaliyyətlə
məşğul olub. Ziya Göyalp kimi milli düşüncəli
ziyalılarla birlikdə İstanbul universitetində müəllim
kimi çalışıb. O, tələbələrə mədəniyyət
tarixi, Qərb və türk ədəbiyyatından dərs
deyib. Həmin dövrdə Türkiyə mətbuatında cəsarətli
yazıları ilə çıxış edən publisistlərin
önündə gedənlərdən biri idi. Doqquz il Parisdə
yaşayan Yahya Kamal sonralar Polşada, İspaniyada səfirlikdə
çalışıb, Pakistanda səfir vəzifəsini
aparıb. Müxtəlif vaxtlarda millət vəkili
seçilib. Dünyanı dolaşan Yahya Kamala görə
insanın doğulduğu torpaq əcdadımızın məzarları,
məscidlərin qurulduğu yerdir. Bu səbəbdən də
bizi vücuda gətirən bu gerçəklik çox əzizdir.
Çünki o, Vətəndir!
Yahya
Kamal XX əsr türk ədəbiyyatının böyük
şairi olmaqla bərabər, həm də türk ədəbi
düşüncəsinin müstəsna şəxsiyyətlərindən
biri idi.
Kaspi.-2012.-10-12 mart.- S.19.