Sənətşünaslıq elminə yeni töhfələr

 

yaxud “Sənətin Məcnunu”, “Cizgilərə hopan ömür” və “Tənha döyüşçü” kitabları haqqında...

 

Azərbaycan təsviri sənətinin son bir qərinəlik mənzərəsini səciyyələndirən bədii - estetik xüsusiyyətlərin ictimailəşdirilməsində, bir-birini əvəzləyən bədii proseslərin şərh olunmasında ölkə sənətşünaslarının rolu kifayət qədər böyükdür, desək, yanılmarıq. Onların arasında Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin fəaliyyəti xüsusilə diqqət çəkəndir.

Bunu heç şübhəsiz ilk növbədə sənətşünasın baş verən proseslərə özünəməxsus, ən başlıcası isə ədalətli münasibəti şərtləndirmişdir. Onun bu cür qərəzsiz və inandırıcı qənaətlərinə yəqin ki, ilk olaraq Bakıdakı məşhur “Əzimzadə məktəbi”nin rəngkarlıq şöbəsini fərqlənmə diplomu ilə bitirməsi, daha sonra İ.Y.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun sənətşünaslıq fakültəsində təhsil alması, uzun müddət respublikanın baş sənət saxlancı olan R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində elmi şöbəyə rəhbərlik etməsi zəmin yaratmışdır. Yaradıcılıq fəaliyyətini əhatə edən son otuz ildən çox bir müddətdə onun yerli və xarici mətbuatda yüzlərlə elmi - publisistik məqalələri çap olunmuş, dəyərli monoqrafiyaları, kitabları və kataloqları işıq üzü görmüşdür. Bir sənətşünas kimi apardığı atribusiyalar nəticəsində neçə-neçə əsərin müəllifinin müəyyən olunması da onun yüksək peşəkarlığını təsdiqləyən xüsusiyyətdir.

Bu gün onun qələmindən çıxan çox tutumlu kitablar mövcud olsa da, nədənsə bizə onun 1990-cı ildə Moskvada çap etdirdiyi bir məqaləsi bir çox səbəblərə görə çox önəmli görünür. Xalq rəssamı Səttar Bəhlulzadəyə həsr olunmuş həmin “Bakılı nağılbaz” məqaləsi sovetlər dönəmində çox nüfuzlu sayılan “Tvorçestvo” jurnalının 1-ci sayında işıq üzü görmüşdü. Yaşlı nəsil 1990-cı ilin yanvarının bütün təzadlarını, o cümlədən SSRİ miqyasında Kreml ideoloqlarının Azərbaycan xalqı haqqında hansı xoşagəlməz fikirlər formalaşdırdıqlarını  yaxşı xatırlayırlar. Bizim üçün çox ağrılı olan həmin günlərdə Moskvadakı mötəbər orqanın birinci səhifəsində Azərbaycan rəssamı haqqında gözəl bir məqalənin çap olunması mərkəzdən səslənən təbliğatla təzad təşkil etməklə, xalqımızın hansı yüksək bəşəri dəyərlər daşıyıcısı olduğunu sərgiləyirdi...

Z.Əliyevin Səttar Bəhlulzadə yaradıcılığına olan bu sevgisi sonrakı illərdə də səngimədi. Onun 2009-cu ildə ərsəyə gətirdiyi “Sənətin Məcnunu” kitabı da bunun əyani görüntüsüdür. Bu kitabda sənətşünasın dahi fırça ustası barəsində 40 il ərzində topladığı materiallar öz əksini tapıb. Ona görə də S.Bəhlulzadənin YUNESKO tərəfindən 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar işıq üzü görən bu monoqrafiya sənətsevərlər və mütəxəssislər arasında böyük marağa səbəb oldu. Əgər sənətsevərləri bu kitabda cəlb edən orada toplanan materialların duyulası dərəcədə zənginliyi idisə, mütəxəssisləri maraqlandıran müəllifin rəssamın yaradıcılığına çox yeni və fərqli münasibət göstərməsi idi. Doğrudan da kitabın çoxsaylı bölmələrində rəssam haqqında istənilən məlumatı almaq, rəngkarlıq və qrafika əsərləri ilə tanış olmaq mümkündür. Ensiklopedik tutumlu bu tədqiqat əsərində sənətşünas rəssamın zəngin yaradıcılıq yolunu izləməklə, onun əsərlərinə xas olan poetikanı, fəlsəfəni və tarixiliyin qaynaqlarını şərh etmiş, bədii - estetik məziyyətlərini göstərə bilmişdi. S.Bəhlulzadə sənətkarlığına gətirilən inandırıcı aydınlıq isə demək olar ki, Azərbaycan sənətşünaslığında müəllifin yaradıcılığına ilk dəfə göstərilən çox fərqli münasibətin görüntüsü idi.   Rəssam haqqında kövrək xatirələrin, qiymətli fikirlərin, ona həsr olunmuş ədəbiyyat və təsviri sənət nümunələrinin də kitaba daxil edilməsinin qarşılığında, onu heç vaxt görməyən oxucuya bənzərsiz ömür yoluna və yaradıcılıq xüsusiyyətlərinə malik S.Bəhlulzadəninin obrazını göz önündə canlandırmağa imkan verir, desək, yanılmarıq. Bütün ömrü boyu ərsəyə gətirdiyi əsəri təmənnasız olaraq dost-tanışlarına ərməğan edən rəssamın bədii irsinin kataloqunun bu kitabda yer alması da həmin nəşrin dəyərli xüsusiyyətlərindəndir.

Sənətşünasın bu günlərdə “Sənətin Məcnunu” kitabındakı zəngin və yeni qənaətlərini daha da genişləndirməklə elmi tədqiqat əsərinə çevirməsini də onun böyük rəssamın şəxsiyyətinə olan ölçüyəgəlməz sevgisinin və ehtiramının ifadəsi hesab etmək olar...

Sənətşünasın xalq rəssamı Cəmil Müfidzadəyə həsr olunmuş “Cizgilərə hopan ömür” kitabında da XX əsr Azərbaycan qrafika sənətinin inkişafında müstəsna xidmətləri olan sənətkarın həyat və yaradıcılığına əhatəli nəzər salınıb.

Milli təsviri sənətimizin altmışıncı illər nəslinə məxsus olan Cəmil Müfidzadənin keçdiyi çox maraqlı yaradıcılıq yolu bu kitabda obyektə yeni yanaşma ilə tədqiq olunub. Bütün yaradıcılığı boyu doğma Azərbaycanı qarış-qarış gəzən rəssam, müxtəlif xarici səfərlərdə olmaqla  həmin yerlərdən aldığı təəssüratlarını da maraqlı silsilələrdə əbədiləşdirməyə nail olmuşdur. Odur ki, müəllif kitabı tərtib edərkən bunu əsas götürmüş və ayrı-ayrı bölmələri həmin silsilələrə aid etmişdir. Bu mənada rəssamın Azərbaycanın memarlıq abidələrinə və onun təbii sərvətlərinə, qədim Xınalığa, eləcə də  Rusiyanın şimalına, Monqolustan və Misir torpağına həsr etdiyi qrafik  silsilələrin adını çəkmək olar. Öz yaradıcılığında həyata real baxışlarını ənənə və müsirliyin qovşağından yaranan bədii biçimdə təqdim edən C.Müfidzadə bütün əsərlərində çox orijinaldır. Bu özünəməxsusluğa inandırıcı elmi şərh verən sənətşünas bütünlükdə onun yaradıcılığının səciyyəvi cəhətlərini qabartmağa nail olmuş, müxtəlif rəsm texnikalarında ərsəyə gətirilən lövhələrin bədii fərqli xüsusiyyətlərini dəyərləndirmişdir. Kitaba özündə rəssamın həyat və yaradıcılığını əks etdirən fotoşəkillərin daxil edilməsi də oxucuya C.Müfidzadə dünyasının zənginliyini duymağa imkan vermişdir, desək, yanılmarıq. Digər kitablarında olduğu kimi bu tədqiqat əsərinə də Ziyadxan Əliyev rəssamla bağlı oxucunun maraq dairəsində ola biləcək informasiyaları daxil etməklə onun məzmun tutumunun əhatəliliyinə nail olmuşdur.

Azərbaycan təsviri sənətinin müstəqillik mərhələsi çox təzadlı şəkildə inkişaf etməkdədir. Əgər ötən əsrin 40-50-ci illərində yaradıcılığa başlayan milli kadrlar çox tezliklə Azərbaycan rəssamlığının özünəməxsus simasının yaranmasına nail olmuşdularsa, artıq iyirmi ili əhatə edən müstəqillik rəssamlığımızın onu səciyyələndirəcək ümumi bədii xüsusiyyətlərə malik olmaması danılmazdır. Belə ki, yaradıcıların çoxu Qərbdən ixrac olunan bədii meyllərə tapındıqlarını nümayiş etdirirlərsə də, çoxəsrlik milli bədii ənənələrə müraciət edən rəssamlarımız da az deyil.  Cəmisi 49 il ömür sürmüş istedadlı rəngkar Zakir Hüseynov da ikincilərdəndir. Özünəməxsus yaradıcılıq potensialını cəmisi on ildə nümayiş etdirməyə nail olan bu rəssam sonda Azərbaycan təsviri sənətində özünəməxsus və yaddaqalan bədii iz qoya bildi. Rəssamın yaradıcılığındakı bu evolyusiyanı öz kitabında açmağı qarşısına məqsəd qoymuş sənətşünas məzmun və tutumca çox əhatəli bir tədqiqat ərsəyə gətirdiyini sərgiləmişdir.

Ziyadxan Əliyevin rəssamın yaradıcılığına kompleks münasibətində onun həyata baxışlarının məğzini açıqlamaqla yanaşı, həm də rəngkarın ayrı-ayrı janrlara münasibətinin kökündə hifz olunan özünəməxsusluğu göstərmək, ona elmi şərh vermək başlıca yer tutur. Elə kitabda belə yanaşmanın aparıcı rol oynaması onun oxunaqlığını təmin etmişdir. Zakir Hüseynovun insani və yaradıcı məziyyətlərində səmimiliyin önəmli yer aldığını qeyd edən müəllif, sonda elə bu bəşəri dəyərin onun bədxahlarının əhatəsində keçən ömrünün yarımçıq qırılmasında təsirli rol oynadığını vurğulamışdır. Ziyadxan Əliyevin rəssamın öz yaradıcılığında  ənənə və müasirlik probleminin uğurlu həllinə nail olmasını təsdiqləyən fikirləri də elmi müddəalara əsaslandığından kitabın oxunaqlığını şərtləndirmişdir.

Bütünlükdə yuxarıda dilə gətirən müsbət cəhətlərə rəğmən demək olar ki, əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin “Sənətin Məcnunu”, “Cəmil Müfidzadə. Cizgilərə hopan ömür” və “Zakir Hüseynov, Tənha döyüşçü” kitablarını çox tutumlu  dəyərinə görə Azərbaycan sənətşünaslığını zənginləşdirən elmi tədqiqatlar hesab etmək olar.

 

 

Elturan Avalov,

əməkdar incəsənət

xadimi, professor

 

Samir Sadıoqv,

sənətşünas

 

Kaspi.-2012.-10-12 mart.- S.11.