“Ümummilli
maraqlar naminə ortaq
layihələr həyata keçirməlidir”
Fuad Muradov: “Azərbaycan
üçün ən böyük uğur ondan ibarət ola
bilər ki, xaricdə yaşayan və ya təhsil alan gənc
təmsil olunduğu cəmiyyətdə böyük nüfuz
sahibi olsun”
Martın 12-də Bakıda, “Gülüstan” sarayında Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirilib. Qurultayda hökumət və dövlət nümayəndələrindən, xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis edilmiş və respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçilərindən, dünyanın nüfuzlu ali məktəblərində təhsil alan fəal azərbaycanlı tələbələrdən, həmçinin Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən ibarət nümayəndə və qonaqlar iştirak edib. Qurultay iştirakçılarından biri olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri, millət vəkili Fuad Muradov bu tədbirin əhəmiyyəti barədə “Kaspi”nin suallarını cavablandırıb.
- Bakıda Sizin də
iştirakınızla Dünya Azərbaycanlı Gənclər
Birliyinin təsis qurultayı keçirilib. Bilmək istərdik,
bu, Qurultayın keçirilməsi barədə təşəbbüs
nə zaman meydana gəlib?
-
Uzun illərdir Azərbaycanda Diasporla iş üzrə Dövlət
Komitəsi mövcuddur. Bu komitənin əsas fəaliyyətlərindən
biri də xaricdə yaşayan, orada işləyən və Azərbaycanı
təbliğ edən şəxslərin dəstəklənməsi,
bu istiqamətdə yeni təşkilatların
yaradılmasına çalışanlara kömək edilməsidir.
Bununla paralel olaraq, Azərbaycanda dövlət səviyyəsində
gənclər siyasəti həyata keçirilməkdədir.
Ölkəmizdə istedadlı gənclərin üzə
çıxarılması, bədən tərbiyəsi və
idmanın inkişafı, beynəlxalq gənclər təşkilatları
ilə əməkdaşlığın genişləndirilməsi,
savadlı və perspektivli gənclərin irəli çəkilməsi
sahəsində real tədbirlər görülməkdədir.
Son illər Azərbaycan gəncliyi istər fiziki, istərsə
də intellektual baxımdan yüksək inkişafa nail
olmuşdur. Bütün bu müsbət dəyişikliklər
bizi sevindirir. Bu gün tələbələrimiz müxtəlif
dilləri öyrənir, dünyanın nüfuzlu təhsil mərkəzlərində
təhsil alır, müasir elmin nailiyyətlərinə, yeni
texnologiyalara yüksək səviyyədə yiyələnir,
bilik və bacarıqlarını isə Azərbaycanımızda
tətbiq edirlər. Xarici ölkələrdə yaşayan azərbaycanlı
gənclər isə təşkilatlanaraq, ölkəmizin milli
maraqlarının təbliğatçısına
çevrilirlər. Buna misal olaraq, Rusiya Federasiyasında Leyla
xanım Əliyevanın təşəbbüsü ilə
yaradılan Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı
(RAGT) kimi böyük və güclü qurumların fəaliyyətini
göstərmək olar. Eyni zamanda dünyanın bir çox
ölkələrdə də Azərbaycan gənclərinin
güclü təşkilatları yaranıb ki, onlar da Azərbaycanın
təbliği ilə məşğul olurlar. Bugünkü
günün tələbi isə ondan ibarətdir ki, Azərbaycanın
təbliğatını daha da gücləndirmək, ölkəmiz
haqqında həqiqətləri dünya ictimaiyyətinə
çatdırmaq məqsədilə xaricdə fəaliyyət
göstərən gənclər təşkilatları vahid bir
mərkəzdə cəmləşsinlər. Belədə təşkilatlanmaq
mümkün olur, Azərbaycanın mili maraqları peşəkar
şəkildə dünyaya çatdırılır.
Bütün bunlar nəzərə alınaraq, 2010-cu ilin
noyabrında Almaniyanın Frankfurt şəhərində
keçirilən Dünya Azərbaycanlı Gənclərinin I
Konqresində gənclər tərəfindən Dünya Azərbaycanlı
Gənclər Birliyinin yaradılması ideyası irəli
sürüldü. İdeya dəstəkləndikdən sonra
qısa vaxtda təşkilatın fəaliyyətinin əsas
istiqamətləri müəyyən edildi. Diasporla İş
üzrə Dövlət Komitəsi, Gənclər və
İdman Nazirliyi, gənclər siyasəti ilə məşğul
olan digər dövlət qurumları, o cümlədən
xarici ölkələrdə fəaliyyət göstərən
diaspor təşkilatlarının iştirakı ilə bu
möhtəşəm qurultay Bakıda baş tutdu. Martın
12-də keçirilən Qurultaya dünyanın 34 ölkəsindən
356 nümayəndə seçilərək qatıldı. Bununla
yanaşı, 17 ölkədən Azərbaycan icmasının
rəhbərlərindən ibarət 28 nəfər qonaq qismində
olmaqla, bütövlükdə qurultayda 532 nəfər
iştirak etdi. Nəticə olaraq, Dünya Azərbaycanlı Gənclər
Birliyinin təsis qurultayının qətnaməsi qəbul
olundu, təşkilatın Nizamnaməsi, Fəaliyyət
Proqramı təsdiqləndi, Birlik adından Azərbaycan
Prezidenti İlham Əliyevə müraciəti qəbul olundu.
Təşkilati məsələlərə baxıldı.
- Dünya Azərbaycanlı Gənclər
Birliyinin fəaliyyətinin əsas istiqamətləri və nədən
ibarətdir?
- Azərbaycanın
ərazi bütövlüyünün təmin olunması
istiqamətində fəaliyyət, o cümlədən Ermənistanın
təcavüzkar siyasəti, 20 faiz ərazimizin işğal
faktı, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
aləmə çatdırılması prioritet vəzifədir.
Eyni zamanda, Azərbaycan gənclərinin yaşadıqları
cəmiyyətlərə inteqrasiyası da fəaliyyət
proqramında öz əksini tapıb. Fikrimcə, xaricdəki
gənclər yaşadıqları cəmiyyətin siyasətçiləri,
nüfuzlu şəxsləri, ictimaiyyət nümayəndələri
ilə daim ünsiyyətdə olmalı, onlarla müxtəlif
əlaqələr qurmalıdırlar. Paralel olaraq gənclər
beynəlxalq təşkilatlarda da lazımınca təmsil
olunmalıdırlar. İnanıram ki, bu təşkilat
yaxın zamanlarda böyük işlərə imza atacaq. Yenə
də təkrar edirəm ki, burada əsas məqsəd Azərbaycan
reallıqlarını, ölkəmizdə həyata
keçirilən islahatları dünya ictimaiyyətinə
çatdırmaqdır.
- Hazırda Azərbaycan gəncliyinin
qarşısında hansı vəzifələr dayanır?
- Azərbaycan
gəncliyi daim ölkədə gedən ictimai-siyasi proseslərdə
aparıcı qüvvə kimi çıxış edib. Bu
gün də bu belədir. Bu səbəbdən Azərbaycan gənclərinin
qarşısında duran ən böyük vəzifələrdən
biri işlərində, öz təhsillərində mükəmməl
şəkildə bilik və bacarıqları mənimsəmək,
siyasi, dini baxışlarından asılı olmayaraq, azərbaycançılıq
ideologiyası ətrafında cəmləşməkdir. Hər
bir gənc bu istiqamətdə iş aparmalıdır. Əldə
olunan bilik və bacarıqlar Azərbaycan dövlətçiliyinin
qorunması istiqamətində istifadə edilməlidir. Xaricdəki
gənclər isə oradakı siyasi elita ilə birgə hərəkət
etməli, Azərbaycanın ümummilli maraqları naminə
ortaq layihələr həyata keçirməlidirlər.
Düzdür, bu sahədə bizim üzləşdiyimiz bir
sıra problemlər də var. Amma zamanla onların da öhdəsindən
gəlmək mümkün olacaq. Azərbaycan üçün
ən böyük uğur ondan ibarət ola bilər ki, xaricdə
yaşayan və ya təhsil alan gənc təmsil olunduğu cəmiyyətdə
böyük nüfuz sahibi olsun. Belə gənclər olsa Azərbaycanın
təbliğatı da daha uğurlu şəkildə qurula bilər.
- Gənclərimiz Azərbaycan həqiqətlərini,
xüsusən Ermənistanın təcavüzkar siyasəti və
Dağlıq Qarabağ probleminin dünyaya
çatdırılması istiqamətində nə kimi
işlər görürlər?
- Bir
neçə ildir ki, Leyla xanım Əliyevanın rəhbərliyi
ilə Xocalıya Ədalət Kampaniyası həyata
keçirilməkdədir. Xocalı faciəsinin 20 illiyi
zamanı bir çox ölkədə bu soyqırımıyla
bağlı müxtəlif tədbirlər baş tutub. Bu tədbirlər
Xarici İşlər Nazirliyinin səyi ilə əsasən gənclərin
böyük rolu hesabına mümkün olub. Dünyanın
150-dən çox şəhəri 50-dən çox müxtəlif
ölkəsi fevralın 25-26-da Azərbaycan həqiqətlərindən
xəbər tutmuş olub. Həmin gün dünya Ermənistanın
təcavüzkar siyasətinin, bu siyasətin hansı faciələrə
yol açdığını görmüş olub.
Düşünürəm ki, bu istiqamətdə fəaliyyət
bundan sonra da yorulmadan davam etdirilməlidir. Xocalı
soyqırımına hüquqi qiymət verilənə kimi təbliğatı
dayandırmaq olmaz. Baxmayaraq ki, Ermənistanın havadarlarının
dəstəyi ilə Azərbaycana qarşı dünyada əks
təbliğat aparılır, amma son 5 ildə Azərbaycan
informasiya müharibəsində Ermənistanı xeyli üstələyib.
Bunun əsas səbəbi təşkilatlanmış,
düşünülmüş strategiyadır.
Rufik İSMAYILOV
Kaspi.-2012.-14 mart.-S.3.