Fəxri ad və ev məsələsi… 

 

Əməkdar artist Novruz Qartal: «Əgər aktyor teatrdan gedərsə, bir aydan sonra dünyasını dəyişəcək. Aktyorun canı səhnədə çıxmalıdır...»

 

Musiqili Komediya Teatrının aktyoru, Əməkdar artist  Novruz Qartal 65 yaşını qeyd edib. Sənət dostlarının təbrikinə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də qoşularaq aktyoru  mükafatlandırıb.

Tamaşaçılar üçün “Toy kimindir”də Qoşun, “Durna”da Dursun, “Hicran”da Balaəmi, “Özümüz bilərik”də İbişov, “Milyonçunun dilənçi oğlu” komediyasında xidmətçi, “Sevindik qız axtarır”da tələbə, “Nənəmin şahlıq quşu”nda Qədim Qədimoviç, “Bankir adaxlı”da dilənçilər padşahı, “Əlin cibində olsun”da Dilənçi, “Aldın payını, çağır dayını” komediyasında Əhmədi Biqəm və s. obrazları ilə tamaşaçıların sevimlisinə çevrilən aktyor hələ qarşıda onu neçə-neçə obrazların gözlədiyini deyir.

 

Son zamanların diqqəti

 

- Bu günlərdə 65 yaşınız tamam olub. Səhnədə illərin tez keçdiyi hiss olunurmu?

- İllər heç özümün də xəbərim olmadan keçdi. Bu yaxınlarda teatrın direktoru gözlənilmədən kollektivi yığdı. Heç kəs bilmirdi ki, rəhbərlik onları niyə çağırıb. Rəhbərlik «Novruz müəllimin doğum gününü qeyd edirik» - deyə elan etdi. İnanın, özüm də heyrətdən donub qaldım. Yubileyim qeyd olundu, rəhbərlik çıxış etdi, adıma stol açıldı. Nazir müavini Ədalət Vəliyev də telefonla zəng edərək məni təbrik etdi. Bu, mənə bir qədər ürək-dirək verdi. Gərək aktyorun nazını çəkəsən. Bu fikirlər ulu öndərimizdən qalan yadigardır. O, həmişə deyirdi ki, gərək hər an aktyorun nazını çəkəsən. Aktyorun başında sığal olmalıdır. Son vaxtlar həm rəhbərlik, həm də nazirlik tərəfindən özümə qarşı bu diqqəti görürəm.

- Bəs əvvəllər necə olub?

- Mənim 50 və 60 illik yubileylərim də qeyd olunub. Mən həmişə sadə insan olmuşam. Gəncliyimdə də belə idim, indi də beləyəm. Ac və susuz olduğumu da heç vaxt heç kimə bildirmirəm. Mənim üçün səhnədə olmaq daha önəmlidir. Ümumiyyətlə, əgər aktyor teatrdan gedərsə, bir aydan sonra dünyasını dəyişəcək. Aktyorun canı səhnədə çıxmalıdır.

- Bu fikrə gəlməyiniz üçün sizə nə qədər vaxt lazım olub?

- 40 il... Mən 1971-ci ildə - institutda oxuduğum illərdə artıq teatrda işləyirdim. Elə həmin il hərbi xidmətə getmişəm və 1972-ci ildə Şəmsi Bədəlbəylinin dəvəti ilə yenidən teatra  qayıtmışam. Bu illər mənə tamaşaçı sevgisi qazandırıb.

- Başqa heç nə?

- Bu sevgini qazanmaq hər sənətkara nəsib olmur. Sevinirəm ki, canım sağdır, kollektiv arasında böyük hörmətim var, insanlar məni sevir. Bunları həyatda qazanmaq lazımdır. Aktyor olmaq asandır, ancaq gərək insan sənətkar olasan. Gənclərə də qayğı göstərəsən. Çünki biz məktəb görmüşük. Mən Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Münəvvər Kələntərli, Şəmsi Bədəlbəyli, Süleyman Ələsgərov kimi görkəmli sənətkarlarla ünsiyyətdə olmuşam, onlardan öyrənmişəm. Öyrəndiklərimi də bu gün gənclərə əsirgəmirəm. Çünki onlardan qayğı görmüşəm və mənim də borcumdur ki, həmin qayğını yetişən nəslə əsirgəməyim.

 

Sənətkarlarımızın yeri görünür

 

- Necə bilirsiniz, bu gün teatra gələn tamaşaçılar sadaladığınız həmin aktyorların sənət ocağında yaratdığı ab-havanı yenə də hiss edirlərmi?

- Bilirsinizmi, o dövr başqa idi, bu dövr isə tam başqadır. O illərdə tamaşaçılarla ünsiyyət daha çox idi. Tez-tez rayonlara qastrollara çıxırdıq. Azərbaycanın bütün bölgələrində, kolxoz və sovxoz işçiləri qarşısında, pambıq tarlalarında çıxışlar edirdik. Bu cür səfərlərimiz həftələrlə, aylarla davam edirdi. Tamaşaçılarla belə canlı ünsiyyət çox maraqlı idi. Bu gün isə həmin sistem dağılıb. Ancaq bizim dövlətimizin cəmi 20 yaşı var. İnanırıq ki, ölkənin inkişafı ilə bərabər teatr da inkişaf edəcək. Düzdür, indi də tamaşaçılarımız teatra gəlirlər. Hər bir tamaşaçının öz zövqü var. Elə tamaşaçı var, bayağı gülüşləri xoşlamır, əsl sənət görmək istəyir. Elə tamaşaçı da var ki, ən mənasız şeylərə gülür. Bu, təbii haldır. İnsanlar cürbəcürdür. Sadəcə, aktyor çalışmalıdır ki, obrazı düzgün oynasın. Əgər aktyor öz rolunu düzgün oynasa, gülüş də öz-özünə gələcək.

- İndicə dediniz ki, tamaşaçılar müxtəlifdir və hərənin öz zövqü var. Necə bilirsiniz, bizim tamaşaçılar nə istəyir? Məsələn, bildiyim qədər «Bu şəhərdə»nin konsertinə bilet tapılmır. «Muskomediya»ya niyə belə axın yoxdur?

- «Muskomediya» hər zaman tamaşa təqdim edir. Məsələn, «Hərənin öz ulduzu» tamaşası 1996-cı ildən oynanılır. Tamaşanı ən azı 400 dəfə oynamışıq. Yenə də tamaşaçı gəlir. Ancaq “Bu şəhərdə”də 10 gün səhnəyə çıxırlar və bir müddət otururlar. Onlar da hər gün tamaşa oynasalar, yəqin vəziyyət elə olar. Onlar həyatın nəbzini tutublar. Bundan əlavə, onların oynadıqları səhnəciklər dövlət teatrlarının səhnəsində oynanılmır. Bizdə isə tamaşadır, teatrdır. Onların öz pərəstişkarları, bizim də öz tamaşaçılarımız var.

- Sizcə səhnədə əvvəlki təbii gülüş qalıb? Məsələn, rəhmətlik Nəsibə xanım deyirdi ki, daha teatra getmirəm, o, mənim qoyub gəldiyim teatr deyil.

- Nəsibə xanım onu düz deyirdi. Sovetlər dövrü dağıldı, müstəqillik qazanıldı, torpaqlarımız işğal olundu, müharibədə analarımızın, bacılarımızın göz yaşı axdı. Ona görə teatra gələnlər olmadı. Nəsibə xanım da bunu nəzərdə tuturdu. Nəsibə xanım kimi sənətkarlar isə o dövrdə də, bu dövrdə də sevilir. Onun kimi aktrisalar dünyaya bir dəfə gəlir. Nəsibə xanım zirvəsinə çatmaq qeyri-mümkündür. İndi həmin sənətkarlarımızın yeri təbii ki, görünür. Ayın 22-də Lütfəli Abdullayevin doğum günüdür. Təklikdə oturanda onlar hamısı kino lenti kimi gözlərimin önündən keçir. Dahi olduqları qədər, sadəlikləri, mehribançılıqları, insanlara münasibətləri, gənclərlə davranışları yadıma düşür. Ancaq neyləmək olar? İnsanlar həyatda bir gün olduqları kimi, bir gün də yoxdurlar. Sənət isə daimidir. 

 

Hələ mənə deyən yoxdur ki...

 

- Siz səhnədə təkcə böyük aktyorlarla tərəf-müqabil olmamısınız, həm də tanınmış yazarların – Sabit Rəhmanın, Seyfəddin Dağlının, Əliağa Kürçaylının, Süleyman Ələsgərovun əsərlərində oynamısınız. Bəs bugünkü repertuarda yer alan əsərlər necə, sizi qane edirmi?

- Siz yaxşı xatırladınız, o vaxt elə yazarlarımız vardı. Təəssüf ki, bu gün elə yazarlar yoxdur. Bu gün bizim teatr üçün yazanlar yalnız Əli Əmirli, Marat Haqverdiyev, Tamara Vəliyevadır. Bunlardan başqa yazan yoxdur. Ona görə də biz daha çox klassik əsərləri repertuarımıza daxil edirik. Bu yaxınlarda teatr Qoqolun «Evlənmə» əsərini Bəhram Osmanovun quruluşunda tamaşaya qoydu. Tamaşa «Zirvə» mükafatına layiq görüldü. Bu, teatrımızın son illərdə qazandığı uğurlardan biridir. Baxmayaraq ki, teatrın binası təmirdədir, özümüz Dənizçilərin Mədəniyyət evində yerləşmişik, kollektiv can-başla işləyir. Hazırladığımız tamaşalar auditoriya tərəfindən yaxşı qəbul olunur. Üzeyir bəyin «Ər və arvad» tamaşası 1938-ci ildən bəri dövlət teatrlarında tamaşaya qoyulmamışdı. Biz bu tamaşanı yenidən səhnəyə gətirdik və böyük maraqla qarşılandı. Hazırda teatrın repertuarında daha bir klassik əsər – Mirzə Fətəli Axundzadənin «Mola İbrahimxəlil kimyagər» əsəri Bəhram Osmanovun, digər bir əsər isə gənc rejissor Əhəd Hacıyevin quruluşunda hazırlanır.

- Təəssüflənirsiniz ki, illər keçir, hələ oynamadığınız rollar var?

- Əlbəttə, oynamadığım rollar var. Amma şükür ki, hazırda iki rol üzərində çalışıram və gələcəkdə bunlar davam edəcək. Hələ qocalmamışam. Özümü 25 yaşında cavan kimi hiss edirəm. Aktyor sənəti rejissordan asılıdır. Rejissor onu hansı obrazda görürsə, onu da verir. Şəxsən mənim üçün rolun böyük-kiçikliyinin fərqi yoxdur. Hər birinə böyük obraz kimi yanaşmışam. Əsas odur ki, obrazı düzgün dərk edib tamaşaçıya çatdırasan. Əgər zalda mənim ünvanıma alqış səslənirsə, bil ki, o tamaşanı doğurdan da oynayırsan. Biz bunun üçün oynayırıq.

- Birdən bir gün dedilər ki, 65 yaşındasınız. Təqaüd yaşınız çatıb. Onda nə edərsiniz?

- Təbii ki, onda özümü pis hiss edərəm. Amma hələ ki, onu mənə deyən yoxdur. Nazir müavini mənə zəng edəndə «Sənin yaradıcılığın bu gündən başlayır. Sənə hələ borclarımız var. Hələ borcumuzu ödəməmişik» - dedi.

- Sizcə Ədalət müəllim hansı borcları nəzərdə tutur? İndiyə qədər layiq görülmədiyiniz Xalq artisti fəxri adını?

- Fəxri adı, ev məsələmi… Bilirsiniz ki, indiyə qədər evim yoxdur, kirayədə yaşayıram.

- Ev verilməsi ilə bağlı müraciət etmisiniz?

- Etmişəm, hələ ki, bir şey yoxdur. Yenə ümidimi itirmirəm. Mən öz işimi gənclikdə necə sevirdimsə, indi də elə sevirəm. Məni işə bağlayan maddiyyat deyil. Çünki bizim nəsil səhnə fədailəridir. Bizim üçün səhnəsiz dayanmaq mümkün deyil.

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.-2012.-15 mart.- S.9.