“Folklor İnstitutun ciddi struktur dəyişiklikləri
etdik”
İnstitutun direktoru Muxtar İmanov
işlərini müasir dövrün tələblərinə
uyğun qurmağa çalışdıqlarını deyir
Bir müddət əvvəl Milli Elmlər
Akademiyasının Folklor İnstitutunun yeni direktoru
seçilib. Bundan
sonra institutda görülən işlər və bu il nəzərdə tutulan planlar haqqında məlumat
almaq üçün suallarımızı institutun direktoru,
filologiya elmləri doktoru Muxtar İmanova ünvanladıq.
- Muxtar müəllim, direktor
seçildikdən sonra institutun işində hansı dəyişikliklər
və yeniliklər etmisiniz?
- Mən
direktor seçildikdən sonra ilk növbədə institutun
strukturunda dəyişikliklər edilməsini vacib hesab etdim. Çünki burada elə şöbələr var
idi ki, onların adında dəyişikliklər etmək
lazım idi. Bundan əlavə, yeni şöbələr
də yaratmağa ehtiyac yaranmışdı. Biz təkliflərimizi AMEA-nın Humanitar İctimai
Elmlər bölməsinə təqdim etdik və onlardan dəstək
aldıq. Rəyasət Heyəti də təkliflərimizi
dəstəklədi. Məsələn,
bizim institutda folklorun etnoqrafiya ilə əlaqəli şəkildə
öyrənilməsinə ehtiyac var idi. Bunu
əsas tutaraq institutumuzda yeni Mərasim folkloru şöbəsi
yaratdıq. Yeni şöbələrimizdən
biri də Müasir folklor şöbəsidir. Hesab etdik ki, belə bir şöbənin
yaradılması vacibdir. Çünki biri
var müasir folklor, biri də var yeni yaranan folklor. Məsələn, regionlarda yeni folklor nümunələri
yaranır. Buna misal olaraq konkret adamlarla
bağlı yaranan lətifələri qeyd edə bilərəm.
İnstitutumuzdakı Azərbaycan
folklorşünaslığı şöbəsinin
adını dəyişib Klassik folklor şöbəsi etdik.
Bundan əlavə, Folklor və yazılı ədəbiyyat
şöbəsi yaratdıq. Dünyanın
bütün mədəni ölkələrində folklor
materiallarının çap olunması arxiv
materiallarındakı şifrə və kodla verilir. Bu baxımdan folklor materiallarının toplanması
və sistemləşdirilməsi folklorşünaslığın
çox vacib problemlərindən biridir. İndiyə
qədər də bizim folklorşünaslarımız bu
problemlə çox ciddi şəkildə məşğul
olurdular. Amma institutumuzda yerin
darlığı ucbatından arxiv
adlandırdığımız şöbəmiz o qədər
də yararlı durumda deyil. Biz o bölmənin
adını dəyişib Folklor Fondu etdik. Özü də təkcə adını yox, mahiyyətini
də dəyişdik. Paralel olaraq orada olan
materialları sistemləşdirdik, şifrə və kod
verdik. Folklor nümunələrimizi də
bu şifrə və kodlar əsasında nəşr etməyi
nəzərdə tuturuq. Belə olanda nəşrlər
daha ciddi qəbul edilir. Bu baxımdan
institutumuzun Folklor Fondunun yenidən qurulmasını vacib
işlərdən biri hesab edirik. Bu işə
uyğun olaraq biz yeni bir şöbə də yaratdıq –
Folklorun toplanması və sistemləşdirilməsi
şöbəsi.
- Bəs il ərzində
hansı işlər görməyi nəzərdə tutursunuz?
- Görəcəyimiz
işlər institutumuzun indiyədək gördüyü
işlərin davamıdır. Biz indiyədək
institutumuzda folklor materiallarının toplanması, sistemləşdirilməsi
və tədqiqi ilə məşğul olmuşuq. Bu istiqamətdəki işlərimizi yenidən qurmaq
niyyətindəyik. İşlərimizi
müasir dövrün folklorşünaslıq tələblərinə
uyğun qurmağa çalışırıq.
Bir müddət öncə akademiya rəhbərliyində
müzakirələr apararaq təklif irəli sürdük ki,
folklor materiallarının yenidən toplanmasına çox
böyük ehtiyac var. Rəhbərliyin
razılığıyla biz bu işə kifayət qədər
vəsait ayrıldı. Artıq bu vəsaitin hesabına yeni
işlərə başlamışıq. İnstitutumuzun
xətti ilə ayrı-ayrı bölgələrə folklor
materiallarının toplanması məqsədilə ezamiyyələr
təşkil olunub. Bizim əməkdaşlarımız
hazırda müəyyən bölgələrdə bu işlərlə
məşğuldurlar. Ezamiyyələri elə bölgələrə
salırıq ki, oraya indiyədək folklorşünaslar ya
ümumiyyətlə getməyiblər, ya da çox az gediblər. Məsələn,
Qarabağın bəzi bölgələrinə indiyədək
heç bir folklor ekspedisiyası göndərilməyib. Biz ilk növbədə həmin bölgələri
diqqətə alırıq. Bir neçə
nəfərdən ibarət ezamiyyə qrupumuz Qarabağ
bölgəsinin müxtəlif rayonlarında folklor
materiallarını toplamağı nəzərdə tutublar.
Nəzərdə tuturuq ki, həm bu bölgədə,
həm də digər bölgələrimizdə, hətta,
Borçalıda Novruz mərasimlərini araşdıraq.
Bu mərasimlərin həm lentə
alınması, həm də digər materialların
toplanması nəzərdə tutulur. Sonradan
bu materiallar sistemləşdiriləcək. Bizim əsas istiqamətlərimizdən biri də
folklorun elmi əsaslarla araşdırılmasıdır.
- Söhbətimiz Novruz
bayramı ərəfəsinə təsadüf edir. Bu bayramın araşdırılması ilə
bağlı hansı işlər görülür?
- Bu
günlərdə biz Novruzla əlaqədar elmi sessiya
keçirdik. Çünki Novruzla bağlı bəzi
mübahisəli məsələlər var. Məsələn,
çərşənbələrin düzülüşündə,
adlandırılmasında müəyyən fərqlər hiss
olunur. Ümumi fikir belə oldu ki, Novruz
Bayramı da folklor nümunəsi olduğundan onun
çoxvariantlılığı mümkündür. Folklorun mədəniyyət hadisəsi olaraq təməl
prinsiplərindən biri çoxvariantlılıqdır.
Folklor yazılı ədəbiyyatdan əsasən
buna görə fərqlənir. Konfransda
çərşənbələrin adlarının
düzülüşü ilə bağlı vahid bir sistemin
olmasının mümkünsüzlüyü
vurğulandı. Bölgələrdəki
vəziyyəti araşdırdıqda görəcəyik ki, bəzi
yerlərdə çərşənbələri bizim təqdim
etdiyimiz ardıcıllıqla keçirmirlər. Məsələn,
Naxçıvan, Qarabağ, Azərbaycanın digər bölgələrində
birinci, ikinci, üçüncü və axır çərşənbə
var. Naxçıvanın bəzi bölgələrində və
bəzi Qarabağ kəndlərində, azərbaycanlıların
çoxluq təşkil etdiyi Türkiyənin Qars vilayətində
çərşənbələrə istilik mənasında cəmrə
deyirlər. Cənubi Azərbaycanda isə
soydaşlarımız farslarla çiyin-yiçinə
yaşayırlar. Oradakı folklorumuza fars
mədəniyyətinin də müəyyən təsiri ola
bilər. Məsələn, orada elə bölgələr
var 5, elələri də var 3 çərşənbə qeyd
edirlər.
- Bu il institutun xətti
ilə digər konfranslar nəzərdə tutulurmu?
- Bu il biz xüsusi Dədə Qorqud sessiyası
keçirməyi planlaşdırırıq. Hər il aprel ayında bu sessiya keçirilir. Amma bu il sessiyanı daha böyük auditoriyada
keçirmək niyyətindəyik. Biz bu
sessiyanı qorqudşünaslığın 200 illik yubileyinə
həsr etmək istəyirik. Keçirmək
istədiyimiz digər tədbir «Folklorumuz və tariximiz»
adlı konfransdır. Bu konfransı Tarix
İnstitutu ilə birgə keçirəcəyik.
- İnstitutunuzun Elmin
İnkişafı Fondunun xətti ilə həyata
keçirdiyi layihə varmı?
- Hələlik
bizim institut fondla birgə heç bir layihə icra etməyib.
Biz hazırda fonda təqdim etmək
üçün bir neçə layihə üzərində
işləyirik. Onların məzmunu barədə
hələlik geniş danışmaq istəməzdim. Yalnız təqdim etməyə hazırlaşdığımız
bir layihə barədə danışmaq istərdim. Biz nəzərdə tuturuq ki, Azərbaycanın
folklor xalq mədəniyyəti təkcə Azərbaycan
türklərinin yox, həm də ölkədə yaşayan
azsaylı xalqların mədəniyyətini əks etdirir.
Bu baxımdan ehtiyac var ki, biz ölkəmizdə
yaşayan azsaylı xalqların folklorunu da öyrənək.
Biz bu ehtiyacı nəzərə alaraq yeni
strukturumuzda azsaylı xalqların folkloru bölməsi
yaratmışıq. Bölmə 3-4 nəfər
əməkdaşı ilə artıq fəaliyyətdədir.
Bu yaxınlarda bölmənin əməkdaşlarından
biri Zaqatalada olaraq çox gözəl folklor nümunələri
toplayıb gətirib. İndi istəyirik ki, fonda azsaylı xalqların folklorunun öyrənilməsi
ilə bağlı layihə təqdim edək. Bunun
üçün fondun yeni müsabiqə elan etməsini
gözləyirik. Əgər bu məqsədlə
fonddan maliyyə dəstəyi ala bilsək çox
yaxşı olacaq. Bu gün ehtiyac var ki,
Xınalıq kimi unikal bir kəndə ezamiyyələr təşkil
edilsin. Bu kəndin etnoqrafiyasının hərtərəfli
öyrənilməsinə, dilinə baş vurulmasına
ehtiyac var. Axıska türklərinin folklorunun
araşdırılmasına da ehtiyac duyuruq. Bu il bununla bağlı bir kitab çap edəcəyik.
İmkan olsa, onların yaşadığı
yerlərə yeni elmi ekspedisiyalar da göndərmək olar.
Eyni zamanda udinlərin, talışların, ləzgilərin
və başqa azsaylı xalqların folklorunun öyrənilməsinə
ehtiyac var.
- Bu yaxınlarda Bakıda
Koroğlunun yeni heykəli açıldı. Babəkin
də heykəlinin qoyulması ilə bağlı müzakirələr
gedir.
-
Koroğlunun heykəlinin qoyulması çox böyük əhəmiyyətə
malik mədəniyyət hadisəsidir. Bu xalq qəhrəmanının
heykəlinin qoyulmasına çox böyük ehtiyac var idi.
Gələcəkdə Babəkin də heykəlinin
qoyulması çox yaxşı olardı. Bu addımlar folklorun öyrənilməsinə yeni
bir rəvac verir. Bu sahədə tədqiqat
aparanlar biləndə ki, onların müraciət etdiyi predmetlər
bu dərəcədə qiymətləndirilir, daha
böyük coşqu ilə işləyir. Koroğlu həm qəhrəmandır, həm də
sənətkardır. Onun bir əlində
saz, bir əlində qılınc var.
- Amma həm Babək, həm də
Koroğlu ilə bağlı fikirlər birmənalı deyil. Bəziləri onların qəhrəman kimi təqdim
olunmasının əleyhinə çıxırlar.
- Necə
düşünülməsindən asılı olmayaraq fakt
faktlığında qalır. Koroğlu
böyük bir eposun qəhrəmanıdır. Yeri gəlmişkən, bizim Elmin İnkişafı
Fonduna təqdim etmək istədiyimiz ikinci layihə Koroğlu
ilə əlaqədardır. Koroğlu
yalnız Azərbaycan eposu deyil. O, təxminən 15-ə
yaxın türk xalqının qəhrəmanıdır. O,
haradasa ümumtürk folklorunun qəhrəmanıdır. Belə düşünəndə onun bizim həyatımızda,
mənəviyyatımızda çox böyük önəmli
rolu var. O, həm də tarixi şəxsiyyətdir.
- İşğal olunmuş ərazilərdə
yaşayanların folklor nümunələrinin öyrənilməsi
istiqamətində işlər necə qurulur? Bu istiqamətdə qurulan işlər necə
və hansı formatda aparılır?
- Bu işlə bizim yeni yaratdığımız Müasir folklor şöbəsi məşğul olur. Şöbənin əməkdaşları işğal olunmuş ərazilərdən qaçqın düşmüş şəxslərin arasında olub folklor nümunələrini toplayıblar. Bu il bizim doktoranturaya qəbul olunan doktorantlardan birinə Kəlbəcər folklor nümunələri ilə bağlı araşdırma mövzusu vermişik. Bu doktorantımız əslən kəlbəcərlidir, kəlbəcərli qaçqınların arasında yaşayır. O, Kəlbəcər folklor nümunələrini toplayacaq, sistemləşdirəcək və araşdıracaq. Artıq indidən fəaliyyətə başlayıb.
İlham
QULİYEV
Kaspi.-2012.-15 mart.- S.6.