Məktəblərdə
“Gender siyasətinin əsasları” tədris
olunacaq
Ekspertlər hesab edir ki, bu fənninin
ali məktəblərdə tətbiq edilməsi effekt verə
bilər
Son
illərdə Azərbaycan təhsilində bir neçə
yenilik tətbiq olunub. Bunlara bəzi layihələri, həmçinin
tədris proqramlarına əlavə olunan yeni dərslərin
keçirilməsini və s. göstərmək olar. Təhsil
sistemində nəzərdə tutulan yeniliklərdən biri də
ali, orta-ixtisas və ümumi təhsil müəssisələrində
“Gender siyasətinin əsasları”nın tədris
olunmasıdır. Bütün bunlar artıq Nazirlər
Kabineti, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası və Azərbaycan Sahibkarlar Təşkilatları
Milli Konfederasiyası arasında imzalanmış 2012-2013-cü
illər üçün Baş Kollektiv sazişdə nəzərdə
tutulur. Sazişin “Sosial müdafiənin gücləndirilməsi
istiqamətləri” hissəsində bildirilir ki, ali, orta-ixtisas,
ilk peşə-ixtisas və ümumi təhsil müəssisələrinin
proqramlarına “Gender siyasətinin əsasları”nın tədrisi
daxil ediləcək.
Bu
barədə mövcud təfərrüatları öyrənmək
üçün Təhsil Nazirliyinin aidiyyəti bölmələri
ilə əlaqə saxlamağa çalışdıq. Nazirliyin
mətbuat xidmətindən ümumiyyətlə cavab verən
olmadı. Ali və Orta ixtisas Təhsili şöbəsinin
baş məsləhətçisi Ənvər İmanov isə
bildirdi ki, bu məsələlərlə keçmiş nazir
müavini İradə Hüseynova məşğul olurdu. Amma,
o da bir müddət öncə tutduğu vəzifədən
azad edilib. Ənvər müəllim bizə kömək məqsədilə
məsələ ilə əlaqədar nazirliyin bir neçə
şöbəsi ilə əlaqə saxlasa da “xəbərim
var” deyən olmadı. Daha sonra Təhsil Nazirliyinin ümumtəhsil
və məktəbəqədər təhsil şöbəsinin
müdiri Aydın Əhmədovla əlaqə saxlamağa
çalışdıq. Telefona cavab verən xanım onun
günortadan sonra olacağını bildirdi. Səbr edib
günortadan sonra da bir neçə dəfə əlaqə
saxladıq, aldığımız cavab isə bu oldu:
“Aydın müəllim hələ gəlməyib”.
Nazirlikdən
rəsmi cavab ala bilmədiyimizi gördükdə, Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin sektor
müdiri Zəminə Əliqızı ilə əlaqə
saxladıq. O isə məlumatı nazirlikdən
almağımızı məsləhət gördü. Səbəbini
bununla əsaslandırdı ki, “Bəlkə gender siyasətinin
əsasları bütün respublikadakı ümumtəhsil məktəblərində
tətbiq olunacaq! Ona görə, bu barədə bir şey deyə
bilmirəm”.
Ali,
orta-ixtisas və ümumtəhsil orta məktəblərdə
“Gender siyasətinin əsasları”nın tədris
olunmasına təhsil məsələləri üzrə
ekspert Etibar Əliyevin münasibətini aldıq. O hesab edir
ki, bu tədrisin orta məktəblərdə nəzərdə
tutulması bir qədər ziddiyyətli məsələdir:
“Çünki, orta məktəbin proqramı, tədris
planı həddindən artıq
yüklənib. Ona görə də, bu, o qədər də
əhəmiyyət daşımayan bir fənn kimi fəaliyyət
göstərə bilər. “Gender siyasətinin əsasları”nın
tətbiqi əsasən ali məktəblərdə müəyyən
effekt verə bilər. Bu da pedaqoji ixtisaslarda, Bakı Dövlət
Universitetində, Pedaqoji Universitetdə, Müəllimlər
İnstitutunda və.s tətbiq olunsa müəyyən nəticələr
əldə etmək olar. Bir məsələ də var ki,
burada hansı təcrübədən istifadə olunacaq?! Ola
bilsin ki, hansısa Avropa ölkəsində belə bir fənn
tədris olunur, həm də müəyyən dərəcədə
əhəmiyyəti var”.
E.Əliyev
vurğuladı ki, gender anlayışı Azərbaycanda
ictimai-siyasi həyatda bir o qədər də rol oynamır: “Yəni,
bu prinsip bizim cəmiyyətdə ciddi şəkildə
pozulmur. Məsələn, parlamentdə, tələbə
kontingentinin tərkibində və s. Bu gün təkcə
müəllim kontingentinin tərkibində gender prinsipi pozulub,
yəni orta məktəb müəllimlərinin təxminən
85%-i qadınlardır. Bunlar da təbii proses nəticəsində
yaranıb. Yəni, əmək haqqı zəif olduğundan,
kişi cinsindən olan müəllimlər məktəbi tərk
edirlər. Amma ola bilər ki, gələcəkdə müəllim
peşəsinə maraq artsın və bu balans düzəlsin.
Bütün hallarda deyə bilərəm ki, bu cür fənn
yalnız ali məktəblərdə tətbiq olunarsa, effekt əldə
etmək olar. Ona görə ki, bu fənnin şagirdlər
üçün əhəmiyyət kəsb etməsini
düşünmürəm. Bu günə qədər təhlil
etdiyim bir çox ölkələrin tədris planında da
gender siyasəti adlı fənnin tədrisinə rast gəlməmişəm”.
Qeyd
edək ki, təhsil sahəsində nəzərdə tutulan
yeniliklər təkcə bununla bitmir. Təhsil Nazirliyinin mətbuat
xidmətindən mətbuata açıqlanan məlumata
görə, Bakı şəhərində və
ayrı-ayrı bölgələrdə fəaliyyət
göstərən ali təhsil
müəssisələrinin nəzdində istedadlı
şagirdlər üçün ümumi təhsil müəssisələri
yaradılacaq. Bu iş il ərzində ali təhsil müəssisələri
ilə birgə aparılacaq. Bununla yanaşı, lisey və
gimnaziyaların təmayülləri nəzərə
alınmaqla, müvafiq ali məktəblərə təhkim edilməsi
məsələlərinə baxılması və bununla
bağlı təkliflərin hazırlanması nəzərdə
tutulur. Lisey və gimnaziyanın fəaliyyət göstərmədiyi
şəhər və rayonlarda isə bu tipli təhsil müəssisələrinin
yaradılması planlaşdırılır. Həmin bölgələrdə
yeni lisey siniflərinin açılması da nəzərdə
tutulan tədbirlərdəndir. Nazirliyin məlumatında qeyd
olunub ki, Azərbaycan ümumi təhsil müəssisələrində
riyaziyyat-texniki və təbiət fənləri, eləcə
də bədii və texniki, yaradıcılıq, incəsənət,
idman sahələri üzrə təhsil alan istedadlı
şagirdlərin siyahısı hazırlanacaq.
Elgün Mənsimov
Kaspi.-2012.-15 mart.- S.8.