“Bir də doğulsaydım...” 

 

Xalq artisti Bəsti Cəfərova: «Xanuma obrazını götürəndə rejissora dedim ki, onu adi bir qadın kimi - özüm kimi görürəm. Rejissor da mənimlə razılaşdı»

 

Xalq artisti Bəsti Cəfərovadan müsahibə götürmək ideyası baş redaktorumuzdan gəldi. Səhər iclasında dedi ki, “Xanuma”da  çox gözəl oynayır. Dilindən düşməyən obrazla bağlı 2-3 sualı isə aktrisa ilə görüşümdə maraqlı başlanğıc oldu.

 

Pis oynayan vaxtım deyil

 

- Siz «Xanuma»da bir qadının həm xoşbəxtliyini, həm də bədbəxtliyini bütün çalarları ilə canlandırdınız. Buna necə nail oldunuz?

- Bu, mənim peşəmdir. Hər bir rolun yaxşı və pis tərəfi var. Əgər komediyadırsa, onun gülməli və qəmli tərəfləri də var. Necə ki, insanın həyatında qəm və kədər, ağ və qara zolaqlar bir-birini əvəz edir, rollar da elədir. İnsanın xoşbəxtliyi anbaan olur. Xanuma həyatda bəxti gətirməyən bir qadındır. Aradüzəldən olsa da, sənətində çox bacarıqlıdır. İşlərində istedadlı olan insanlar isə çox vaxt öz şəxsi həyatlarında bir qədər uduzan kimi olurlar. Biz bu faktlarla həyatda da rastlaşırıq. Mən bu obrazı götürəndə rejissora dedim ki, onu adi bir qadın kimi - özüm kimi görürəm. Rejissor da mənimlə razılaşdı. Və mən gördüyüm, duyduğum rolu oynadım.

- Səhnədəki tərəf-müqabiliniz: «Xanuma, siz əsl artistsiniz ki» deyəndə «Mənim yaxşı artist olduğumu hamı bilir, bunu İsrafil müəllimə de» - cavabını verdiniz.  Bu mesajın anlamı nədir?

- İsrafil müəllim «Azdrama»ya təzə rəhbər təyin olunan vaxtlarda hamıya bir qədər tənqidlə yanaşırdı. Bunu özümə görə deməmişəm. Mən teatrda 34 il çalışan və sözünü deyən aktrisayam. Kifayət qədər rollar oynamışam. İsrafil müəllim təzə gələndə aktyorlara elə gəlirdi ki, o, hamını işdən çıxarmaq istəyir. Bu cür söz-söhbətlər yayılmışdı. Mənimlə bağlı «52 yaş» söhbəti də olmuşdu. «52 yaşlı aktrisadır, amma 18 yaşlı qız rolunu oynamaq istəyir» - deyə mənim haqqımda səslənmişdi. Mən çox gözəl rollar oynamışam, bu gün də oynayıram. Heç vaxt yaşımdan kiçik rolları oynamağa cəhd də etməmişəm. Həmin sözlər də mesaj deyildi. Biz həmin səhnəni məşq prosesində oynadıq, sonra tərəf-müqabillərimin məsləhəti ilə tamaşa zamanı da saxladıq. Bu, İsrafil müəllimin çox xoşuna gəldi, hətta, əl də çaldı...

- Xanumanı obrazlar qalereyanızda zirvə hesab etmək olarmı?

- Əgər mən hansısa rolu zirvə hesab etsəm, onda gərək səhnədən uzaqlaşam. Bu sənətin zirvəsi yoxdur. Rollar da insanlar kimidir. Onların da gətirən və gətirməyən taleləri olur. Mənə elə gəlir ki, bu tamaşa da, ifam da kifayət qədər yaxşı alındı. Mənim artıq pis oynayan vaxtım da deyil. İndiyə qədər səkkiz tamaşa oynanılıb. Sözün düzü, hansı məclisdə oluramsa, hiss edirəm ki, ətrafımdakıların hamısı bu tamaşaya baxıb.

 

Yaşlıların təcrübəsi

 

- Sizin teatrda da “təqaüd” prosesi yaşandı. Bəzi aktyorlar teatrdan uzaqlaşdı...

- Yox, bizdə o proses yaşanmadı. Bu, Gənc Tamaşaçılar Teatrında baş verdi. Bizim teatrın aktyorlarını - Xalq artistləri Rafiq Əzimovu, Rafael Dadaşovu da direktor yanına çağıraraq dedi ki, 65 yaşına çatan aktyorların təqaüdə göndərilməsi ilə bağlı qərar var, ancaq bu, mənim aktyorlarıma aid deyil. Çünki bizim teatr Akademik Milli Dram Teatrıdır. Tutaq ki, biz 65 yaşdan yuxarı aktyorları yola saldıq. Axı onların təcrübəsi bizə lazımdır. Teatrlarımıza istedadlı gənclər gəlir. Bəzən onların arasında yaramayanlar da olur. Ancaq yaxşıları çoxluq təşkil edir. Bununla belə, onlar yaşlı aktyorların yerini verə bilməzlər. Təcrübə yığmaq üçün onlara illər lazımdır. Siz yəqin ki, Zərnigar Atakişiyevanın və Kubrabəyim Əliyevanı nəzərdə tutursunuz.

- Elə onları nəzərdə tuturam.

- Onlar özləri getdilər... Bu sözləri də kimisə müdafiə etmək üçün demirəm, çünki mən hər bir direktorun dövründə gözəl obrazlar oynayan aktrisayam. Heç kəsdən asılı işim də yoxdur.

- Dilinizdən bir neçə dəfə “köhnə repertuarımdan doymadım” sözlərini eşitmişəm.

- İsrafil müəllim gələndən sonra köhnə repertuarımı təzələmək fikri ilə təzə repertuar qurduq. Təmirdən əvvəlki teatrın repertuarında çoxlu rollarım vardı ki, onları oynamaqdan doymadım. Hazırda isə məşq etdiyim tamaşalar var. Bir neçə klassik əsərdə nəzərdə tutulmuşam. Elə rollar da var ki, təklif olunub, amma hələ fikirləşirəm. Mən işləyəndə rejissoruma ürəkdən inanıram. Eyni dərəcədə mənimlə tamaşada tərəf-müqabil olan aktyorlara sevgi ilə yanaşıram. Əgər bu səmimiyyət olmasa, həmin mühitdə nəsə yaratmaq mümkün deyil. Aktyor öz daxilini gərək təmiz saxlasın ki, lazım gələndə ürəkdən ağlayıb, gülməyi bacarsın. Axı bizim materialımız hisslərimizdir, özümüzük. Öz aramızda bu təmiz münasibəti qorumasaq, biz heç cür oynaya bilmərik.

- Doymadığınız rollar deyəndə hansıları nəzərdə tutursunuz? «Hökmdar və Qızı»ndakı Ağabəyim ağanı?

- Yox, yox... Mən bu obrazı 14 il oynadım. Ağabəyim ağanı İlyas Əfəndiyev məhz mənim üçün yazmışdı. Ancaq mən Natəvan rolunu nəzərdə tuturam. 2005-ci ildə bu əsər tamaşaya qoyuldu. Teatrın təmirinə qədər oynanıldı. Mən o tamaşadan doymadım. Eləcə də «Afət» tamaşasından doymadım. Bu tamaşanı heç 50 dəfə oynamadım. Həmçinin «Müsyo Jordan və Dərviş Məstəli şah» komediyasında Şəhrəbanı xanımı oynadım. Teatrın təmirindən sonra nədənsə bu tamaşanı da repertuara qaytarmadılar. Bu rolları məmnuniyyətlə oynayardım.

- Bir az öncə dediniz ki, çox vaxt karyeralarında bacarıqlı olan qadınlar şəxsi həyatlarında o qədər də uğurlu ola bilmirlər. Bu baxımdan obrazlarınızdan həyatınıza sirayət edən nədir?

- Təbii ki, oxşarlıq da var, fərqlilik də. Çünki mənim oynadığım rolların hamısı ağır həyatı olan qadınlardır. Mənim həyatım da o qədər asan deyil, müəyyən çətinliklərim var. Ancaq oynadığım obrazlar qədər qara deyil. Təbii ki, mənim də həyatımda itkilər olur, ancaq obrazlarımdakı faciələr daha böyükdür. Allah onları mənə yaşatmasın!

 

Məni sevməyən insanlar

 

- “Əgər yenidən dünyaya gəlsəydim aktrisa olmazdım”. Bu fikrinizdə qalırsınız?

- Qalıram... Bu, çox çətin yoldur. Mənim yaradıcı həyatımda gözəl insanlar olub. İlyas Əfəndiyev kimi görkəmli dramaturq və gözəl insan mənim həyatımda önəmli yer tutur. Yaradıcılığımda nəyisə götür-qoy edəndə yenə də onun prizmasından baxıram: «Görəsən o, buna necə baxardı» - deyə düşünürəm. Vaqif İbrahimovun, Ağakişi Kazımovun, Mərahim Fərzəlibəyovun da yaradıcılığımda rolları olub. Mənə qadağa qoyulanda təkcə Mərahim müəllim mənə rollar verirdi. Bunlar həyatımın müsbət insanları olub. Ancaq həyatımda mənə düşmən mövqeyi ilə yanaşan insanlar daha çoxdur. Bilirsinizmi, bu sənət çox gözəldir. Mən ikili fikir danışmıram. Ancaq hərdən deyirəm ki, nə yaxşı ki, biz 37-ci ilin repressiya dövründə yaşamırıq. Mənə elə gəlir ki, onda mən sağ qalmazdım. Çünki ətrafımda o dərəcədə məni sevməyən insanlar var ki... Mən onlara heç nə eləməmişəm, ancaq düşmən elə bil öz-özündən yaranıb. Mən heç kimin yerini tutmamışam, heç kimin rolunu əlindən almamışam. Qadınları qoyaq bir kənara. Tutaq ki, qadınlardan kimsə mənim oynadığım rolları oynaya bilməyəndə içində hansısa bir paxıllıq yarana bilər, ancaq həm aktyor olan, həm aktyor olmayan kişilərin mənimlə düşmənçiliyi... Onları görəndə öz-özümə deyirəm ki, görəsən, mən bunlara neyləmişəm? Bu dünyaya bir dəfə gəlirik. Niyə ətrafımız belə olmalıdır? Məhz buna görə də aktyorlar həmişə «İstəmirəm ki, övladım aktyor olsun» - deyirlər. Mən də istəmirəm ki, qızım bu sənəti seçsin. Elə bil ki, bir blokadaya düşmüsən – ətrafında daima düşmənlər var. İnsan özünü nə qədər gərgin hiss edə bilər? Ona görə istəyirəm ki, mənim qızım adi insan həyatı yaşasın. Düzdür, bu cür münasibətlərə başqa sahələrdə də rast gəlinir, ancaq bizdəki qədər deyil. Bizdəki qədər düşmənçilik, bizdəki qədər gözügötürməzlik heç yerdə yoxdur. O nöqteyi-nəzərdən deyirəm ki, bir də doğulsaydım və bilsəydim ki, bu sənətdə belə şeylər var, heç vaxt bu sənəti seçməzdim.

- Rusiyanın tanınmış aktrisası Lyudmila Qurçenko müsahibələrinin birində «Xoşbəxt aktrisa kimdir sualına «Əgər aktrisa səhnədədirsə, gözəl rolları varsa, onu ayaq üstə alqışlayırlarsa, hamı onu sevirsə, o, xoşbəxtdir. O, xoşbəxt anları hər gün yaşayır. Daha heç onun qadın xoşbəxtliyindən danışmağa ehtiyac da yoxdur» - deyə cavab verib. Analoji sualın cavabında siz nə deyərdiniz?

- Əgər Qurçenko həyatında səhnədən başqa heç nəyi görməyibsə, bu, onun böyüklüyü olub. Olsun ki, Rusiyanın incəsənət, teatr, kino mühiti tamam başqadır. Rusiyada istedadlı insana «istedadlı» deməyə qorxmurlar. İstər yaşlı olsun, istərsə də gənc - onunla qürrələnirlər. Bizdə isə istedadlı insanı başından vuraraq yox etməyə çalışırlar. Düzdür, mən sənətimi sevirəm. İstər komediya, istərsə də faciə oynayanda bəyəm mən oynadığımdan həzz almıram? Əgər mən ləzzət almasam, təbii ki, siz də mənim oyunumdan ləzzət almazsınız. Mən də səhnədə xoşbəxtəm. Ancaq səhnədən kənara keçəndə, ətrafımda baş verənləri görəndə «mən yalnız səhnə ilə yaşayıram» sözlərini necə deyə bilərəm? Tutaq ki, «Xanuma» tamaşası ilə 3 saat yarım yaşayıram. Amma ondan sonra mənim həyatım var axı. Həqiqi həyatım var. Səhnədəki həyatım mənim təxəyyülümün, mühitimin məhsuludur. Amma həmişə illüziyanın içində yaşamaq olmur, real həyat da var. Ona görə deyirəm ki, səhnədə uğur qazananlar çox vaxt həyatda uğur qazana bilmirlər. Elə Qurçenkonun həyatını götürək...

Mənim bədbin olmağa ixtiyarım yoxdur. Mənim övladım var, onu böyüdürəm. Buna görə Allahımdan razıyam. Özümü həm teatra, həm də övladıma sərf edirəm. Bunlar olmasaydı, bilməzdim ki, həyatımın necə olacaq. Ancaq bilmirəm ki, həyatda tam xoşbəxt olan varmı? Bəlkə ən milyonçu adam da bu suala cavab verməyə çətinlik çəkər. Çünki tam xoşbəxt olmaq mümkün deyil. Ona görə, çalışıb azımızdan da ləzzət almağı bacaraq. Əgər mən «Xanuma» tamaşası ilə sizə stimul vermişəmsə, sizi mənim haqqımda düşünməyə vadar eləmişəmsə, nə xoş mənə! Bu mənim xoşbəxtlik anımdır. 

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.-2012.-16 mart.- S.9.