“Müasir incəsənətə sakit yanaşmaq lazımdır” 

 

Tahir Salahov: «Keçən yayda bağda olarkən «Abşeronun səhəri»ni – parlaq və qızılı günəşli səhərini çəkmək istədim»

 

Azərbaycanın və Rusiyanın Xalq rəssamı Tahir Salahovun qızı Aydan Salahova öz qalereyasında atasının 83 yaşını sərgi ilə qeyd edib. “Nezavisimaya qazeta”nın müxbirinə Tahir Salahovla söhbətləşmək üçün xüsusi bəhanə lazım olmayıb. O, Tahir Salahovla Mıstislav Rostropoviç, Robert Rauşenberq, dövlət sifarişi, müasir incəsənətə və həyat çətinliklərinə münasibət öyrənib.

 

Yol dəyişir

 

- Sizin «Sərt üslub»un öz qəhrəmanı – cəsur əmək qəhrəmanı vardı. İndiki zamanda qəhrəman lazımdırmı? Məsələn, filmdə belə sifarişlər olur.

- Sovet dövründə əmək, fəhlə mövzusu vardı. Buradan da qəhrəmanlar yaranırdı. Bu gün isə mövzu üçün sərhəd yoxdur. 60-cı illərin sərtliyi həyatımızdan gedib. O zaman bizə realizm həqiqəti vacib idi. Zaman ağır idi. Stalin dövründən sonrakı epoxanın hücumları və yenidən mülayim hava... Bəzən düşünürəm ki, bu hücumlar əslində rəssamlara qarşı 1962-ci ildə başlandı. Bütün şair və yazıçılar bunları öz üzərinə götürdülər. Bu, başlanğıc idi. 1990-cı ildə hamı zamanla hərəkət etməyə başladı. Burada isə meyllər yarandı. Amma 60-cı illərin rəssamları sağ idilər. Məsələn, Nikonov. Söhbət onun Arenadakı “Geoloqlar” əsəri haqqında idi.

- Hansı ki, siz onu xilas etdiniz.

- Şəkili götürdüm və onu məhv olmağa qoymadım. Onu Rus Muzeyi almaq istəyirdi. Amma mən vermədim və xahiş etdim ki, Tretyakov qalereyası şəkli alsın və istəyirdim ki, bu əsər orada saxlanılsın. Əvvəla, Nikonov Moskva rəssamı idi. İkincisi, Moskva Rəssamlar İttifaqının 30 illik tarixi var idi. Mən bu işə bütün ömrümü daşımışdım və dostlarım da mənə kömək etmişdilər. MK-nın ikinci katibi Yelistratov əsəri özündə saxladı və Saranska gələndə də özü ilə apardı. O, incəsənəti başa düşürdü və çox kömək edirdi. Sonra onu vəzifəsindən kənarlaşdırdılar. O da 8 il Əfqanıstanda işlədi. Beləcə Tretyakov muzeyi əsəri alanda mən Nikonovdan xahiş etdim ki, pulu Yelistratovla bölsün. Çünki onun ehtiyacı var idi.

- Sizin 2000-ci illərdəki işləriniz çox fərqlənir. «Sərt üslub»dan sonrakı dövrlər yaradıcılığınızda daha dekorativdir. Yeni zamanın yeni dili və rəngi var?

- Həyat hərəkətdədir. Yol dəyişir. Bu, bir tərəfdən daxili vəziyyətdən asılıdır və insan sadəcə qarşısına müxtəlif vəzifələr qoyur. Məsələn, «Abşeron qadınları» əsəri qəhrəmancasına çalışan, ərləri balıqçı və neftçi olan qadınların həyatı haqqındadır. Əslində bu, faciəli mövzudur. Xəzərdə fırtına olanda, burulğanlar baş verəndə bu, insanlara narahatlıq gətirir. Onlar səbirsizliklə fırtınanın sakitləşməsini gözləyirlər, intizarla dənizə boylanırlar... Keçən yayda isə bağda olarkən «Abşeronun səhəri»ni – parlaq və qızılı günəşli səhərini çəkmək istədim.

 

Ağır günlərin izi

 

- Siz çox şeylərə nail olmusunuz. Amma aydındır ki, həyatda özünüzə pis anketlə  yol açmaq çətin olub.

- Mən Leninqradda Repin adına instituta qəbul imtahanlarını pis vermədim. Ancaq daxil ola bilmədim. Çünki tərcümeyi-halımda olduğu kimi yazmışdım ki, atam həbs olunub və repressiyaya məruz qalıb. Yadımdadır, mən çox kədərləndim. İnstitutdan çıxarkən kimsə mənə dedi ki, sabah Muxin adına məktəbdə imtahandır və iki vakant yer var. Orada təhsil 8 il idi. Müsabiqədə isə cəmi 40 nəfər iştirak edirdi. Özümü sınamaq qərarına gəldim. Mənim anketimin rektor üçün əhəmiyyəti yox idi. Mən həmin məktəbdə bir il oxudum, sonra isə səhhətimlə əlaqədar Moskvaya getdim və yenidən Surikov İnstitutuna daxil oldum. Bununla belə, bütün bunlar «xalq düşməni»nin övladları kimi bizim hamımızın həyatında izini qoyurdu.

- Bu hissdən uzaqlaşmağa cəhd edirdiniz?

- Biz atamızın adını təmizə çıxarmağa, ona bəraət almağa çalışırdıq. Atamı həbs edəndə anamın 5 övladı vardı. Böyüyü 11 yaşında, kiçiyi 2 aylıq idi. Çox ağır günlər yaşayırdıq. Bizimlə heç kim görüşmürdü, heç kim danışmırdı. Sanki biz artıq bu həyatdan deyildik. Amma o bizi qeyzlənmiş halda böyütmədi. 1956-cı ildə atamın ölümündən sonra bəraət alması haqqında arayış aldım.

 

Ən yaxşı cavab susmaqdır

 

- Sizin monumental əsərlərinizdən biri – kosmosdan bəhs edən «Sənə, bəşəriyyət» əsəridir. Bu əsəri niyə qiymətli hesab edirsiniz?

- Bütün bunlar yeni doğulma kimidir, bu yaradıcılıq vəziyyətidir. Mən bu əsərdən 3 il çıxa bilmədim. Mənim Bakıdakı emalatxanamda hətta işləmək üçün yer yox idi - 6x2 kv.metr sahəsi vardı. 1961-ci ilin 12 aprelində mən əsəri Respublika Sərgisində nümayiş etdirdim və hələ təsadüf baş verəcəyini bilmirdim. Düzdür, müəyyən əks fikirlər vardı: “Qaqarin heç cür uçmayıb” və s. Məndə isə tamamlanmış obrazlar idi. Sonra əsəri kosmosa uçuşun 53 illiyi münasibəti ilə YUNESKO-da sərgiləyəndə mən Tereşkova ilə görüşdüm və dedim: «Görünür, mən onda sizin haqqınızda düşünmüşəm və hiss etmişəm ki, qadın da uça bilər”.

- 1961-ci ildən sonra əsərin taleyi necə oldu?

- Əsər Azərbaycan muzeyinə məxsusdur. Amma muzeydə yer yox idi, ona görə də onu çardaqda saxladılar. Qızım onu nümayiş etdirmək məqsədilə Moskvaya gətirdi və əsəri restavrasiya etdirib yenidən Bakıya qaytardı. Mən həmin əsərin xalçasını toxutdurdum. Keçən il Azərbaycanda Qaqarin və başqa kosmonavtların bir yerdə olduğu rəsmin markaları buraxıldı.

- Böyük muzeylərin sərgilərindən sonra, qızınızın Sərab zavodundakı qalereyasında sərginizi təşkil edib. Təzyiqlər yoxdur ki?

- Demək olar ki, yox. Mənim ümumiyyətlə, bir əsərim və ya hazırlıq dövrünü yaşayan eskizi nümayişini keçirmək xoşuma gəlir.

- Qızınız artıq böyükdür. Siz ona hər hansı məsləhətləri, tövsiyələri verirsiniz?

- Yaradıcılıq baxımından mən bunu etmirəm. O, öz yolunu bilir. Əgər həyat məsləhətlərini nəzərdə tutursunuzsa, əlbəttə,  hansısa xoşagəlməz vəziyyət yaranıbsa, həmişə ona deyirəm ki, qınaq və böhtana ən yaxşı cavab susmaqdır, həyat hər şeyi yoluna qoyacaq.

- Bəs Aydanın və ya dostunuzun, ya da şagirdinizin işində hansısa çatışmazlıq olarsa...

- Bu barədə həmişə danışıram.

- Bəs müasir incəsənəti necə, ümumiyyətlə, izləyirsinizmi?

- Bir tərəfdən mənim şagirdim Yevgeniy Mitta, digər tərəfdən, bir çox tələbələrim Qrekovun studiyasında çalışırlar. Onlar Xilaskar Məsihin məbədinin tərtibatını hazırlayıblar. Mən bütün sənət növlərini xoşlayıram. Payızda Moskva Biennalisinə getdim. 5 il əvvəl isə Aydanla birgə Dubayda və Parisdəki Biennalilərdə iştirak etdik. Parisdə Erik Blatovla rastlaşdıq, Oskar Ravenlə tanış olduq. 1962-ci ildə isə Sovet İttifaqından Venesiya Blennalisində iştirak etmişəm. Sonra isə mən sərgilərə getməyə başlayanda incəsənətə yeni axınlar müşahidə etməyə başladım. Mən Rauşenberqlə tanış olmuşdum.

- Bu necə baş verdi?

- 1987-ci ildə mənə Mədəniyyət Nazirliyindən zəng vuraraq «Tahir, amerikalı rəsam Rauşenberqi qəbul edə bilərsən» - deyə soruşdular. O, bizə müxtəlif məsələlərlə bağlı müraciət edib, biz onu həll edə bilmirik». Rauşenberq demişdi ki, Moskvada sərgi təşkil etmək istəyir. Ancaq bundan əvvəl isə ölkəni gəzmək arzusundaydı. Biz plan tərtib etdik. Sonra birlikdə Gürcüstana uçduq. Necə oldusa, Berlində onun sərgisinə də getdim. Qəbul zamanı o, elə hey viski içdi, heç nə yemədi. Mən ona “bəlkə nəsə yeyəsiniz” deyəndə, bilirsiniz nə cavab verdi? «Ağız bizə yemək üçün verilməyib». O vaxtdan bu sözləri unutmuram. Ölümündən 15 dəqiqə qabaq onunla danışmışdıq. Baxmayaraq ki, o rus dilini, mənsə ingilis dilini bilmirdik, amma bir-birimizi başa düşürdük. Rauşenberqin sərgisindən başqa mənə Rozenkvistin, Uorxolun, Casper Consun, Yanes Konelisin, Corc Morandinin, Rufino Tomayonun sərgilərində olmaq da qismət olub.

 

İnsan sivilizasiyası

 

- Yenidən müasirliyə qayıdaq. «Müharibə qrupu»na necə yanaşırsınız. Keçən il “İnnovasiya” mükafatına  təqdim olunublar.

- Bununla çox maraqlanmıram. Amma əgər Mexiko və ya Peruda quşların uçuşuna baxırıqsa... Bu nədir? İnsan sivilizasiyası. Ona görə də sakit yanaşmaq lazımdır.

- Nəsə yaratmaq üçün rəssam mütləq azad olmalıdır? Azadlığın sərhədi varmı?

- İncəsənət tarixinə nəzər salın. Əgər Mikelancelo sifarişdən azad olsaydı Sikstin toplusu olmazdı.

- Siz dövlət sifarişləri haqqında danışırsınız.

- Fikrimcə, Mikelancelo, Belaskes və ya Qoya buna mane olmazdı. Axı onlar özünürealizənin üsullarını tapmışdılar.

- Sizin 2000-ci ildə Rostropoviçin portretini çəkmisiniz. Onunla necə dostlaşmışdınız?

- Onu Fransanın İncəsənət Akademiyasına seçmişdilər və biz 1995-ci ildə akademiyanın 200 illik yubileyində görüşdük. Onda mən onun portretini yaratmaq istədim. 1998-ci ildə o, Bakıya gəldi və o, görüşü səhər 7.15-ə təyin etdi. Elə həmin gün də çıxıb getdi. Rostropoviç hökumət rezidensiyasında yaşayırdı. Məni onun yanına 15 dəqiqə buraxmadılar. Ancaq o mənə gecikməyimi xatırlatdı. Sonra oturdu və çalmağa başladı. Mən ilk cizgiləri götürdüm. Yarım saatdan sonra o, qalxdı, nəsə axtarmağa başladı və o artıq poza almağı düşünmürdü. Şirakdan gələn faks itmişdi. Axtardı, axtardı tapa bilmədi. İki saatdan sonra tapdı. Sən demə, xadimə səhvən onu tullamışdı. Sonra o, bu faksla Heydər Əliyevin yanına getdi. Mən onda yalnız ilk eskizləri götürə bildim.

- Portretdə rakurs qeyri-adidir. Başının mənalı dönüşü...

- Mən onu Fransada konsertdə gördüm. Bəstəkar sanki göydən gələn musiqini dinləyirdi. 2006-cı ildə o, xahiş etdi ki, Şestokoviçin Peterburqdakı ev muzeyi üçün bəstəkarın portretini çəkim. Rostropoviçlə sonuncu dəfə Kremldə mükafata təqdim olunma mərasimində görüşdük. Bir ay sonra isə o, dünyadan köçdü. Onda bir anda olsun kimsəyə imkan verməmişdi ki, onun xəstəliyi haqqında düşünsünlər. Çox güclü adam idi.

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.-2012.-17-19 mart.- S.8.