“İçimdə
məhəbbətdən başqa heç nə yoxdur”
Mənsum İbrahimov: “Çox pul
qazanmaq lazım deyil”
Xalq
artisti Mənsum İbrahimov “Azadinform”un suallarını
cavablandırıb.
- Mənsum
müəllim, bu sənətin həm də elmi tərəfi
ilə məşğul olursunuz. Heç nə vaxtsa mahnı
bəstələməyə və ya şeir yazmağa cəhd
etmisinizmi?
- Xeyr, məndə
belə bir istedad yoxdur. Gənc vaxtlarımda
çalışmışam, görmüşəm ki,
alınmır. İndi çox kitab yazan var, hamısı
haqqında deyə bilmərəm, amma bir çoxunu oxuyub
görürəm ki, söz yığnağından başqa
bir şey deyil. Yenə qayıdırıq Füzuli, Seyid Əzim,
Əliağa Vahid, Seyid Ağa, Hacı Mailə. Bir daha
görürsən ki, həqiqətən də bunlar təsdiq
olunmuş korifeylər, ustadlardır. Onları dönə-dönə
oxuduqca hər dəfə yenidən kəşf edirik.
- 30 ilə
yaxındır ki, Opera və Balet Teatrının solistisiniz.
Çox xanəndə müstəqil fəaliyyət göstərmək
üçün burada məhdud çərçivədə
olduğunu deyir. Yəni bunu mütəmadi olaraq məşqlər,
tamaşalarla izah edirlər. Bu, həqiqətən belədirmi
və siz geniş yaradıcı işlə məşğul
ola bilirsinizmi?
- Əksinə,
mən operada oxuyandan bəri səs imkanlarım
çoxalıb, çünki burada mikrofon yoxdur. 1200 nəfərlik
salona 100 nəfərlik orkestrin arxasından təbii olaraq
öz səsinlə tamaşa oxuyursan və ən əsası,
dayanıb oxumursan, yıxılıb, sürünə-sürünə,
qaçaraq oxuyursan. Bu baxımdan opera xanəndənin səs,
aktyorluq imkanlarını daha da çoxaldır. Mən operada
işləyə-işləyə çox sayda retro
mahnıları işləyib xalqa çatdırmışam,
muğamlar yazdırmışam, konsertlər vermişəm, səfərlərim
olub. Bu, tənbəl adamın işidir ki, bəhanə gətirir.
- Siz
tanınandan sonra dostlarınız çoxaldı, yoxsa
azaldı, həyat tərziniz, qohum-əqrəbalarla münasibətinizdə
nələr dəyişdi?
-
İnsanın dostu az olur, amma tanıdığı insanlar
çox. Təbii ki, insan tanındıqca onun ətrafı da
genişlənir. İfaçı tərbiyəsi ilə
seçilirsə, şəxsiyyəti varsa, sənəti ilə
bərabər o, daha çox sevilir. Mən hər zaman tələbələrimə
də deyirəm ki, sənətlə tərbiyə
yarıbayarıdır. Bunlardan biri olsa biri olmasa, tanına bilərsən,
amma şəxsiyyət kimi hörmət qazana bilməzsən.
Əgər bir insan qabağa çıxırsa, öz ətrafındakı
insanlara, ailədən başlayaraq, bacı-qardaşları,
qohumları, qonşuları tanıdığı hər bir
insana, eləcə də tanımadıqlarına imkanı
daxilində mütləq kömək etməlidir.
- Sizcə,
daha professional və püxtələşmiş ifanı xanəndə
neçə yaşında nümayiş etdirir?
- Bu,
müxtəlif yaşda ola bilər, baxır xanəndənin
çalışmağına. Gənc yaşlarında da
çalışan, zəhmət çəkən, tənbəllik etməyən xanəndə
hər zaman öz peşəsinin mütəxəssisidir.
- Bir
neçə sənədli və bədii filmdə
mahnıları ifa etmisiniz. Maraqlıdır,
özünüzü kameralar qarşısında aktyor kimi də
sınamaq ürəyinizdən keçirmi və hansı rolu
ifa etmək istərdiniz?
- Filmə
çəkilmək dəvəti olmayıb. Amma təbii ki, 19
ildir səhnədə Məcnun oxuyuramsa, bu elə aktyorluqdur. Əgər
mənim tamaşamda insanlar ağlayıb gedirsə, deməli,
nəsə bacarıram ki,
ağlayıb gedirlər. Əgər tamaşaçı
tamaşada məni tanıyırsa, deməli, mən
yaxşı ifaçı deyiləm. Ancaq heç vaxt filmdə
çəkilmək arzum olmayıb. Amma hər hansı bir
filmdə Məcnun rolunu ifa etmək istərdim. Məcnun mənim
üçün ideal obrazdır.
- Sizcə
ifaçının professionallığında genin bir rolu
varmı? Musiqiçi ailəsində böyüyənlərin
professional olmaq şansı daha çoxdur, yoxsa.....?
-
Ümumiyyətlə, insanın şəxsiyyət kimi
formalaşmasında nəslin çox böyük rolu var. Amma
sənətdə təkcə gen kifayət etmir. Nəslində
yaxşı səsi olmaq hələ yaxşı
ifaçı olmağın göstəricisi deyil. Mən Asəf
Zeynallıda oxuyanda tələbə yoldaşlarım
arasında çox gözəl səslər vardı. Mən
onların yanında oxumağa utanırdım. Bu gün
onların heç biri sənətdə yoxdur. Çünki
bu peşənin əziyyətinə dözmədilər. Məsələn,
mənim tələbələrimdən biri Arzu Əliyeva
2005-ci il Muğam Müsabiqəsində 16-17 yaşında ən
gənc ifaçı idi. O müsabiqənin elə birinci həftəsindən
çıxdı, heç kim də bu uşağı
tanımadı. Bu gün Arzu Əliyeva hamısından
tanınmış bir xanəndədir, operanın solistidir, Səmərqənddə
YUNESKO-nun mükafatını alıb, 2009-cu ildə Beynəlxalq
Muğam Müsabiqəsində ən gənc ifaçı
kimi xüsusi mükafata layiq görülüb, bu gün efirlərdə,
dövlət tədbirlərində, səfərlərdə ən
çox oxuyan xanəndədir. Bunları misal çəkməkdə
məqsədim odur ki, kim qarşısına daha çox məqsəd
qoyursa, onun uğrunda çalışır və hər
şeyə nail olur.
- Tələbələrinizin
hansı göstəricilərinə görə yaxşı
musiqiçi olub-olmamalarını ayırd edə bilirsiniz?
- Tələbənin
ilk növbədə yaxşı səsi olmalıdır, səs
materialdır. Ondan sonra özünü aparmağına
baxıram, görüm onun ağlı yerindədir, ya yox,
sözə qulaq asırmı, zəhmətkeşdirmi. Bunlar
varsa, inanıram ki, tələbənin gələcəyi
parlaqdır.
- Siz bir
çox gəncin sənətə gəlməsində səbəbkar
olmusunuz. Bəs sizin sənətə gəlməyinizdə kim
vasitəçi oldu?
- Məni
bu oturduğumuz möhtəşəm teatra Şövkət Ələkbərova
gətirib. Hər dəfə mən o səhnəyə
çıxanda, o alqışları eşidəndə
Şövkət xanımın ruhuna dua oxuyuram. Bəlkə də
heç mən burada oxumazdım. 1985-ci ildə müsabiqədə
oxuyub laureat oldum, Şövkət xanım da münsiflər
heyətinin üzvü idi, məni müsabiqədə kəşf
etdi və artıq onunla tanışlığım
başladı, sonra onun məsləhəti ilə bura gəldim.
Vahid Abdullayev sənət müəllimim olub. Bura gələndən
sonra da Opera Teatrının rəhbərliyi, kollektivi tərəfindən
çox böyük qayğı görmüşəm.
- Nə
zamansa unudulmaq barədə
düşünmüsünüzmü?
- Bu
gün mən çalışmasam, efirlərə
çıxmasam, qıraqda qalacam. İndi o qədər
böyük rəqabət var ki. Bizim ustad sənətkarımız
Hacıbaba Hüseynov ölən gününədək məşq
edirdi, təsniflər, qəzəllər yazırdı,
konsertlərdə oxuyurdu. Unudulmaq barədə heç vaxt
düşünməmişəm, çünki heç vaxt
tanınmaq üçün oxumamışam. Heç vaxt
çalışmamışam ki, oxuyum tanınım,
çalışmışam ki, yaxşı sənətkar
olum. Yaxşı sənətkar unudulmur.
- Sənətdə
ən böyük arzunuz nədir?
-
İnsan bir arzusuna çatır, o biri arzu başlayır. Sənətdə
zirvə olmur. Nadir hadisədir ki, 50 yaşımda “Şöhrət”
ordeni almışam. Təbii ki, bunlar mənim
üçün çox xoşdur. Amma mən
özümü zirvədə hesab etmirəm. Mən hesab edirəm
ki, hansısa bir dağın ətəyində
cığırdayam. Çünki o zirvəni keç kəs
kəşf etməyib. Mən etməli olduğum işlərin
30 faizinin öhdəsindən gəlməmişəm hələ.
Hesab edirəm ki, adi bir xanəndəyəm. Məsələn,
Şövkət Ələkbərova, Rəşid Behbudov,
Bülbül, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski,
Xan Şuşinski kimi insanların qiymətini zaman verdi.
İnsan özü özünə qiymət verə bilməz.
Sənətkara xalq qiymət verə bilər.
-
İndiyədək paxıllığınızın çəkildiyini
hiss etmisinizmi?
- Biz
insanıq, bir kəsi hamı sevə bilməz. İnsanlar var
ki, içlərində paxıllıq var. Paxıl insan öz
övladına, öz qardaşına da paxıllıq edir.
Amma mən o insanlara gülüb keçirəm. Mənim
içimdə heç kimə qarşı kin yoxdur.
İçimdə məhəbbətdən başqa heç nə
yoxdur. Mən paxıl insanları da sevirəm, heç vaxt
heç kimə cavab verməmişəm və vermək də
fikrim yoxdur.
- Azərbaycan
Milli Konservatoriyasının professorusunuz. Elmi işiniz
hansı mövzudadır, bu sahədə nəyi
araşdırırsınız?
-
Muğamın yaranışı, korifey sənətkarlarımızın
yaradıcılığı haqqında, muğamın təbliği,
milli operalarımızda muğamın rolu kimi bir çox
mövzuda elmi araşdırmalar aparırıq, elmi məqalələr
yazırıq, Muğam hələ çox tədqiq
olunmalıdır. Sovet dövründə muğamın tədqiqi
və inkişafına çox imkan verilməyib. Mən hesab
edirəm ki, daha çox muğamın yaranış tarixi,
yeri, adları tədqiq edilməlidir. Azərbaycan dəfələrlə
işğala məruz qaldığına görə ünsiyyət
dilimiz fars və ərəb olub. Ona görə də fars
sözləri bizim muğamlarda, muğamın şöbələrində
daha çoxdur. Şərq adlı bir məkanda
yaşamışıq, eyni dəsgahlar həm Azərbaycanda,
həm İranda var. Amma sırf zərb muğamları, ritmik
muğamlar ancaq Azərbaycandadır, başqa heç bir
ölkədə yoxdur.
- Milli
mahnılarımız və muğamlarımızın
ifaçısısınız, maraqlıdır, başqa
janrlarda olan, məsələn, rok, pop, caz, estrada musiqiləri
dinləyirsinizmi?
- Təbii
ki, zövqümü oxşayan, insanı sakitləşdirən
musiqilərə daha çox üstünlük verirəm. Roka
qulaq asmıram, çünki o, aqressivlik yaradır.
Estradamızda İlqar Muradov, Röya, Abbasın səsini
çox sevirəm, Elton, Ayaz, Xatirə, Ramal kimi çox gənclərin
ifasını bəyənirəm.
- Sizcə
indiki zamanda pul qazanmaq asandır, yoxsa çətin? Daha
çox hansı sənətin sahibləri pul qazanır?
- Hər
bir dövrdə pul qazanmaq çətindir. Bəzi tənbəl
insanlar zəhmət çəkmək istəmirlər.
Çox pul qazanmaq lazım deyil. Hər kəs öz sahəsində
çalışsa, təbii ki, dolanacaq. Yaşamağa yerin
varsa, ehtiyacını ödəyə bilirsənsə, bu,
kifayətdir. Mən iş adamı deyiləm, sənət
adamıyam. İş adamları daha çox pul qazanır.
Musiqidə çox pul qazanmaq mümkün deyil. Musiqiçi
milyoner ola bilməz.
- Duet
ifalara və sintez janrına münasibətiniz necədir,
hansı sənətkarlarımızla duet oxumusunuz və oxumaq
istərdiniz?
- Belə
bir təklif olmayıb. Duet oxumaq xatirinə oxumaram. Bizim milli-mənəvi
dəyərlərimiz, millətimizi təbliğ edən
gözəl bir layihə olarsa, bu barədə
düşünərəm. Professor Siyavuş Kərimi
Latın Amerikası musiqiçiləri ilə bərabər
sintez formasında çox gözəl bir layihə həyata
keçirib. Mən də o layihədə iştirak etmişəm.
Bununla bərabər, simfonik muğamları da sintez
formasında ifa edirəm. Professional səviyyədə, məzmunlu
bir layihə olarsa, qatıla bilərəm.
Kaspi.-2012.-28 mart.- S.14.