Uşaqlar dövlətin, cəmiyyətin və valideynlərin qayğısı ilə əhatə olunmalıdır 

 

Fəzail Ağamalı: “Hansısa bölgədə baş verən zorakılıq hadisəsini, təkcə bir ailənin, regionun yox, cəmiyyətin problemi kimi qələmə verməliyik”

 

Dünən Milli Məclisdə “Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması” adlı beynəlxalq konfrans keçirildi. Konfransda MM rəhbərliyində təmsil olunan şəxslərlə yanaşı, beynəlxalq təkilatların nümayəndələri də iştirak edirdilər. Tədbirin açılışında Milli Məclisin vitse-spikeri Bahar Muradova Azərbaycanda uşaqlara qarşı zorakılığın aradan qaldırılması ilə bağlı ciddi işlərin görüldüyünü dedi. Qeyd etdi ki, bu istiqamətdə Avropa Şurası ilə bir sıra layihələr həyata keçirilib.

Onun sözlərinə görə, hələ ötən il Avropa Şurası ilə birlikdə “Biz uşaqlara qarşı zorakılığa yox deyirik” adlı böyük tədbir keçirilib və uşaqlara qarşı zorakılıqla mübarizə yönündə işlərin daha da sürətləndirilməsinə çağırış edilib. Vitse-spiker vurğuladı ki, Azərbaycanda həm dövlət, həm də ailələr uşaqların daim qayğı ilə əhatə olunmasına çalışırlar: “Biz uşaq zorakılıqlarının qarşısının alınmasını qarşımıza məqsəd qoymuşuq və ən əsası da uşaqların və gənclərin sağlam nəsil kimi böyüməsi, onların Azərbaycanın gələcəyini təmin etməsi üçün əsl vətəndaş kimi böyüməsi istiqamətində səylərimizi göstərəcəyik. Uşaqlara qarşı zorakılıqla mübarizə sahəsində səylərin birləşdirilməsinə ötən il çağırış edilib. Bir il ərzində bu məsələ ilə bağlı bir sıra tədbirlər keçirilib. Azərbaycanda uşaqlar çox böyük qayğı altındadırlar. Ölkədə istər qaçqın düşmüş, istərsə qayğıdan kənarda qalmış uşaqların problemlərinin həlli dünyaya nümunə kimi göstərilə bilər”.

Konfransda çıxış edən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, qurumun “Uşaqlara qarşı zorakılıq” proqramının Azərbaycan üzrə əlaqələndiricisi Sevinc Fətəliyeva bildirdi ki, Azərbaycanda uşaqlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı həm dövlət, həm də ictimaiyyət tərəfindən ciddi addımlar atılır: “Çox sevindirici bir məqamdır ki, bizdə uşaqlar həm dövlətin, həm də cəmiyyətin, valideynlərin, ailələrin qayğısı ilə əhatə olunub. Bir sözlə, uşaqlara qarşı diqqət-qayğı daim əsas məsələlərdən biri kimi gündəmdə olub. Bu gün bəzi səbəblərdən dünyada boşanmaların sayı artdıqca, uşaqlarla valideynlər arasında problemlər çoxaldıqca, uşaqlara qarşı zorakılıq halları da artır. Bu baxımdan, mediada, elektron KİV-də yayımlanan bəzi proqramlar, verilişlər uşaqlar arasında zorakılıq hallarının çoxalmasına gətirib çıxarır”. Onun sözlərinə görə, internet də bəzi hallarda uşaqlar arasında zorakılıq hallarının çoxalmasına səbəb olur.

 

Cinsi istismar daha çoxdur

 

Daha sonra söz verildi Avropa Şurası (AŞ) baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Konstantin Yerokostopulosa. O çıxışında qeyd etdi ki, hər gün Avropada milyonlarla uşaq zorakılığa məruz qalır: “Uşaqlara qarşı zorakılıq həm silahlı münaqişələr zamanı, həm də müxtəlif istiqamətlərdə baş verir. Zorakılıq halları arasında daha çox rast gəlinən və ciddi narahatçılıq doğuranı uşaqların cinsi zorakılığa məruz qalması hallarıdır. Bu gün uşaqlara qarşı cinsi istismar daha çox özünü göstərir”. Yerokostopulos qeyd etdi ki, zorakılığa qarşı mübarizə ilə bağlı regional və beynəlxalq sazişlərin olmasına baxmayaraq, bu hallar hələ də mövcuddur.

“Azərbaycanda 5 ay əvvəl yaradılan Zorakılığa məruz qalan uşaqların Reabilitasiyası Mərkəzinə 70-ə yaxın uşaq cəlb olunub” - bunu isə “Ümidli gələcək” Gənclər Birliyinin sədri Nabil Seyidov bildirdi. Onun sözlərinə görə, cəlb olunan uşaqların 30 faizi cinsi zorakılığa məruz qalanlardır: “Bundan başqa, onların arasında fiziki və psixoloji zorakılığa məruz qalanlar da var. İnternetin uşaqlar üçün doğurduğu fəsadlar da çoxdur. Bəzən böyüklər özlərini uşaq kimi təqdim etməklə, çatda uşaqlarla ünsiyyət qurur və nəticədə ortaya acı mənzərələr çıxır”.

 

Uşaqlara qarşı edilən cinayətin 40 faizi məişət zəminindədir

 

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı Kamal İmamverdiyev isə çıxışında vurğuladı ki, Azərbaycanda uşaqlara qarşı törədilən zorakılıq halları MDB ölkələrinin orta göstəricilərindən 2-5 dəfə aşağıdır. O həmçinin bildirdi ki, Azərbaycanda uşaqlara qarşı törədilən cinayətlərin 40 faizi məişət zəminində baş verir.

DİN təmsilçisi Azərbaycanın bir neçə rayonunda cəmiyyət dəstəkli uşaq polisi pilot layihəsinin reallaşdırıldığını qeyd etdi: “DİN uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılması istiqamətində QHT-lərlə yaxından əməkdaşlıq edir, həmçinin klinikalar və uşaq reabilitasiya mərkəzlərinin işində çox yaxından iştirak edir. Bu qurumlar yaradıldığı vaxtan 500-dən artıq uşağa yardım edilib. Onların içərisində zorakılığa məruz qalan uşaqlar da var. Hüquqi yardım klinikasına 300-ə yaxın uşaq cəlb edilib. Tək onlarla deyil, onların ailələri ilə də iş aparılır”. Onun sözlərinə görə, DİN-də uşaqlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı 4 ildir ki, 24 saat işləyən “Qaynar xətt” fəaliyyət göstərir. Əvvəl “Qaynar xətt” yalnız Bakı şəhərində fəaliyyət göstərirdisə, artıq rayonları da əhatə edir.

Mərasimdə çıxış edən UNİCEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri Mark Herevard qeyd etdi ki, Yuvenal Ədliyyə haqda qanun layihəsi Milli Məclisə təqdim edilib. Yaxın zamanlarda bu qanunun qəbul olunacağı gözlənilir: “Bu qanun qəbul edildikdən sonra hər hansı bir cinayət törətmiş yeniyetmələrin müdafiəsi üçün hüquqi mexanizm müəyyən ediləcək ki, bu da uşaq və yeniyetmələrin cəzaçəkmədən yayındırma mexanizmlərini nəzərdə tutur. Yayındırma mexanizmi dedikdə, cinayət törətmiş yeniyetmələrin, azyaşlıların azadlıqdan məhrum edilməsinə çatmaması üçün məsləhətləşmələr, təlimlərin keçirilməsi, alternativ mexanizmlərə yönləndirilməsinin təmin olunması nəzərdə tutulur. Bunun vasitəsilə uşaq kriminal həyata məruz qalmayacaq və təkrar olaraq cinayət törətmə ehtimalı kəskin şəkildə azalmış olacaq”.

 

Azərbaycanın UNICEF-in maliyyə yardımına ehtiyacı yoxdur

 

M.Herevard həmçinin qeyd etdi ki, Azərbaycanın UNICEF-in maliyyə yardımına ehtiyacı yoxdur: “UNICEF Azərbaycana az həə maliyyə vəsaiti ayırır. Həmin yardım isə orta müddətli perspektiv üçün nəzərdə tutulur. Məsələn, Qırğızıstanda, Finlandiyada həyata keçirilən layihələrin burada tətbiqi, fikir mübadiləsi, ideya paylaşması kimi layihələrə”.

Alamaniyalı latviyalı ekspert psixoloqlar da mərasimdə çıxış edərək uşaq zorakılığı ilə bağlı yerli məlumatlarını çatdırdılar. Almaniya Psixoloji Mərkəzinin əməkdaşı Qalina Heynzelman bildirdi ki, Almaniyada 20 ildir uşaq döyülməsi qadağandır.

Konfrans daha sonra qarşılıqlı müzakirələr şəklində davam etdi. Millət vəkili Fəzail Ağamalı son olaraq bunları dedi: “Bizim mentalitetdə uşaqlara diqqət məsələsi Avropa ilə müqayisədə tamamilə başqadır. Əgər biri həyatını yaşayıb, öz nailiyyətinə çatıbsa, qalan həyatını nəvələrinə həsr edir. Amma Avropada belə deyil, hərə öz həyatını yaşayır. Biz bu məsələlərdən danışan zaman hansısa bölgədə baş verən bir zorakılıq hadisəsini, təkcə bir ailənin, regionun yox, cəmiyyətin problemi kimi qələmə verməliyik. Bütün bunları cəmiyyətin qarşısında olan əsas problem kimi duymaq çıxış yollarını axtarmaq lazımdır. Əgər bu sahədə Avropanın qabaqcıl təcrübəsi varsa, biz o təcrübəyə yiyələnməliyik, yaxud bizdə daha maraqlı ciddi təcrübə varsa, bu təcrübəni Avropa ölkələrinə ötürməliyik. Ona görə bu məsələdə həssaslıq, diqqət lazımdır, aidiyyəti orqanlar qarşısında kifayət qədər ciddi vəzifələr düzgün müəyyən olunmalıdır. Ən əsası isə, hər bir valideyn günün bütün saatlarında uşaqlara qarşı diqqətli olmalı onların qayğısını çəkməlidir”.

 

 

Elgün Mənsimov

 

Kaspi.-2012.-1 may.-S.8.