Arzularımın şəhəri -
London
Londondan yorulmaq mümkün deyil.
Semuyel Consonun yazdığı kimi: “Əgər siz Londondan
yorulmusunuzsa, demək həyatdan, yaşamaqdan yorulmusunuz»
Londona səfərim
Azərcell Telekom MMC şirkəti ilə “Kaspi” Təhsil Mərkəzinin
jurnalistlər üçün həyata keçirdiyi layihə
əsasında gerçəkləşdi. Belə ki, keçən
il təşkil edilən ingilis dili kursunun yekununa görə
seçilən 2 jurnalistdən biri olaraq Londonun məşhur
Kaplan Beynəlxalq Kollecində 2 həftəlik kurs keçmək
şansı qazandım. Qeyd edim ki, təhsil
alacağımız məktəbi də,
yaşayacağımız mənzili də qabaqcadan “Kaspi” Təhsil
Mərkəzi müəyyənləşdirmişdi.
5
saatlıq uçuşdan sonra Londonun məşhur “Hitrou” hava
limanına endik. Eşitmişdim ki, bu limandan çıxmaq
üçün sərnişinlərə ən azı 2 saatdan
da çox vaxt lazım olur. Dünyanın dörd bir
yanından gələn sərnişinlərin uzun-uzadı
qeydiyyatı zamanı gömrük işçilərinin
“Londona gəlməkdə məqsədiniz nədir?”, “Burada nə
qədər qalacaqsınız?” və s. kimi suallarını
da cavablandırmalısan.
Qeyd edim
ki, “Hitrou” hava limanında qarşılanma da şərtlərə
daxil idi. Bizi gözləmə zalında qarşılayan taksi
sürücüsü ilə söhbətimdən zadəganlar
şəhəri ilə ilk tanışlığım
başladı. Havanın artıq qaranlıq olmasına
baxmayaraq, küçələrdə quraşdırılan
parlaq işıqlar altında qırmızı kərpicli,
mansardlı, qapıları üzərində rəngbərəng
güllər olan evlər, balaca, yamyaşıl
bağçalı həyətlər gözümdən
yayınmır. Sürücü yaşayacağım
ünvana qədər - təxminən saatyarımlıq məsafə
boyunca Londonun tarixi, görməli yerləri, insanları, adət-ənənəsi
haqqında maraqla danışır. Londonda qalacağım
müddəti öyrənincə “Londonla tanışlıq
üçün iki həftə çox azdır” deyə
başını bulayır. Sözün düzü,
sürücünün mehribanlığı, söhbətcil
olması mənim üçün “ingilislər soyuq millətdir”
fikirlərini bir qədər dağıdır. Sonradan Londonda
qaldığım müddətdə - ictimai nəqliyyatdan
istifadədə, yollarda, yaşadığım evin sahibəsinin
və kollec heyətinin münasibətlərində də bu nəzakətin
şahidi olacaqdım.
”Metro”dan metroya
Ertəsi
bazar günü olduğundan şəhərlə
tanışlıq fürsətini əldən vermək istəmədim.
İngilislər üçün həftə sonları “həftənin
istirahət günləri” (week-end) kimi məşhurdur. Bu
üzdən şənbə və bazar günləri şəhər
tam sakit görünür. Demək olar ki, küçələrdə
daha çox qaynaşan turistlər və tələbələrdir
(təhsil sistemi ilə məşhur olan şəhərdə
dünyanın hər yerindən oxuyanların
sayı-hesabı bilinmir-T.M.). İngilislər isə “week-end”lərində
şəhərin səs-küyündən
uzaqlaşmağı hər şeydən üstün tuturlar.
Elə söhbət zamanı da onların ilk sualları “Həftə
sonuna planınız nədir?”dir. Yaxşı ki, mən bu
suala “Şəhərin görməli yerləri ilə
tanış olacağam”- deyə cavab tapırdım.
Londonda ən
sərfəlisi metrodan istifadə etməkdir. Rəngbərəng
London taksilərinin xidməti xeyli bahadır. Bu üzdən əhali
metroya üstünlük verir. Onu da deyim ki, Avropada ən qədim
metro Londonda tikilib. 150 illik bir tarixi var.
Metro
üçün müddətli “Travelkard” alıb gəzmək
daha rahatdır. Bu kartla həmçinin avtobuslardan da istifadə
etmək imkanı qazanırsan. Metronun rahatlığına,
qatarların dəqiq və vaxtlı-vaxtında hərəkətinə
isə söz ola bilməz. Hər addımda məlumatlar yerləşdirilib:
işarələr, çarxlar, xəritələr. Hər
platformada və stansiyada da bələdçilər sərnişinlərə
yol göstərir. Mükəmməl bir sistemə malikdir
London metropoliteni. Ən maraqlısı isə, bütün sərnişinlərin
əlində ya kitab, ya da qəzet və jurnal görməkdir.
Əhali səhərlər metroya daxil olarkən girişdə
pulsuz qoyulan gündəlik “Metro” qəzetini götürərək
yol boyunca ölkə və dünya xəbərlərindən
məlumatlanır. Gündəlik “Evening Standard” qəzeti isə
axşamlar metrodan çıxan sərnişinlərə
paylanır. Bir sözlə, insanlar Londonda səhərlərini
qəzet informasiyaları ilə açır,
axşamlarını da eyni cür qapadırlar. Onu da deyim ki,
metro girişlərində insanlara bir neçə fərqli qəzet
və jurnallar təqdim olunur. Hamısı da pulsuz. Qatarların
divarlarında yer alan “Oxuduğunuz bütün qəzetlər
zibildir” sözlərinə rəğmən sərnişinlər
qəzetlərlə tanış olduqdan sonra onu ya
qatarlardakı oturacaqlara, ya da platformalardakı skamyalara
qoyurlar. Küçələrdə yalnız qəzet və
jurnalların atılması üçün ayrıca zibil
qutuları da yerləşdirilib. Qatarlarda paytaxtın
“London-2012” yay olimpiya oyunlarına hazır olması ilə
bağlı reklamlara rast gəlmək olur.
Nizam-intizama
gəlincə, insanlar növbələrdə yüksək mədəniyyət
nümayiş etdirirlər. Eskalatorlarda sağ tərəfdə
dayanma cərgəsini heç vaxt pozmurlar. Avtobuslarda da
növbə mütləqdir. Yazılan və yazılmayan
qaydalara ingilislər çox hörmətlə
yanaşırlar. Və təbii ki, paytaxtın
sayı-hesabı bilinməyən qonaqları da qaydaları tez
mənimsəyirlər.
Yaşadığım
evin sahibəsi Diana Kerrinin söhbətlərindən ingilislərin
həyat tərzləri ilə bağlı öyrənirəm.
Londonlular yaşamaqları üçün onlara rahatlıq gətirən
amillərə üstünlük verirlər. Məsələn,
onlar şəxsi istifadələrində kiçik, xudmani
maşınlardan və ya velosipedlərdən istifadə edirlər.
Hətta parlament binasının həyətində sıraya
düzülən velosipedləri görmək
mümkündür. Və ya dünya modasının mərkəzlərindən
biri kimi məşhur olmasına baxmayaraq, burada insanlar sadə
geyinməyi xoşlayırlar. Zinət əşyalarını,
bahalı, rəngarəng libasları sevmirlər. İş
geyimlərində ciddi kostyumlara, həftə sonları isə
idman stilinə üstünlük verirlər. Onu da qeyd edim ki,
London gözəllikləri içərisində ingilislərin
mətbəxindən söz açmaq olmaz. Özləri də
bunu etiraf edirlər. Demək olar ki, ingilislərin yadda qalan
xüsusi bir yeməyi yoxdur. Əvəzində onların
özləri də dünya mətbəxinə
üstünlük verirlər. Hər addımda isə italyan,
fransız, türk, koreya, çin, vyetnam və s. mətbəxləri
istənilən qədərdir.
Simvol meydanı
Londonu
futbolun, reqbinin, rok musiqisinin vətəni adlandırılar.
Böyük Britaniya daha çox Şekspir, Robin Qud, Şerlok
Holms, Darvin, Dikkens, Nyuton, Çörçil, şahzadə
Diana kimi minlərlə şəxsiyyətləri,
ədəbi personajları, alim, musiqiçi və şairləri
ilə tanınır. Bundan əlavə, London mədəniyyət
ocaqlarının və tarixi abidələrin sayına görə,
bəlkə də dünyada ən zəngin şəhərdir.
Londonu
görməyə gələnlər üçün ən
yaxşı vaxt aprel-oktyabr ayları hesab edilir. Amma demək
olar ki, burada olduğum aprel günlərində şəhərin
yağışsız bircə gününü də görmədim.
Parlaq günəşin arasında havanın qəfildən
döndüyünü və leysan yağış
yağdığını görmək mümkündür.
Burada hava çox şıltaqdır. Buna baxmayaraq, lap
şıdırığı yağışda belə turistlər
şəhəri gəzmək şansını əldən
vermirlər. London yağışının öz gözəlliyi
var. Nə küçələrdə gölməçələr
yaranır, nə də dizə qədər
palçığa batırsan.
Şəhəri
ətraflı gəzmək üşün “Big-bus” turuna
üstünlük verdim. Mərkəzdən kənar
küçələrdə belə hündür mərtəbəli
binalara nadir hallarda rast gəlmək olur. Yerli hakimiyyət
orqanlarının qoyduğu məhdudiyyətlərə
görə, paytaxt şəhərdə tikintinin
aparılmasına çox ciddi nəzarət olunur və torpaq
sahəsinə də sərt və kəskin limit qoyulub. Buna
görə də London öz tarixi simasını dəyişmir.
Evlərin qiymətinə gəlincə, bələdçi
dedi ki, xüsusən londonluların daha çox sevdiyi qədim
tikililər və meydanlar - Vestminster sarayı, Vestminster
abbatlığı, Travalqar meydanı, bir çox
magistralların qovuşduğu Pikadilli, Lester-skver, onları əhatəyə
alan məşhur “Hayd-park” və “Qrin park” kimi klassik
memarlıq layihələri ilə diqqəti cəlb edən ərazilərdə
bir milyon funta mənzil tapsan özünü bəxtəvər
sayarsan. Amma bu yerlərdə qiymətlər baha olduğu
üçün orada yaşayanların sayı çox
azdır. Orta səviyyəli londonluların məskunlaşdığı
kvartalları ötən əsrin əvvəllərində
sıra ilə tikilmiş iki və üç mərtəbəli
binalar təşkil edir.
Turistlər
avtobusdan daha çox İngiltərə
Krallığının iqamətgahı olan Bukingem sarayı
və Parlament meydanındakı Biq-Ben qülləsi
qarşısında düşürlər. Bir qədər
aralıda Britaniya Krallığının tacqoyma mərasiminin
keçirildiyi yer - Vestminster Abbatlığı seyrçilərdə
gözəl təəssürat yaradır. Burada görkəmli
dövlət xadimləri, yazıçı və alimlər dəfn
olunublar. Abbatlığın yaxınlığında
Parlamentin rəsmi kilsəsi hesab edilən “Sent-Marqaret” dövlət
xadimlərinə xidmət göstərir. Kraliçanın yay
iqamətgahı - Vindzor qəsri də bu ərazidə yerləşir.
Trafalqar
meydanında adam əlindən tərpənmək olmur. Bura Londonun simvol meydanıdır.
Önündəki nəhəng Admiral Nelson heykəli ziyarətçilərini
salamlayan Trafalgar Meydanı dünyanın ən çox
tanınan meydanları sırasındadır.
Bu
meydan yaz aylarının və
şəhərə gələn çox sayda turistlərin
iştirakıyla hər gün şənlik sahəsinə
çevrilir. Küçə artistləri maraqlı və rəngli
kostyumlarla meydanda olanları əyləndirir. Trafalqar
Meydanında ansamblın
canlı ifasını dinləmək nəyə desən dəyər.
Britaniyanın səsi
Gəzə-gəzə
dünyaca məşhur “Biq-Ben” saatının
qarşısına çıxırıq. Britaniyanın rəmzi
və fəxri sayılan bu saata çox vaxt “Müqəddəs
Stefan qülləsi” də deyilir. Biq-Ben dünyada zamanı dəqiq
göstərən yeganə saatdır. Qüllənin dörd
tərəfində "Tanrı kraliçamız I
Viktoriyanı qorusun" sözləri yazılıb. Saatın
sağ və sol tərəflərində, qüllənin
üzərində latın dilində "Laus Deo", yəni
"Tanrıya şükür" sözləri həkk
olunub.
Həmin
saatdan sonra Londonun bir çox hissələrində "Balaca
Benlər" yaranıb. Londonun bütün rayonlarında demək
olar ki, Balaca Benlərə rast gəlmək
mümkündür.
Ərazidəki Temza çayı, Tauer
körpüsü hər gün minlərlə turistin
marağını çəkir.
Turistlərin
ən çox görmək istədikləri məkanlardan biri
də Bukingem Sarayıdır. 661 otağı olan sarayda
otaqların 18-i yalnız ilin müəyyən günlərində
insanlar üçün açılır. Aprel ayından avqusta qədər hər
gün saat 11.30-də gözətçilərin
dəyişdirilməsi mərasimi keçirilir. Sarayın
qarşısında olarkən bu mənzərəni mən də
seyr edə bildim.
Londonun səs-küylü
küçələrindən sonra ucsuz-bucaqsız parklar
insanlara rahatlıq gətirir. “Hayd Park”, “Qrin Park” insanların
istirahəti üçün ideal məkanlardır. Ancaq
Londondan yorulmaq mümkün deyil. Semuyel Consonun
yazdığı kimi: “Əgər siz Londondan yorulmusunuzsa, demək
həyatdan, yaşamaqdan yorulmusunuz. Burada həyatdan gözlədiyiniz
hər şey var. Bura arzular şəhəridir”.
Zadəganlar
ölkəsində olduğum 15 gün ərzində bu
sözlərin həqiqiliyinə mən də inandım.
Təranə Məhərrəmova
Bakı-London-Bakı
Kaspi.-2012.-1 may.-S.11.