Heydər Əliyev
irsi 50 dildə
Heydər Əliyev irsini
Araşdırma Mərkəzinin 50 dildə olan elektron
versiyası əcnəbi oxuculara ulu öndərin zəngin və
çoxcəhətli irsi ilə öz dillərində
tanış olmalarına imkan yaradır
Dünən
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət
Heyətində ümummilli lider Heydər Əliyevin anadan
olmasının 89-cu ildönümü ərəfəsində
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin və
bu quruma məxsus www.aliyevheritage.org portalının fəaliyyətinə
həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü
ilə AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov
açaraq, mərkəzin www.aliyevheritage.org
ünvanındakı portalında ümummilli lider Heydər Əliyev
irsinin təbliğindən danışıb. Bildirib ki, Heydər
Əliyev elmini, onun qoyub getdiyi irsi öyrənmək üçün
günlər, aylar deyil, onilliklər gərəkdir. O, əminliklə
qeyd edib ki, bundan sonra da ulu öndərin həyat və fəaliyyəti
araşdırılacaq, mükəmməl şəkildə gələcək
nəsillərə çatdırılacaqdır.
Heydər
Əliyev irsini Araşdırma Mərkəzinin baş direktoru
Fuad Babayev ölkəmizin tarixi inkişaf prosesinə təkan
verən ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan
dövlətinin qurucusu kimi hər bir azərbaycanlının
taleyində müstəsna rol oynadığını diqqətə
çatdırıb. O, bu böyük şəxsiyyətin zəngin
irsinin dərindən və hərtərəfli öyrənilməsinin
müstəsna əhəmiyyətə malik olduğunu
vurğulayıb. Qeyd edib ki, Heydər Əliyev İrsini
Araşdırma Mərkəzi də məhz bu işlə məşğul
olan qurumdur: “Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği
2004-cü il may ayının 10-da yaradılmış Mərkəzinin
əsas fəaliyyət sahəsidir. Mərkəzin
www.aliyevheritage.org ünvanındakı portalı isə
ümummilli liderin irsinin təbliği ilə məşğul
olan ən iri elektron resursdur. Portal hər gün yeni materiallar
və ideyalarla zənginləşdirilir. Portalda Heydər Əliyevin
fəaliyyətinin demək olar ki, bütün sahələri,
o cümlədən xarici və daxili siyasət, iqtisadiyyat,
neft strategiyası, mədəniyyət, gənclər siyasəti,
ordu quruculuğu, müsahibələr, beynəlxalq terrorizmlə
mübarizə, diaspor, böyük siyasətə
qayıdış və sair əhatə olunub. Materialların
oxucular tərəfindən asanlıqla tapılması
üçün portalda bölümlər və
altbölümlər də yaradılıb. Dünyada ən
geniş yayılmış 50 dildə versiyamızın
olması isə oxucularımızın ulu öndər Heydər
Əliyevin zəngin və çoxcəhətli irsi ilə
öz dillərində tanış olmalarına imkan
yaradır”.
F.Babayev
deyib ki, 8 yaşlı portal Azərbaycanın ən yeni tarixi
haqqında qiymətli mənbədir. Onun sözlərinə
görə, sayta daxil olan oxucuların say dinamikası bunu əyani
şəkildə sübut edir: “Mərkəzin portalına
yalnız ötən il yüz minlərlə oxucu daxil olaraq 2
milyonadək sənədlə tanış olub. Son göstəricilər
əsasında deyə bilərik ki, oxucularımızın 63
faizini dünyanın tanınmış elm mərkəzləri,
15 faizini rəsmi qərarların qəbul edildiyi mötəbər
dövlət qurumları, 10 faizini dünyanın nüfuzlu
kütləvi informasiya vasitələri, 3 faizini transmilli
şirkətlər, qalan 12 faizini isə digər qurumlar əhatə
edir. Ötən 2011-ci il ərzində portala dünyanın
185 ölkəsindən oxucular daxil olub. Gündəlik olaraq
80-100 ölkədən portalımıza ziyarətçi daxil
olur. Mərkəzin oxucularını ən çox
maraqlandıran mövzular sırasında Ermənistan-Azərbaycan-Dağlıq
Qarabağ münaqişəsi, Azərbaycanın neft
strategiyası, Azərbaycan iqtisadiyyatı, Azərbaycanda ordu
quruculuğu, Azərbaycan mədəniyyəti və gənclər
siyasəti daha çox üstünlük təşkil edir”.
A.Bakıxanov
adına Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub
Mahmudov, akademik Asəf Nadirov, millət vəkili Asəf
Hacıyev və başqaları da çıxış edərək,
ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı
qarşısındakı xidmətlərindən söhbət
açıblar.
Sonda
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin fəaliyyətinə
həsr olunmuş slayd nümayiş etdirilib.
Rufik İSMAYILOV
Kaspi.-2012.-1 may.-S.4.