“Təhsil bizim üçün bir nömrəli məsələ
olmalıdır”
Akademik
Teymur Bünyadov hesab edir ki, buraxılış
imtahanlarının TQDK tərəfindən keçirilməsi
bir çox problemləri aradan qaldırılacaq. Akademik Teymur
Bünyadov «Kaspi»nin suallarını cavablandırır.
- Teymur müəllim, sizin Milli Məclisin
Elm və təhsil komissiyasının sədri olduğunuz
dövrdən aktual olan «Təhsil haqqında» qanun nəhayət
qəbul olundu. Bunu necə qiymətləndirirsiniz?
-
Müstəqilliyin ilk illərində biz «Təhsil haqqında»
qanun qəbul etmişdik. Lakin bu qanun çox tələsik
hazırlanmışdı və bir sıra boşluqları
var idi. O vaxt ümummilli liderimiz Heydər Əliyev bizi
çağırdı və dedi ki, hazırda qüvvədə
olan «Təhsil haqqında» qanun çox tələsik
yazılmış bir sənəddir. Onun təşəbbüsü
ilə biz yeni bir qanun layihəsi hazırladıq. Bu məsələni
biz xalqın müzakirəsinə verdik. Ümummilli liderimiz də
bizimlə görüşündə dedi ki, çox
yaxşı edirsiniz ki, layihəni xalqın müzakirəsinə
çıxarırsınız. Çünki təhsil qanunu
bizim taleyimizlə bağlıdır. Biz o qanunun üstündə
4 il işlədik və layihənin birinci və ikinci
oxunuşda qəbul etdik. Üçüncü oxunuş
müzakirələrinə qədər mənim deputatlıq
müddətim başa çatdı. Növbəti 5 illikdə
qanun layihəsinə Şahlar Əsgərovun rəhbərlik
etdiyi komissiya baxdı. Amma o, qanunun hazırlanmasından
çox, iradlara üstünlük verdi və nəticədə
nazirliklə münasibətlər korlandı, qanunun qəbul
olunması mümkün olmadı. Ondan sonrakı 5 illikdə Təhsil
Komissiyasına rəhbərlik edən Şəmsəddin
müəllim bizim edə bilmədiklərimizi etdi. O bizim
hamımızdan qoçaq çıxdı. Operativ şəkildə
bütün problemləri yoluna qoydu. Layihəni həm
yuxarılar, həm də aşağılar bəyəndi.
Artıq yeni «Təhsil haqqında» qanun qüvvədədir. Təhsilimiz
bu qanuna əsaslanaraq idarə edilir.
- Amma müzakirələr xeyli uzun
çəkdi. Bunu nə ilə əlaqələndirirsiniz?
-
Bunu təbii qəbul etmək lazımdır. Təhsil
çox həssas mövzudur. Mən bu dəqiqə də bu məsələlərdən
danışanda çox ehtiyatlı olmağa
çalışıram. Təhsil strateji əhəmiyyətə
malik dövlət məsələsidir. Təhsil həm də
xalqın bugünkü taleyi, gələcəyi ilə
bağlıdır. Hansı xalqın təhsili zəifdirsə,
o xalq dünya xalqları arasında çox yazıq
görünər. Hansı xalqın təhsili yoxdursa, deməli,
onun özü də yoxdur. Bu baxımdan son vaxtlar təhsil
sistemində aparılan işləri alqışlayıram.
Buraya təkcə qanunun qəbul edilməsinin deyil, digər
addımları da aid edirəm. Çox yaxşı bir
haldır ki, Heydər Əliyev Fondunun prezidenti, birinci
xanımımız Mehriban Əliyeva bu məsələlərə
çox böyük diqqət yetirir.
Xatırlayırsınızsa, müstəqilliyin ilk illərində
daha çox məscid tikintisinə üstünlük verilirdi.
Qısa müddət ərzində ölkə ərazisində
800-dək məscid tikildi. Dinimizə, imanımıza,
vicdanımıza qayıtmaq çox yaxşı idi. Amma
açıq deməliyik ki, bizim üçün bir nömrəli
məsələ təhsil olmalıdır. Bu baxımdan, son
vaxtlar ölkədə xeyli sayda yeni məktəb binalarının
tikilməsi bizi çox sevindirir. Elmi tədqiqat işləri
ilə əlaqədar tez-tez rayonlara gedirik. Orada tez-tez təzə
tikilən məktəblərlə də tanış oluruq. Həmin
məktəblərlə tanış olanda adam qürur hissi
keçirir. Amma təhsilimiz problemlərdən də xali deyil.
Müəllimi potensialının zəifliyi, zamanla
ayaqlaşmamağı bacarmamağımız, yeniliklərdən
tez istifadə edə bilməməyimiz əsas problemlər
kimi qeyd olunmalıdır. Təhsilimiz repetitorların
ümidinə qalıb. Əslində, mən onların əleyhinə
deyiləm. Bizə son nəticədə gənclərimizin
bilik səviyyəsinin yüksək olması,
bacarığı lazımdır. Bu dövlət, bu xalq gənclərindir.
Biz bu gün varıq, sabah yoxuq. Bu gün orta məktəbdəki
müəllimlərin peşəkarlıq səviyyəsi,
bilik dairəsi tələbata cavab vermir. Kiçik bir yoxlama
aparsaq, çox nöqsanlar aşkara çıxarılacaq.
Bizim müəllimlərimizin bəziləri öz üzərində
işləmirlər, yeniliklərlə az tanış olurlar.
Bu, bizim gələcəyimiz olan gənclərimizin taleyinə
mənfi münasibətdir.
- Bu
yaxınlarda ölkə prezidenti orta məktəblərdəki
buraxılış imtahanlarının Təhsil Nazirliyi tərəfindən
deyil, tələbə Qəbulu üzrə Dövlət
Komissiyası tərəfindən aparılması ilə
bağlı sərəncam imzalayıb. Bu yeniliyə
münasibətinizi bilmək istərdik.
- Mən
bu addımı alqışlayıram. Niyə? Ona görə
ki, indiyə qədər buraxılış imtahanları ilə
bağlı çox xoşagəlməz xəbərlər
eşidirdik. İmtahanlarda «mən ölüm, sən
ölüm», güzəştə getmə halları var idi.
Qiymətləndirilmə ilə bağlı da problemlər
mövcud idi. Bəzən orta məktəbi əla qiymətlərlə
bitirənlər ali məktəblərə qəbul ola
bilmirdilər. Məncə, imtahanlar TQDK tərəfindən
keçirildikdən sonra bu problemlər aradan
qaldırılacaq. Orta məktəb şagirdləri dərk edəcəklər
ki, qıl körpüsündən keçməlidirlər.
Başqa heç bir yolla qiymət ala bilməyəcəklər.
Buna görə də təhsilə münasibət dəyişəcək.
Həm müəllimlərin tələbkarlığı, həm
də şagirdlərin məsuliyyəti artacaq. Artıq
Rusiyada bu praktikadan istifadə olunur. Orada qəbul imtahanları
ilə buraxılış imtahanları birləşdirilib.
- Bizdə də bunun
reallaşdırılması mümkündürmü?
- Əlbəttə
ki, mümkündür. Orta məktəbi bitirənlər
buraxılış imtahanlarından aldıqları qiymətə
müvafiq ali məktəblərə qəbul oluna bilərlər.
Bununla da biz uşağa iki dəfə əziyyət verməyin
qarşısını alacağıq.
-
Amma son vaxtlar müəllim peşəsinin əvvəlki
hörmətə malik olmadığını da qəbul etməliyik.
- Bu, məni də çox narahat edir. Bəzi müəllimlərin işə
biganə münasibəti
bizim taleyimizi korlayır. Mənim fikrimcə, buraxılış
imtahanları ilə bağlı dəyişikliklər
məktəblərimizə müsbət mənada təsir edəcək. Bu məqamda Şərqin böyük mütəfəkkiri
Sədi Şirazinin müəllimlə bağlı
bir fikri yadıma düşdü.
O deyir ki, bir gün şah
oğlunun əlindən
tutub onu mədrəsəyə aparır.
Oraya çatanda gümüş lövhənin
üstünə qızıl
həriflərlə «Valideynlərimin
nəvazişindən çox,
müəllimlərimin tələbkarlığına
borcluyam» yazdı. Bu, çox böyük fikirdir. Bu, müəllimə
verilən çox yüksək bir qiymətdir. Bizdə də həmişə müəllimə çox
yüksək qiymət
verilib. Hansı xalqda müraciət forması kimi «müəllim» sözündən
istifadə olunur? Ancaq bizim xalqda.
Bu da bizim dədə-babalarımızın müəllimə olan hörmətidir. Biz həmişə
müəllimə nicat
yeri kimi baxmışıq.
- Ali məktəblərdəki
təhsillə bağlı
problemlərimiz var. Boloniya
prosesinə keçiddə
problemlərlə üzləşirik.
Bu barədə nə
düşünürsünüz?
- Boloniya prosesinə keçidə başlamışıq.
Bu, sistem ümumilikdə
yaxşıdır. Amma
açıq desək,
hələ biz onun tətbiqinə nail ola bilməmişik. Biz hələlik
onu dərk edə bilmirik. Eyni zamanda, ali
təhsilin magistratura pilləsində də problemlərimiz var. Son 3-4 ilə
qədər əksəriyyət
magistraturanın nə
olduğunu bilmirdi. Amma ali təhsildə
keyfiyyətin artırılması
üçün təhsilin
magistratura pilləsinə
xüsusi diqqət yetirilməlidir. Magistratura
ali təhsilin əsas pilləsidir. Ali təhsil alan tələbə bu pillədə kamilləşir.
- Son illər dövlət xətti ilə azərbaycanlı gənclərin xarici ölkələrin nüfuzlu
universitetlərində təhsil
almalarını necə
qiymətləndirirsiniz?
- Bu, çox nəcib bir addımdır. Biz bunun nəticələrini
bir müddət sonra görəcəyik.
Bu gün mən eşidəndə ki, hansısa bir ailənin övladı xaricdə təhsil alır, həmin ailəyə yaxşı mənada qibtə edirəm. Çox sevindirici bir haldır ki, bu gün Azərbaycan
gəncləri dünyanın
tanınmış universitetlərində
təhsil alırlar. Onlar yalnız təhsil almırlar, həm də dünya görüşlərini
genişləndirirlər, həyata
baxışlarını dəyişdirirlər.
Xaricdə təhsil alanlar bir sıra
cəhətlərinə görə
başqalarından fərqlənirlər.
Çox yaxşı haldır ki, xaricdə oxuyub gələn gənclərimizin
işlə təmin olunmasına da xüsusi diqqət yetirilir.
- Azərbaycan elminin bugünkü səviyyəsi necə, sizi qane edirmi?
- Bilirsiniz, tərbiyə yoxdursa, təhsil də yoxdur. Təhsil yoxdursa, elm də olmayacaq. Təhsili olmayan gəncdən biz hansı elmi nailiyyət gözləyə bilərik.
Sevindirici haldır ki, elmimizin bir
sıra uğurları
var, amma çatışmayan cəhətlərimiz
də çoxdur. Özü də elmimizin problemləri heç də təhsildəki problemlərimizdən
az deyil. Məsələn, bu yaxınlarda Akademiyanın
həqiqi, müxbir üzvlüyünə seçkilər
olacaq. Ölkənin tanınmış alimləri
namizədliklərini irəli
sürüblər. Amma
ayrılan yerlər çox azdır. Məsələn, ictimai humanitar elmlərdən tarix üzrə müxbir üzvlüyə
cəmi bir yer verilib. Amma
tarixin müxtəlif sahələri – etnoqrafiyası,
arxeologiyası var. Bu sahələrin
inkişafı üçün
yüksək səviyyəli
kadrlara ehtiyac var. Son vaxtlar tarix üzrə
3 akademikimiz dünyasını
dəyişib, amma bir akademik yeri də verilməyib. Boş qalan yerlərə gərək seçki edəydik. Bu da böyük narazılığa
səbəb olur. Digər bir problem ondan ibarətdir ki, tutaq ki,
cəmi bir yer ayrılıb, dünən yumurtadan çıxanlar da akademikliyə namizədliyini
verirlər. Bunların
qarşısı alınmalıdır.
Biz gərək ciddilərdən
ciddisini seçək.
Akademikliyə özünün
məktəbi olan, çoxlu monoqrafiyaları
çap olunan, xarici dillərdə əsərləri çıxan
alimlər seçilməlidirlər.
Problemlərimizdən biri
də mənzil təminatı ilə bağlıdır. Bu günlərdə
aspirantlar üçün
mənzil tikintisi ilə bağlı verilən qərar çox yaxşıdır.
Bununla belə ömrünü elmə həsr etmiş, amma hələ də mənzil problemini həll edə bilməyən alimlərimiz var. Onları
da düşünmək
lazımdır.
- Elmin İnkişafı Fondunun fəaliyyətini necə qiymətləndirirsiniz?
- Bu fondun yaradılması təqdirə layiqdir. Amma hələlik onun gücü yetərli deyil. Fond elmimizə istənilən
qədər dəstək
verə bilmir.
- Milli Elmlər Akademiyası
sistemində islahatların aparılması, institutların birləşdirilməsi
ixtisarlarla bağlı təşəbbüslər də var.
Bu təşəbbüslərə münasibətiniz necədir?
- Bir
sıra xarici ölkələrdə heç akademiya yoxdur. Müstəqilliyimizin
ilk illərində bizdə də akademiyanın ləğvi məsələsi
gündəmə gəlmişdi. Amma ulu öndərimiz
hakimiyyətə gələn kimi bu söhbətlərə
son qoydu. Dedi ki, akademiya bizim milli sərvətimizdir. O ki
qaldı, institutların birləşdirilməsi məsələsinə,
mən bunun xeyirli olacağını düşünmürəm.
Biz bundan heç nə qazanmayacağıq. Amma lap birləşdirilmə
olsa da, dünya da dağılmayacaq. Düşünürəm
ki, biz institutların tərkibində müəyyən
ixtisarlar apara bilərik. İllərdir bu sistemdə işləyən,
amma ortaya iş qoymayan xeyli sayda akademiya əməkdaşı
var. Özü də indi pensiyaya çıxan elmlər namizədlərinə,
elmlər doktorlarına dövlət yaxşı pensiya verir.
Bu şansdan istifadə etmək lazımdır. Elmə xeyir
verməyən adamlar əngəl də olmamağa
çalışmalıdırlar. Belələri çoxdur.
Biz onları nə qədər çiynimizdə gəzdirəcəyik?
- Teymur müəllim, ümumilikdə
təhsilimizin gələcəyi ilə bağlı
proqnozlarınız necədir?
- Mən çox optimist adamam. Əminəm ki, qısa müddət sonra təhsilimiz ürəyimiz istəyən səviyyəyə gəlib çatacaq. Mən buna əminəm. Bizim ikinci bir yolumuz yoxdur. Biz yalnız bu yolla getməliyik. Zaman hər şeyi göstərəcək.
İlham QULİYEV
Kaspi.-2012.-3 may.-S.9.