Mən
muğamın Məcnunuyam
Mənsum
İbrahimov: “Füzulinin yazdığı sözləri,
Üzeyir bəyin qələmə aldığı musiqini
oxuyursan, olursan əsl Məcnun”
Müsahibim
– minilliklərdən süzülüb gələn
muğamımızı Analarımızın laylasına ən
yaxın şirinlikdə bizə çatdıran Mənsum İbrahimovdur.
Həzindir
səsi, mülayimdir. Gülümsər simasıyla ürəklərimizə
nüfuz edib, orda özünə yer edə bilir. Heç
tanımayan biri belə onun adını eşidəndə
gülümsəyir. Elə bil hər kəsin dost-doğmaca
qardaşıdır, hamı onu beləcə sevir.
“Milli
Konservatoriyada görüşək” kəlmələrini
eşidəndə həyəcandan nitqim qurudu. Məcnunu
olduğum Məcnunla görüşəcəkdim, axı. Həmsöhbət
olacaqdım, onun özündən soruşacaqdım
muğamın yanğısını.
Görüşdüm və
artıq həmsöhbətik...
- Bilmək olarmı, Mənsum
İbrahimov üçün muğam nədir?
- Mənsum
üçün muğam - hər şeydir. Muğam-həyat
tərzidir və mən özümü muğamın Məcnunu
hesab edirəm.
- Muğam ifaçısı
olmasaydınız, içərinizdəki o yanğını
nə ilə çıxarardız?
- Yəqin,
cərrah olacaqdım. Burada da yaxşı mütəxəssis
olacağıma inanıram. Çünki birinci olmaq mənim həyat prinsipimdir. Ya
birinci olmaq, ya da olmamaq. Nə işlə məşğul
oluramsa, çalışıram orda birinci olum. Bu iddia deyil,
belə olmağın arxasında çoxlu yuxusuz gecələr,
əzab-əziyyət durur. Mən buna adət eləmişəm.
Sizə bir məqamı deyim: xanəndəlikdən sonra
müəllimliyə başladım. Adətən
görürsən ki, müəllimin biri yaxşı olur, biri
də yola verir. Qərar verdim ki, müəllim olacağamsa,
müəllimin də yaxşısı olacam . Elə də
oldu. Qısa vaxt ərzində mənim tələbələrim
bütün muğam müsabiqələrinin qalibləri oldular.
İndiyə qədər keçirilən muğam müsabiqələrinin
bir çoxunun qalibləri, Qran-Pri mükafatçıları
mənim tələbələrimdir. Hətta onlar Operada da mənim
sənət yoldaşlarımdır. Artıq baş rolları
oxuyurlar, hətta ora da özüm hazırlayıram onları.
Bilirsiz, ancaq başqasının uğuruna sevinə bilən
insan müəllim ola bilər. Bu, həm də
ifaçılıqda çox yaxşı təsir eləyir
insana. İnsan rahat yaşayır, başını
aşağı salıb öz işi ilə məşğul
olur. İçində eqoistlik varsa insan həmişə əziyyət
çəkir. Başqasının uğuruna pis olur, görürsən
ki, sevinmir, hər zaman özünü narahat hiss eləyir. Bir
də şükür eləməyi bacarmalısan. Mən o
gün özümü xoşbəxt hiss edirəm ki, Allah məni
belə yaradıb, Onun verdiyi, vermədiyi hər şeyə
qane oluram, aza-çoxa şükür edirəm. Mən
başqasının uğuruna, eləcə də tələbələrimin
uğuruna öz uğurumdan çox sevinirəm. Bundan
böyük xoşbəxtlik yoxdur həyatda. Mən bu
sözü çox demişəm yenə deyirəm, Allah o
sevgini, o hissləri hər adama vermir. Yalnız
özünün sevdiyi insanın qəlbinə verir məhəbbəti.
Bəlkə on mində bir adamın qəlbində var məhəbbət
və onu ancaq o hissi yaşayan bilər.
- Nədir MƏHƏBBƏT?
-
(gülür) Nə bilim vallah, mənim Allahın
yaratdığı həyatda nə varsa hamısına məhəbbətim
var. Məhəbbət insanı gözəlləşdirir,
saflaşdırır, məhəbbət insanı ucaldır. Məhəbbəti
olan kəs Allahın yanında insanlığın, kamilliyin ən
uca zirvəsində dayanan bir insandır. Qəlbində məhəbbət
daşıyan insan pis insan ola və kiməsə nifrət bəsləyə
bilməz. O ancaq sevir, gözünə nə görünsə,
hər şeyi sevir, çünki məhəbbət var qəlbində.
Sevən insan bax budur. Mən sizə deyim, Məcnunu oxuyandan
sonra mənim hər baxımdan həyata baxışım da dəyişdi.
İnsanlara insan kimi baxıram, mənim üçün onun vəzifəsinin
fərqi yoxdur. Adi süpürgəçi olsun,
sürücü, müəllim olsun, nazir olsun, ilk növbədə
insan kimi insandırsa mənim üçün dəyərlidir.
Onun məşğul olduğu sahə daha sonra gəlir.
- Nəyisə sevmək
üçün mütləq şəkildə onun dəlisi
olmaq lazımdır. Bu, sizdən başqa hər kəsdə
özünü göstərir...
- O
görünən tərəfidir e. Mən də dəlisiyəm.
Operada iyirmi ilə yaxındır, Məcnun oxuyuram. Təsəvvür
edin ki, mən onun dəlisi, Məcnunu olmasam, iyirmi il ərzində
Məcnunu sevdirə bilməzdim. Çox çətindir, eyni
tamaşanı, eyni obrazda oxumaq və hər dəfə salonu
ağzınacan doldurmaq. Hətta bir ay oxumayanda
tamaşaçılar narazılıq edir.
Tamaşaçı səndən bezsə, təbii ki, növbəti
dəfə, hətta onuncu dəfə gəlməyəcək.
Eləsi var, mənim əlli-altmış tamaşama baxıb.
Bir dəfə soruşdum ki, bezməmisən təkrar dinləməkdən?
Dedi, nə danışırsız... Sizin ifanız mənə
dərman kimi gəlir, olmayanda elə bilirəm həyatda nəyimsə
çatmır. Elə şeylər var ki, insanın hissləri
ilə, gözəgörünməzlə bağlıdır
və gəlib mənəviyyatda dayanır.
- Bütün tamaşa boyu o
yanğını qoruyub-saxlamaq necə mümkün olur?
- Deyə
bilmərəm ki, bütün tamaşanı elə
yanğı ilə oxuyuram, bu mümkün də deyil. Amma
tamaşanın içində anlar olur ki, o anlara görə
bütün tamaşaya baxmağa dəyər. O anlarda
özünü hiss etmirsən, məkanı unudursan,
coğrafi anlayışlar itir, artıq bağlanırsan
yuxarı və içində nəsə yaranır. Bax bunu
tamaşaçı da hiss edir. Məhz bu anlardır tamaşaçını
ora cəlb edən. Bəlkə də çox olsa
ifaçının beyni buna dözməz,
tamaşaçı da baxa bilməz. Hər şey
görünür qədərində olanda gözəl olur.
Biz canlı insanıq və yaşadığımız
dünyadan tam təcrid ola bilmirik. Mən nə qədər
tamaşadan əvvəl özümü unudub Məcnun olmağa
çalışsam da, hiss edirəm ki, hardasa beynim işləyir.
Cəhd edirəm ki, Mənsum olduğumu unudum. Var
gücümlə Məcnunun hiss və həyəcanlarını
olduğu kimi tamaşaçıya çatdıra bilim. Elə
də olur ki, tamaşa bitir, otağıma
tanıdığım-tanımadığım çoxlu
adamlar gəlir, hamısıyla mexaniki olaraq
danışıram, daha sonra çoxu yadımdan
çıxır. Axı beynim hələ Məcnundadır.
Bir neçə saat mexaniki hərəkət edirəm,
çünki beyin qayıdana qədər üç-dörd
saat vaxt tələb edir. Ta ki, yavaş-yavaş özünə
gəlir.
- Muğamın yaranma tarixi hansı
dövrə təsadüf edir?
- Adəmlə
Həvvanın dövrünə. Bizim ana muğamımız
Rast Adəmlə Həvva dövründən yaranıb.
Muğam başdan-ayağa fəlsəfədir, ağlaşma
deyil. Muğam bizim millətimizin xarakterini-xasiyyətini ortaya
qoyur. Muğam bizim millətimizin keçdiyi bütün
keşməkeşli yolları göstərir. Adət-ənənəsi,
məhəbbəti, folkloru, xalqımıza aid hər şeyi
muğamda tapa bilərsən. Çahargahda cəng varsa,
döyüşkənlik varsa, Segah da başdan-başa məhəbbətdir.
Bayatı-Qacar isə qəm-kədərdir. Muğamı dərk
edən insanların əksəriyyətinin xasiyyəti ilə
muğamın arxasınca gedən insanların xasiyyəti
üst-üstə düşür. Bilirsiz, ancaq ruh
insanları muğam arxasınca gedir. Maddiyyat yox, mənəviyyatı
düşünən insanlar muğam ifaçısı olur.
Çünki muğamda maddiyyat yoxdur. Muğam sənətkarları
fanatlardır. Bu sənətin fədakarları. Burda əzab-əziyyət
o qədər çoxdur ki, tamaşaçı hazır məhsulu
görür, düşünür ki, ifaçıdır da,
çıxdı oxudu. Amma ora gələnə qədərki
yolun necə çətin, gərgin olduğunu bilmir.
- Bəs ifaçı o gözəllik
arxasındakı əzab-əziyyətləri harda gizlədir?
-
Özündə. Onun hamısını özündən
keçirir, hazır məhsulu - zövqü verir
tamaşaçıya, özündə isə əzab-əziyyət
qalır.
- Özü nədən zövq
alır?
-
Özü o muğamın içində yanır e, bax o
yanmağından zövq alır. Tam səmimi deyirəm,
tamaşadan çıxıram, həm fiziki yorğun oluram, həm
beynim yorğun olur. Leyli-Məcnun psixoloji bir əsərdir. Adi
bir dastan əsəri deyil axı. Təsəvvür edin,
Füzulinin yazdığı sözləri, dahi Üzeyir bəyin
yazdığı musiqini oxuyursan. O iki saat yarımı olursan,
sözün əsl mənasında Məcnun. Tamaşa səhəri
oyananda görürəm, dizimdə, qolumda əziklər,
sıyrıqlar var. Onları tamaşa zamanı hiss eləməmişəm.
Və başlayıram o hissləri yadıma salıb zövq
alıram. Tamaşaçıyla üzbəüz gələndə
də kimi deyir ağlayıb gedirəm, kimi də deyir ki, mən
günlərlə özümə gələ bilmirəm. Bax,
bu, zövq verir. İnsanların hissinə təsir eləmək
çox çətin bir şeydir. Hələ indiki zamanda.
İndiki tamaşaçı çox əsəbidir, səbirsizdir.
Anında hər şeyi görmək istəyir, təbiilik
sevir. Əgər bunların olduğuna inanmasa, qalxıb
tamaşadan gedəcək. Axı indiki dövr Sovet
dövrü deyil ki, tamaşaçını zorla gətirib
oturdasan. O, istədiyi an çıxıb gedə bilər. O
min nəfəri sən orda saxlaya bilirsənsə, bu, artıq
qəhrəmanlıqdır. Hətta bir dəfə təsadüfi
bir adam səhnənin arxasında mənə dedi ki, “Ay Mənsum
müəllim, siz nə zülüm çəkirsiz?”
Düşünə bilirsiz, o mənim halıma
acıdı... İş adamıydı və özü də
bilmədi ki, mənə nə boyda zövq verdi bu
sözüylə. Tamamilə bu dünyadan kənar adam idi,
ağlına da gəlməzdi ki, mən o zülümdən nə
qədər zövq alıram. Onun mənə acıdığı
an, qəbiristanlıqda sürünmə pərdəsi idi,
Leylinin qəbri üstə Məcnun canını
tapşırır. Ancaq məhəbbət hissini yaşaya bilən
adam dərk edə bilərdi ki, bu, nə deməkdir.
- Belə
çıxır ki, hər dəfə muğam ifa edəndə,
bir tamaşada oynayanda o ifaçı od tutub yanır, daha sonra
dönür özünə...
- Həqiqətən
elədir. İfaçı Məcnunun faciəsini
yaşayır, dönür olur Məcnun, sonra da çətinliklə
qayıdır özünə. Amma hər halda xarakterdə də
uyğunluq var. Məcnun obrazıyla mənim xasiyyətimdə
hansısa oxşarlıq var ki, mən obrazı mənimsəyib
ifa edə bilirəm.
- Neçə dəfə
canlandırmısız Məcnunu?
-
İyirmi ildə 117 dəfə.
- Elə bir vaxt olubmu ki, Leyliniz sizi
qane etməsin?
- Təbii
ki. Bu tamaşanı yeni oxuduğum vaxtlarda istər-istəməz
əsəbiləşirdim. Amma illər keçəndən
sonra yolunu tapdım. Bilirsiz, səhnədə oyun zamanı elə
bir an gəlib çatır ki, Leylini görmürsən. Onun
kimliyindən asılı olmayaraq öz xəyalındakı
ilə yaşayırsan. O halda artıq qarşındakı
Leylinin nə cür oynadığı, səni qane edib-etmədiyi
maraqlı olmadığından, əziyyət çəkmirsən.
- Bizim millətin mədəniyyətindən
dünyada yoxdur. Bəs mədəniyyətə, konkret olaraq
muğama diqqət necə, sizi qane edirmi?
-
Muğamla pul qazanmaq olmaz, əksinə, onun üstünə
pul qoymaq lazımdır, necə ki, bu gün Heydər Əliyev
Fondu bu missiyanı öz üzərinə götürüb.
Şəxsən Mehriban xanım son on il ərzində bəlkə
də yüz ilin işini görüb. Muğamın
tanınmasında Mehriban xanımın müstəsna rolu var.
Həm respublika, həm beynəlxalq muğam müsabiqələri
ölkəmizi mədəniyyət mərkəzi kimi
tanıtdırır.
- Oxuculara
sözünüz...
- Bədbin
olmağa dəyməz. Mən gələcəyə nikbinliklə,
inamla baxan adamam və inanıram ki, bizim millət hər bir
çətinliyin öhdəsindən ləyaqətlə gələcək.
Mən buna inanıram. Tezliklə Qarabağ işğaldan azad
olacaq. Ali Baş Komandanın rəhbərliyi ilə biz tezliklə
Şuşaya gedəcəyik. Allah millətimizi qorusun!
- Amin!
Nigar İsfəndiyarqızı
Kaspi.-2012.-4 may.-S.15