Alim ömrünün salnaməsindən 

 

Ömrünün 76-cı baharını haqlayan filosof-alim Əsədulla Qurbanovun portret cizgilərinə nəzər salarkən

 

1936-cı ilin 28 aprelində Azərbaycanın dilbər guşələrindən birində – Balakən rayonunun Katex (Gədik) kəndində yoxsul kəndli ailəsində bir oğlan uşağı – Əsədulla Qurbanov bu işıqlı dünyaya göz açır.

Katex kəndi Şimaldan enli «kürəklərini», məğrur «başını» zərvəsi daim ağappaq qarla, pənbə buludlarla örtülmüş Baş Qafqaz sıra dağlarına söykənmişdir. Bu kənd «sağ əlini» həmin dağın cənub ətəyində aşıb-daşan bulağa «uzatmışdır» … Katex  kəndi «bükülməz dizləri» ilə birlikdə «ayaqlarını» qonşu Gürcüstanla sərhəddən axıb gedən Qanıq və Alazan çaylarına «sallanmışdır».

Sıx ormanlarla əhatə olunmuş Katex  kəndinin maddi nemətlərinin sırasında bal kimi şipşirin xurma, alyanaq alma, əzgil, min dərdin dərmanı fındıq, qoz, şabalıd… və s. dadlı meyvələrdirsə, mənəvi sərvətləri – əsasən oğuz türkləri, milli-etnik qruplar – avarlardır.

İş elə  gətirmişdir ki, hörmətli professor Əsədulla Qurbanovun anadan olmasının 60, 70, 75, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinin 55 illiyi münasibətilə yazı-oçerk yazmaq da, vətəndaş, islamşünas alimin, görkəmli ictimai-siyasi xadimin anadan olmasının 75, səmərəli elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinin 55 illiyi haqqında söz söyləmək onun tələbəsi, yetirməsinə – siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının bölmə müdiri Qafar Əliyevə nəsib olmuşdur.

Respublikamızın hüdudlarından çox-çox  uzaqlarda, Rusiya Federasiyasında, İran İslam Respublikasında, Səudiyyə Ərəbistanı Krallığında, Bolqarıstanda, Orta Asiya Respublikalarında, Dağı standa… da yaxşı tanınan islamşünas alim Əsədulla Qurbanovun ömür səlnaməsindən bəzi epizodları  qələmə almaq bu sətirlərin müəllifinə qismət olmuşdur.

Müstəqil respublikamızın müxtəlif ictimai-siyasi təşkilatlarının, görkəmli, tanınmış, məşhur şəxslərini, elmi-tədqiqat institutlarının, tədris ocaqları rəhbərlərini, həmkarlarının, keçmiş şagird tələbə yoldaşlarının, tanışlarının, uzaq-yaxın qohumlarının, layiqli, ləyaqnətli övladlarının, şirin-şəkər nəvələrinin ömrünün 76 baharını yaşayan  dəyərli ziyalımız, fəlsəfə elmləri doktoru, professor Əsədulla Qurbanova göndərdikləri təbrik məktubları, teleqramları, etdikləri telefon zəngləri, açığını deyək ki, böyük vətəndaş alimin şərəfli əməyinə, xalqımızın ziyalısının səmərəli fəaliyyətinə verilən obyektiv, dəyərli qiymət kimi bizi sevindirməyə bilməz.

Tanınmış islamşünas-filosof alim fəal ictimai-siyasi xadim kimi fəaliyyətinin xüsusi qeyd edilməsi hamımızın ürəyindən oldu. Ömrünün 76 illərində enişli-yoxuşlu, paradoksal, ziq-zaqlı həyatın bərkində-boşunda, xəzri-gilavarında, dolambaclarında yaxından tanıdığımız,  mənalı ömür salnaməsini müşahidə etdiyimiz, dostumuz, əqidə, məslək yoldaşımız, həmkarımız kimi biz də onu elə tanıyırıq -Ana Vətəninin, əziz xalqının, müstəqil dövlətinin mənafeyini hər şeydən uca tutan vətəndaş alim, görkəmli ictimai-siyasi xadim kimi.

1956-cı ildə sənədlərini Bakı Dövlət Universitetinin filologiya fakültəsinə verir. O zaman ali məktəbə 5-6 fəndən qəbul imtahanları götürülürdü. İş  elə gətirir ki, Əsədulla Qurbanov 5 fəndən ən yüksək qiymətlər alsa da, sonuncu rus dili fənnindən kəsilir. Belə olan halda Əsədulla Qurbanov universitetin rektoru, dünya şöhrətli kimyaçı alim, akademik Yusif Məmmədəliyevə müraciət edir. Rektor onu çox diqqətlə dinləyir. Əsədulla Qurbanovun tərcümeyi-halını və onun ali təhsil almaq üçün hədsiz həvəs və istəyini nəzərə alan çox humanist İNSAN olan rektor istisna hal kimi qəbul komissiyasına göstəriş verir ki, Əsədulla Qurbanov yenidən müsabiqədən keçsin. Akademik Yusif  Məmmədəliyevin yüksək atalıq qayğısı  sayəsində Əsədulla Qurbanov  1956-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaşünaslıq və biblioqrafiya şöbəsinə daxil olur. O, təhsil almaqla yanaşı Bakı Şəhər Nizami adına kütləvi kitabxananın səyyar şöbəsində müdir vəzifəsində də  çalışır.

Məsul inzibati işlərdə çalışmasına baxmayaraq, Əsədulla Qurbanov elmi-fəlsəfi dinşünaslıq və islamşünaslıq sahələri üzrə elmi axtarışlarından, tədqiqat işlərindən də qalmırdı. Bu dərin, hədsiz maraq və həvəs onu 1972-ci ildə Azərbaycan Milli Elmlər  Akademiyasının fəlsəfə, sosiologiya və hüquq institutuna gətirir. Əsədulla Qurbanov burada işləməklə universitetə dissertant qəbul olunur, orada ixtisası üzrə dərs deyir. O, burada respublika ali məktəbləri üzrə istinad kafedrası olan «Dinin tarixi və nəzəriyyəsi» (sonralar bu kafedra «Dinşünaslıq, hazırda isə «Fəlsəfə tarixi və mədəniyyətşünaslıq») adlanır. O, burada əvvəlcə dissertant, sonra isə qiyabi aspirant olur, özünə elmi-tədqiqat mövzusu seçir. 1976-cı ildə Əsədulla Qurbanov Bakı Dövlət Universitetinin fəlsəfə üzrə, elmi şurasında «Azərbaycan kəndlisinin mənəvi həyatında sekulyarlaşmanın xarakterik xüsusiyyətləri» mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi, dossent olur.

Əsədulla Qurbanov Pedaqoji fəaliyyətlə yanaşı dövrü mətbuatda siyasi, elmi-publisistik məqalələr dərc etdirir, radio və televiziyalarda bir sıra maraqlı verilişlərlə çıxış edir. Əsədulla Qurbanov yüksək nitq mədəniyyətinə malikdir.  Mühazirəçilik bacarığı və məharəti onun tələbələri, dinləyicilər tərəfindən daim böyük maraqla qarşılanır.

Görkəmli alim- filosof, şair, mərhum akademik Aslan Aslanov 1978-ci ildə Əsədulla Qurbanovu rektoru olduğu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə islam fəlsəfəsi, islam  mədəniyyəti və incəsənəti fənlərini tədris etməyə dəvət edir. Əsədulla Qurbanov həmin universitetdə dosent vəzifəsində çalışarkən əvvəllər respublika Mədəniyyət və Turizm Nazirliyində uzun illər topladığı zəngin təcrübəsini pedaqoji fəaliyyətlə əlaqələndirir, mədəni-maarif, rəssamlıq, teatr, bədii özfəaliyyət,  muzeyşünaslıq, mədəniyyətşünaslıq, kulturologiya məsələlərini tələbələrə gənclərə öyrədir.

Əsədulla Qurbanov 1984-cü ildə təhsil nazirinin əmri ilə Bakı Dövlət Universitetinə köçürülür. Bu, Əsədulla Qurbanova dövlət səviyyəsində göstərilən böyük  və yüksək etimad idi. Respublikamızın ali məktəblərinin flaqmanı sayılan Bakı Dövlət Universitetində, bu elm məbədində Əsədulla Qurbanov unudulmaz müəllimləri, korifey pedaqoqlar, dünya şöhrətli  Yusif Məmmədəliyev, Şəfahət Mehdiyev (akademik rektorlar), Həmid Araslı, Məmmədcəfər Cəfərov, Cəfər Cəfərov, Cəfər Xəndan, Aslan Aslanov, Feyzulla Qısamzadə, Ağamusa Axundov, professor, yazıçı Mircəlal Paşayev, ƏLi Sultanlı, Əlövsət Abdullayev, Abbas Zamanov, Səlim Cəfərov, Xəlil Əlimirzəyev, Abuzər Xələfov və başqalarını özünə örnək hesab edib.

Yorulmaz pedaqoq, tədqiqatçı alim, o cümlədən Şərq, eləcə də Azərbaycan  fəlsəfəsinin ayrılmaz tərkib hissələrindən, istiqamətlərindən olan dinşünaslığa, xüsusi ilə də islamşünaslığa dərindən bələd olan və bu sahədə çox qiymətli axtarışların müəllifi sayılan Əsədulla Qurbanovun 500-dən çox elmi, bədii-publisistik əsərləri, məqalələri, dərslik, metodik vəsaitləri, monoqrafiyaları çapdan çıxmışdır. Bu əsərlər içərisində «Mübariz insan – Məmməd Səid Ordubadi», «Gənclərin mənəvi tərbiyəsi», «Nəzəri dinşünaslıq», «Nəzəri İslamşünaslığa giriş», «Azərbaycanda sekulyarlaşmanın xarakterik xüsusiyyətlərir», «Beynəlxalq münasibətlərdə din-islam amili», «İslamşünaslığın Azərbaycan konsepsiyası», «İslamşünaslığın aktual problemləri», «İslam və Heydər Əliyev fenomini», «Din və ictimai təhlükəsizliyin aktual problemləri», «Beynəlxalq terrorçuluq sosial bəladır», «İslam kontekstində Azərbaycan - İran münasibətləri yeni şərhlər», «Azərbaycan-Bolqarıstan münasibətləri yeni mərhələdə» və s. əsərləri elm ictimaiyyətində hədsiz maraq doğurmuşdur.

Əsədulla Qurbanovun vaxtı ilə M.V.Lomonosov adına Dövlət Universitetində, Daşkənd Dövlət Universitetində, Səmərqənd, Aşqabad, Mahaçqala Dövlət universitetlərində, İran İslam Respublikasının Tehran Universitetində, Rusiya Federasiyasının Rostov Dövlət Universitetində, Naxçıvan Dövlət Universitetində, Azərbaycan Dövlət Texniki Universitetində, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında, Qərb Universitetində, Asiya Universiteti, Mahaçqala Dövlət Universitetinin Bakı Filialında Kiyev Dövlət Universitetinin Bakı Filialında, Azərbaycan Dövlət Xarici Dillər Universitetində, Azərbaycan Dövlət Slavyan  Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində AMEA-nın İnsan hüquqları İnstitutunda,  habelə digər Ali məktəblərdə oxuduğu mühazirələrə dinləyicilərdə həmişə böyük maraq doğurub.

Əsədulla Qurbanov respublikamızın ictimai, siyasi, mədəni və mənəvi həyatında yaxından iştirak edib. O, məşhur «91»lərdən biridir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev məşhur «91»lər haqqında belə demişdir: «…91»lər Yeni  Azərbaycan Partiyasının Qızıl fondudur… Onlar çox cəsarətli, qorxmaz, zəsur, vətənpərvər insanlardır, … hər cür yüksək qiymətə layiqdir, … bütün qapılar, …onların üzünə açıq olmalıdır…».

Görkəmli islamşünas alimin elmi-tədqiqat işlərinin məntiqi nəticələri hazırda respublikamızın ali məktəblərində, siyasi, ideoloji sahədəki mühazirə və tövsiyə xarakterli təklifləri milli-məfkürə sahəsində müvəffəqiyyətlə həyata keçirilir. Əsədulla Qubanovun 56 ildən çox bir müddət ərzində elmi-fəlsəfi, eləcə də onun hazırda rəhbəri olduğu Bakı Dövlət Universitetinin İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzindəki fəaliyyəti yüksək qiymətləndirilmişdir.

Əsədulla müəllim eyni zamanda AMEA-nın İnsan Hüquqları İnstitutunda «Din və ictimai  təhlükəsizlik» şöbəsinin yaradılmasına müvəffəq olmuşdur.  Əsədulla Qurbanovun yaxından təşkilatçılığı ilə həmin şöbə tərəfindən «Din və ictimai təhlükəsizliyin aktual problemləri» mövzusunda respublika elmi-nəzəri konfrans keçirilmişdir.

Fəlsəfə elmləri doktoru, professor Əsədulla Qurbanov neçə-neçə elmlər doktoru, elmlər namizədi yetişdirmişdir. Hazırda onun yetişdirmələri respublikamızın müxtəlif rəhbər orqanlarında çox məsul vəzifələrdə çalışırlar.

Əsədulla Qurbanov gözəl ailə başçısıdır. O, dörd övlad atası, səkkiz nəvə babasıdır. Övladlarının ikisi V.Lomonosov adına Moskva Dövlət  Universitetini, digəri Bakı Dövlət Universitetini bitirmişdir. Nəvələrindən biri Bakı Dövlət Universitetində dünya iqtisadiyyatı ixtisası üzrə əla qiymətlərlə oxuyur. Əsədulla Qurbanovun ömür-gün yoldaşı da müəllimədir. O, hazırda təqaüdlüdür.

Əsədulla Qurbanovun anadan olmasının 76, elmi –pedaqoji və ictimai fəaliyyətinin 56 ili tamam olur. Bu, onun mənalı ömrünün müdrik çağı, yaradıcılığının daha da məhsuldar dövrüdür.

Ömrə şöhrət olan illər görkəmli alim, tanınmış ictimai-siyasi xadim Əsədulla Qurbanovun ömrünə işıq salır. Onun mənalı həyatı, elmi-pedaqoji, ictimai-siyasi fəaliyyəti gənc nəslə layiqli örnəkdir.

 

 

Oqtay ƏLİYEV,

Yazıçı-publisist 

 

Kaspi.-2012.-5-7 may.- S.8.