Vətən, xalq üçün yaşanan ömür
«İki
sahil» qəzeti ümummilli
lider Heydər Əliyevin anadan
olmasının 89-cu ildönümünə həsr olunmuş xüsusi
buraxılış hazırlanmışdır
Müstəqil Azərbaycan dövlətinin
qurucusu, ümummilli lider Heydər Əliyevin anadan
olmasının 89-cu ildönümü ilə əlaqədar
işıq üzü görən 76 səhifəlik Xüsusi
buraxılış dahi şəxsiyyətin Azərbaycana
hakimiyyətinin hər iki dövründə dövlət, xalq
qarşısındakı xidmətlərini, ayrı-ayrı
sahələrdə qazanılan uğurları və Prezident
İlham Əliyevin rəhbərliyi altında gələcək
perspektivləri əks etdirən maraqlı yazıları, rəngli,
illüstrativ şəkilləri və yüksək poliqrafik tərtibatı
ilə diqqəti cəlb edir.
Xüsusi
buraxılışın üz qabığında qeyd olunan
«...Siz özünüzə tayı-bərabəri olmayan abidə,
əsrlər boyu yaşayacaq əbədi abidə
yaradıbsınız. Bu abidənin adı Azərbaycandır,
tərəqqi edən, yeni, xoşbəxt Azərbaycan» fikirləri
ulu öndər Heydər Əliyevin xidmətlərinin
ümumiləşdirilmiş ifadəsidir.Xüsusi
buraxılışın ikinci səhifəsində ulu öndər
Heydər Əliyevin
müstəqilliyimizin
ilk illərində yaşanan durumu təhlil edərkən
reallıqların təbliğində «İki sahil» qəzetinin
rolunu yüksək dəyərləndirərək söylədiyi
fikirlər öz əksini tapmışdır: «O vaxt «İki
sahil» qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu
qəzet çox cəsarətli məqalələr verirdi. Ədalətsiz
hadisələrə qarşı Azərbaycanın
ayrı-ayrı vətəndaşlarının,
ziyalılarının fikrini dərc etməkdə bu qəzet
yaxşı fəaliyyət göstərmişdir, indi də
göstərir. Mən bunu yüksək qiymətləndirirəm.»
«İki sahil» qəzetinin rəhbərliyi və əməkdaşları
1990-cı illərin əvvəllərində xalqdan və
milli mənafedən uzaq düşmüş hakimiyyətin səriştəsizliyi,
ölkədə hökm sürən anarxiya və
özbaşınalıq barədə qəzetimizdə dərc
olunan yazıların xalqımızın ümummilli lideri tərəfindən
1994-cü ildə belə yüksək qiymətləndirilməsindən
daim qürur hissi keçirir. Bu Xüsusi buraxılış
dahi şəxsiyyətin 89-cu ildönümünə
kiçik töhfə hesab edilə bilər.
«Vətən,
xalq üçün yaşanan ömür» məqaləsində
qeyd edildiyi kimi, güclü lideri olan millətlər və
dövlətlər yüksək inkişaf yolu keçir və
tarixi uğurlar əldə edir. Ümummilli lider Heydər Əliyev
müdriklərə, uzaqgörən siyasətçilərə
məxsus keyfiyyətləri özündə birləşdirən
dahi idi. Daim xalqı özünə arxa, kömək hesab edən
Heydər Əliyev nə qədər çətin olsa da ona bəslənən
ümidləri, inamı, etimadı doğrultmaq
üçün Azərbaycanın ən ağır günlərində
belə məsuliyyəti boynuna götürdü. Xalqın, vətənin
taleyini hər bir vətəndaşın taleyinə çevirən
ulu öndər Azərbaycanda bütün prosesləri ölkə
əhalisinin istədiyi istiqamətə yönəltməklə
insanların sağlam mövqe tutmalarına nail oldu.
Azərbaycanın
uğurlarında ulu öndər Heydər Əliyevin
yaradıcısı olduğu Yeni Azərbaycan
Partiyasının rolu inkaredilməzdir. «YAP: Böyük və
şərəfli yol keçən partiya» məqaləsində
partiyanın hansı zərurətdən yarandığı və
keçdiyi şərəfli yol geniş təhlil olunur.
1992-ci il noyabrın 21-də Azərbaycanın
bölgələrindən cəmiyyətin bütün təbəqələrini
təmsil edən 550 nümayəndənin iştirakı ilə təsis
konfransını keçirən YAP-ın sıralarında bu
gün 560 mindən çox üzvün birləşməsi
Heydər Əliyev ideyalarına sədaqətin, Prezident
İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə
inamın göstəricisidir.
«Müstəqil
Azərbaycanın memarı» məqaləsində bu fikir
xüsusi vurğulanır ki, ümummilli lider Heydər Əliyev
üzərinə götürdüyü xilaskarlıq
missiyasını siyasi iradəsi və qətiyyəti ilə
yerinə yetirdi. Onun aforizmə çevrilən «Müstəqilliyin
əldə olunması nə qədər çətindirsə,
onun saxlanılması, daimi, əbədi olması bundan da
çətindir» fikri müstəqilliyimizin ilk illərində
yaşanan durumla sonrakı dövrün təhlilində
aydın ifadəsini tapır. Azərbaycanın dövlət
müstəqilliyinin möhkəmləndirilməsində əhəmiyyətli
rol oynayan «Əsrin müqaviləsi» Azərbaycanın iqtisadi
imkanlarını genişləndirməklə, dünya iqtisadi
sistemində yeri və rolunu artırdı. Dahi şəxsiyyət
bildirirdi ki, «Əsrin müqaviləsi»ndə qarşıya
qoyulmuş vəzifələrə layiqincə əməl
edilməsi, yeni neft strategiyamızın uğurla həyata
keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin
daimiliyinin əsas qarantlarından biridir. «Müstəqil Azərbaycan
iqtisadiyyatının təməl daşı» məqaləsində
sazişin əhəmiyyəti, ölkəmizə
qazandırdığı uğurlar geniş təhlil olunur.
Yazının sonunda qeyd edildiyi kimi, bu gün ulu öndər
Heydər Əliyevin müəllifi olduğu neft
strategiyasının uğurlu icrası nəticəsində Azərbaycan
artıq öz müstəqilliyini möhkəmləndirib, iqtisadi
imkanları artıb, həyata keçirdiyi enerji siyasəti nəticəsində
Avropanın enerji təhlükəsizliyi məsələlərində
etibarlı tərəfdaşa çevrilib. Heç
şübhəsiz ki, Azərbaycan hələ bundan sonra məhz
Heydər Əliyev ideyaları sayəsində daha uğurlu
sabahlara doğru inamla addımlayacaq.
Ulu öndər Heydər Əliyevin 2003-cü il prezident seçkiləri zamanı xalqa müraciətində də bu inam öz əksini tapıb: «...İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.»
Dövlət başçısı İlham Əliyevin «2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir» fikri əsasında yazılan məqalədə son 8 ildə əldə olunan uğurlar geniş qeyd olunaraq, Azərbaycanın inkişaf yolunda inamla irəlilədiyi bir daha təsdiqlənir. Uğurların davamlılığını təmin etmək məqsədilə dövlət başçısı İlham Əliyevin «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncamı yüksək dəyərləndirilir.
«Ulu öndər qətiyyətli xarici siyasətin müəllifidir», « Ulu öndər milli məfkurəyə sadiqlik və mənəvi zənginlik rəmzidir», «Heydər Əliyev və ordu quruculuğu», «Heydər Əliyev: Mədəniyyət xalqın ən böyük sərvətidir», «Ulu öndərin əsasını qoyduğu uğurlu idman siyasəti bu gün bəhrəsini verir» məqalələrində dahi şəxsiyyətin qeyd olunan sahələrin inkişafı istiqamətində atdığı addımlar və onların uğurlu davamı ətraflı şəkildə şərh olunur.
Təbii ki, ümummilli liderin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərini bir Xüsusi buraxılışda qeyd etmək qeyri-mümkündür. Buraxılışın son səhifəsində qeyd olunan «Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır» fikri bir daha təsdiqləyir ki, bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.
F.Qəhrəmanlı
Kaspi.-2012.-9 may.-S.12.