“Azərbaycana
qarşı istilik gördüm”
Belçikadan beynəlxalq
konfransdan qayıdan Azəri-Türk Qadınlar Birliyinin sədri
Tənzilə Rüstəmxanlı təəssüratlarını
“Kaspi”ylə bölüşdü
Bu
günlərdə “Sülhə gedən yol qadınlardan
keçir” cəmiyyəti Belçika Senatında “Cənubi
Qafqazda çətinliklər və problemlərdə
qadınlara düşən rol” mövzusunda konfrans
keçirib.
Azəri-Türk
Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı
“Kaspi”yə müsahibəsində konfransın yüksək səviyyədə
keçdiyini bildirib.
Sülhü necə
gətirəcəksiniz?
- Bu konfransın
təşkilatçısı Belçika senatının
üzvü, xanım Dominik Tilmansla Belçikada konfransda olarkən
tanış olmuşdum. Mən onun Ermənistanla bağlı
çoxlu bilgiyə malik olduğunu, Qarabağ məsələsindən
isə xəbərsiz olmasını gördüm. Qarabağ məsələsini
ermənilər necə təqdim edirsə, o cür də məlumatlı
idi. Mən siyasətə qarışmadan onu ölkəmizə
dəvət etdim. Dedim ki, «siz hər
zaman tək bir tərəfi dinləmisiniz. Gəlin Azərbaycanı
və xalqımızı tanıyın. Cənubi Qafqaz təkcə
Gürcüstan və Ermənistandan ibarət deyil. Gəlin Azərbaycanı
da tanıyın” dedim. Dəvətimi qəbul edib iki millət
vəkili ilə ölkəmizə gəldi. Bakıda Diaspora
Komitəsində, Milli Təhlükəsizlik Nazirliyində,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsində və
ayrı-ayrı qadın təşkilatları ilə görüşlərimiz
oldu. Senator hansı görüşlərdə oldusa
qaçqınların vəziyyəti, Qarabağın tarixi ilə
bağlı ona bilgilər verildi, film nümayiş olundu.
Bütün bunlar onun geniş bilgilər verdi. «Azərbaycana gələndə
bura bir müsəlman ölkəsi kimi baxırdım. Dönəndə
elə bil Avropadan döndüm. Azərbaycan əslində
Avropanın bir parçasıdır. Biz sizinlə birlikdə
nə kimi işlər görə bilərik?» - dedi. İki ay
keçəndən sonra Dominik Tilmans mənə məktub
yazaraq BMT-nin Təhlükəsizlik Şurasının 2001-ci
ildə qəbul etdiyi qətnamə – qadınların
barışın saxlanmasında rolunun artırılması
çərçivəsində əməkdaşlıq təklif
etdi. Əsas məqsəd Cənubi Qafqazdan olan qeyri-hökumət
qadın təşkilatlarını bir araya gətirmək idi.
O, Belçika senatlığında konfrans keçirmək istədiklərini
bildirdi. Mən düşündüm ki, ölkəmin
Qarabağ məsələsində nə qədər haqlı
olduğunu göstərmək imkanı əldə edəcəyəm.
Beləcə, 2010-cu ildə bu konfrans Belçika
senatlığında baş tutdu. Konfransda çox nüfuzlu
qurumların nümayəndələri təmsil olunurdu. Mən
çıxış edərək «Azərbaycan həmişə
sülh yolu tutub. Cənubi Qafqaza sülhün necə gətirilməsini
danışırıq. Azərbaycan dövləti ATƏT-in
Minsk qrupunun bütün təklifləri ilə
razılaşır. Amma Ermənistan tərəfi Təhlükəsizlik
Şurasının qəbul etdiyi qətnamənin heç
birini tanımır. Əgər biri
işğalçılıq siyasəti yürüdürsə,
işğal etdiyi torpaqlardan silahlı qüvvələri
çəkmirsə, bir milyon Azərbaycan qaçqını,
Qarabağın Azərbaycan icması yerinə
qayıtmırsa, bu sülhü necə gətirəcəksiniz?»-
dedim. Mən beynəlxalq qurumların hüquq
normalarının tələb etdiyi bütün qərarları
ortaya qoydum. Dedim ki, Ermənistan beynəlxalq qanunlara hörmətsizlik
edir. “Bütün bunlara rəğmən ən böyük zərbə
Azərbaycana dəydiyi halda, mən bu gün sizinlə
sülhdən danışıram. Bir tərəf ədalətsizlik
edir, beynəlxalq normaları ayaq altına alır, amma siz
onlara tərəfkeşlik edirsiniz. Biz sizin səmimiyyətinizə
və ədalətinizə necə inanaq?” Bu sözlərimə
Ermənistan tərəfi heç nə deyə bilmədi.
Qərara
alındı ki, 2-ci konfrans Gürcüstanda, 3-cü Azərbaycanda,
4-cü isə Ermənistanda olsun. Gürcüstanda
keçirdiyimiz konfransı «Barış qadınlardan
keçir» adlandırmışdıq. Erməni tərəfi
həmin konfransa gəlməkdən imtina etdi. 2010-cu ilin dekabr
ayında biz 3-cü konfransı Bakıda təşkil etdik.
Biz Ermənistan tərəfinin Bakıda iştirakı
üçün təhlükəsizliyinə tam təminat
verdik. Erməni tərəfi yenə də konfransa gəlmədi.
Mən konfransda çıxış edərək «Bu məsələdə
ən çox zərər çəkən tərəf Azərbaycandır,
ancaq biz sülh tərəfdarıyıq. Erməni tərəf
isə bu barədə danışmaq istəmir”- deyə
bildirdim. Bakı konfransında qərara alındı ki, 2011-ci
ilin mart ayında konfrans Ermənistanda keçirilsin.
- Bildiyim qədər, siz də həmin
konfransa getmədiniz?
- Bəli,
mən getmədim. Ermənistan tərəfi Gürcüstanda
olan konfransda iştirak etmədi, o cümlədən, verilən
təhlükəsizlik təminatlarına baxmayaraq, Azərbaycana
da gəlmədi. Mən nə üçün getməli idim?
Mən də imtina etdim. Düşünürəm ki,
haqlı idim. O biri ölkələr isə həmin konfransda
iştirak etdilər və mənə heç bir söz
söyləyə bilmədilər.
Keçən
ilin sentyabr ayında bir daha Gürcüstanda toplandıq. O
konfransda isə Ermənistanın nümayəndəsi Rima
Arakelyan bu dəfə konfransa gəldi. Gürcüstan
konfransı da yüksək səviyyədə keçdi və
mətbuat bunu geniş işıqlandırdı.
Azərbaycan
həqiqətləri
- Bəs builki konfrans hansı hadisələrlə
yadda qaldı?
- Builki
konfrans çox yüksək səviyyədə təşkil
olundu. Avropa İttifaqının Bakıdakı nümayəndəsi
Rolan Kobyanın çıxışı xüsusilə
yaddaqalan oldu. Azərbaycanın enerji layihələrindən,
ölkənin iqtisadi blokundan danışan səfir Azərbaycanı
Qafqazda ən güclü iqtisadiyyata malik dövlət kimi təqdim
etdi. Mən Kobyanın çıxışını
çox bəyəndim. Fikir mübadiləsi zamanı Novella Cəfəroğlu
dedi ki, sülhə xidmət edən ən böyük tədbir
«Eurovision» tədbiridir. Əgər Ermənistan doğrudan da
sülh istəyirsə, nə üçün həmin tədbirdə
iştirakdan imtina etdi? Novella xanım bildirdi ki, bir ay əvvəl
Ermənistandan 10 millət vəkili Bakıya gəldi:
«Onların hansı narahatçılıqları oldu ki, indi
Ermənistan «Təhlükəsizlik naminə» deyərək
müsabiqəni boykot etdi? Deməli, Ermənistan sülh tərəfdarı
deyil” dedi. Bu fikirləri salon alqışlasa da, ermənilərin
narahatlığına səbəb oldu. Konfransın ikinci
günü isə məni belçikalı bir alimin «Yuxarı
Qarabağda münaqişə» mövzusundakı
çıxışı heyran etdi. O, xəritəni
açaraq Qarabağ probleminin tarixindən, ermənilərin
ora köç etdirilməsindən, 7 rayonun
işğalından danışdı. “Mən Ermənistanda,
Dağlıq Qarabağda olmuşam. 3 il Dağlıq
Qarabağda araşdırma aparmışam. Ermənistanda
qadınları 7 uşaq dünyaya gətirməyə təşviq
edirlər. Hər uşağa görə isə ailələrə
200 avro verirlər. Məqsəd ailə artırılması
yox, siyasidir. Yəni əhalinin sayını artıraraq
işğal olunmuş torpaqlarda ermənilərin sayını
artırmaqdır. Onların məqsədi Azərbaycandan torpaq
alıb Ermənistana birləşdirməkdir” dedi. Onun
çıxışından sonra erməni tərəfi etiraz
etməyə başladı. Slaydlarda konfrans
iştirakçılarına məscidlərimizin necə
dağıdılması, kilsələrin qorunması, qəbirlərin
dağıdılması, mədəniyyət əsərlərimizə
olan təcavüz nümayiş olundu. Mən təəccüb
və heyrət hissi ilə onu dinlədim.
Bernar
Fassye isə «ATƏT-in Minsk qrupunun Yuxarı Qarabağda
münaqişənin həllindəki rolu» mövzusunda
çıxışı zamanı “1915-ci ildə baş verən
genosid” məsələsinə toxundu. Mən anında onun
sözünü kəsərək genosid sözünü qəbul
etmədiyimi bildirdim: «Biz bura erməni genosidindən
danışmağa toplaşmamışıq. Əgər
bundan danışılacaqsa, onda Xocalı genosidindən də
danışılacaq. Yaxın tariximizdə Dağlıq
Qarabağda Xocalı soyqırımı yaşanıb” deyə
etiraz etdim. O, “genosid” sözündən imtina edərək onu
«1915-ci il hadisələri» ilə əvəzlədi.
İkinci
gün erməni tərəf də, biz də, o cümlədən
səfirlərimiz də çıxış elədi. Azərbaycan
nümayəndə heyəti bütün sferalarda göstərdi
ki, biz haqqın yanındayıq. Qarabağ İcmasından
Könül Hyseynovanın çıxışı çox
gözəl qarşılandı. Həyat yoldaşı,
atası şəhid olan və iki övladını təklikdə
böyütmək zorunda qalan qadının «Biz həmişə
ermənilərlə mehriban halda yaşamışdıq. Amma
bu gün mən Vətənimdə, elimdə deyiləm. Mən
ailəmi itirmişəm, evimdən qovulmuşam. Bütün
bunlara rəğmən mən yenə də Qarabağ
icmasının yerinə qayıtmasını istəyirəm»
deyə çıxışını bütün salon ayaq üstə
alqışladı. Ermənistanın qeyri-səmimi olması
bütün məsələlərdə özünü bir
daha göstərdi. Mən sonda qeyd etdim ki, Cənubi Qafqazda ən
böyük təhlükə bu gün Ermənistanın
yürütdüyü işğalçı siyasətdir.
- Belçikada daha hansı
görüşləriniz oldu?
-
Belçika senatoru Hel Leynen bizi yüksək səviyyədə
qəbul edərək ziyafət verdi. Mən bu konfransda Azərbaycana
qarşı istilik gördüm. Əgər belçikalı
bir alim Qarabağ gerçəyini olduğu kimi anladırsa,
bu, həmin konfransların nəticəsidir. Bu konfransda Azərbaycan
gerçəkliyinin ortaya çıxması məni çox
sevindirdi. İlk növbədə Azərbaycanın mövqeləri
orada müdafiə olundu. Digər tərəfdən, Azərbaycan
dövlətinin bu gün nə qədər düzgün siyasət
yürütməsi sərgiləndi. Ermənilərin illərlə
danışdıqları yalan isə ifşa olundu.
Avropalılar da gördülər ki, bu qədər itkilərimizə
rəğmən biz yenə də onlarla oturub sülh
mövzusunda danışmaq iqtidarındayıq.
- «Barış qadınlardan
keçir» - gözəl şüar seçmisiniz. Bu, əslində
bütün dünya qadınlarının
şüarıdır. Bəs niyə dünya liderləri bu
şüarı eşitmir?
- Bu sual
konfransda da səsləndi. Novella Cəfəroğlu dedi ki, biz
səsimizi müharibəni başladanlara eşitdirə
bilmirik. Birləşərək səsimizi gur
çıxarmamız lazımdır ki, bizi eşitsinlər.
Novella xanım Qarabağ müharibəsinin ən
alovlandırıcı natiqlərindən və ideoloqlarından
olan Sarkisyandan danışaraq: «Qan tökməklə
qürurlanan bir insan hansı haqla bir ölkəni təmsil
edir?” deyə onun “Xocalı faciəsi ilə göstərmək
istədik ki, biz zarafat etmirik”
müsahibəsini xatırlatdı.
Düşmən
dəyirmanına su tökənlər
- Azəri-Türk Qadınları
Birliyinin rəhbəri kimi istəyiniz nədir? Cəmiyyətdə
nəyi dəyişmək istəyirsiniz?
- Biz
Avropada bir çox yerləri gəzdik. Orada Azərbaycandan
çoxlu mühacirlər var. Guya Azərbaycandan küsüb
gediblər və ya siyasi məhbus olublar. Mən onları
başa düşməyə çalışıram. Mənim
də narazı olduğum məqamlar var. Siyasi məhbus adı
almaq üçün oğlunu-qızını mitinqlərə
göndərib polis dəyənəyinin altına verməklə,
şəkillərini çəkib qəzetlərə
manşet etdirməklə, sonra da «Ailəlikcə bizə
siyasi sığınacaq verin» deyən adamlar var. Ora adamlar gəlmişdi
ki, «Eurovision»u boykot edin» şüarı ilə kağızlar
paylayırdılar. Ermənilərlə eyni məqsədə
xidmət etməyin adını tapa bilmirəm. Olsun ki,
narazılıqları var, həbslərdə yatıblar,
hansısa məmurlar onları incidib, amma bunların heç
biri Vətənə xəyanət etməyə haqq vermir. Mən
Azərbaycan insanına, cəmiyyətimizə bunu rəva
görmürəm. Onları Azərbaycandan küsdürənlərə
də haqq qazandırmıram. Yaxşı yaşamaq istəyirsənsə,
yaşa, amma ən azından ölkə əleyhinə
danışmaq olmaz. Bu gün «Eurovision»un əleyhinə ən
böyük təbliğatı erməni diasporu aparır. Erməni
dəyirmanına su tökməyi mən Vətənə xəyanət
adlandırıram. Ermənistan iqtidarının qatı
düşməni olan Natalya Martirosyan yüksək tribunadan
çıxışından bircə kəlmə də «Ermənistanda
demokratiya yoxdur» demədi. Amma Arzu Abdullayeva «Azərbaycanda
demokratiya yoxdur» deyir.
- “Eurovision” mahnı müsabiqəsinə
sayılı günlər qalıb. Müsabiqənin ölkə
üçün əhəmiyyətini necə dəyərləndirirsiniz?
-
«Eurovision» Azərbaycanın tanıdılması
baxımından ən böyük tədbirlərdən
biridir. Ən azından böyük mətbuat qrupu Azərbaycana
gəlir. Onlar Azərbaycanla bağlı bir çox gerçəkləri
görəcəklər. Azərbaycanın
Qafqazda daha güclü dövlət olduğunun şahidi
olacaq, xalqımızı tanıyacaqlar. Bizi düşmənin
anlatdığı kimi tanımayacaqlar. Azərbaycanın
böyük bir mədəniyyətə sahib olduğunu
görəcək, tarixini öyrənəcəklər.
Təranə Məhərrəmova
Kaspi.-2012.-9 may.-S.9.