“Mən həmişə icazəli aksiyaların tərəfdarı olmuşam 

 

İlyas İsmayılov hesab edir ki, siyasi mənsubiyyətindən asılı olmayaraq, hamı «Eurovision» müsabiqəsinin ölkəmizin adına layiq keçirilməsi üçün çalışmalıdır

 

Bakıda keçiriləcək «Eurovision» mahnı müsabiqəsini siyasiləşdirmək cəhdləri davam edir. Müsabiqənin müxtəlif siyasi səbəblərdən boykot edilməsi çağırışları isə bu cəhdlərin kulminasiya nöqtəsi hesab edilə bilər. Bu çağırışlar müxtəlif qeyri-hökumət təşkilatları və Avropa Şurası Parlament Assambleyasının siyasi məhbus məsələləri üzrə məruzəçisi almaniyalı deputat Kristofer Ştrasser tərəfindən səsləndirilib. Maraqlıdır ki, radikal müxalifət partiyaları da ölkəmizdə keçiriləcək bu beynəlxalq tədbir ərəfəsində çoxsaylı tələblərlə çıxış etməyə başlayıblar. Onlar tələbləri yerinə yetirilməsə, müsabiqə günlərində paytaxtda ictimai asayişin pozulmasına hesablanmış aksiyalar keçirəcəklərini bəyan edirlər. Bu məqsədlə İctimai Palata adlandırılan qurum bundan öncə iki dəfə Səbail rayonundakı “20-ci sahə”də icazəli aksiya keçirdikdən sonra həmin yeri bəyənməməyə başlayıb. Qurum meriyadan aksiyaların keçirilməsi üçün şəhərin mərkəzində yer tələb edir. Amma müxalifət partiyalarının heç də hamısı «Eurovision» müsabiqəsindən öz maraqlarının təmin olunması məqsədi ilə istifadə etmək niyyətində deyil. Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov da hesab edir ki, ölkəmiz üçün böyük əhəmiyyətə malik olan bu müsabiqənin siyasiləşdirilməsinə heç bir ehtiyac yoxdur.

- İlyas müəllim, bəzi dairələr müxtəlif siyasi səbəblər irəli sürərək Bakıda keçiriləcək «Eurovision» mahnı müsabiqəsinin boykot edilməsini təklif edirlər. Sizin bu çağırışlara münasibətiniz necədir?

- Bu müsabiqənin boykot edilməsi ilə bağlı çağırışların heç bir əsası yoxdur. «Eurovision» mədəni bir tədbirdir. Bu baxımdan onun siyasiləşdirilmək lazım deyil. Siyasi mənsubiyyətimizdən asılı olmayaraq, hamımız bu müsabiqənin ölkəmizin adına layiq keçirilməsi üçün çalışmalıyıq.

- Sizcə, bu çağırışların arxasında nə durur?

- Vallah, nə deyim, bunu müəyyənləşdirmək çətindir. Mən yalnız onu deyə bilərəm ki, bu müsabiqənin təşkili, yüksək səviyyədə keçirilməsi respublikamızın adı ilə bağlıdır. Ona görə də hamımız çalışmalıyıq ki, müsabiqə çox gözəl, təmtəraqlı keçsin. Müsabiqə keçirilən günlərdə başımızı aşağı edəcək heç bir hadisə olmasın.

- Müxtəlif beynəlxalq təşkilatlardan, ayrı-ayrı siyasətçilərdən bu cür çağırışların gəlməsi, proseslərin bir mərkəzdən idarə olunması anlamına gələ bilərmi?

- Hələlik bu barədə dəqiq məlumata malik deyiləm. Yalnız onu deyə bilərəm ki, kim bu təşəbbüslə çıxış edirsə, deməli, Azərbaycana dost mövqedə deyil.

- Bizim bəzi müxalifət partiyalarının müsabiqə ərəfəsində hakimiyyətdən müəyyən tələbləri var. Mədəni bir yarışma öncəsi bu cür siyasi tələbləri necə qiymətləndirirsiniz?

- Nə deyim, vallah. Gərək belə şeylər olmasın. Bununla belə, gərək hakimiyyət də müəyyən addımlar atsın. Keçən il keçirilən aksiyalara görə həbs olunanların azadlığa buraxılması yaxşı olardı. Bunu təkcə müxalifət yox, bəzi beynəlxalq təşkilatlar da istəyir. Guya onları həbsdə saxlamağın nə mənası var? Mənim fikrimcə, müsabiqə ərəfəsində istənilən daxili gərginlikdən qaçmaq lazımdır. Kimsə bu gərginliyi yaratmağa cəhd edirsə, ona bəhanə verməməliyik.

- İctimai Palatada birləşən qüvvələrin mitinq taktikası ilə bağlı nə düşünürsünüz?

- Təbii ki, prosesləri izləyirəm. Keçən ay İctimai Palatadakı qüvvələrin icazəli aksiya keçirmələrinə sevindim. Çünki mən həmişə icazəli aksiyaların tərəfdarı olmuşam. İstəmişəm ki, müxalifət hakimiyyətin razılıq verdiyi yerlərdə aksiyasını keçirsin və tələblərini də səsləndirsin. Ümumiyyətlə, ölkəmizdə ictimai fikrə diqqət yetirilməsinə ehtiyac var. Çalışmalıyıq ki, hamımız daxili gərginliyi azaldacaq addımlar ataq. Bu mərhələdə bizə gərginlik yaradacaq addımlar gərək deyil.

- Amma İctimai Palatadakı qüvvələr iki dəfə icazəli aksiya keçirdikdən sonra hakimiyyətin icazə verdiyi yerdə mitinq keçirməkdən imtina ediblər. Onlar deyirlər ki, müsabiqəyə qədər şəhərin mərkəzində aksiyalar üçün yer ayrılmasa, icazəsiz aksiyalar keçirəcəklər.

- Bu onların qərarıdır. Mən nə deyə bilərəm. Mən bir hüquqşünas kimi icazə verilməyən mitinqlərin keçirilməsini istəmirəm. Bu cür aksiyalarda güc tətbiq edilə, günahsız insanlar həbs edilə bilərlər. Bu isə bizə lazım deyil, heç müxalifətə də lazım deyil. Keçən il keçirilən bu tipli aksiyalarda həbs olunanların çoxu hələ də cəza çəkirlər.

- Əgər İctimai Palata bundan sonra da icazəli aksiya keçirmək qərarı verərsə, rəhbərlik etdiyiniz Ədalət Partiyası həmin aksiyalara qoşula bilərmi?

- Biz heç kimin aksiyasına qoşulmaq niyyətində deyilik. Əgər lazım olsa, özümüz etiraz aksiyaları keçirərik.

- Müxalif birliklərə qoşulmamanızı nə ilə əlaqələndirirsiniz? İctimai Palatadakıları bəyənmirsiniz, yoxsa özünüzü güclü hesab edirsiniz?

- Axı biz niyə onlara qoşulmalıyıq. Niyə biz başqalarının qəbul etdiyi qərarların icrasında iştirak etməliyik?

- Son vaxtlar müxalifət partiyaları çox zəifdirlər. Bu baxımdan nəticə əldə etmək üçün yeganə yolu qüvvələri birləşdirmək olduğu bildirilir.

- Müxalifətin zəif görünməyi təbiidir. Çünki müxalifət partiyalarının maliyyə durumu yaxşı deyildi. İndi sağ olsunlar, «Siyasi partiyalar haqqında» qanuna əlavə dəyişikliklər etdilər. Bundan sonra bizim partiyalara da dövlət tərəfindən maliyyə ayrılacaq. Hesab edirəm ki, bundan sonra müxalifət partiyalarının yaxşı şəraiti üçün imkan olacaq. Proporsional seçki sisteminin ləğvi siyasi partiyaların işinə əngəl oldu. Belə bir şəraitdə birgə ya təkbaşına mübarizə aparmanın elə böyük əhəmiyyəti yoxdur.

- Siz «Siyasi partiyalar haqqında» qanuna edilən əlavə dəyişiklikləri dəstəkləyirsiniz. Amma parlamentdən kənardakı partiyalar sizinlə həmrəy deyillər.

- Bunu da təbii qəbul etmək lazımdır. Hamı məsələyə öz maraqları prizmasından yanaşır. Yəqin ki, dövlətin ayırdığı maliyyədən onlara da çatsaydı başqa mövqedə olardılar. Amma ümumilikdə mən hesab edirəm ki, siyasi partiyalar üçün ayrılan puldan onlara da çatsaydı yaxşı olardı.

 

 

İlham QULİYEV 

 

Kaspi.-2012.-9 may.-S.7.