Şuşa ilə son görüş...
Lap
sonralar mənə aydın olacaqdı ki, ilbəil, aybaay,
günbəgün bu görüşə
yaxınlaşırmışam. 1988-ci ilin ilk payız günlərində
Şuşaya qalxanda heç ağlıma gəlməzdi ki,
doğma və əziz yerlərə bu gəlişim sonuncu
olacaq.
Doğrudur,
91-ci ilin yazında bir qrup jurnalist
həmkarımla, əsğərlərin müşaiyəti
ilə zirehli maşında Xankəndinə, Kərkicahana,
oradan da bir neçə saatlığa Şuşa şəhərinə
səfər edəcəkdim. Amma o səfər tamam ayrı məqsəd
daşıdığından ayrı da yazının
mövzusu olacaqdı...
Tək deyildim.
Fizika professoru, İnşaat Mühəndisləri İnstitutunun müəllimi Vidadi
Əliyev (dünyasını dəyişib, ruhu
şad olsun), istefada olan təhlükəsizlik xidməti polkovniki Fuad Mahmudov və həyat yoldaşlarımız bu səfərin iştirakçıları
idilər. Dostluq telləri ilə bağlanan bu insanların
“həmrəylik” nümayiş etdirərək,
belə bir səfərə birlikdə
çıxmaları təsadüfi
deyildi. O zaman
Qarabağın ağır günləri təzə
başlamışdı. Hər gün bu diyardan həyəcanlı
xəbərlər yayılırdı. Erməni xəyanəti
yenidən baş qaldırmışdı
və gündən-günə tüğyan
edirdi...
Odur ki, hər birimizin ürəyindən
Yuxarı Qarabağa qalxmaq, orada baş verən hadisələri
öz gözlərimizlə görmək, gözəl
Şuşanın havasını udmaq, müqəddəs sənət
ocaqlarını ziyarət etmək istəyi keçirdi. Amma
bundan əlavə hər kəsin bir “iç məqsədi” də
var idi. Vidadi müəllim Stepanakertdəki ata yurduna baş
çəkmək, orada müəllim işləyən
anasının vəziyyətini öyrənmək istəyirdi.
Fuad müəllim Şuşadan enərkən Füzuliyə
dönməyi, doğma Sarıca kəndində uyuyan
anasının məzarını ziyarət etməyi “planlaşdırmışdi”.
Mən isə...
Səkkizinci il idi ki, “Azərbaycan gəncləri” qəzetinin
redaktoru vəzifəsində çalışırdım
(daha səkkiz il bu işin başında və Qarabağ faciəsinin
fəal şahidlərindən biri olacaqdım). Həmin vəzifəyə
başladığım gündən Dağlıq Qarabağ
Muxtar Vilayəti, onun baş təşkilatları və rəhbərləri
ilə sıx ünsiyyət
yaratmağa çalışırdım. Bunu adi maraq və
“peşəkar qəzetçilik vəzifəsi” xatirinə
etmirdim. Mən Aşağı Qarabağda (Bərdə şəhərində)
doğulub-böyüsəm də uşaqlıq və gənclik
illərimin bir sıra yaddaqalan hadisələri Yuxarı
Qarabağla, onun tacı olan Şuşa ilə bağlı
idi. Ailəmizin daimi yaylaq yeri olan həmin diyar mənim
üçün doğmalaşmış, sevinci və
qüssəsi qanıma hopmuşdu. Ən vacibi də o idi ki,
lap uşaqlıqdan həmin yerlərdə erməni xəyanəti
ilə üzləşmiş, bu millətin naqis siqlətinə
bələd ola bilmişdim...
“Azərbaycan gəncləri” qəzeti çoxillik fəaliyyətinin bütün mərhələlərində Dağlıq Qarabağı diqqət mərkəzində saxlamışdı. Bu ənənə mənim redaktorluğum dövründə də qorunub saxlanırdı. Vilayətin uğurlarından fərəhlə yazmaqla bərabər nöqsanlarını da kəskin tənqid edirdik. Azərbaycanın bu bölgəsində zaman-zaman pozulan “milli tarazlıq” halları daimi mövzularımızdan idi. Vilayətin erməni rəhbərlərinin ikili siyasət yürütməsi bölgədə köklü sakinlərin – azərbaycanlıların hüquqlarının pozulmasına, onların sıxışdırılmasına və sayca azalmasına zəmin yaradırdı. Digər tərəfdən Muxtar Vilayətin ayrı-ayrı obyektlərində, idarə və müəssisələrində separatçılıq (Azərbaycan dövlətinə itaətsizlik) elementləri üzə çıxırdı. DQMV-nın 60 illik yubileyi (1983-cü il) ərəfəsində mən “Oqonyok” jurnalının əməkdaşı ilə birlikdə vilayətin əksər müəssisələrində, təsərrüfatlarında olmuşdum. Gördüyüm mənzərə olduqca ürəksıxıcı idi. Mindən çox işçisi olan Stepanakert lampa zavodunda cəmi on dörd azərbaycanlı çalışırdı. Daş-mərmər kombinatında isə “azərbaycanlıdan daşyonan olmaz” şüarını tətbiq edərək, köklü sakinləri işə götürmürdülər. Bu müəssisə Azərbaycanın zərbəçi tikintilərini mərmər məh-sullari ilə təmin etmək öhdəliyini pozaraq, itaətsizlik nümunəsi göstərirdi. Qarabağın daş-mərmər sərvəti gizli yollarla Ermənistana, Rusiyanın şəhərlərinə axırdı. Ən acınacaqlı vəziyyət maddi-mədəniyyət abidələrinə münasibətdə özünü göstərirdiı. O zaman vilayətdə 470 abidə qeydə alınmışdı. Onların səksən faizi sırf Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı idi. Qalan abidələrin isə bir qismi qədim alban mədəniyyətindən yadigar qalmışdı. Azərbaycan hökuməti vilayətdəki maddi-mədəniyyət abidələrinin təmiri və yenidən qurulması üçün hər il xeyli vəsait ayırırdı. Son illərdə bu vəsaitin doxsan faizdən çoxu yalnız bir abidəyə sərf edilmişdi. Erməni rəhbərləri Şuşadakı Qazançılar alban kilsəsini yenidən qurmaq, daha doğrusu, onu Qriqoryan kilsəsinə çevirərək, “erməniləşdirmək” üçün çox canfəşanlıq göstərirdilər...
“Azərbaycan gəncləri” qəzeti
deyilən mövzularda çox yazırdı, özü də
kəskin yazırdı. Bununla da vilayətin rəhbərləri
arasında özünə
“düşmən” qazanırdı. Bizdən
resublikanın və İttifaqın yuxarı təşkilatlarına “donoslar” yazırdılar, bizi məhkəməyə
verirdilər. Budəfəki səfərimin yekununda da DQMV rəhbərləri
ilə münasibətimizi kəskinləşdirəcək
yazıların meydana gələcəyinə şübhə
etmirdim. Lakin heç ağlıma gəlməzdi ki, Yuxarı
Qarabağda baş verməkdə olan hadisələr bir qəzet
mövzusundan çıxaraq, ümummilli faciəmizə səbəb
olacaq.
... Bizi Stepanakertə
buraxmadılar. Milis işçiləri bunun səbəbini
şəhərdəki növbəti
“qarışıqlıqla” izah etdilər. Bu, o vaxtlar idi ki,
millətçi-şovinist qüvvələrin təhriki ilə
paytaxtın erməni əhalisi tez-tez meydanlara axışır,
“miatsun” şüarı
altında ekstremist aktlara qoşulurdular.
Şuşada
sakitlik idi. Lakin onun da
simasında qüssə dumanı görünürdü.
Bu qüssə payızın gətirdiyi duman örtüyündən doğmurdu.
Qabaqki illərdə bu
vaxtlar Şuşa daha şux, daha şən görünərdi. Adətən aran ellərindən
yaylaqlanmağa gələn min-min ailə bu vaxtlar yır-yığış edib, aşağılara köç
edərdilər. Ötən yay isə
Şuşanın həndəvərində, Turşsuyun
taxtasında çadır şəhərcikləri
görünməmişdi. Aranlılar
“qızışmış” ermənilərin hücumuna
məruz qalacaqlarından ehtiyatlanaraq, bu tərəflərə üz
tutmamışdılar. Qonaq-qarası əskik olmayan
Şuşa qonaqlarını itirməyə
başlamışdı...
Şuşaya gəlişimizdən,
Cıdır düzündən Qırxpilləkəni,
İbrahim xanın kahasını seyrə
dalmağımızdan, Vaqifin, Nəvvabın məzarlarını,
Natəvanın, Üzeyir bəyin, Bülbülün ev-muzeylərini
ziyarət etməyimizdən məmnun qalsaq da eşitdiyimiz həyəcanlı
xəbərlər qəlbimizi üşüdürdü. “Aşağıdan”, yəni
Stepanakrtdən gələn xəbərlər daha vahiməli
idi. Şəhərin azərbaycanlı əhalisi evlərini tərk
edirdilər. Onların bir qismi hələ də “etibarlı qala” rolunu oynayan
Şuşaya köçürdü.
Köhnə
tanışımız, Şuşa rayon milis şöbəsinin
rəisi Ələmdar Tağıyev axşamdan xeyli
keçmiş mehmanxanaya görüşümüzə gəldi.
Bərk həyəcanlı idi. Gətirdiyi xəbər isə
görkəmindən də betər idi. Sən demə, vilayət
prokuroru İqor Plavski erməni silahlılarının
hücumundan yayınaraq, gecəykən Şuşaya gəlib,
buradan da milis işçilərinin müşaiyəti ilə
Qubadlı yoluna çıxaraq, Bakıya yollanıb. Rəis
onu da dedi ki, vilayət prokurorunun ailəsi Stepanakertdə girov
vəziyyətində qalıb və onları azad etmək
üçün tədbir görməlidir... Azərbaycanda
doğulub-böyümüş və Azər-baycanın şərəfini
həmişə uca tutmuş istedadlı hüquqşünas
İqor Plavski 1992-ci ilin noyabrında Qarakənd üzərində
erməni silahlıları tərəfindən vurulan vertalyotda
vətənin ən seçmə
oğuları ilə birlikdə şəhidlik zirvəsinə
ucalacaqdı.
... Yaxşı xatırlayıram,
sentyabr ayının 16-sı idi. Vidadi
müəllimin dədəbaba yurdu
Malıbəyli kəndindən enib, Stepanakert tərəfə boylana-boylana
Əsgəran yoluna
çıxmışdıq. Qəlbimizdə təlaş dolu təəssüratla Dağlıq
Qarabağı tərk edirdik. Xocalıya təzəcə çatmışdıq
ki, arxadan sürətlə
gələn bir “Jiquli”
bizi haqladı. Vidadi
müəllimin qardaşı maşından düşüb,
hövlənak bizə yaxınlaşdı. Görkəmindən
və səsindən bərk döyüldüyü
və qorxduğu hiss olunurdu.
–
Bizi armatur dəyənəklə döydülər, sonra da
stansiyadan çıxarıb qovdular... – deyib kövrəldi. Vaqif Stepanakert dəmir yol stansiyasında
mühəndis – ekspeditor işləyirdi. Soruşduq:
–
Sizi döyən kimlər idi?
– Milliyətcə erməni idilər,
amma yerli adamlara oxşamırdılar, üzdən heç
birini tanımadım...
Bu sözlərdən aydın
olurdu ki, Dağlıq Qarabağa kənardan silahlı və dəyənəkli
dəstələr axışır. Vaqif ondan təsəlli
tapırdı ki, bir neçə gün əvvəl ailəsini
Stepanakertdəki mənzilindən çıxarıb,
Ağdama aparıb. İndi daha bir təhlükə barədə
bizi xəbərdar etdi:
–
Buralarda çox ləngiməyin,– dedi. – Silahlanmış dəstələr
Stepanakertin yol ayrıcında yük maşınlarına
doluşurdular. Danışıqlarından başa
düşdüm ki, Xocalıya basqın etmək istəyirlər.
Ayrıldıq. Vaqif Xocalı cammatını xəbərdar
etmək üçün kənd sovetinə yollandı. Biz isə
qadınlarımızı təhlükədə qoymamaq
üçün yolumuza davam etdik. Ertəsi gün Ağdamda
eşitdik ki, dünən gecə erməni silahlıları
Xocalıya basqın ediblər. Xocalılar da
basqınçıların burnunu yaxşıca əziblər.
Bununla belə kəndə çoxlu ziyan dəyib. Bir neçə
ev, ictimai tövlə, ot tayaları yanıb. Amma sonralar
aydın olacaqdı ki, bu basqın erməni muzdlularının
Xocalıya “sınaq yürüşü” imiş.
Xocalının əsl müsibəti qabaqda idi.
... Hə, Şuşa şəhəri ilə son görüşüm kədərli notlarla yaddaşımda qaldı. Bununla belə o zaman ağlıma gəlməzdi ki, dörd ildən sonra mayın 8-də “alınmaz qala” bildiyimiz gözəl Şuşamız xain ermənilər və onların havadarları tərəfindən işğal olunacaq. Lakin “ümid sonda ölür” deyiblər. İndi mən Şuşa ilə “ilk görüşə” hazırlaşıram. Ömür aman versə, əsirlikdən qurtaran Şuşanın görüşünə tələsənlərdən biri də mən olacağam.
Yusif Kərimov,
Əməkdar jurnalist
Kaspi.-2012.-8 may.-S.8-9.