Mənəvi-əxlaqi
dəyərlər ənənələr və novasiyalar
işığında
Müasir
cəmiyyətimizdə mənəvi-əxlaqi
sahənin və əxlaqi
şüurun mövcud vəziyyəti, onların inkişaf meylləri istər
gündəlik həyatda, istərsə də elmi-nəzəri səviyyədə
müzakirə olunan mühüm məsələlərdən
biridir. Burada müxtəlif yanaşma tərzlərindən
çıxış edilərək çoxsaylı fikir və
mülahizələrin irəli sürülməsi mənəvi-əxlaqi sahənin
inkişafı mexanizminin çoxtərəfliliyi və
mürəkkəbliyindən irəli gəlir.
Azərbaycan müstəqillik əldə
etdikdən sonra məlumdur ki, cəmiyyətin iqtisadi, siyasi və mənəvi əsasları
mühüm dəyişikliklər dövrünə qədəm
qoydu. Onilliklər ərzində ümumi mülkiyyətə əsaslanan
iqtisadi münasibətlər, birpartiyalı siyasi sistem tənəzzülə
uğradı. Onların əvəzinə bazar iqtisadiyyatı
münasibətləri və çoxpartiyalı siyasi sistem təşəkkül
tapdı, cəmiyyətin yeni sosial strukturunun
formalaşması prosesi başladı. Bütün bu dəyişikliklər
ictimai şüurun bütün səviyyələrinin və formalarının, o cümlədən
əxlaqi şüurun, bütövlükdə isə mənəvi-əxlaqi
sahənin yeni xüsusiyyətlər
və dəyərlər əsasında formalaşmasını stimullaşdıran ilkin şərt kimi çıxış etdi. Əxlaqi
şüurda və cəmiyyətin mənəvi həyatında
baş verən dəyişikliklər müxtəlif ziddiyyətlərlə
müşahidə olunmağa başladı. Sözsüz ki,
bu ziddiyyətləri doğuran səbəblər içərisində
əxlaqi şüur və davranışlar sistemində
mövcud olan stereotiplərin, vərdişlərin yeni ictimai
münasibətlərin xarakterindən doğan novasiyalarla
qarşılaşması, cəmiyyətin
mənəvi təşkilinin
çoxvariantlığı, sosial qrupların maraq və
tələbatlarının müxtəlifliyi mühüm yer
tuturdu. Digər tərəfdən ictimai həyatın
bütün sahələrini əhatə edən bu dəyişikliklərin cəmiyyətin sosial strukturu
kontekstində insan faktoruna təsir
göstərməsi heç də təsadüfi deyildi.
Çünki cəmiyyətdəki yeniləşmələr
zamanı insanın bu proseslərin mərkəzi faktoru kimi
çıxış etməsi onun yaradıcılıq
imkanlarını, mənəvi dünyasını və həyat tərzini müəyyənləşdirən
mənəvi-əxlaqi dəyərlərin
daşıyıcısı olması ilə
bağlıdır. Məlumdur
ki, əxlaqi münasibətlərin məzmunu konkret tarixi
şəraitin, mövcud sosial-iqtisadi amillərin təsiri
altında formalaşır. Əxlaqi
münasibətlərin xarakteri öz əksini əxlaqi
şüurda və onun məzmununda tapır. Uzun illər ərzində
Azərbaycanın da daxil olduğu keçmiş SSRİ məkanında
əxlaqi münasibətlər sistemi və əxlaqi
şüur sosializm cəmiyyətinin sosial strukturunun və hakim siyasi ideologiyanın təsiri
altında formalaşmışdır.
Həmin
dövrün ideologiyasının ali məqsədlərindən
irəli gələn kollektivçilik prinsipi nəinki sosialist
məkanı daxilində, ümumiyyətlə bütün
dünyada kommunizm idealları uğrunda mübarizə
aparılmasını nəzərdə tutan ideyalardan qaynaqlanırdı. Burada fərdin
əxlaqı kollektivçiliyin çərçivəsi ilə,
ayrıca götürülmüş kollektivin maraqları isə
daha geniş birlik kimi qəbul olunan dövlətin maraqları
ilə məhdudlaşdırılırdı və ona tabe
idi. Kommunizm ideallarına inanan
sovet adamı özünü sovet cəmiyyətinin tələbləri
daxilində əxlaqi tənzimləmənin fərdi subyekti
kimi təsəvvür edirdi. Eyni zamanda, sovet
adamlarını birləşdirməli
olan mənəvi-əxlaqi məkanın
coğrafiyası daha geniş hesab olunurdu. Çünki, kommunizm
quruculuğunda “bütün ölkələrin
proletarları”, “bütün
sovet xalqı” və s.
iştirak etməli, nəzərə
alınmalı idi ki, kommunist əxlaqı daha ümumbəşəri
xarakter daşıyır və bəşəriyyətin gələcək
əxlaqı da yalnız onunla
bağlıdır. Həmin dövrdə ümumi mülkiyyətə əsaslanan
istehsal münasibətləri əxlaqi şüurda
mühüm cəhət kimi formalaşmış kollektivin
maraqlarına riayət etməkdə ifadə olunurdu. Bu
maraqların əsas mahiyyəti isə ondan ibarət idi ki,
bütün vətəndaşlar öz istək və
maraqlarını kollektivin maraqlarının təmin edilməsi
fonunda reallaşdıra bilərlər. Bütün bunlar isə
son nəticədə öz əksini
kollektivçilik, vətənpərvərlik və s. əxlaqi
prinsiplər, eyni zamanda xeyirxahlıq, azadlıq, həyatın
mənası, xoşbəxtlik və
s. kimi ali əxlaqi dəyərlərin məzmunun müəyyənləşməsində
tapırdı.
Azərbaycan müstəqillik əldə
etdikdən sonra cəmiyyətin mənəvi-əxlaqi
sferasının və əxlaqi şüurun inkişaf
dinamikasını təhlil etsək görərik ki, burada pozitiv cəhətlərlə
yanaşı, bəzən də xalqımızın milli-mənəvi
dəyərləri ilə
uzlaşmayan meyllərin ortaya çıxdığı
müşahidə olunmağa başladı. Bu isə daha
çox keçmiş siyasi ideologiyanın təsiri altında formalaşan əxlaqi
şüurun yeni iqtisadi və
siyasi münasibətlərin təsirinə məruz qalması
ilə bağlı idi. Çünki nəinki əxlaqi, eləcə
də iqtisadi, siyasi və s. şüur tipləri ictimai
gerçəkliyin müxtəlif
tərəflərinin əks olunması prosesidir. Buna
görə də ictimai gerçəklikdə baş verən
dəyişikliklər və yeniləşmələr adekvat
olaraq öz əksini əxlaqi, iqtisadi, siyasi və s.
şüur tiplərində
tapır.
Qeyd edək ki, müasir dövrdə Azərbaycanda əxlaqi münasibətlərin
ümumbəşəri dəyərlər əsasında formalaşması ölkədəki
sosio-mədəni ilkin şərtlər çərçivəsində
baş verir. Bu şərtlər içərisində ölkəmizin
dünyəvi, demokratik dövlət olması xüsusi edilməlidir. Mövcud sosio-mədəni
ilkin şərtlər isə əxlaqi şüurda
dövrün tələbi ilə uzlaşmayan və yalnız
birbaşa keçmiş siyasi sistemlə bağlı olan
xüsusiyyətlərin aradan qalxmasını şərtləndirir.
Nəzərə alınmalıdır ki, əgər sovet
dövründə cəmiyyətin iqtisadi münasibətlər
sistemindən və sosial strukturundan irəli gələrək nəinki
əxlaqi şüurda, bütövlükdə ictimai
şüurda kollektivçilik prinsipi əsas yer tuturdusa, bazar
iqtisadiyyatı və demokratik siyasi sistem şəraitində fərdiyyətçilik
prinsipi və şəxsi təşəbbüskarlıq ön plana çıxır. Bu halda vətəndaşın özünün fərdi
düşüncə və maraqlarından
çıxış etməsi onun əxlaqi motiv və məqsədlərinə, onların əsasında
formalaşan əxlaqi
davranışına güclü təsir göstərir.
Azərbaycanda
dünyəvi və demokratik dövlətin mövcudluğu
şəraitində azad vətəndaş özünün əxlaqi
qərarlar qəbul etməsində, əxlaqi
davranışın müxtəlif tipləri arasında
seçim aparmasında tam sərbəstdir. Lakin bu sərbəstlik heç də “cəmiyyətin rəyi
məni maraqlandırmır, özüm bilərəm nə edərəm”
düşüncəsi əsasına əxlaqsız
davranışlara bəraət qazandırılması kimi başa düşülməməlidir.
Əxlaqi münasibətlər fonunda azadlığa əxlaqi
dəyər kimi yanaşılmalı, onun özündə
xalqımızın milli adət-ənənələri ilə mütərəqqi novasiyaların
sintezini ifadə etdiyi dərk
olunmalıdır. Nəzərə alınmalıdır ki, əxlaqi
şüura sirayət edən
neqativ cəhət əxlaqi motivlərdən doğan
davranışlara, oradan isə əxlaqi tələbləri
(insanlara, ailəyə, Vətənə, təbiətə və
s. münasibət)
reallaşdıran əxlaqi münasibətlərə təsir
göstərə bilər. Bəzən əxlaqi azadlıq
anlayışının mahiyyətini düzgün qiymətləndirməyənlər
belə hesab edir ki, əgər fərd azaddırsa, o, istədiyi
hərəkəti edə bilər və əxlaqi davranış tərzini, normalarını özü istədiyi
şəkildə müəyyənləşdirməlidir.
Lakin əxlaqi azadlığa bu cür yanaşma
davranışda özbaşınalığa və volyuntarizmə
yuvarlanmaq demək olardı. Ümumiyyətlə qeyd etmək
lazımdır ki, “əxlaqi azadlıq” anlayışı və
onun mahiyyəti fəlsəfi-etik
fikir tarixində daim geniş müzakirələrə səbəb
olan məsələlərdən biridir. Fəlsəfi-etik
fikir tarixində əxlaqi azadlıq və onun özündə
daşıdığı məzmunla bağlı müxtəlif baxışlar
mövcuddur. Fikrimizcə, onların içərisində əxlaqi
azadlığa əxlaqi zərurətlə fərdin subyektiv
davranışının vəhdəti kimi baxan yanaşma tərzi
daha məqsədəuyğundur.
Bu həm də əxlaqi azadlığın mahiyyətini azadlıq və zərurət
kateqoriyaları arasındakı
nisbət çərçivəsində izah etməyə
imkan verir. Çünki əxlaqi azadlıq dedikdə
azadlığı maksimalist mənada (yəni, nə istəyirəm onu da edə
bilərəm) başa düşmək yanlış
olardı. Nəzərə alınmalıdır ki, əxlaqi
davranışların cəmiyyətdə
mövcud olan əxlaqi normalardan və milli mentaliteti səciyyələndirən
xüsusiyyətlərdən kənar
çıxması əxlaqi anomaliyaların baş verməsinə
imkan yaradardı. Digər tərəfdən, əxlaqın əsas
funksiyalarından biri tənzimləmə funksiyasıdır.
Onun vasitəsilə əxlaq cəmiyyətdə hamı
üçün ümumi norma rolunu oynayan davranış tərzini tənzimləyir.
Məsələnin
digər tərəfi isə ondan ibarətdir ki, həqiqətən
də insanın azadlığı ona istək və arzularından, həyata baxışlarından irəli
gələrək əxlaqi
davranışlarında sərbəst seçim etmək
imkanı verir. Lakin əsas məsələ
bu istək və arzuların
hansı şəkildə
reallaşdırılması
yollarından ibarətdir.
Məlumdur ki, elə arzu və istəklər ola bilər
ki, onlar əxlaqi qəbahətlərə imkan yaratmaqla
insanı uçuruma yuvarlandıra bilər. Bu baxımdan arzu və istəklərin əsas
götürülməsi əxlaqi
azadlığın mühüm göstəricilərindən
biri olsa da, əgər onlar
davranışda
nizamsızlığa və
ölçü həddinin
itirilməsinə gətirib çıxararsa, mənəvi-əxlaqi
nöqteyi-nəzərdən fərdin
normal həyat tərzi yaşamasında çətinliklər
yaranar. Buna görə də əxlaqi azadlıq hər bir fərdin əxlaqi baxımdan vacib olanın
yerinə yetirilməsi üçün əxlaqi məsuliyyət
daşımasını nəzərdə
tutur. Əxlaqi məsuliyyət
insanın ailə, cəmiyyət
və dövlət qarşısında üzərinə
düşən əxlaqi vəzifələrini dərk etməsi deməkdir. Əxlaqi məsuliyyətin əsas
xüsusiyyətlərindən biri bundan ibarətdir ki, o, əxlaqi
davranışlarının tənzimləyicisi olmaqla, insanlarda özünənəzarət
və özünüqiymətləndirmə kimi keyfiyyətləri
formalaşdırır. Bu isə hər bir insanın özünün əxlaqi davranışlarını təhlil
etmək qabiliyyətinə malik olmasını zəruri
edir.
Qeyd
edək ki, Azərbaycan cəmiyyətində əxlaqi
azadlığın mövcudluğu şəraitində vətəndaşların
öz istək və arzularını sərbəst şəkildə
reallaşdırmaq imkanlarından istifadə etmələri onların əxlaqi məsuliyyətini
daha da artırır. Nəzərə alınmalıdır ki,
cəmiyyətdə insanların birgəyaşayışının təmin edilməsində əxlaqi
məsuliyyətin böyük rolu vardır. Belə ki, əxlaqi münasibətlər
sistemində əxlaqi məsuliyyət
məsələsinə etinasız yanaşılması
insanlar arasında birgəyaşayış normalarının
zəifləməsinə gətirib çıxarardı. Buna
görə də fəlsəfi-etik
fikir tarixində “insanlığın inkişaf dərəcəsi müəyyən mənada əxlaqi
məsuliyyətin dərəcəsi ilə
ölçülür” tezisinin irəli sürülməsi təsadüfi
deyildir.
Sözsüz ki, bu gün cəmiyyətimizdə əxlaqi
münasibətlərin ümumbəşəri və
dünyəvi dəyərlər əsasında inkişafı
üçün milli adət-ənənələrlə
müasir dövrün, informasiya cəmiyyətinin xüsusiyyətlərindən
doğan meyllərin uzlaşdırılması vacibdir. Yuxarıda qeyd etdiyimiz kimi, sosio-mədəni ilkin şərtlər (Azərbaycan
dövlətinin dünyəvi xarakter daşıması,
demokratik siyasi kurs seçməsi və s.) bu uzlaşmanın
reallaşmasında mühüm rol oynayır. Mənəvi-əxlaqi
dəyərlər sisteminin və əxlaqi şüurun
mütərəqqi ideallar əsasında
formalaşması və
inkişaf etməsi həm də
bu sahədə aparılan dövlət siyasəti ilə
sıx şəkildə bağlıdır. Bu baxımdan əsası
ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş azərbaycançılıq
ideologiyasında cəmiyyətin mənəvi-əxlaqi sahəsinin
inkişaf prioritetlərinin dəqiq müəyyənləşdirildiyi xüsusi qeyd edilməlidir.
Azərbaycan
Prezidenti Heydər Əliyevin cəmiyyətin mənəvi-əxlaqi
sahəsində gedən proseslərlə bağlı 2001-ci
il 13 avqust tarixli bəyanatı
özündə ehtiva etdiyi məqsəd və vəzifələrin
ümumbəşəriliyinə görə mühüm əhəmiyyət
daşıyır. Sənəddə bəzi KİV-in ölkədə
yaradılmış demokratik şəraitdən, fikir və
söz azadlığından sui-istifadə edərək
insanların şərəf və
ləyaqətini təhqir etməsinin yolverilməzliyi, eyni
zamanda cəmiyyətin mənəvi həyatında
özünü göstərən mənfi meyllər və
onların doğurduğu xoşagəlməz halların aradan
qaldırılmasının zəruriliyi və digər məsələlər
özünün hərtərəfli əksini
tapmışdır. Ümummilli lider Heydər Əliyevin cəmiyyətin
mənəvi-əxlaqi sahəsinin mütərəqqi dəyərlər
əsasında inkişafına
yönəlmiş siyasi kursu bu gün Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən sistemli və məqsədyönlü
şəkildə həyata keçirilməkdədir.
Yuxarıda göstərilənlərlə
yanaşı, əxlaqi münasibətlərin ümumbəşəriliyinin,
onların həm milli adət-ənənələrlə bağlılığının, həm
də müasir dövrün tələblərindən
doğan novasiyalara açıqlığının təmin
edilməsində, daha geniş mənada götürsək, bütövlükdə əxlaqi
şüurun formalaşmasında ailə, təhsil, ədəbiyyat
və incəsənət, kütləvi informasiya vasitələri
və s. qarşısında mühüm vəzifələr dayanır. Hamıya məlumdur ki,
ailədaxili tərbiyə əxlaqi şüurun
formalaşmasına təsir göstərən mühüm
amillərdən biridir. Əxlaqi keyfiyyətlər insanda
bütün həyatı boyu formalaşır və inkişaf
edir. Lakin əsas əxlaqi norma və keyfiyyətlərin
bünövrəsi insanın
uşaqlıq, yeniyetməlik və gənclik
yaşında qoyulur. Uşağın ilkin yaş dövrləri
əsasən ailənin təsiri altında keçir.
Uşaqlar valideynlərinin davranışlarından əxlaqi nümunələr
götürür, onların əxlaqi norma və ali əxlaqi
dəyərlərlə bağlı fikirlərini mənimsəyirlər,
identifikasiya yolu ilə özünü valideynlərinə
oxşatmağa çalışır. Onlar müəyyən yaşa
çatdıqdan sonra əsas tərbiyəçi
funksiyasını məktəb
yerinə yetirir. Lakin ailədə uşağa məktəbəqədərki
dövrdə hansı əxlaqi keyfiyyətlərin
aşılanmasının böyük əhəmiyyəti
vardır. Bir çox görkəmli
pedaqoqların qeyd etdiyi kimi, uşağın evdə
aldığı tərbiyə ilə məktəbdə
aldığı tərbiyənin üst-üstə
düşməsi müsbət haldır. Məktəbli müəlliminə
və sinif yoldaşlarına o
halda inanır ki, məktəbdəki əxlaqi tərbiyə
ilə evdə aldığı tərbiyə üst-üstə
düşsün. Əgər ailədə yüksək əxlaqi
dəyərlər qorunursa,
uşaqların əxlaqi şüuru və mənəvi
dünyası düzgün
istiqamətdə formalaşır.
Cəmiyyətdə
mənəvi-əxlaqi dəyərlərin inkişaf edərək
zənginləşməsi təhsilin ayrılmaz komponenti olan tərbiyə
işinin təşkil olunması səviyyəsi ilə
sıx şəkildə bağlıdır. Məlumdur ki,
özünün əxlaqi keyfiyyətləri və
davranışları ilə ölkəmizə layiq vətəndaşların
formalaşmasında təhsil müəssisələrinin
üzərinə mühüm vəzifələr
düşür. Məhz təhsil müəssisələri xalqımızın çoxəsrlik
milli-mənəvi dəyərlərinin və ali əxlaqi
keyfiyyətlərin gənclərin
əxlaqi şüurunda dərin kök salmasında əhəmiyyətli
rol oynaya biləcək özünəməxsus məkandır. Müasir informasiya
texnologiyalarının geniş
vüsət aldığı, xüsusilə internetdə
müxtəlif əxlaqi davranış tərzlərinin təbliğ
edildiyi bir şəraitdə gənclərdə milli adət-ənənələrə
sadiqlik hissini möhkəmləndirmək təlim-tərbiyə işi ilə
məşğul olan insanların qarşısında mühüm vəzifələr
müəyyənləşdirir. Bu sahədə ən
vacib məqam milli adət-ənənələrlə
müasir dövrün reallıqlarından doğan novasiyalar
arasındakı
qarşılıqlı bağlılığı
rasional şəkildə uzlaşdırmaqdan ibarətdir. Bu isə
sözsüz ki, müəllimlərdən adət-ənənələrlə
novasiyalar arasındakı qarşılıqlı təsiri, cəmiyyətin
mənəvi-əxlaqi sahəsinin inkişaf xüsusiyyətlərini
dolğun şəkildə dərk etməyi, bunun əsasında şagird və tələbələrə
əxlaqi norma, keyfiyyət və dəyərləri
aşılamağı tələb edir. Unutmaq olmaz ki, təhsil
şəxsiyyətin mənəvi-əxlaqi
dünyagörüşünün
formalaşmasının
mühüm şərti və onun
sosiallaşmasının əsas faktorlarından biridir. Məhz
təhsilin tərbiyəvi aspekti müasir dövrün və
milli adət-ənənələrin reallıqları
kontekstində əxlaqi
şüur və davranışların təkmilləşməsi
yolunda mühüm amil kimi çıxış edir.
Cəmiyyətin
mənəvi-əxlaqi sahəsinə
və əxlaqi şüurun formalaşmasına əhəmiyyətli
dərəcədə təsir göstərən faktorlardan
biri də ədəbiyyat və incəsənətdir. Ədəbiyyat və incəsənət
insanların dünyagörüşünün
formalaşmasında əhəmiyyətli rol oynayır, onu dəyişməyə,
ali əxlaqi dəyərlərin bünövrəsini
qoymağa qabildir. Məlumdur ki, ədəbiyyat və
incəsənət əsərlərindən kənar
əxlaqi dəyərlərin inkişafı, insanlarda
özünütərbiyə və özünənəzarət hissinin formalaşması
mümkün deyil. Bu əsərlər cəmiyyətin tərəqqisinə
böyük stimul verən biliklərin zənginləşərək
nəsillərdən-nəsillərə ötürülməsini
təmin edən unikal
formadır. Ali mənəvi dəyərlər sistemi, əxlaq
normaları, bilik və vərdişlər elm, mədəniyyət və ədəbiyyat
xadimlərinin əsərlərində öz əksini
tapır. Ədəbiyyat və incəsənət əsərləri
tərbiyəedici funksiyası
vasitəsilə ictimai şüura
təsir göstərir və qabaqcıl, ümumbəşəri
idealların ötürücüsü kimi
çıxış edir. Ədəbiyyat
və incəsənət yalnız əxlaqi dəyərlərin qeydə alınması və
yayılması ilə kifayətlənmir, eyni zamanda onları nəsillərdən-nəsillərə
ötürərək zənginləşdirir. Yaxşı əsərə görə insan özünün mənəvi
dünyasını zənginləşdirməyi və hissələrini
tərbiyə etməyi öyrənir. Yalnız müəyyən
mədəni səviyyəyə malik olması insanın
özünüdərketməsində mühüm əhəmiyyət
daşıyır. Özünüdərketmə isə
özünənəzarət və özünütərbiyə
ilə birlikdə əxlaqi dünyagörüşün
mühüm cəhətlərindən biri kimi
çıxış edir.
Azərbaycanda mənəvi-əxlaqi münasibətlər
sisteminin inkişafına təsir göstərən amillərdən
biri də kütləvi informasiya vasitələridir. Müasir
dövrdə KİV elə bir sosial instituta
çevrilmişdir ki, o, nəinki
ictimai şüurun, bütövlükdə cəmiyyətin mənəvi-əxlaqi
sahəsinin hansı dəyərlər əsasında
formalaşmasına ciddi təsir göstərir. KİV
müxtəlif əxlaqi yönümlər və
davranış tərzləri ilə
bağlı əxlaqi şüurda informasiya mübadiləsini təmin edən mexanizm kimi imkanlarına görə
özünəməxsusluğu ilə seçilir. O, həm də əxlaqi
şüurun formalaşması prosesində inteqrasiya və
yaradıcı funksiyalar yerinə yetirmək xüsusiyyətlərinə
malikdir. Bu baxımdan KİV-də
yayılan informasiya
axınının cəmiyyətin mənəvi-əxlaqi sahəsinə təsiri
hazırda alimlər, ekspertlər, ədəbiyyat və
incəsənət sahəsində
çalışan
insanların geniş müzakirə etdiyi məsələlərdən
biridir. Müşahidələr
və təhlillər göstərir ki, bəzən müasir kommunikasiya
mühitində
xalqımızın milli-mənəvi dəyərləri
ilə uzlaşmayan və müasirlik adı altında təqdim
edilən müxtəlif materialların ictimai rəyə
çatdırılması, əxlaqi
şüura qeyri-etik davranış nümunələrinin təlqin edilməsi mənəvi-əxlaqi sahənin
xoşagəlməz təsirlərə məruz qalmasına gətirib
çıxara bilər. Fikrimizcə,
bu kontekstdə KİV-in, xüsusilə televiziya
kanallarının fəaliyyəti ilə bağlı bəzi
məsələlərə toxunmaq yerinə düşərdi.
Məlumdur ki, Azərbaycanda söz və fikir
azadlığı şəraitində televiziya kanalları istənilən
mövzu ətrafında verilişlər hazırlamaq, xəbərlər
yaymaq hüququna malikdirlər. Təqdirəlayiq haldır ki,
dövlət televiziyasında və özəl kanallarda
xalqımızın çoxəsrlik adət-ənənələrinin
və əxlaqi dəyərlərinin, həmçinin
onların zənginləşməsində mühüm rol
oynaya biləcək yenilik və
müasirliyin təbliğinə geniş yer verilir. Azərbaycan
elmi və mədəniyyətinin inkişafı sahəsində,
dövlətçilik tarixində böyük xidmətləri
olmuş görkəmli şəxsiyyətlərin həyat və
fəaliyyətini, xalqımızın milli adət-ənənələrini tamaşaçı auditoriyasına
çatdıran verilişlər hazırlanır. Bütün
bunlar ölkə vətəndaşlarında, xüsusilə gənclərdə
mənəvi-əxlaqi dəyərlərə
sadiqlik hissinin möhkəmlənməsi, əxlaqi şüurun müsbət
meyllər istiqamətində formalaşması
baxımından mühüm əhəmiyyət daşıyır.
Lakin
bu müsbət cəhətlərlə bir araya sığmayan hallara da rast
gəlinir. Bu, əsasən
özəl televiziya kanallarında “şou biznes” adı
altında hazırlanan verilişlərin əxlaqi
şüurun özündə birləşdirdiyi əxlaqi
norma, keyfiyyət, prinsip, ideal və dəyərlərə mənfi
təsir göstərməsi ilə bağlıdır. Bəzən
televiziya kanallarında Azərbaycan mədəniyyəti və
incəsənətinin inkişafında heç bir xidmətləri
olmayan şəxslərin “görkəmli musiqiçi” və
yaxud “sənətkar” kimi ictimai rəyə
sırıdılmasına
çalışılması insanlarda ikrah hissi
yaradır və dolayısı ilə telekanalın nüfuzuna
xələl gətirir. Məişət
səviyyəsində dedi-qodulara həsr olunan verilişlərin
tamaşaçı auditoriyasına
çatdırılması, mənasız
qəddarlıq, qətllər,
insanların kobud davranışı, ədəbsiz
söz və ifadələrin
KİV-in yaydığı materiallarda özünə yer tapması
yolverilməzdir. Xüsusilə,
bu cür verilişlərin yayılması yaş
dövründən və psixologiyasından irəli gələrək
hadisələrə daha həssas
yanaşan uşaqlar üçün zərərlidir. Bu məsələlərdə
sözsüz ki, valideynlərin də üzərinə
böyük məsuliyyət düşür. Buna görə
də onlar uşaqların bu
cür verilişlərə baxmasının
qarşısını almalıdırlar. Uşaqlar yaş dövrünə və
psixologiyasına uyğun verilişlərə baxmağa istiqamətləndirilməlidir.
Burada televiziya kanallarının üzərinə düşən
əsas vəzifələr sırasına mədəni-maarifləndirici
verilişlərin sayının daha da artırılması və adət-ənənələrlə
novasiyaların uğurlu sintezini
yaratmağa malik olmaq və s. daxildir.
Yuxarıda
göstərilənləri ümumiləşdirərək belə
bir nəticəyə gəlmək olar ki, müasir
dövrün reallıqları
fonunda Azərbaycan cəmiyyətinin sosial-iqtisadi və ictimai-siyasi sahələri
ilə müqayisədə mənəvi-əxlaqi münasibətlər
sisteminin inkişafı prosesi daha mürəkkəb mexanizmə
malikdir. Milli adət-ənənələrlə
novasiyaların məqsədyönlü, uğurlu sintezi əsasında
əxlaqi şüurun
formalaşdırılması və inkişafı prosesi
aktuallığı ilə diqqəti cəlb edir. Mənəvi-əxlaqi
münasibətlər sisteminin dövrün tələbləri
ilə uzlaşdırılması
məsələsində
ailə, təhsil, ədəbiyyat və incəsənət,
kütləvi informasiya vasitələri və s.
qarşısında mühüm vəzifələr
dayanır.
Vüqar Səlimov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Kaspi.-2012.-11 may.-S.8-9.