«İranın bizə
insan hüquqlarından dərs keçməsi
gülünc görünür»
Elşad Miri: «İranlı ayətullahlar
Azərbaycandakı proseslərə məzhəbçilik
prizmasından yanaşıb, ayrıseçkilik yaratmağa
çalışırlar»
İlahiyyatçı Elşad Miri
“Kaspi”nin suallarını cavablandırır
- Elşad
bəy, İranın bəzi din xadimləri Azərbaycan
dövlətinin adına olmazın həqarətlər
yağdırır, xalqımız və dövlətimizə
xitabən müxtəlif ultimativ xəbərdarlıqlar edirlər.
İlk növbədə iranlı din xadimlərinin bu
addımlarına münasibətinizi öyrənmək istərdik.
- Qurani-Kərimdə belə bir anlayış var: siz başqalarının tanrılarına söyməyin ki, onlar da bilməyərəkdən qayıdıb sizin Allahı söysünlər. İslam dini hazırda da bu prinsipi qoruyur. Ancaq İran rejimi bu prinsipin əleyhinə hərəkət edir. İran hər vəchlə Azərbaycanın əleyhinə mənfi rəy formalaşdırmaq istəyir. İranda yaşayan azərbaycanlılar arasında ölkəmizin mənfi imicini yaratmağa cəhd edir. Bununla oradakı soydaşlarımıza deyirlər ki, Azərbaycan sizin kimilərin yaşaya biləcəyi yer deyil. Digər tərəfdən, İranın daxilində özbaşınalıq var. Bu ölkədə ali dini liderlə yanaşı, müəyyən ayətullahlar da var. Həmin o ayətullahlar özlərini müstəqil bir şəxs kimi aparırlar. Yeri gəldi-gəlmədi Azərbaycandakı ictimai-siyasi prosesləri tənqid edir, hər şeyə qara yaxmağa çalışırlar. Bütövlükdə belə adamların Azərbaycanın daxili işlərinə qarışması yolverilməzdir. İrandan fərqli olaraq, Azərbaycan dünyəvi, müstəqil, demokratik bir dövlətdir. Belə olan halda İranın bizə insan hüquq və azadlıqlarından dərs keçməsi gülünc görünür. İranlı ayətullahlar Azərbaycandakı proseslərə məzhəbçilik prizmasından da yanaşırlar. Onlar Azərbaycanda məzhəb anlayışını ortaya ataraq, həm daxildə ayrıseçkilik yartmağa çalışır, həm də özlərinə yaxın insanları ölkə əleyhinə ayağa qaldırmaq istəyirlər. Bu gün Azərbaycanda müəyyən insanlar var ki, hər hansısa bir məzhəbin tərəfdarıdır. Həmin o məzhəb tərəfdarları özlərinin təqlid etdikləri şəxslər də bu gün ya İranda, ya da İraqda oturanlardır. Yəni üçüncü bir başqa alternativ olmadığından onlar hansısa bir başqa ölkədə yaşayan insanların fikirləri ilə oturub-dururlar. İslam dininə etiqad göstərən azərbaycanlı mömin İrandakı ayətullahlardan birini özü üçün alim seçir, onun dediyi hər bir sözü qeyd şərtsiz qəbul edir. Və hətta yeri gələndə, bu adam imkanı daxilində qazancının 5-də birini xüms adı altında həmin ayətullahların ya Azərbaycandakı nümayəndələrinə, yaxud da İranda olan dəftərxanalarına hansısa formada göndərir. İrandakı ayətullahlar həm də bu bazarı itirmək istəmədiklərindən, bəzi insanlarımızı təsir altında saxlayırlar.
- İranlı mollalar dini, siyasi
proseslərə münasibət bildirməklə
yanaşı, “Eurovision-2012” musiqi yarışmasının
dinimizə zidd olduğunu əsas gətirib bu beynəlxalq tədbirin
boykot edilməsi barədə də fikirlər səsləndirilər.
Sizcə hər hansı iranlı din xadiminin bu kimi bəyanatlarla
çıxış etməsi nə dərəcədə
düzgündür?
-
Qurani Kərimdə belə bir ayə var: Sizə biri xəbər
gətirdiyi zaman onu araşdırın. Amma ayətullahlar bu
amili nəzərə almadan hərəkət edirlər.
Bunlara deyən lazım ki, sən araşdırma aparmadan
insanlar arasında necə belə bir fitnə-fəsad törədə
bilərsən? Ümumiyyətlə, İranın
özündə siyasət və din anlayışı
bir-birindən ayrı deyil. Ölkənin prezidentini qəbul edən
Ali dini liderdir. Ölkə prezidenti seçilir, seçiləndən
sonra onun prezidentliyini qəbul edən şəxs İranın
ali dini lideri olur. İranda siyasət dinin tərkib hissəsinə
çevrilib. Bu ölkədə din ayrı, siyasət ayrı
deyil. Azərbaycanda uzun illərdir özlərini
İrandakı ayətullahların davamçıları kimi
görən şəxslər cümə namazı
qılmırlar. İndinin özündə də bu belədir.
Niyə? Çünki qeyd edirlər ki, cümə
namazının xütbəsində birinci tərəf dini
olmalıdırsa, ikinci tərəf siyasi olmalıdır. Bunun
necə bir acınacaqlı vəziyyət olduğunu
özünüz təsəvvür edin. Ona görə də
İranda hər hansısa bir məsələyə ayətullahların
müdaxilə etməsi onlar üçün adi hal alıb.
- Həqiqətənmi İran,
İslam respublikası olaraq müsəlman
qardaşlarının təəssübünü çəkir?
-
Dünyada 5 ölkə var ki, adlarının
qarşısında İslam yazılıb. Belə dövlətlərdən
biri də İrandır. Tarixə nəzər salsaq görərik
ki, dünyada İslam ilk dəfə Ərəbistan
yarımadasında meydana gəlib. Hazırda həmin yerdə
Səudiyyə Ərəbistanıdır. Yəni,
İslamın meydana gəldiyi ərazidə hazırda
krallıq var. Ərəbistanda İslam dini yaranandan sonra
Sasanilər dövləti darmadağın edildi, iranlılar
müəyyən bir müddət Əməvilərin,
ardınca Abbasilərin hakimiyyəti altında qaldılar.
1979-cu ildən sonra isə adlarını dəyişib etdilər
İran İslam Respublikası. Gəlin baxaq görək,
dövlətin adını İslam etməklə, həqiqətənmi
İslama xidmət etdilər? Əlbəttə ki, xeyir. Bu
gün İranda həyata keçirilənlərin İslama
heç bir aidiyyatı yoxdur. Qadınların siğə
adı altında alçaldılması,
hüquqlarının tapdanması İslam deyil. Eləcə də
İslamda olmayan ayətullah sisteminin ortaya
çıxarılaraq, insanların maddiyatının əlindən
alınması da dinimizlə bir araya sığmır.
İslamda zəkat anlayışı qırxda bir dəfə
olduğu halda, xüms adı altında insanların
qazancının beşdə birini alıb öz cibinə
qoymaq, yaxud da bununla dolanıb insanlara guya ki,
yaxşılıq eləmək dindarlıq deyil. Əhalisinin
böyük əksəriyyəti müsəlman olan, İslam
dininə etiqad göstərən qonşu dövlətin ərazisi
xristian Ermənistan tərəfindən işğal olunarkən,
buna etiraz etməmək də İslam həmrəyliyinin əleyhinə
çıxmaq deməkdir. Müsəlman qardaşına
kömək etmək əvəzinə, Azərbaycana qarşı
işğalçılıq siyasəti yürüdən Ermənistanı
dəstəkləmək, ona hərtərəfli yardım etmək
İslam anlayışında yoxdur. Bu gün İran sadəcə
İslam adından istifadə edərək, özü
üçün bir ideologiya formalaşdırıb. Həmin
ideologiyanın adını hər nə qədər teokratik
qoymasa da bu formada həyata keçirir. Ancaq nəzər yetirəndə
görürsən ki, İranın atdığı hər
hansı addım İslamda dəstəklənmir. Onların
etdikləri əməllər nə peyğəmbərin, nə
də səhabələrin həyatlarında yoxdur.
- Söylədiklərinizdən belə
qənaətə gəlmək olarmı ki, İran İslam
ölkəsi olmasına rəğmən, bu dinə xristian bir
qurum kimi zərbə vurmaqla məşğuldur?
-
İranın baş verən proseslərə yanaşması
tamamilə fərqlidir. İran İslamı qəbul edəndən
bu günə kimi ancaq dini parçalamaqla məşğuldur.
Niyə? Ona görə ki, onlarda İslama qarşı bir kin
var, nifrət var. Səbəbi də budur ki, İslamın
yayıldığı ərəfədə farsların
224-cü ildə yaratdıqları Sasanilər dövləti Xəlifə
Ömər tərəfindən 639-642-ci illərdə
dağıdıldı. Məhz bu səbəbdən həmin
dövrdən başlayaraq, İslamla bağlı nə qədər
məsələ varsa, orada parçalanma yaratmağa
çalışıblar. Guya İslam başqa yerdə
yaranmasına baxmayaraq, İran rejimi bu dinə bütün
müsəlmanlardan daha yaxşı itaət edir, İslamı
hamıdan yaxşı yaşadır. Amma reallıq tamam
başqa məqamlardan xəbər verir. Hazırda Suriyada ölkə
rəhbəri öz hakimiyyətini qorumaq üçün
öz vətəndaşlarını qətlə yetirir. Belə
bir ərəfədə İran rejimi Suriya iqtidarına hərtərəfli
dəstək verir. Terrorçu təşkilat kimi tanınan
Hizbullah da İran tərəfindən maliyyələşdirilir.
Bu həmin Hizbullahdır ki, Suriyadakı qətliamdan
qaçıb canını qurtarmaq üçün sərhəddi
keçmək istəyən günahsız insanları
gülləbaran edib. Hələ bu təşkilatının
törətdiyi digər çoxsaylı terror aktlarını
demirəm. Bax bütün bunları İran İslamla necə
əlaqələndirə bilər?
- Elşad bəy, hər hansı
dini məsələnin süni şəkildə
şişirdilərək böyük bir problemə
çevrilməsi nə dərəcədə
düzgündür?
- Hər
hansı məsələ ilə əlaqədar müəyyən
bir problem varsa, bu problemin sivil qaydada həlli yolları da var. Azərbaycan
dünyəvi dövlətdir. Buranın özünün bir ədliyyə
sistemi, məhkəmələri var. Bir vətəndaş
olaraq mən bu məhkəmələrdə hər hansı
bir qüsur görürəmsə, haqqım tapdanırsa, digər
bir məhkəmə instansiyasına müraciət edə bilərəm.
Əgər növbəti məhkəmə instansiyalarında
da haqqım qorunmazsa, o zaman Avropa məhkəmələrinə
çıxa bilərəm. Amma İranda bu sahədə ciddi
problemlər var. Mən azad bir ölkənin vətəndaşı
kimi məscidlərə gedir, ibadətimi edirəm. Bu və ya
digər dini, yaxud sair məsələ ilə bağlı təkliflər
verir, yeni təşəbbüslərlə
çıxış edir, iradımı bildirirəm. Ancaq bu o
demək deyil ki, mən əlimə daş alıb hansısa pəncərəni
sındırmalı, hay-həşir salmalıyam. Hər
şeyin qayda-qanunu var axı. İslam dinində hakimiyyətə
qarşı gəlmək qəbul edilməzdir. Çünki
hakimiyyətə, dövlətə qarşı gəlməklə,
ölkənin idarəetmə mexanizminə problemlər
yaradılır. Bəzən vətəndaş üzləşdiyi
problemi həll edə bilməyəndə
günahı hakimiyyətdə görür.
Amma İslamda qeyd olunur ki,
sən necəsənsə, o cür də idarə olunarsan.
Yəni, günahı özündən
yuxarıda deyil, ilk
növbədə özündə axtarmalısan. Əgər
mən düz olsam, ətrafımdakı
insanlarla düzgün
rəftar etsəm, cəmiyyətlə düz
olsam, həmin cəmiyyəti idarə edən
dövlət də güzgü kimi eyni şəkildə
mənimlə davranacaq. Bu səbəbdən hər hansı məsələ
ilə bağlı tədbir görərkən ilk növbədə maariflənmə işi aparılmalıdır.
- Sizcə, İslam dinini dərindən
mənimsəmək üçün inanclı insanlar kimdən
nümunə götürməli, kimin arxasınca getməlidirlər?
-
Çox təəssüf ki ölkəmizdə də dindən
istifadə edən müəyyən qruplar və ya
qruplaşmalar var. Siyasi qurumlarla əlbir çalışan
şəxslər var ki, onlar da İranda aldıqları təhsilin,
həmçinin bilavasitə İranın təsiri ilə
Tehrandakı rejimin ideologiyasını burada yaymağa
çalışırlar. Bəziləri öz siyasi çəkisinin
olmadığını dərk edib, dindarlardan, İslamın
fəlsəfəsini tam dərk etməyən, lakin dinə qarşı
həssas olan insanlardan istifadə edirlər. Bununla bir güc
formalaşdırıb hakimiyyətə qarşı müxalifətçilik
edirlər. Bütün bunlar tamamilə yanlış bir
addımdır. Keçmişdə ateizm dövrü olanda
insanlar “Urra” sədası ilə kütləvi şəkildə
ateist oldular. Müstəqillik illərində isə yaranan sərbəstlik
özü ilə bir boşluq gətirdi. Bu dəfə də
adamlar kütləvi şəkildə İslam dininə etiqad
göstərməyə başladılar. Bax burada kortəbiilik
var. İslam kortəbiiliyi, təqlidçiliyi qəbul eləmir.
İslam tədqiqi, araşdırmanı, məsələyə
daha geniş yanaşmağı təbliğ edir. Misal
üçün, kontekstdən çıxarılmış hər
hansı Quran ayəsi ilə, peyğəmbərlərdən
birinin bir kəlmə sözü ilə İslamı
yaşamaq olmaz. İnsanlar var ki, öz dar düşüncələrini
dinə gətiriblər və dindar deyil, dini dar insanlar olublar.
Amma adamlar da var ki, həmin o dindarlığı həqiqi mənada
universal, modern şəkildə, texnoloji imkanlarla birləşdirərək
insanlara haqqı, ədaləti çatdırmağa
çalışırlar. Bax Azərbaycanda əsas problem
budur. Təəssüf ki, Azərbaycanda din deyəndə
ölülər, yaxud da başqa məsələlər yada
düşür. Halbuki, din deyiləndə elmli, orta və ali
məktəb savadlı, dünyaya baxışı geniş
olan ilahiyyatçılar təsəvvür edilməli, dini
müzakirələr onlarla aparılmalıdır.
Bütün qazancları yas məclislərindən gələn,
başqa heç bir işlə məşğul olmayan şəxslər
həqiqi dindar sayıla bilməz. Belələri möminlər
üçün də nümunə ola bilməzlər.
Rufik İSMAYILOV
Kaspi.-2012.-15 may.-S.6.