Dünyadan heç nə oğurlamadıq, heç kimi arxadan vurmadıq 

 

Nurəddin Mehdixanlı: “Bir Türklər öz böyüklüyümüzü dərk edəndə və özümüzə sahib çıxanda, bizdən yenidən öyrənməyə başlayacaqlar”

 

- Nurəddin bəy, mən ruh adamlarının İÇlərindəki MƏNi oxucuya çatdırmağı sevirəm. Düşünürəm ki, insanı insan edən məhz odur. Sizinlə də bağlı buna çalışacağam, gücümün çatacağına əmin olmasam da. Deyə bilərsinizmi, kimdir Mehdixanlı Nurəddin

- Atasının adı Əzizulla, anasının adı Tovuz, milliyyətcə TÜRK, düşüncəcə TURANÇI, yurdsevər bir insan. Hal-hazırda da müstəqil Azərbaycan respublikasının vətəndaşı...

- Hər kəs sizi sevir. Türk olan hər kəs...

- Hə, o mənada daha doğrudur. Mən hesab eləmirəm ki, hamı məni sevir.

- Mən bizdən olanları dedim. Mən də sizi başqalarından bir az daha çox sevirəm, çünki sevdiyim bir ruh sizdə gözəl təzahür edir. Ruhu daşımaq başqa şeydir, o ruhu daşıdığın şəkildə çatdırmaq isə tamamilə başqa. Özünüzün sevərək oynadığınız bir rol - hansı ki o  rolda siz o ruhu çatdıra bilmisiz...

- Həyatımda iki dəfə ciddi şəkildə belə bir hadisə olub. Təbii ki, bir var gözəl dram əsəri, gözəl tamaşa, gözəl aktyor ifası - bu tamamilə ayrı bir şeydir. Mənimçün “Aydın” tamaşası, hesab edirəm ki, Azərbaycan teatr tarixinin son otuz ilində ən monumental və akademik səviyyədə hazırlanan bir tamaşa idi. Aydın rolunun ifaçısı mən idim və  bu mənim ömrümün gözəl bir səhifəsi idi. Amma içimlə, ruhumla üst-üstə düşən və bu işi görəndən sonra ”bu işi görəndən sonra yaşamaq da olar, ölmək də” dedizdirən iki iş olub taleyimdə. Biri Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” tamaşasında Kür Şad rolu, ikincisi isə ssenarisi Sabir Rüstəmxanlının, quruluşu Rövşən Almuradlının “Cavad xan” filmindəki Cavad xan obrazı.

Hərdən dostlarımla, yaxın ətrafımla söhbət eləyəndə deyirəm ki, ola bilsin, bu dünyada adamlar var ki, övladlarına saraylar, villalar, Avropa banklarında böyük-böyük məbləğdə pullar, təyyarələr, hektarlarla torpaq sahələri və s. nələrsə miras qoyacaqlar, amma onların heç biri mənim övladlarıma qoyacağım miras qədər dəyərli ola bilməyəcək. O miras da Cavad xandır. Bu mənim övladlarıma miras qoya biləcəyim ən böyük, ən dəyərli obrazdır.

- Nə hiss edirsiniz obrazda olanda?

- Deyirlər ki, cənnət o dünyadadır, amma mən belə düşünmürəm. Cənnət həm də bu dünyadadır. Mən hesab edirəm ki, cənnətdə hansı həzzi yaşamaq mümkündürsə, həyatın ən yüksək dərəcəsində olmağın ləzzətini insan necə yaşayırsa, mən Kür Şad obrazında və Cavad Xanda məhz bunu yaşamışam.

- Bu artıq sondurmu? Yəni sizin yaradıcılığınızın kulminasiya nöqtəsidirmi?

- Yox, bilmək olmaz. Ola bilər, bundan sonra elə bir obraz olsun ki, bunların hamısından üstün alınsın.

- Oynamaq istəyib də oynamadığınız hansısa obraz...

- Ömrüm boyu arzuladığım bir obraz var idi - Şah İsmayıl Xətai. Hamının gördüyü, tanıdığı Şah İsmayılı yox, mən TÜRK Şah İsmayılı yaşamaq istərdim. Yaşım ötdü, mən artıq Şah İsmayılı oyanaya bilmərəm. Amma onun  istədiklərini, onun yaşadıqlarını bədii şəkildə də olsa yaşamaq istərdim. Bu gün bizim bəzi qəhrəmanlarımız müxtəlif şəkillərdə təqdim olunmağa başlayıb. Yavaş-yavaş bir-birinə yaxınlaşan, bir-birinin yanında olmağa çalışan bir türk dünyası var. Bunu önləmək üçün kimi sünni-şiə davası salır, kimi yenidən Sultan Səlim-Şah İsmayıl qovğası qaldırır. Türk millətinin içərisində belə bir-birinə qarşı cəbhə açmaqla məşğul olan güclər var. Amma arzuladığım dini qarşıdurmalardan, dini təriqətlərdən, məzhəblərdən uzaq və birinci olan Türkçülük anlayışı var. Mənim üçün öncə odur. Allah-Təala da məni yaradanda TÜRK yaradıb. Məni nə ərəb yaradıb, nə fars, nə gürcü, nə də rus. Məni Türk yaradıb və sevərək yaradıb. Bu mənada hesab edirəm ki, bu gün özünə Türk deyən və türkün birliyini, bütövlüyünü istəyən kəslər, ələlxüsus da yazarlar, tarixçilər, qələm sahibləri fikir söyləyərkən hadisələrə məzhəb düşüncəsiylə, dini düşüncəylə, təriqət düşüncəsiylə deyil, əsil-kök, təməl prinsiplərilə yanaşsınlar. İnsan dünyaya milli mənsubiyyətilə gəlir, dini mənsubiyyət sonradan qazanılmış mənsubiyyətdir. Yəni öncə Allah mənə nəyi veribsə ona sahib çıxacağam, ondan sonra ikinci və üçüncüyə. Amma mən birinciyə sahib olmadan o birilərə sahib ola bilmərəm. Milli kimliyinə sahib olmağı bacarmayan bir millət dini kimliyinə sahib ola bilməz. Bölünüb-parçalanar, itər. Bu mənada Şah İsmayılla bağlı istəklərim var, eləcə də Sultan Səlim Yavuzla. Bu gün bizim Türkiyəmizdə “Möhtəşəm yüzyıl” serilalı çəkilir və filmin müəyyən yerlərində bizə, ən əsası Şah İsmayıl Xətaiyə həqarət edən fikirlər səslənilir. Mən bunun qəti əleyhinəyəm və düşünürəm ki, o şəkildə tarixi hadisələrə və tarixi şəxsiyyətlərə yanaşanlar çox böyük səhv edirlər, bunun yumşaq adı “türk düşmənçiliyi”dir. Bilmirəm sərt adı nə şəkildə olar. Tarixə bu cür yanaşmaq olmaz.

Mənim o zaman arzuladığım həmin o Şah İsmayıl insanları sevən, işıq gələn adamları himayə edən, savaşa hazırlaşdığı vaxt ölkəsinin sənətçilərini, ziyalılarını, yazarlarını, rəssamlarını, şairlərini ölkənin ən dərin yerində gizlədib mühafizə edən - biz ölək, onlar qalsınlar, çünki bizim millətimizi onlar yaşadacaqlar - düşüncəsinin sahibi olan bir kəsə ona yaraşmayan adlar qoymaq olmaz. Mənim Şah İsmayılım bu cür adamdır.

- Nurəddin bəy, biz bilirik ki, Türkçülük Tanrının istədiyi şəkildə yaşam tərzidir. Amma bizim dırnaqarası türkçülər bunun əksini iddia edirlər. İstər dünyada, istər bu yeddi türk dövlətində olsun, istərsə də Azərbaycanda Tanrının istədiyi şəkildə yaşam tərzini kimlər yaşayır?

- Bəli, Türklük, bir yaşam tərzidir, Türklük bir əxlaq sistemidir, bir mənəviyyat və dəyərlər sistemidir və bir ilkdir. Türk millətinin taleyinə, tarixinə, adət-ənənəsinə baxın. Dünyaya baxış fəlsəfəsinə, ailə fəlsəfəsinə baxın. Dünyanın bütün xalqlarından başqalarına yanaşma tərzi ilə, Allaha, təbiətə, Yaradanın yaratdıqlarına münasibəti ilə fərqlənir və seçilir. Siz fikir verirsiniz, dünya tarixində bir çox xalqlar üç-dörd ölkəni ələ keçirib və faşizmə uğrayıb, Türk dünyaya hökm edib, amma türk faşizmi deyilən bir anlayış olmayıb, olmayacaq da. Nədən, bilirsinizmi? Siz bütün xalqların mifolojisinə bir baxın, ən əvvəl elə burdan başlayır fərqlilik, bütün dünya xalqlarının mifolojisində var ki, Allah insanı palçıqdan yaratdı, sonra ruhundan üfürdü və insan yarandı. Amma Türkün yaranış mifolojisinə baxın və bundan sonra bunu necə başqa millətlərlə yanaşı qoymaq olar? Göydən düşən işıq su ilə qovuşur, su hamilə olur, ondan Oğuz doğulur, mələklər onu ağacın koğuşuna aparırlar, bir Bozqurd peyda olur, Oğuzu götürüb tərbiyə edir. Bu, necə Bozqurddur? Ağzından od çıxan, gözləri işıq saçan bir Qurd. Bu, Türkün yaradılış fəlsəfəsidir, mifolojisindədir. İndi artıq elm də sübut eləməyə başlayıb ki, Yer üzünə həyat göydən gəlib. Niyə biz öz mifolojimizdəki həqiqət köklərimizin olmasına inanmayaq? Var axı. Türk üçün müqəddəs sayılan şeylər həmin Yaranış fəlsəfəsində olan şeylərdir. İşıq, Su, Ağac, Qurd. Demək, Türk Tanrının sevdiyi, eyni zamanda yaratdığıdır ki, onu çamurdan deyil, işıqdan, nurdan yaratdı. Və ona görə də soruşuram, siz mənə başqa bir millətin şifahi xalq ədəbiyyatında, ya da eləcə söyləməsində belə ifadələr tapa bilərsinizmi: “Özünü niyə göylə aparırsan?”, “Sən göydən gəlmisən?”, “Qurd ürəyi yeyib”, “İşıq haqqı”, “Su haqqı” ,”Ocaq haqqı”.

Siz baxın, türklərin ayaqları altında olan Avropada bir körpü sınmayıb, bir abidə uçulmayıb. Tikilib və nə tikiblərsə, hamısı yerindədir. Bəs elədisə niyə biz abidələrimizi yerin altından tapıb çıxarırıq indi? Niyə? Çünki onlar gəlib xaraba qoyublar. Elə bunun nəticəsidir ki, onların bütün mədəniyyət abidələri ortalıqdadır və yaşayır, bizimki isə torpağın altından çıxarılır. Siz mənə deyin görüm, bizim muzeylərdə bir ingilis, bir fransız xalçası var? Nələrisə götürüb gətirmişik bura? Xeyr! Avropanın bütün muzeyləri bizdən apardıqları mədəniyyət abidələrilə doludur. Xalçamız, palazımız, sənət abidələrimiz, gil mədəniyyətimiz, metal işləmələrimiz, paltar işləmələrimiz, geyimlərimiz, hətta əlyazmalarımız. Talayıb aparıblar. Elə bunun özü göstərir ki, bu gün Avropa mədəniyyəti adı altında bizə sırınan bəzi şeylər var ki, o bizim əslində öz sifətimizə xidmət edən şeylərdir. Bəli, Avropada elə dəyərlər var ki, bəşəri dəyərlərdir, biz də onlardan xali deyilik, sadəcə olaraq, sən özün kimi yox, mənim kimi yaşayacaqsan deyəndə, istər-istəməz özünü qoruma instinkti işə düşür, yaxşı olan bir şeyi də özünə yaxın buraxmamağa başlayırsan.

Bu sırınanların insanlıqla, mədəniyyətlə, əxlaqla heç bir bağlantısı yoxdur, ona görə də mənə belə gəlir ki, biz öz milli missiyamızın, ümumiyyətlə, dünyaya gəlişimizin nədən ibarət olduğunu anlasaq, kimdənsə nəsə öyrənməyə ehtiyacımız qalmaz. Türk milləti Tanrının sevdiyi bir millətdir. Dünyaya işıq, mədəniyyət, rahatlıq, asayiş gətirən bir millətdir. Var olduqca dünya məhvərindən qopmaycaq. Atatürkün gözəl bir sözü var: “Əgər nə zamansa rəssamlar Türkün simasını kayb etsələr, yerinə YILDIRIMı çəksinlər!” Kimdir Atatürk? Sınmış, dağılmış bir ölkəni toparlayan, on dörd ölkəyə qarşı üz-üzə dayanan və qələbə çalan, bir milləti yoxluqdan var eləyən, yoxluqdan bir ölkə quran insan deyir bu sözü. Biz özümüzü o yerə qoymamalıyıq ki, nəyisə başımıza döyə-döyə öyrətməyə çalışsınlar. Bir öz böyüklüyümüzü dərk edəndə və özümüzə sahib çıxanda bizdən yenidən öyrənməyə başlayacaqlar.

- Bəlkə elə İŞIQdan, NURdan yarandığındandır ki, Türk olan sevgisini, nifrətini də gözündən od püskürməklə çatdırır?

- Bilmirəm fərqinə varmısız ya yox, millətlər öz xarakter və xüsusiyyətlərinə oxşayan heyvanları özlərinə totem seçiblər. Fikir verin, Qurd savaşa necə gedir? Açıq-aydın. Gəlməmişdən əvvəl bir dağ başına çıxır və ulayır ki, bənd-bərəni, ev-eşiyini bağla, gəlirəm. Düşmən üstünə getdiyini belə açıq bəyan edir. Və ya ovuyla açıq savaşa çıxır. Tülkü isə əksinə. Gizlənir, sinsiyə-sinsiyə, özünü ölülüyə vurur və ovunu oğurlayıb qaçır. Dünyadan heç vaxt heç nəyi oğurlamadıq. Heç vaxt heç kimi arxadan vurmadıq. Açıq savaşa çıxdıq.

- Nurəddin bəy, niyə bu məsələləri ortaya qoyacaq güclü bir ssenari, layihə yoxdur?

 Türkiyə öz fikirlərini bax elə o serial vasitəsilə deyir, amma biz başdan-ayağa sponsorları reklam edən, heç bizə yaraşmayan ssenarilərin səhnələşdirilməsi ilə məşğuluq...

- Mən bilmirəm Azərbaycan televiziyalarında hansısa bir ciddi iş görülür, ya yox. Bəlkə bundan sonra nələrsə olacaq, amma bu vaxta qədər ümumiyyətlə bu mövzuya toxunulmayıb. Tarixi mövzuda da bir, ya iki əsər var. “Hökmdarın taleyi”, bir də ki “Cavad xan” filmidir, son illərin filmləri.

- Bizim heç doğru-düzgün Koroğlumuz da yoxdur...

- Bilirsinizmi niyə? Hamı hər şeyi dövlətdən gözləyir. Xeyr, dövlətin başqa işləri var. Bu günkü Azərbaycan respublikasının kifayət qədər ciddi problemləri var. Bəs bu ölkədə milyonlar qazanan bizim iş adamlarımız nə ilə məşğuldurlar? Onlar nə səsi, nə əxlaqı, nə mənəviyyatı, nə də sənəti olan birinin altına birdəfəyə 100-150 minlik maşınlar qoya bilirlər, amma Azərbaycanın tarixi-taleyilə bağlı bir tamaşanın ortaya qoyulmasına qəpik verməyə canları çıxır? Və yaxud hansısa cennifer lopezləri, van damları, kimlərisə sünnət məclisinə gətirmək üçün iki-üç milyon pul xərcləyirlər... Mənə belə gəlir ki, birmənalı şəkildə bu adamların bu millətə bir aidiyyatı yoxdur. Biz bizə aid olmayanları da azərbaycanlı kimi təqdim etməklə özümüzü kiçildirik. Bu adamların nazı ilə bu şəkildə oynamamalıyıq. Onlar qoy getsinlər o gətirdikləri adamlarla oturub-dursunlar, onlara pul paylasınlar. Mətbuat işçilərimizdə də günah var, bəzi adamların təbliği ilə elə məşğul olurlar ki, düşünürsən, ilahi, bu, Azərbaycan üçün nə eləyib, görəsən? Bəlkə gedib bizim bir rayonun dərdinə-sərinə qalıb? Nə edib axı? Moskvada klip təqdim elədi, Avropada oyun çıxardı, axı, bunlardan mənə nə?! İstehsalatdakı bugünkü inkişaf gözəldir, yeni iş yerləri-filanlar, amma bütün bunları idarə edəcək və mədəniyyət sahiblərini, taleyini-tarixlərini tanımayacaq bir cəmiyyət sabahkı gün bütün o varidatın içərisində belə xoşbəxt ola bilməyəcək və özünün sahibi olmayacaq. Millətin varlığını saxlayan, nəsildən-nəslə aparan onun yazısıdır, sənətidir, onun ədəbiyyatıdır, mədəniyyətidir. Min illər əvvəl belə olub, indi də belədir, min il sonra da belə olacaq. Ona görə də Hacı Zeynalabdin Tağıyevi körpə uşaq da tanıyır. Çünki o, bu millətdən qazandıqlarını bu millətin mədəniyyətinə xərclədi, ona görə adına küçə də var, heykəl də. Adına tamaşalar qoyulur,  filmlər çəkilir. Sevilir, rəğbətlə anılır. Kim o əməlin sahibidir, bundan sonra da anılacaq, kimlər deyil, onların ömrü pulları bitənə qədərdir. Bunu dərk etsək və belə düşünməyə başlasaq, o zaman artıq bizim özümüzə qayıtmaq prosesimiz başlayacaq. Ona görə Oğuz xaqan deyirdi:

 

“Ey Türk, titrə və özünə dön! Sən özünə dönəndə böyük olursan!”

 

 

Nigar İsfəndiyarqızı 

 

Kaspi.-2012.-15 may.-S.11.