Ziyalılar forumunun məqsədi dövlətə qarşı qara piar aparmaqdır 

 

Akif Nağı: «Mən forumun tədbirində dedim ki, bu kampaniyanı aparmaqla təkcə Azərbaycan hakimiyyətinin deyil, ümumilikdə dövlətimizin imicinə zərbə vurursunuz. Hətta, sual etdim ki, bunu başa düşürsünüz, yoxsa yox?»

 

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfərləri başa çatdı. Həmişəki kimi Azərbaycana və Ermənistana səfər edən həmsədrlər yekunda ümumi bir bəyanat verməklə işlərini bitmiş hesab etdilər. Bəyanatda isə yeni heç nə görə bilmədik. Ümumiyyətlə, səfərdən əvvəl də keçirilən görüşlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə hansısa formada kömək edəcəyinə dair demək olar ki, heç bir ümid yox idi. Azərbaycan cəmiyyətinin münaqişənin həllində vasitəçilik missiyasını üzərinə götürən Minsk qrupu həmsədrlərinə inamı çoxdan tükənməkdədir. Bu səbəbdəndir ki, münaqişənin həlli ilə bağlı digər variantların müzakirəsi gündəmdədir. Bütün bu məsələlərlə bağlı suallarımızı Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıya ünvanladıq.

- Akif bəy, həmsədrlərin regiona son səfəri yenə də nəticə vermədi. Bunu nə ilə əlaqələndirirsiniz?

- Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun fəaliyyəti iflasa uğrayıb. Bunu tək mən yox, cəmiyyətin müxtəlif təbəqələrinin təmsilçiləri də zaman-zaman vurğulamaqdadırlar. Həmsədrlərin özləri də, digər beynəlxalq təşkilatların təmsilçiləri də etiraf edirlər ki, ötən illər ərzində vasitəçi kimi heç nəyə nail ola bilmədilər. Belə olan halda Minsk qrupunun saxlanmasına, onların vasitəçiliyi ilə danışıqların aparılmasına ehtiyac yoxdur. Çünki Minsk qrupu danışıqların əvvəlindən yanlış mövqe tutub. Onlar həmişə Azərbaycanla Ermənistan arasında bitərəfliklərini qorumağa çalışıblar. Təcavüzə məruz qalanlar təcavüzkarı tərəzinin eyni gözünə qoyublar. Həmişə deyiblər ki, yaranmış vəziyyətdə hər iki tərəf günahkardır. Vasitəçilər əvvəldən Azərbaycan torpaqlarının işğaldan azad olunmasını istəsəydilər, fəaliyyətlərini bu yöndə qursaydılar, nəyəsə nail ola bilərdilər. Onlar bunun əvəzinə 20 ilə yaxındır ki, Dağlıq Qarabağdakı qondarma rejimin statusunu müəyyən etməyə çalışırlar. Son vaxtlardakı fəaliyyətləri isə birmənalı şəkildə görüntü yaratmağa hesablanıb. Guya fəaliyyət göstərdiklərini, görüşlər keçirdiklərini, münaqişənin həlli üçün tərəflərə sənədlər təqdim etdiklərini nümayiş etdirməyə çalışırlar. Səfərləri gah, atəşkəsin elan olunmasının 18 illiyi ilə bağlı olur, gah təmas xəttində atəşkəsin pozulması halları artanda gəlirlər. Ortada konkret heç bir iş yoxdur. Həmsədrlərin son səfərləri də digərləri kimi çox mənasız oldu. Yalnız rusiyalı həmsədr Popov belə bir açıqlama verdi ki, onlar münaqişə tərəfləri arasında etimad mühitinin gücləndirilməsi üçün ziyalıların və gənclərin görüşlərinin keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Bu da tam ermənilərin maraqlarına xidmət edən təşəbbüsdür. Məqsəd odur ki, diqqətləri münaqişənin həll edilməməsi gerçəyindən uzaqlaşdırsınlar.

- Onda belə çıxır ki, münaqişənin yeganə həll yolu hərbi əməliyyatların bərpasıdır?

- Reallıq budur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün artıq müharibədən başqa yol yoxdur. Bu, kiminsə şıltaqlığı kimi başa düşülməsin. Bizi bu qənaətə gəlməyə bu günə qədər baş verən hadisələr, münaqişənin sülh yolu həllinə dair aparılan danışıqlar, beynəlxalq təşkilatların tutduğu ədalətsiz mövqe, Ermənistanın güzəştsiz siyasəti vadar edir. Bu günlərdə ermənilər Azərbaycan dilində dərslik nəşr ediblər və bunun təqdimatını keçiriblər. Təqdimat mərasimində kitabı hazırlayanlar açıq şəkildə bildiriblər ki, Azərbaycan bizim qonşumuz və düşmənimizdir. Ona görə də Azərbaycanın dilini də, tarixini də bilməliyik. Bu o deməkdir ki, Ermənistan cəmiyyətində məsələ məhz belə qoyulur. Biz onların torpaqlarını işğal etməmişik, onlara hücum etməmişik. Amma onlar bizi düşmən kimi təqdim edirlər. Əgər onlar geri çəkilmirlərsə, torpaqlarımızın işğalını davam etdirirlərsə, biz niyə geri çəkilməliyik? Belə olan halda Azərbaycanın başqa çıxış yolu qalmır. Biz torpaqlarımızı azad etmək üçün hərbi əməliyyatlara başlamalıyıq. Bunun üçün bizim kifayət qədər imkanlarımız da var. Həm iqtisadi imkanlarımız, həm də hərbi potensialımız hərbi əməliyyatlara başlamağa imkan verir. Bölgədəki xarici amillər də Azərbaycanın xeyrinədir. Biz keçən ilin dekabrında Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həllini nəzərdə tutan «Qələbə modeli» adlı bir sənəd də hazırlamışıq.

- Sizcə Azərbaycan cəmiyyətinin münaqişənin hərbi yolla həllinə dair mövqeyi qaneedicidirmi?

- Bunu ölçmək üçün konkret bir cihaz yoxdur. Srağagün Ziyalılar Forumunun təşkilatçılığı ilə keçirilən bir tədbirdə də bu barədə çoxlu söhbətlər getdi. Mübahisələr oldu ki, Azərbaycan cəmiyyəti münaqişənin hərbi yolla həllinə hazırdır, yoxsa yox? Mən hesab edirəm ki, cəmiyyətimiz buna hazırdır. Bizim keçirdiyimiz sorğular da bunu göstərir. Sadəcə olaraq müharibə ərəfəsində mətbuatda, televiziyada təbliğat işləri gücləndirilməlidir.

- Amma qeyd etdiyiniz tədbirdə sizə qarşı ciddi hücumlar olub. Sözünüzü kəsiblər, fikirlərinizə qarşı dözümsüzlük nümayiş etdiriblər. Bunu nə ilə əlaqələndirirsiniz?

- Bəli, orada doğurdan da müəyyən mübahisələr oldu. Mən onların reaksiyasını başa düşə bilmədim. Çünki orada söylədiyim fikirləri ilk dəfə səsləndirmirdim. Həmişə demişəm, o günkü tədbirdə də dedim ki, bizim hakimiyyəti və ya müxalifəti müdafiə etmək fikrimiz yoxdur. Əsas məqsədimiz Azərbaycan dövlətini müdafiə etməkdir. Bu gün isə Azərbaycan dövlətini hakimiyyət təmsil edir. Açıq-aşkar görürük ki, bu gün kimlərsə Azərbaycan hakimiyyətini ləkələməyə çalışır. Qeyd etdiyiniz tədbirdə də bir sıra xarici ölkələri təmsil edən jurnalistlər iştirak edirdilər. Görürük ki, son vaxtlar onların Azərbaycana diqqəti artıb. Sanki bizə qara yaxmaq üçün bəhanə axtarırlar. Açıq-aşkar görünür ki, Azərbaycana qarşı qara piar kampaniyası aparmağa çalışırlar. Ziyalılar Forumunun təşkilatçılığı ilə keçirilən tədbirdə də əsas məqsəd hakimiyyət haqqında mənfi təsəvvürlər yaratmaq idi. Mən də tədbirdə dedim ki, bu kampaniyanı aparmaqla təkcə Azərbaycan hakimiyyətinin deyil, ümumilikdə dövlətimizin imicinə zərbə vurursunuz. Hətta, sual etdim ki, bunu başa düşürsünüz, yoxsa yox? Onlara dedim ki, bu hərəkətlərinizlə sabah Ermənistana qarşı müharibəyə başlamaq niyyətində olan Azərbaycan dövlətinə zərbə vurursunuz. Nə qədər gec deyil bu mövqeyinizdən geri çəkilməlisiniz. Azərbaycan cəmiyyətində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı mövqe olmalıdır. Bizim bu fikrimiz bəzilərinin xoşuna gəlmədi. Amma öz işləridir. Biz heç vaxt öz yolumuzdan dönməyəcəyik. Çünki düz yolda olduğumuzu bilirik. Məqsədimiz Qarabağ məsələsi ilə bağlı Azərbaycan cəmiyyətinin birliyinə nail olmaqdır. Kimlərsə hansısa mərkəzlərin sifarişilə Azərbaycan hakimiyyətinə qarşı qara piar kampaniyası aparırlarsa, səhv edirlər. Onlar bu yoldan dönməlidirlər.

- Bu mövqeyin özlərini ziyalı adlandıran şəxslərin formalaşdırdığı bir təşkilatın tədbirində səsləndirilməsi sizin üçün qəribə olmadı ki?

- Əslində o məclisə ümidlə getmişdim. Ümid edirdim ki, ziyalılar mərkəzçi mövqeyindən çıxış edəcəklər. Çünki özünü ziyalı adlandıran şəxslər nə hakimiyyətin, nə də müxalifətin tərəfində olmamalıdırlar. Onlar obyektiv mərkəzçi mövqedən çıxış etməlidirlər. Amma çox təəssüf ki, mən Ziyalılar Forumu adlandırılan qurumun təşkilatçılığı ilə keçirilən tədbirdə bunu görmədim. Bununla bağlı məyusluğumu həm tədbirin gedişində səsləndirdim, həm də tədbirdən sonrakı ayaqüstü söhbətlərdə dilə gətirdim. Onları başa salmağa çalışdım ki, ziyalı belə olmalı deyil. Ziyalı cəmiyyətdə parçalayıcı deyil, birləşdirici mövqe tutmalıdır. Ziyalı kiçik bir qrupun deyil, bütövlükdə cəmiyyətin ziyalısı olmalıdır. Təəssüf ki, onlar bunu başa düşmürlər. Bu da onunla bağlıdır ki, ortada müəyyən maraqlar var. Diqqət etsək görərik ki, Ziyalılar Forumunu formalaşdıran şəxslərin bir çoxu yaxın keçmişdə hakimiyyətin ətrafında təmsil olunublar. Yəqin ki, şəxsi ambisiyaları məsələlərə obyektiv nöqteyi-nəzərdən yanaşmağa imkan vermir. Tədbir iştirakçılarına da dedim ki, şəxs ambisiyaları əsas tutub, ümummilli məsələlərdə belə xoşa gəlməyən mövqe nümayiş etdirmək insanlıq baxımından doğru deyil.

- Sizi hətta keçmiş partiyadaşınız Qubad İbadoğlu da ciddi tənqid atəşinə tutub.

- Mən 2005-ci ildə Müsavat Partiyasından çıxmışam. Qubad İbadoğlu da mənim köhnə partiya yoldaşımdır. Buna baxmayaraq, hamıya hörmətlə yanaşmağa çalışıram. Siyasi partiyaların da hamısı ilə eyni məsafədə qalmağa cəhd göstərirəm. Çünki mənim Azərbaycanda düşmənim yoxdur. Bizim hamımızın düşməni ermənilərdir. O ki qaldı tədbirdəki insidentə, orada Qubad İbadoğlu çox əsassız fikirlər səsləndirdi. Özünü həddən artıq xırdaladı, cılızlaşdırdı. Mən ona mədəni şəkildə irad bildirdim ki, səsləndirdiyi rəqəmlər həqiqəti əks etdirmir. Azərbaycandakı iqtisadi inkişaf beynəlxalq təşkilatlar tərəfindən də etiraf olunur. Sən isə belə həqiqətə uyğun olmayan fikirləri səsləndirib böyük miqdarda qrant aldığın təşkilatların qarşısına hesabat qoymaq istəyirsən. O da mənə dedi ki, sən də QHT-lərə Dövlət Dəstəyi Şurasından qrant aldığına görə belə danışırsan. Bu, çox cılız yanaşmadır. Birincisi ona görə ki, Qubad İbadoğlu özü də həmin şuradan qrant alır. Bizim şuradan qrant almağımıza gəlincə, onlardan fərqli olaraq Qarabağ Azadlıq Təşkilatına beynəlxalq donor təşkilatlarının heç biri qrant ayırmır. Bizə qrant ayıran yeganə təşkilat QHT-lərə Dövlət Dəstəyi Şurası idi. Amma onlardan qrant alırıq deyə mövqeyimizi də dəyişmirik. Baxın, şuranın sədri Azay Quliyev fevral ayında Ermənistana səfər edəndə, biz onun bu addımını kəskin şəkildə tənqid etdik. Hətta, səfər ərəfəsində təşkilatda bəziləri dedilər ki, onlardan qrant alırıq, münasibətləri korlamayaq. Amma mən buna razı olmadım. Prinsipial mövqeyimizdən geri çəkilmədik. Azay Quliyev də bizdən incidi. Nəticədə son müsabiqədə bizə qrant da vermədilər. Mən də haqqımızda danışanlara dedim ki, sevinin, baxın daha qrant da almırıq. Əlbəttə ki, şuradan qrant almasaq ölmərik.

- Ziyalılar Forumunun sözügedən toplantısında Qarabağ münaqişəsinin həllinin demokratikləşmədən keçdiyi vurğulanıb. Bu fikri bölüşürsünüzmü?

- Əlbəttə ki, bölüşmürəm. Bəzi insanlar ya öz fəaliyyətsizliklərinə haqq qazandırmağa çalışırlar, ya da hansısa dairələrin sifarişlərini yerinə yetirirlər. Məlum olduğu kimi demokratikləşmə uzun bir prosesdir. Bu proses müəyyən çatışmazlıqlar olsa da Azərbaycanda da gedir. Amma Qarabağ münaqişəsinin həllini bu proseslə əlaqələndirmək tamamilə yanlışdır. Əlbəttə ki mən demokratikləşmə prosesinin əleyhinə deyiləm. Amma münaqişənin həllini yalnız bu proseslə əlaqələndirmək absurddur. Bizim üçün bir nömrəli məsələ Dağlıq Qarabağ məsələsi olmalıdır. Bu münaqişənin həllini demokratikləşmə prosesi ilə bağlamaq hardasa ermənilərin marağına cavab verir.

 

 

İlham QULİYEV

 

Kaspi.-2012.-16 may.-S.5.