28 May milli iftixar, milli qürur
günümüzdür
Kim onu necə yad edəcək...
İstər
XX əsrin əvvəllərində, istərsə də
sonunda əməli və amalı ilə Azərbaycan gəncliyinin,
ictimaiyyətinin qəlbində sonsuz sevgi və sayğı ilə
anılan Məhəmməd Əmin Rəsulzadə bu gün
daha çox siyasi xadim, Cümhuriyyətin banisi, jurnalist,
publisist kimi təbliğ edilir. Müxtəlif janrda olan bədii
və ədəbiyyatşünaslığın tarixinə və
inkişafına həsr edilən elmi əsərləri onun həm
də bir yazıçı, tədqiqatçı olduğunu
bəyan edir. Tədqiqatçı alimlərin də bu haqda
maraqlı fikir və mülahizələri var. Məsələn,
çoxsahəli və çoxşaxəli elmi-nəzəri,
siyasi-ictimai, ədəbi-bədii irsə malik olan M.Ə.Rəsulzadəni
Rusiya EA Tarix İnstitutunun baş elmi işçisi, tarix elmləri
doktoru, professor İsakov Salavat Midhətoviç “Məhəmməd
Əmin Rəsulzadə” adlı məqaləsində həm də
onu bir yazıçı kimi qələmə verir.
“Ədəbiyyatı...
millətin ruhunu əks etdirən gözəl ayna” -
adlandıran M.Ə.Rəsulzadə ədəbiyyatın xalq
arasında geniş yayılmasını, onun kütləyə
təsiri və nü-fuzunu vacib sayırdı. Ədəbi və
bədii aləmə ilk dəfə şeirlə gələn
M.Ə.Rəsulzadə irsi ilə tanış olarkən bir
daha əmin olduq ki, ədib yazıçı olmaq niyyəti
ilə qələm çal-masa da öz ideya
baxışlarını təbliğ etmək
üçün bədii yaradıcılıqdan bir vasitə
kimi istifadə edib.
Rəsulzadəşünasların
fikrincə “XX əsrin əvvəllərində
özünün bədii yaradıcılığı ilə
Azərbaycan ədəbiyyatında milli-azadlıq mövzusunun
əsasını qoymuş, qarşı tərəfdən isə
ədəbiyyatın bu özül üzərində
ucalmasına təsir göstərmişdir”. Nəticədə
həmin dövrdə ədəbiyyatımızda və mətbuatımızda
milli-azadlıq ideyalarını təbliğ edən yüzlərlə
əsərlər meydana gəlmişdir.
1903-cü
ildə yazdığı
“Müxəmməs” adlı ilk şeirində
maarifçi mövqedə çıxış edən müəllif
1905-1906-cı il siyasi hadisələrindən sonra qələmə
aldığı “Növhə” şeirində xalqı
düşdüyü bu bəlalardan qurtarmaq üçün
milli azadlığa səsləyərək Çar
Rusiyasının milli ədavət və ayrıseçkilik
siyasətini tənqid edərək yazırdı:
Yenə fitnə alıb meydan,
Müftinlər sürür
dövran,
Gözəl Qafqaz olub viran
1907-ci ildə “Füyuzat”
jurnalında çap olunan “Həsb-hal” şeirində artıq
azadlıq mübarizəsindən başqa yol görmədiyini
bəyan edən müəllif burada həyat devizini əks
etdirirdi. Və yaxud “Təsəvvürati-əhraranə”
şerində azadlıq təsəv-vürləri mənasını
bəyan edən şair
Gərək insan ola azadi-mütləq,
Bu insandan alınmaz həqqi-bərhəqq-
deyərək yalnız
xalqını deyil bütün bəşəriyyəti
azadlığı uğrunda mübarizəyə səs-ləyirdi.
Yeri gəlmişkən
qeyd edək ki, M.Ə.Rəsulzadənin şeir
yaradıcılığının ətraflı öyrənilməsi
üçün onun “Azərbaycan şairi Nizami”
monoqrafiyası çox diqqətəlayiq əsərdir. Müəllifin
monoqrafiyasına “Mənzum bir xülasə” adı ilə daxil
etdiyi “Nizami” poetik nümunəsi maraqlı və diqqətəlayiqdir.
Bədii
yaradıcılığın bir çox janrlarında qələmini
sınayan M.Ə.Rəsulzadə bir-birindən maraqlı
şeirlər, hekayələr yazmış, dramaturgiya ilə
məşğul olmuş, dünya klassiklərindən tərcümələr
etmiş, xatirələr qələmə almışdır.
Müəllifin
ədəbi ictimaiyyətə bəlli olan “Qaranlıqda
işıqlar” və “Nagahan bəla” adlı iki pyesi hələ
o zaman yazarların və ədəbi mühitin marağına
səbəb olmuş, diqqətini cəlb etmişdir. Belə
ki, “Qaranlıqda işıqlar” pyesi 1908-ci ilin dekabr ayında
“Nicat” maarif və xeyriyyə cəmiyyətinin köməkliyi
ilə Bakıda tamaşaya qoyulur. Dövrün istedadlı
aktyorlarından Hüseyn Ərəblinski və Hüseynqulu
Sarabskinin əsas rollarda iştirak etdiyi bu pyes ədəbi
mühit tərəfindən çox gözəl
qarşılanır və mətbuatda resenziyalar, məqalələr
çap olunur. Belə məqalələrdən biri də “Tərəqqi”
qəzetində “Bitərəf” imzası ilə çap olunub.
Məqalədə əsərin yeniliyi, dili, məzmunu
haqqında geniş məlumat verilir.
Ədibin
bir pərdədən ibarət olan ikinci pyesi “Nagahan bəla”
isə 1907-ci ildə “Təkamül” qəzetində çap
olunub. Bir il sonra isə pyes Rəhimbəy Məlikov tərəfindən
rus dilinə çevrilərək 1908-ci ildə “Bejenes” qəzetində
dərc olunur.
Doğrudur
M.Ə.Rəsulzadənin dramaturji fəaliyyəti bu iki əsrlə
məhdudlaşsa da bədii-publisistik
yaradıcılığında dramatik janrın forması,
xüsusiyyətləri özünü əks etdirir. Ona
görə də dramaturgiyası kimi nəsr əsərləri
də ədəbiyyatımızın maraqlı nümunələrindəndir.
Məsələn, 1913-cü ildə yazdığı “Bədir
xan” hekayəsinə diqqət yetirək. Tarixi mövzuda
yazılan hekayədə, İranda Nəsrəddin
şahın dövründə baş verən hadisələr,
İran xalqının ağır həyatı təsvir
edilir. Hekayənin ən uğurlu cəhəti mövzu
seçimi və ətalət çirkabında batan məzlum
Şərqi azadlığa, mübarizəyə
çağırış ruhunun olmasıdır. Hekayənin əsas
qəhrəmanı Nəsrəddin şahın sevimli
pişiyi Bədir xandır. Lakin Bədir xan hekayənin əsas
qəhrəmanı kimi düşünülsə də, əsas
məqsəd onun ətrafında cərəyan edən hadisələrin
fonunda Nəsrəddin şah siyasətinin ifşasına
yönəldilmişdir.
Və
yaxud diqqət yetirək 1926-cı ildə yazdığı “Qəzetçi
Seyyid” hekayəsinə. Müəllif
Seyyid obrazının timsalında xalqına təmənnasız
xidmət edən, bütün var-lığı ilə
xalqının istiqlalı uğrunda mübarizə aparan, sonda
isə bolşeviklər tərəfindən həbs edilərək
dəhşətli işgəncələrə məruz qalan,
lakin əqidəsindən, amalından dön-məyən sadə
bir vətənpərvər, millətsevər Vətən
övladının obrazını yaradır.
Ümumiyyətlə
M.Ə.Rəsulzadənin ədəbi-bədii irsi ilə
tanış olarkən bir daha şahidi oluruq ki, ədibin bir
çox “publisistik yazıları da kəskin süjetinə,
formasına, yazı tərzinə görə bədii əsəri
xatırladır və bunların müəyyən qismi
qeyd-şərtsiz nəsr nümunəsi kimi səciyyələndirilməlidir”.
M.Ə.Rəsulzadə
və Stalin. Bu iki tarixi şəxsiyyət və siyasi xadim
haqqında bir çox fikirlər, mülahizələr xatirələr
mövcuddur. Bu fikirlərin doğru və
dürüstünü Rəsulzadə özünün “Bir
türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri”
adlı memuar janrında yazılmış əsərində əks
etdirir. Stalinin ölümündən az sonra ilk dəfə
“Dünya” qəzetində silsilə şəklində
çap olunan bu əsər yalnız türk ictimaiyyətində
deyil, bütün dünyada böyük maraq doğurur. Əslində
əsər yalnız Stalin haqqında deyil, o zaman Azərbaycanda
aparılan milli azadlıq hərəkatı haqqında
dolğun təsəvvür yaradan, geniş məlumat verən
bir əsərdir və XX əsrin əvvəllərindən
1922-ci illərə qədər Stalinlə bağlı olan
hadisələr təsvir edilir. Burada eyni zamanda onunla
yanaşı Atatürk, N.Nərimanov, Kamo, Çiçerin, Məhəmməd
Əli Rəsuloğlu və digər
tarixi şəxsiyyətlər haqqında məlumat verilməklə
yanaşı həm də münasibət bildirilir. Əsər
həm də M.Ə.Rəsulzadənin bioqrafiyasının da
bir çox qaranlıq mətləblərini işıqlandırır.
Onun Bakıda inqilabi hərəkata qoşulduğu illər,
Moskvaya aparılması, mühacirət etməsi və s.
1903-cü
ildən 1920-ci ilin aprelinə qədər Azərbaycan mətbuatında
döv-rünün tanınmış jurnalisti, publisisti olan M.Ə.Rəsulzadə
xalqın siyasi şüurunun oyanışında və
yüksəlişində ədəbiyyatın, mətbuatın
əhəmiyyətini yüksək qiymətləndirirdi. “Azərbaycan
cümhuriyyəti” əsərində milli mətbuatın təsiri
və köməyi ilə əsrin əvvəllərində
Azərbaycanda mədəni mühitin inkişafından, milli
fikrin formalaşmasından bəhs edirdi.
Ədibin
1920-ci ildə Azərbaycanda yazdığı sonuncu əsər
“Əsrimizin Səyavuşu”dur. Bildiyimiz kimi, 1920-ci ilin aprel
işğalından sonra M.Ə.Rəsulzadə təx-minən
üç aya qədər İsmayıllının Lahic kəndində
Əli Əhmədoğlu adlı bir nəfərin evində
sığınacaq tapır. Və bu məşhur əsərini
də orada qələmə alır. Bu haqda müəllif xatirələrində
yazırdı: “Lahicda bir vətəndaşın evində
müsafir idik. Bu evdə kiçik bir kitabxana var idi. Bir qismi
farsca, bir qismi türkcə, bir qismi də rusca kitab və dərgilərdən
ibarət olan bu kitabxananın, məncə ən diqqətəlayiq
cildi Firdovsinin “Şahnamə”si idi. “Şahnamə”ni
razılıq alıb oxumağa başladım. Şərqin ən
böyük romantik əsəri o zaman çox həssas olan
ruhumu istila etdi... Əvvəlcə aşina olduğum
dastanı ilk dəfə oxuyurmuş kimi oldum. O qədər
sevdim, o qədər anladım ki, bir daha təkrar etdim.
Yüksəkdən
oxudum. Arkadaşıma dinlətdim. Heç şübhə
yoxdur ki, ilham almışdım. Arkadaşıma: “Tarixin Səyavuşunu
dinlədin. İndi sənə əsrimizin Səyavuşunu
yazacağam -dedim”.
Beləliklə,
çox qısa bir vaxtda “Əsrimizin
Səyavuşu” iki nüsxədə yazılır və
müəllif həbs edilərkən nüsxələrdən
biri ələ keçməmək üçün
cırılıb atılmış, ikinci nüsxə isə
bir kəndlinin evində qorunub saxlanılaraq üç il
sonra İstanbula çatdırılaraq ilk dəfə
1923-cü ildə orada çap olunur.
Tədqiqatçı
alimlər bu əsəri yalnız M.Ə.Rəsulzadə
yaradıcılığında deyil, bütövlükdə
“ədəbiyyat tariximizdə siyasi ədəbiyyatşünaslıq
nümunəsi” kimi çox yük-sək qiymətləndirərək
onu janrına görə “ədəbiyyatımızın bənzəri
olmayan nümunələrindən” adlandırırlar. Fəlsəfə
elmləri namizədi Əbülfəz Qarayev əsərin
janrı haqqında belə yazırdı ki: “Biz bu əsərə
fəlsəfi-bədii epos kimi baxırıq. Səbəb isə,
bizcə, birincisi, cəmiyyət quruluşu haqqında
düşüncələrin dərinliyində, ikincisi, əsərin
yüksək bədii stilində, müəllifin oxucuları
ovsunlayan obrazlı dilindədir”.
“Əsrimizin
Səyavuşu” tarixi mövzuda yazılsa da burada tarixi həqiqətlərlə
çağdaş reallığın qovuşmasından bir fəlsəfi
ruh duyulur. Ona görə də əsərin fəlsəfi
mahiyyətini inkar etmək qeyri mümkündür.
M.Ə.Rəsulzadə
ədəbi-nəzəri yaradıcılığının ən
mühüm qolunu, əlbəttə klassik irsimizin tədqiqi
ilə bağlı araşdırmaları təşkil edir. Bu
baxımdan müəllifin “Azərbaycan kültür gələnəkləri”
və “Azərbaycan şairi Nizami” kimi sanballı təd-qiqat əsərləri
xüsusilə təqdirəlayiqdir. Çünki, müəllif
məhz bu əsərində bir çox ədəbiyyatşünas
alimlərimizdən fərqli olaraq Azərbaycan ədəbiyyatı
tarixini ana dilli ədəbiyyatla başlamaqla ədəbiyyat tariximizin
yaşının daha qədim olduğunu vurğulayır. Azərbaycan
ədəbiyyatında fars dili mədəniyyətinin
mövcudluğunu dönə-dönə qeyd edən M.Ə.Rəsulzadə
bu fikirlə bir tərəfdən fars dilli ədəbiyyatı
Azərbaycan milli ədəbi faktoru kimi səciyyələndirmiş,
digər tərəfdən isə türk olan Azərbaycan sənətkarlarının
İran fars mədəniyyətinin inkişafında
aparıcı mövqeyini əsaslandırmışdır. Ana
dilli ədəbiyyatdan danışarkən Şah
İsmayıl yaradıcılığını ön çəkən
müəllif “türk ədəbiyyatının parlaq günəşi”
adlandırdığı Füzulini də bu baxımdan
yüksək qiymətləndirir.
“Klassik ədəbiyyatımız
üçün Füzuli nə isə, çağdaş ədəbiyyatımız
üçün də Mirzə Fətəli odur” fikrini
söyləyən M.Ə.Rəsulzadə milli mədəniyyətimizin,
ədəbiyyatımızın, ictimai-siyasi fikrimizin
inkişafında rolu olan klassiklərimizə, onların
yaradıcılığına böyük qayğı və
sayğı hissi ilə yanaşmış, onları yüksək
qiymətləndirmişdir.
Heç
şübhəsiz ki, M.Ə.Rəsulzadənin klassiklər
haqqında tədqiqatlarının zirvəsində duran “Azərbaycan
şairi Nizami” monoqrafiyasıdır. Çox ciddi
yaradıcılıq axtarışlarının məhsulu olan
əsər Nizami şəxsiyyətinin, ədəbi irsinin
mübahisəli məqamlarının öyrənilməsi
baxımından xüsusilə diqqətə layiq bir əsərdir.
M.Ə.Rəsulzadə
klassiklərlə yanaşı müasir ədəbi prosesin təhlilinə
də diqqət yetirmişdir. Cümhuriyyət illərinin təsviri
ilə başlanan “Çağdaş Azərbaycan ədəbiyyatı”
adlı əsərində müəllif C.Məmmədquluzadə,
S.S.Axundzadə, Ə.Cavad, H.Cavid, C.Cabbarlı və
başqalarının yaradıcılığını təhlil
etməklə yanaşı hər birinin bənzərsiz
yaradıcılıq dünyasına malik olduğunu fəxrlə
vurğulayır.
Məqaləni
sona yetirərkən özümdə hiss etmədən təqvimə
baxdım. Sabah 28 maydır. İstiqlal mücahidimiz M.Ə.Rəsulzadə
28 mayı “Milli Azərbaycan hərəkatının ən
böyük günü” adlandırırdı. Məhz bu
böyük milli iftixar, milli qürur günümüz də
hər kəs onu bir cür anacaq. Kimi siyasi xadim, böyük
mütəfəkkir, dövlət xadimi, jurnalist, publisist, kimi
də Azərbaycan Cümhuriyyətinin banisi kimi yad edəcək.
Oxucum və mən bütün bunlarla yanaşı onu həm
də özünəməxsus bir yazıçı və
istedadlı tədqiqatçı alim kimi də yad etdik.
Qərənfil Dünyamin qızı,
BDU-nun Mətbuat tarixi
kafedrasının müəllimi,
fəlsəfə doktoru
Kaspi.-2012.-26-28 may.-S.7.