“Hazırda
Türkiyə mətbuatında böyük
sıxıntılar yaşanır”
Tanınmış türk
yazarı Leyla Tavşanoğlu: “Mənə çox təsir
edən həmsöhbətlərim Azərbaycan prezidenti
İlham Əliyev, Prezident Administrasiyasının şöbə
müdiri Əli Həsənov olub”
Tanınmış
türk yazarı Leyla Tavşanoğlu 1969-cu ildə “Türk xəbərlər”
agentliyinin xarici xəbərlər şöbəsində
işə başlayıb. Müxtəlif dövrlərdə
agentliyin xarici xəbərlər müdiri, daha sonra yazı
işləri müdiri vəzifələrində
çalışıb. 13 il sonra agentlikdən ayrılaraq
«Hürriyyət» qəzetində çalışmağa
başlayıb. Bir il «Hürriyyət»in xarici xəbərlər
şöbəsində işləyib. Eyni zamanda, özəl
reportajlar hazırlayıb.
Bir
il sonra qardaşı Çetin Emeç həmin qəzetdə
yayım müdiri olduqdan sonra “qohumlar bir yerdə
çalışmaz” deyə “Hürriyyət”dən istefa
verib. Bundan sonra 6 aya yaxın müddətdə «Günəş»
qəzetində çalışıb. Bu müddətdə «Cümhuriyyət»in rəhbərliyindən
edilən təklifi dəyərləndirərək 1992-ci ilə qədər həmin qəzetdə
xəbər müdirinin köməkçisi vəzifəsində
çalışıb. O vaxtdan isə həmin qəzetdə
özəl reportajları ilə məşhurdur.
Leyla
Tavşanoğlu 1994-2000-ci illərdə Türkiyə
Jurnalistlər Cəmiyyətinin baş katibi kimi
çalışıb. Bir çox qeyri-hökumət təşkilatında
türk-yunan-kipr münasibətləri ilə əlaqəli vəzifələr
icra edib. Bir çox beynəlxalq ödüllərə layiq
görülüb. “Barış və dostluq” ödülü
sahibidir. İtaliyada «Ağdəniz jurnalistləri», TRT-nin
2003-cü ildə təqdim etdiyi «Ən iyi istifadəçi»
ödüllərinə layiq görülüb. Leyla xanım həmçinin
ingilis və fransız dillərinə tərcümə olunan
bir neçə kitabın müəllifidir. L.Tavşanoğlu
Bakıda qonaq olarkən qəzetimizə müsahibəsində
Türkiyə mətbuatının bugünkü durumuna da
güzgü tutub:
Həmişə yaşanan həyəcan
- Leyla xanım, 43 illik jurnalistika təcrübəniz
var. İşinizdən zövq alırsınızmı?
-
Çox zövq alıram. Zövq almasaydım, təbii ki, 43
il ərzində bu işi həyata keçirə bilməzdim.
İnanırsınızmı, hələ də iş
gördüyüm zaman ilk iş günümün həyəcanını
yaşayıram. Bir yazı hazırlamamışdan öncə
mütləq çox çalışıram. Haqqında
yazacağım insan kimdir, hansı mövzuda söhbət edəcəyəm,
ona hansı sualları ünvanlaya bilərəm və s.
sorğular üzərində çox düşünürəm.
Mən hər bir işi çalışaraq həyata
keçirirəm.
- 1969-cu ildən üzü bəri
Türkiyə mətbuatında çoxmu şeylər dəyişib?
-
Çox şeylər dəyişib. Bir qədər Türk mətbuatının
tarixinə nəzər salaq: Türkiyədə mətbuatın
tarixi 1800-cü illərin sonuna gedib çıxır.
Türkiyədə davamlı çıxan ən əski qəzet
ermənicə çıxan «Jamanak» qəzeti olub. Daha sonra
Türkiyə Cümhuriyyəti Atatürk tərəfindən
qurulandan sonra o, 1923-cü ildə yaxın dostu Yunus Nadini
çağıraraq «Cümhuriyyət ruhunu cəmiyyətə
aşılamaq üçün bir qəzetə
ehtiyacımız var. Həmin qəzetin də adı
«Cümhuriyyət» olsun» deyib. Bir il sonra Yunus Nadi «Cümhuriyyət»
qəzetini çıxarmağa başlayıb. O vaxtdan bu
günə qədər «Cümhuriyyət» davamlı olaraq
çıxır. «Cümhuriyyət» keyfiyyətli qəzetdir.
Ən yüksək tirajla çıxdığı illər
tirajı 140-144 min olub. Ən çox satıldığı
illərdə də tirajı bu qədər olub. Mən mətbuatda
çalışmağa başladığım illərdə
bütün qəzet rəhbərləri mətbuat kökənli
idi. «Hürriyyət» qəzetinin sahibləri Simavi
qardaşları - Sedat Simavinin oğulları idi. Mənim babam
da qəzetçi idi. Onun «Son Posta» adlı qəzeti vardı.
Babam Demokrat Partiyası tərəfindən 10 il millət vəkili
seçilmişdi. Amma o, qəzetin rəhbəri idi. 1970-ci illərdən
sonra mətbuat texnologiyasının inkişafı ilə
bağlı qəzet rəhbərləri artıq işin
altından qalxa bilmirdilər. Onlar qəzet çıxarmaqla bərabər
əlavə işlərə yönəldilər.
- Yəni qəzet çıxarmaq
baha başa gəlirdi?
- Bəli,
baha başa gəlirdi. Ona görə əlavə işlərə
əl ataraq, məsələn, sənayeyə sərmayə
qoyurdular. Hətta bank alırdılar. «Sabah» qəzetinin sahibi
Dinç Bilgin həm qəzet, həm də bank sahibi
olduğuna görə tutuldu və 8 ay həbsdə yatdı.
Hazırda da türk mətbuatında çox böyük
sıxıntılar yaşanır. Çünki iqtidar
partiyası və baş nazir Rəcəb Tayyib Ərdoğan
Türkiyə televiziyalarının, qəzet və dərgilərinin
dörddə üçünə sahibdirlər.
- Necə sahibdirlər, gizli, yoxsa
açıq surətdə?
- Həm
gizli, həm açıq. Məsələn, «Sabah ATV»nin rəhbəri
kimi Ahmet Kavuk görünür, ancaq bu şirkətin sahibi Ərdoğanın
kürəkəni Berat Albayrakdır. «Star» qəzetinin sahibi də
iqtidara bağlıdır. «Zaman» qəzeti Fətullah Gülənin
orqanıdır. «Yeni Şəfəq» qəzeti də həmçinin
Albayrakındır. «Hürriyyət»i nəzarətə
götürdülər. «Milliyyət» və «Vətən» qəzetləri
baş nazirin istəyi ilə Demirorən qrupuna satıldı.
Onlar da müxalifət ola bilmirlər. Qaldı təkcə
«Cümhurriyyət» qəzeti. Bir də «Sözçü» qəzeti
var. Bu, 230 min satılır, 18 səhifədən ibarətdir.
Amma çox rəngli və şəkillərlə dolu bir qəzetdir.
Kiçik xəbərlərdən ibarət olduğu
üçün çox asanlıqla xalq kütləsi tərəfindən
oxunur. Açıq olaraq iki baxımsız müxalifət qəzeti
var. Ancaq «Aydınlıq» qəzetinə baxımsız deyə
bilmirəm. İşçi Partiyasının
orqanıdır.
İnsanlar qəzet almırlar
- «Cümhurriyyət» qəzetinə
daha nələr daxildir? Siz qəzet nəşrindən başqa
daha hansı işlərlə məşğulsunuz? Məsələn,
hər hansı prodüser mərkəzləriniz varmı?
-
«Cümhurriyyət» sadəcə qəzet nəşr edir və
satır. Bir də qəzetin əlavələri var. Çərşənbə
günləri “Turizm” və “Ktab” əlavələri, cümə
günü «Bilim Texnolojisi», şənbə günü «Hafta
sonu», bazar günləri «Pazar dərgisi», çərşənbə
axşamı «Spor» dərgisi əlavələrimiz var. Həmin
əlavələr təxminən 16 səhifə
çıxır, normalda isə qəzet 22 səhifə
çıxır. Bunların
hamısı qəzet kimi çıxır və diqqətli
oxunur.
- Bəs qəzetlərin
satışı necədir?
-
Türkiyədə qəzetlərin satışı çox
zəifdir. Rəsmi rəqəmlərlə söyləsək,
Türkiyənin əhalisi 75 milyondur. 20 il əvvəl isə
60 milyon idik. O dövrdə 3-4 milyon arası qəzet
satılırdı, bu gün də vəziyyət eynidir. Yəni
20 il ərzində vəziyyət dəyişməyib.
İnsanlar qəzet almırlar. Futbol qəzetləri
alırlar. Bir də şouya meyillidirlər. Yalnız bu tip qəzetləri
oxuyurlar. Əslində heç onları da oxumurlar. Qəzeti
alır, başlıqlarını oxuyur və atırlar.
- İndicə dediniz ki, son 20 ildə
qəzet oxucularının sayı artmayıb. Bəs «Cümhurriyyət»
qəzetinin maliyyə qaynaqları haradan tapılır? Bu,
yalnız qəzetin satışınamı hesablanır?
- Qəzet
60 min nüsxə satılır. Biz çox güvənli
araşdırma şirkətinə müraciət etdik. Onlar
bir milyon insan arasında araşdırma apardılar. Məlum
oldu ki, bir nüsxə qəzeti 6-7 nəfər oxuyur.
Çünki ən bahalı qəzet «Cümhurriyyət»dir.
Bu qəzet bir lirəyə, o biri qəzetlər 50 quruşa
satılır. Reklam gəlirimiz yaxşıdır. Bu, bizi
ayaqda saxlayır.
- “Cümhuriyyət” öz mətbəənizdə
çap olunur?
-
1990-cı ildə bəzi maliyyə çətinliklərinə
görə mətbəəmizi satmaq məcburiyyətində
qaldıq. Hal-hazırda «Hürriyyət» qəzetinin mətbəəsində
çap olunuruq.
- İşçilərinizin
sayı nə qədərdir?
-
Çox sıxlıqdır. «Cümhurriyyət»də 400 nəfər
çalışır. Bu, çox böyük rəqəmdir.
Yəni 60 min nüsxəsi satılan bir qəzet
üçün 400 nəfər işçi çoxdur. Bizim
Ankara, İzmir, Anadoluda bürolarımız və şəhər
müxbirlərimiz var.
- Fikirlər var ki, internet
saytlarını oxuyanların sayı artdıqca, qəzetləri
oxuyan olmayacaq. Bu, sizin üçün problemdirmi?
- Bu
mövzular beynəlxalq aləmdə də çox müzakirə
olunur. Türkiyə Jurnalistlər Cəmiyyəti ilə
Almaniyanın Konrad Adenauer Vakfının toplantıları
olur. Son toplantı bu ayın əvvəlində Antalyada
keçirildi. “Bloq yazarlar, twitter yazarlar, foocebook və veb
saytlar qəzetçi sayıla bilirmi?» mövzusunda müzakirələrimiz
oldu. Saytlar qəzetlərin oxunmasına qismən təsir edir. «Cümhurriyyət»in
öz portalı onun satışına təsir edir. Portala daha
çox baxırlar. Nə qədər çox oxunursa, o qədər
çox reklam olunur. Ancaq portalın bir problemi var: çox
geniş yayımlanmır. Çünki portala abunə olmaq,
ildə 50 dollar ödəmək lazımdır. Bu, çox
böyük pul deyil. 3 il əvvəl Vaşinqtonda olanda
insanlar «Sizin veb səhifəyə daxil ola bilmirik” deyə mənə
bildirdilər. Mən onlara şifrəni verdim və «Şifrəni
qırın, daxil olun» dedim. Çünki oxunmayan bir qəzet
qəzet deyil. Qoy şifrəni qırıb oxusunlar.
Düzdür, onda qəzet pul qazana bilmir, amma bununla belə
oxunmalıdır.
- Bəs portalın nə qədər
abunəçisi var?
- Təxminən
30 min abunəmiz var. Bəlkə daha çoxdur. 6 ay əvvəl
əldə etdiyimiz rəqəm 30 min idi.
- Qəzetin özünə necə,
abunə olurlarmı?
- Qəzetə
abunə olunmur. Bu, könüllüdür. İstəsəniz
abunə ola bilərsiniz. Amma rəqəmi dəqiq bilmirəm.
Çünki qəzetə abunə olanda haradasa abunəçiyə
3 gündən sonra gəlib çatır. 3 gün əvvəlin
xəbərini oxumağın nə anlamı var? Əlbəttə,
xaricdə olsanız, bu, mümkündür. Ancaq ölkə
daxilində oxuyub nə əldə edəcəksiniz?
- Köşə
yazılarını oxucular necə qarşılayır?
-
Bizdə yüzlərlə köşə yazarları var. Bizim
qəzetin oxucuları köşə yazarlarına çox etibar
edirlər. Ən çox oxunan yazar Bekir Coşkundur. Əvvəllər
isə rəhmətlik İlhan Selcuk çox oxunurdu. Türkiyədəki
bəzi qəzetlərdə köşə yazarları
çox böyük pul alırlar. Özəlliklə
hökumətə aid olan qəzetlərdə. Əzəldən
«Sabah», «Milliyyət» və «Hürriyyət»in köşə
yazarları çox yüksək qonorar alırdılar.
Hazırda isə «Hürriyyət» qrupu yaxşı pul verə
bilmir. «Cümhurriyyət»də köşə yazarlarına
verilən məbləğ aşağıdır.
- Gənclərin qəzetçiliyə
marağı necədir?
-
Türkiyənin bütün universitetlərində ünsiyyət
fakültələri var. Hər il bu fakültələrin
yüzlərlə məzunu olur. Amma digər tərəfdən
gənclər işsiz qalırlar. Ancaq məmnunluq verən bir
nöqtə də var ki, gənc jurnalistlər «Cümhurriyyət»ə
gəlməyə başlayıblar. Çünki bu qəzetin
ağırlığı var.
Gənclərin
oxumağa marağına gəlincə, onlar oxumaqdan imtina edirlər.
Onlar daha çox alış-veriş mərkəzlərinə,
diskotekalara və başqa əyləncə mərkəzlərinə
gedirlər. Daha çox onları maraqlandıran məlumatlara
İPad-lərdən baxırlar və televiziyanı seyr edirlər.
Mobil telefonlarla, İPhon-larla oynayırlar.
- Siz çox tanınmış
insanlardan müsahibələr götürmüsünüz.
Belə insanlardan ən çox kim yadınızda qalıb?
- Mənə
çox təsir edən həmsöhbətlərim Azərbaycan
prezidenti İlham Əliyev, Prezident Administrasiyasının
şöbə müdiri Əli Həsənov olub. Bundan əlavə,
Rauf Denktaş, Süleyman Dəmirəllə müsahibələrim
həmişəlik yaddaşımda qalıb. Diplomatlar
arasında Rusiyanın Ankaradakı böyük elçisi
Vladimir İvanovski, Amerikanın Ankaradakı böyük
elçisi Fransis Riccardionla söhbətlərim mənim
üçün çox maraqlıdır. Həmçinin Kiprin
keçmiş prezidenti Laskos Kleridis və Yunanıstanın
keçmiş prezidenti Konstantin Karomanislə söhbətlərim
çox xoşuma gəlib. Fikirlərinə heç
qatılmasam da, çox parlaq beyinli insanlar idi.
Yunanıstanın 2 il öncəki xarici işlər naziri
Fedora Pandarosun söhbətləri məni çox təsirləndirib.
Bu siyahını davam etdirə də bilərəm. Həmin
görüşləri heç vaxt unuda bilmərəm.
Təranə Məhərrəmova
Kaspi.-2012.-30 may.-S.11.