«Mən Anarın yerində işləyə bilməzdim…» 

 

...Nərdivanın pillələrində rastlaşdıq onunla. Mən qaça-qaça çıxdığım yerdən o yavaş-yavaş enirdi. Mən onda o qaça-qaça çıxdığım pillələrin əslində o adamın endiyi yerdən çox aşağıda olduğunun fərqində deyildim...

...rastlaşanda anladım... və dönüb sığındım o böyüklüyə!

Müsahibim Nəriman Həsənzadədir. Poylunun bağrından Azərbaycanın ürəyinə süzülən, dilimizin, şeirimizin, ədəbiyyatımızın ən doğma şairi.

Nəriman müəllim məni “çalıquşu qızım” çağırır, “biz səninlə ata-balayıq, ay Niyar” deyir. Səadətin böyüklüyünə baxın...

Danışdıracam onu. Bütün səmimiyyətilə sizin ixtiyarınıza buraxacam. Buraxacam ki, mənim yaşadığım o duruluğu siz də dadasız...

-Ay Nəriman müəllim, sizinlə sadəcə söhbət eləməkdi niyyətim. Sizi dinləmək, dinlədiyimi də oxucularla paylaşmaq. Səmimiyyətinizə,  yaradıcılığınıza sığınıb sizin xanımınıza münasibətinizi soruşsam, bizə bundan bəhs edərsizmi?

  -Niyar, sənə qurban, qadın ilahi varlıqdır, əvəzsizdir. Mən televizorda baxıram, eşidirəm, qadını döyüb-incidirlər. Bu, məni çox narahat edir. Eyni zamanda bizim məhkəmələrin qadına münasibəti də çox pisdir. Qadın kişidən qabaq ölməməlidir. Bu, düzgün deyil təbiətdə. Kişi əvvəl ölməlidir, belə halda qadın yaxşı ağlayar.

 

Şahım, bağışlayın birtəhər olur

Qadın zəiflikdən hiyləgər olur...

Yeganə gücü var göz yaşındadı,

Yenə tufanları öz başındadır...

 

Qadın dərkolunmazdır və onun bu dərkolunmazlığı da kişiyə görədir. Qızım, sənə qurban, qadın ayrıdır. Özü də sən qadını sevəndə o səni səndən artıq sevir.

-Nədir axı bu bu SEVDA? O nədir ki, insanları belə dəli-divanə edə bilir?

-O bəlkə də bir AH-dır. Heç kəs bunu bilə bilməz. Özü də mən inanmıram ki, iki sevən adamın sevgisi eyni olsun. İki oğlan danışır, hərəsi öz sevgisindən ya da iki qız, bunların heç biri biri-birinin eyni olmur. Çox maraqlı bir şeydir.

-Yaşı varmı sevginin?

-Sevginin yaşı ola bilməz. Nizami nə deyir? “mehrabı EŞQ-dir uca göylərin”. EŞQ yoxsa dünya da yoxdur. Bəzən deyirlər sevgi, məhəbbət, eşq, anaya olan məhəbbət, Vətən məhəbbəti - bunların hamısı düzdür, ancaq qadın  bağlı olanda hamısı yalan olur. Bax elə buna görə qadın mənim nəzərimdə vətəndir. Vətən qadına minnətdardır, o eşqdən övladları törəyir. Bir dəfə evimizdəki söhbətlərin birində oğlum anasını müdafiə elədi, dedim oğlum, mən sənə minnətdaram. Mat qaldı, dedim, axı, səndən qabaq onu mən sevmişəm, indi sən keçdin onun tərəfinə, demək sən mənim tərəfimə keçmisən. Gör nə gözəldi ay Allah, ananı kim istəsə ata ona minnətdar olur. ...Həsrət qaldım, qızım. Mən onun qəlbinə dəyməmişdim heç vaxt. Həmişə görüşlərdən gələndə gül gətirərdim, ində də bəzən gül aparıram, ona deyirəm ki,

Gül sənindi, yer sənindi, sən mənim...

Mən yoldaşıma şeirlər yazanda qələm dostlarımdan biri istehza eləmişdi. Demişdi ki, “Nəriman ölən arvadına şeirlər yazır”.

Bu, məni dəhşətə gətirmişdi. Necə yəni, onun arvadı yoxdurmu, adam elə deyərmi?

Qızım, adam dediklərinə də diqqət edər, həmişə deyirdim ki, təklik istəyirəm, rahat işləyim, indi deyirəm ki, elə bil Allah eşitdi, dedi di, qal, tək, işlə. Televiziyada çıxışımda da dedim, heç vaxt təklik istəməyin, amanın günüdür, Allah eşidir. Bütün qohumlar yanındadır amma o yoxdursa, deməli, təksən. Azərbaycanda adam qadınına dediyini nə övladına deyə bilər nə də heç kəsə, ancaq qadınına. Heç demə, o, onsuz da başa düşəcək. Mənə elə gəlir ki, kişi bəzən Ana qucağından sonra qadın qucağına düşür, o da anadır, bu da ana olur. Özü də kişinin anası. Uşağın anası yoxdur, o böyüdü, getdi, öz ailəsini quracaq o, ancaq bu uşaq qaldı, get-gedə də qadın analaşır, kişi uşaqlaşır.

-Sara xanım neçə ildir vəfat edib?

-İyirmi beş il...

-İyirmi beş ildir də ancaq odur, eləmi?

-Ümumiyyətlə götürəndə ancaq odur, qızım. Elə detallar var ki, mən onları ayaqlaya bilmərəm.

-Əslində o xanım az yaşayıb, qısa yaşayıb amma dünyanın ən xoşbəxt qadını olub...

-Deyirdi, özü də deyirdi. Bir gün dedi ki, mənə bir lama palto al, qızım dedi,  ana onun dəbi keçib. Qayıtdı ki, Nəriman alacaq, mən də geyinəcəm, o da  təzədən dəbə düşəcək. Nəriman alan təzədir. İllər sonra mən İtaliyaya gedəndə o dediyi palto satılan dükanın qarşısında durdum...

...

-Ümumiyyətlə götürəndə qadına münasibət necə olmalıdır?

-Avropa pis şəkildə gəlir Azərbaycana. Bu yaxında cənab prezident çıxışında da dedi, axı, biz azərbaycanlıyıq, Avropada hamı yemək bişirir, kişisi də qadını da, biz azərbaycanlılar evimizdə xanımımızın bişirdiyi xörəyi yeməyə adət eləmişik. Elə xoşum gəldi onun bu sözündən. Ailə ayrı şeydir, ailədə yeyilən çörək ayrıdır, bir də var avropalı kimi ayaqüstə qarın doyurasan. Gəlin, Avropadan yaxşı olanı götürək. Bax o dünya miqyasında gözəl var da Merilin Manrudu- nədi, day o necə gözəldir, özün bilirsən, bizim gözəlimizsə Leylidir, Nüşabədir, bizim gözəl Həcərdi. Mən eşidəndə ki, Kəlbəcərdə və digər yerlərdə Azərbaycan gəlinləri erməni əlinə keçməmək üçün özlərini qayadan atıblar, dəhşətə gəldim. O qızların hər birinə heykəl düşür, bu, Şekspir səhnəsidir, bunlar yazılacaq. Azərbaycan gözəli, gözəl qızlar. Bütün nağıllarımızda, dastanlarımızda qəhrəmanın sevdiyi gözəl var, onun eşqinə qələbə çalır qəhrəman.

-Azərbaycan tarixində qadına bir də hökmdar münasibəti var...

-Bax, bunu düz dedin. Üç Türk sərkərdəsi öz qadınına heykəl qoyub:

1) Şəmsəddin Eldəniz – Mömünə Xatun türbəsi. Mömünə xatun öləndən sonra Əcəmini çağırıb ona abidə qurdurub, bir il sonra da özü ölüb, davamını Qızıl Arslan dövrünə qədər Cahan Pəhləvan tamamlayıb. O abidə XII əsr abidəsidir. Bir hökmdar öz sevdiyi qadına abidə qoyub.

2) Cahan şah - Tac Mahal abidəsi. O abidəni Hindistanda sevdiyi türk qızına qoydurub. Memarları da türk olub, hamısı Təbrizdən gedib.

3) Bir də Heydər Əliyev - Zərifə Əliyevaya abidə. Bu, elə bir tarixdir ki, deyilməlidir. Özü də Heydər Əliyev bütün hökmdarların hamısından bir kişi kimi gözəl olub. Gəl ki, siz onun məhəbbətinə baxın. Bax qadın budur.Bu münasibəti biz Heydər Əliyevdən öyrənməliyik. Mənim heç yadımdan çıxmaz, onun çıxışlarında Zərifə xanım öndə oturardı, Heydər Əliyev də onu gördükcə həvəslənərdi. Zərifə xanım əl çalardı, əslində əl çalan deyildi o, ruh verəniydi. Mən Heydər Əliyevin ağladığını gördüm. 1985-ci ildə Novoderçovo qəbiristanlığında. Zərifə xanımın qəbriydi, Yeseninin məzarı, bir də Nazim Hikmətin qəbri. Ziyarətə getmişdim, bir də gördüm Heydər Əliyev gəlir. O görüşümüzdə mənim yoldaşımın xəstəxanada yatdığını öyrəndi. Elə həmin o görüşdə də mən ona bir şeir oxudum. Heydər Əliyev o kağızı məndən alıb saxladı. Düz on iki il sonra Heydər Əliyev “Azərbaycan qadını” jurnalında o şeiri dərc elətdirdi. Fatma Abdullazadə  jurnalı mənə göndərdi və dedi ki, Heydər Əliyev səni mərasimə dəvət eləyir. Mən itirərdim o şeiri amma o saxlamışdı. Mən orda da bir şeir oxudum, Bəxtiyar Vahabzadə, Anar, Qabil, Dilbazi, Fikrətiydi bir də məniydim. Orda da o şeiri götürüb qoydu cibinə. Ondan sonra eşitdim ki, Klivlend xəstəxanasına qaldırılıb və tale onu bizim əlimizdən aldı. Ona demişdim ki, Heydər Əliyev sizin yanınızda adam özünə oxşayır, olduğu kimi olur. O sözdən elə xoşu gəlmişdi ki.

Onun  tərifə ehtiyacı yoxdur, inanın mənə, o şair doğulmuşdu. Yeganə adamıydı ki, deyirdi ki, mən azərbaycanlıyam. Onu üç dəfə dedi, sizə, mənə yox, tarixə dedi bu sözü. Kremlə eşitdirdi, yəni azərbaycanlı budur ha, Azərbaycanı mənimlə müqayisə edin. Mən o gün “Euronews”da eşidirəm, deyir, Bakı Şərqin Parisidir.  Bu, mənə çox xoşdur.

-Gəlin, bir az da Mir Cəlalla  tanışlığınızdan danışaq...

-Hələ mən əsgər şineliylə Yazıçılar İttifaqına gələndən, 1954-cü ildən Mircəlal kömək olub mənə, ilk kitabımı buraxdırıb. Əsgərliyi bitirib qayıdandan sonra yenə rastıma o çıxıb. Heç yadımdan çıxmaz, dedi, Nəriman nə axtarırsan, dedim iş. Dedi iş axtarma, adam axtar. Mən sonra başa düşdüm ki, niyə belə deyir, yəni iş tapacaqsan, amma elə yerdə işləyərsən ki, o adam səni çərlədər. Mən ona heyranam ki, o, mənə  bir dəfə olsun elədiyi yaxşılıqları xatırlatmadı. Bu yaşadığım evi də o verib. Həyat yoldaşı Püstə xanımı (Allah rəhmət eləsin, mənə ana olmuşdu), məni də yanına alıb apardı Mehdi Hüseyngilə. Onda Mehdi Hüseyn Yazıçılar Birliyinin katibi idi. Ona dedi ki, Mehdi, Arifin adını qarala, Nərimanın adını yaz. Onlar da bərk dost idi, Mehdi soruşdu ki, niyə qaralayım? Yeni ev tikiləndə Nərimanı siyahıya alıb mənzil verərik. Mircəlal qayıtdı ki, Nəriman cavan şairdi, Arifə mən alaram. Püstə xanım da israr elədi. Özü də Arif müəllimin evlənmək ərəfəsində. Mir Cəlal müəllim gedib bir gədəbəyli müəllim dostundan beş min rubl borc alıb Arifin adını kooperativə yazdırdı. Siz düşünün, Mehdi Hüseyn də elə o il rəhmətə getdi. Deməli, əyər onların bu cəhdi olmasaydı mən ev ala bilməyəcəkdim. Mir Cəlal müəllim adam idi onda, kafedra müdiri idi. Evimin elə ilk qonağı da Mir Cəlalla Püstə xanım oldu, heç yadımdan çıxmaz beş ədəd qızılsuyuna çəkilmiş qaşıq gətirmişdi Püstə xanım evgördüsünə.

Bu mənim taleyimdir, qızım. Sonra aspiranturanı bitirdim, Mətbuat Nazirliyində işləyirdim elə oldu ki, nazirlik bağlandı. Qaldıq çöldə, işsiz. Onda Arif müəllimin kiçik qardaşı Hafiz mənə zəng vurdu, dedi, Nəriman, bir Arif müəllimin yanına dəy. Onlar məni doğma qardaş biliblər. Getdim onda Arif müəllim Milli Aviasiya Akademiyasına yenicə rektor keçmişdi, gedən kimi də humanitar kafedra müdiri kimi əmrimi yazdı. Düşünə bilirsizmi. Hələ mən onu demirəm ki, düz üç dəfə ürəyimdən əməliyyat olunmuşam hər dəfə də Arif müəllim əməliyyatın tarixi bilən kimi elə həmin gün də məni göndərib. O ailə mənimçün ocaqdır. Bu günə qədər də bu davam edir.

-Belə demək mümkünsə, o ailə sizi Azərbaycan üçün qoruyur...

-İnanın, mən o qədər minnətdaram ki, bəzən irad da tuturlar bu haqda çox danışmağa. Amma mən ömrümün sonunacan danışacam çünki bu, danışılmalıdır. Arif müəllim Axundov kitabxanasında mənimlə görüşlərin birinə gəlmişdi, zarafata salıb dedi ki, ay Nəriman o mənim evimdi, indi də Sovet dövrü deyil ki, qaytar da. Dedim qurbandı, dedi ki, yox, onu Mircəlal bağışlayıb. Arif müəllimin bu sözü məni daha da ucaltdı. Onların yanında adam ucalır, qızım, böyüyür. Onların sadəliyinə, mehribançılığına görə.

Məni müdafiə eləməyə də Mircəlal məcbur elədi. Bir il səkkiz aya “Azərbaycan-Ukrayna əlaqələri” mövzusunda müdafiəmi elədim. Özü də mən sizə çox səmimiyyətlə deyirəm ki, Mircəlalı tanıyan, Arif müəllimi tanıyan kim varsa onların evində çörək kəsməyən yoxdur. Kim olursa-olsun onların evində çörək yeməyəndə pis baxırlar. Arif müəllim İçərişəhərdə anadan olub. Mir Möhsün Ağanın evi də ondan bir küçə yuxarıdadır. Çox maraqlıdır, elə bil ocaq ruhu çöküb. Mən elə bilirəm Mircəlal sağdır. Arif müəllim məni kulturologiya kitabımı yazmağa vadar elədi. O kitab indi də bizim Akademiyada, universitetdə tədris olunur, Kayseridə keçilir. Təkrar çap olunmalıdır. Bunu ona görə deyirəm ki, bu adamlar yaxşılıq eləməkdən zövq alırlar. Onların həyatı bu missiya üzərində qurulub. Mən bir yaşında atamı itirmişəm, amma Mircəlal sayəsində ata necə olduğunu bilmişəm, tək mənə yox o tələbələrinin hamısına kömək durub. Mənim yadımdadır, Hafiz Moskvada oxuyanda Mircəlal onun aspirant yoldaşının qışda köynəklə dərsə gəldiyini görür. Gedib ona palto alır və Hafizə də tapşırır ki, demə. İnanırsız, o rus bilməyib ki, o paltonu ona kim alıb. Bu cür məqamları çox olub Mircəlalın. Səməd Vurğunla, Mehdi Hüseynlə, Hüseyn Cavidlə dost olub.

Cavidgil həbs olunan günün dünəni onların evində olublar. Cavidi, Əhməd Cavadı, Müşfiqi elə həmin günün səhəri tutublar. 1934-cü ilin əvvəlində Püstə xanımla kəbin kəsdirməyə gedəndə yolda ona Müşfiq rast olub, soruşub ki, hara gedirsən, deyib kəbin kəsdirməyə, o da qoşulub ona şahid olmağa gedib. Mən Şəfayət Mehdiyevi, Şıxəli Qurbanovu onların evində görmüşəm. Lev Tolstoyun böyük bir portreti var evlərində. Mircəlal Avropa maarifçiləri kimi dünyagörüşü fərqli, həmin bu müstəqilliyi ideoloji hazırlayan yazıçılardan biridir. Bunlar mütləq deyilməlidir, çünki Sovet dövründə bizimkilərin təbliğatına qısqanclıqla yanaşılıb.

O dövr çətiniydi. Şeirlərdə Stalinin adı olmasa çap olunmurdu, deməli, sənin nə isə məqsədin var, dolaşıq adamsan. Osman Sarıvəllinin “Bənövşə” adlı bir gözəl şeiri varıydı gəlir-gəlir sonunda deyir,

“...Stalin dövründə bu yer, bu iqlim,

Sənin də boynunu düzəldəcəkdir”.

Bənövşənin boynunu Stalinmi düzəldəcək? İndi gülürük, qızım, amma şairi gör nə vəziyyətə salırdıar?” Otuz il bizim ədəbiyyat eləcə də rus ədəbiyyatında bığ sözü işlənməyib ki, Stalinin bığı var, düşər-düşməzi olar. Mərkəzi Komitənin katibi Nazim Hacıyev cavan şairləri Yazıçılar İttifaqına yığdı, kimin bığı varıydısa biyabır elədi. Mənim də bığım, qırmızı, sarı, ağ çıxırdı, türk bığı kimi. Qara bığı olanlar, hansılar ki, kef eləyirdi, hamısı qırxdı.

-İndi nə işlə məşğulsunuz? Nə kimi yeniliklər var?

-Əsərlərimdən ibarət cildlər hazırlayıram. Artıq yeddisi çap olunub. Daha sonra “İllər, pillələr, talelər” adlı bir kitabım işıq üzü görüb. O da Mircəlalla mənim dostluğuma həsr olunub. Mən bunu etməliyəm, hələ aspirantı olanda o mənim kitabıma müqəddimə yazırdı. Haqqımda məqalə verirdi. “Ulduz” jurnalında Səməd Vurğunun “Komsomol” poeması, Müşfiqin “Əbədiyyət” poeması, bir də mənim “Nəriman” poemamın hər üçünün müqayisəsini vermişdi. Mən onun haqda yazmaqdan hələ aspirantı olduğum vaxtdan o bunu eləmişdi. Qeyri-adi adam idi. Onun yanına gedirdim, qayıdıb gələndə elə bilirdim dahiləşmişəm. İndi də Arif müəllimlə görüşəndə o hissləri keçirirəm.

-Nəriman müəllim, bugünkü ədəbiyyatı izləyirsizmi?

-Bayaq sən o gənclərdən elə gözəl dedin lap ürəyim töküldü. Onlardan misallar çəkdin, çox xoşum gəldi. Minnətdaram onlara. Ay Allah, nə gözəl gənclik gəlir, təbiətində, xasiyyətində, mənəviyyatında təmizlik var. Onlar ədəbiyyatın gələcəyidir, çünki bu ədəbiyyat Müşfiqin, Cavidin ədəbiyyatıdır, Rəsul Rzanın eləcə də digərlərinin. Mənə elə gəlir bu adlarını çəkdiklərimin hərəsi bir epoxadır, hərəsi bir Yazıçılar İttifaqıdır. Mehdi Hüseyn, Mircəlal, Cəfər Cabbarlı özü bir epoxadır, Cavid bir dünyadır.

-Çox yaxşı bir məqama gəldik. Bu gün Anar Rzayev sizcə o missiyanı daşıya bilirmi?

-Bu sualı çoxları verir, mən deyirəm ki, mən Anarın yerində işləyə bilməzdim. Şübhəniz olmasın, Anar çox böyük yazıçıdır. Onun tərcümeyi- halı da keşməkeşlidir. Babasını güllələyiblər, anası Nigar xanımı şəxsən tanımışam, atası məni hərbi tribunaldan alıb. Özü ilə münasibətim çox yaxşıdır. Ancaq vəzifəyə gəlincə ordan hamı tələb edir. Bu halda çətinlik yaranır.

-Bəlkə onun bu vəzifədə olmağı Anarın daha böyük bir yazıçı olmağını əngəlləyir?

-Vallah, camaata da məəttəl qalmışam. Ay balam, bir vəzifədə bir adam oturar da. Qərəzli olmayan tənqidin mən də tərəfdarıyam.

-Bu gün Azərbaycan ədəbiyyatında, Bütöv Azərbaycan anlayışı, Türklük anlayışı sizin istədiyiniz şəklidə vurğulanırmı?

-Bu əlaqələrlə möhkəmlənməlidir. Azərbaycan – Türkiyə əlaqələri inkişaf eləyir. Amma Cənubi Azərbaycanla xeyr. Orda qırx milyon azərbaycanlı yaşayır, heç nəyə sahib deyil. Dövlətin başçısı da azərbaycanlıdır, amma bunun millətə dəxli yoxdur. Bunu mənə səfir Abbasəli Həsənov dedi. Amma  orda yüz-yüz iyirmi min erməni tam təminatla yaşayır, çünki onlar qohum millətdir. Bax, iranlılar, ruslar, yunanlar, intillər, ermənilər-hind-avropa qəbilələridir. Bunların qohumluğu ordan gəlir, xristianlıqdan əvvəl. Farslarla erməni qohumdular, yunan da elədir, hind də, iran da, rus da. Bu mənada onlar yaxındılar.

Türkiyə əlaqələri yaxşıdır amma daha çox, daha geniş olmalıdır. Mən olmuşam Türkiyədə, bir neçə dəfə. Bu arada da Kayseridə poeziya günlərində Türkiyəlilərə heyran qaldım. Türkiyə nəfəs alır Azərbaycanla. Türkiyə maşınlarına oturanda Azərbaycan mahnıları çalır. Burdakı kimi. Inanın adama ləzzət eləyir. Biz həqiqətən “bir millət iki dövlət“ik.

-Bizim həm də sazımız var...

-Çox qəribədir, Cənubi Azərbaycanın sazı elə doğmadır, Türkiyədə o qədər deyil. Bizim sazımız ayrı şeydir. Dünyanın heç harasında yoxdur, mənə elə gəlir. Ona görə bu xalq, Xaqan xalqdır, ali xalqdır. Qaraxanilər dövründə Balasaqunlunun “Kutadqu-bilik” əsəri, yaxud Mahmud Kaşğarinin “Lüğəti-Türk” əsəri. XI əsrdə Balasaqunlu xaqan dilində poema yazıb. Ondan sonra XII əsr Nizami farsca yazıb. Bir əsr fərq var. Ali dildir, ruhumuz da ordan gəlir.

-Bəzi şairlər iddia edirlər ki, oxucunun şairdən nəsə gözləməyə haqqı çatmır...

-Bunlar bizim vaxtımızda da var idi. Çox təəssüf ki, hamısı Fransa ədəbiyyatının müxtəlif cərəyanlarından irəli gələn düşüncələrdir. Bizim millət ayrıdır, mən fransız deyiləm.

Kant millətlərə qiymət verir, deyir ki,”Fransız xalqı elə şeydir ki, ən vacib, rəsmi şeyə qeyri-adi baxır, mənasız şeyə isə çox yüksək qiymət verir”. Millətlərin təbiəti var. Tutaq ki, onlarda çılpaq çəkən rəssam var, onlar bizə aid deyil, əgər bizdə yenilik iddiasıyla öz keçmişini öyrənmədən irəli atılsaq millət manqurtlaşar, bədbəxt olar. Bir nəsil o biri nəslə öz mədəniyyətini ötürməsə o zəncir qırılacaq və o qul olacaq, kiminsə plagiatı olacaq. Bir tələbə yoldaşıma ikinci kursda müəllim Balzakı tövsiyə edəndə demişdi ki, mən Balzakı oxumadan öz əsərlərimi yazıram, Balzak mənə lazım deyil. Biz də düşünürdük ki, saqqal-zad saxlayır, deyəsən dahi yetişir. Sonradan eşitdik , Tulada qəzetdə küllənir, bitib artıq. Sənətkar ayrı şeydir. Pikasso var, müasir avanqardizm deyirlər müəyyən cərəyandır, sən də yarat ancaq qəbul olunacaq-olunmayacaq, bilinmir. Caz var, Avropada gözəl ifaçıları da var, biz bunun əleyhinə deyilik ki, sən də mənim sazımın əleyhinə olma da, muğamatıma köhnəlik demə.

Mən gözümlə gördüm Sovet dövründə Kirpi jurnalında şəkil vermişdilər ki, filarmoniyaya təcili yardım gəlir, yandım-öldüm konserti.

Xalqın mənəviyyatına belə istehza varıydı. Çünki əlifbamızı üç dəfə dəyişdirib bizi özümüzdən uzaqlaşdırmışdılar. Bunu Kreml elədi. Çində heroqliflər üç min ildir var. Yeni əlifba, yeni sözlə çox ehtiyatlı olmaq lazımdır. Heydər Əliyevə referendum keçirdiər, millətimizin adını dəyişirdilər. O vuruşdu, qoymadı. Onu bu xalqa Allah verdi, gəldi, elədi, çıxdı, getdi. Mənim haqqımda üç dəfə sərəncam verib, görüşlərində olmuşam. Cavan şair idim bizi aparırdı yanında. Klinton öz prezidentliyi dövründə hələ belə bir fikir demişdi: “Heydər Əliyev, siz nəinki Azərbaycanı, Amerikanı, hətta dünyanı da idarə eləməyə qadirsiz”.

-Bütün hallarda mənə elə gəlir ki, bizim ədəbiyyatda kor-kobud sözlərə, fəlsəfəyə, kor-kobud axınlara yer yoxdur. Bizim ədəbiyyat ruhdan, mənəviyyatdan, gözəllikdən yaranıb...

-Onu düz deyirsən, çünki bizim ədəbiyyatı xalq yaşadır. Qədim Roma misalı var “şairlər anadan doğulur, natiqlər cəmiyyətdə yetişir”. O doğulanlar yaxşıdır, doğulmayanlar isə zorla gəlirlər.

Ədəbiyyatımız bu kobudluqlardan xali deyil lakin narahat olmağa dəyməz. Çünki bunlar yaşamır. Yaşayan Müşfiqdi , Caviddi, Ordubadidi...

 

 

Söhbətləşdi: Nigar İsfəndiyarqızı 

 

Kaspi.-2012.-26-28 may.-S.15-21.