“Qərbdə Azərbaycanın
strateji əhəmiyyəti daha da artıb”
Qabil Hüseynli: “ABŞ bölgədəki
problemlərin yalnız beynəlxalq hüquq normalarına
uyğun tənzimlənsinin, Gürcüstanın və Azərbaycanın
ərazi bütövlüyünün təmin edilməsinin tərəfdarıdır”
İyun
ayının ilk ongünlüyündə Amerika Birləşmiş
Ştatlarının (ABŞ) Dövlət katibi Hillari Klinton Cənubi
Qafqaza səfər edəcək. İyunun 4-də Yerevanda
olacaq dövlət katibi burada ikitərəfli münasibətləri
və Dağlıq Qarabağ münaqişəsinin
nizamlanması məsələlərini müzakirə edəcək.
İrəvan səfərindən sonra isə onun növbəti
dayanacağı Bakı və Tbilisi olacaq. H.Klintonun regiona qəfil
səfəri ilə bağlı “Kaspi”nin suallarını
politoloq Qabil Hüseynli cavablandırır.
-
Qabil bəy, əvvəlcə ABŞ Dövlət katibinin
regiona gözlənilən səfərinə münasibətinizi
öyrənmək istərdik.
-
Xanım H.Klintonun indiki məqamda regiona səfər etməsi əhəmiyyətlidir.
Çünki dünyanın ən böyük dövlətinin
xarici işlər nazirinin həm Avropaya, həm də Cənubi
Qafqaza səfəri Rusiyanın yeni iş başına gəlmiş
Vladimir Putinin çox düşündürücü
şüarlar səsləndirildiyi bir vaxta təsadüf edir.
Azərbaycan üçün isə bu səfər ona görə
əhəmiyyətlidir ki, ölkəmiz Cənubdan
İranın, Şimaldan Rusiyanın müəyyən təhdidləri
altındadır. Belə bir şəraitdə Amerika Dövlət
Departamentinin rəhbəri ilə regiondakı vəziyyəti,
o cümlədən Dağlıq Qarabağ məsələsini
müzakirə etmək, həmçinin bu məsələ ətrafında
bir hərəkətlilik, dinamizm yaratmaq üçün nəsə
edə bilmək imkanlarını araşdırmaq mühüm
əhəmiyyətə malikdir.
- Son dövrlər bəzi media
qurumlarında ABŞ Azərbaycan münasibətlərinin kəskin
xarakter alması barədə məlumatlar da öz əksini
tapır. Sizcə, H.Klintonun regiona, o cümlədən də
Bakıya səfəri bu kimi fikirlərin həqiqətə
uyğun olmadığını göstərirmi?
- Əgər
ABŞ-la Azərbaycan arasında münasibətlər pozulsaydı,
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq
Abdullayev ranqında bir şəxs Amerikanın 16-ya yaxın
senator və konqresmenini Azərbaycana dəvət edib onları
ölkə ilə tanış edə bilməzdi. Həmin
konqresmenlərin səfəri hələ də davam edir. Bu
baxımdan mən güman etmirəm ki, Azərbaycanla Amerika
arasındakı münasibətlər pis vəziyyətdədir.
Əksinə, ABŞ prezidenti Barak Obama dövründə bu
münasibətlər müəyyən qədər stabilləşib.
Hazırda isə Avropanın enerji problemləri ilə əlaqədar,
daha doğrusu alternativ enerji mənbələrinin
axtarışı ilə bağlı olaraq Azərbaycanın
strateji əhəmiyyəti daha da artıb. Bu günlərdə
Bakıya gələn ABŞ rəsmilərinin hamısı Azərbaycanı
Amerikaya strateji tərəfdaş kimi səciyyələndirirlər.
Ona görə də düşünürəm ki, Amerika-Azərbaycan
münasibətləri bu gün normal şəkildə
inkişaf edir.
- Bəzi ekspertlərin qənaətinə
görə, ABŞ rəsmisinin Azərbaycana səfəri daha
çox İran İslam Respublikası ətrafında yaranan
proseslərlə, həmçinin gərginləşməkdə
olan Bakı-Tehran münasibətləri ilə əlaqədardır.
Siz bu fikirləri
bölüşürsünüzmü?
-
İran ətrafındakı proseslər ümumi kontekstdə
müzakirə oluna bilər. Amma həmin məsələnin
aparıcı mövzu olacağını güman etmirəm.
Çünki H.Klintonun “baqaj”ında xeyli müzakirə ediləsi
məsələlər var. Bunlar Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi,
Ermənistan Türkiyə sərhədlərinin
açılması prosesi və buna Azərbaycanın dəstək verib-verməyəcəyidir.
Sözsüz ki,
bölgənin enerji resursları və bu kontekstdə xüsusilə “TransXəzər”
qaz kəməri layihəsi də
müzakirə ediləcək. Çünki
Rusiya Türkmənistan qazının Qərbə
ötürülməsinə mane olmaq üçün yüz cür yollar axtarır. Bu günlərdə
isə rəsmi Moskva Xəzərin statusunun müzakirə edilməsi məsələsini
yenidən gündəmə gətirib. Əslində Qərb üçün bu saat ən vacib olan amil Avropanın qazla təchizatını təmin etmək, beləliklə
də Avropanın Rusiyadan mavi
yanacaq asılılığı problemini çözməkdir. Bu
məsələyə ABŞ Avropa
Birliyindən daha çox
əhəmiyyət verir. Son
dövrlərdə həm Avropanın, həm də
Amerikanın doktorinasında Rusiyaya verilən
qiymət ciddi surətdə dəyişilib.
Məsələn, Amerikada rəyi
soruşulanların 80 faizdən çoxu bu ölkəni özlərinin bir
nömrəli düşməni adlandırıblar. Bütün bunları əsas gətirərək
belə düşünürəm ki,
ABŞ rəsmisinin Bakı səfərində bölgə məsələləri
Rusiya kontekstində daha
geniş müzakirə olunacaq.
Əlbəttə ki, İran
məsələsi də yaddan
çıxmayacaq. Lakin ola
bilsin ki, Amerika İran məsələsini
Azərbaycan kontekstində az müzakirə
etsin. Çünki İran problemi daha çox İsrail və ABŞ kontekstində müzakirə
olunur və bilavasitə onların hədəfləridir.
Bu gün Bakıda İrana dair müzakirə
ediləsi məsələ yalnız Azərbaycanda olan Amerika və Qərb
infrastrukturlarının iqtisadi obyektlərinin
təhlükəsizlik məsələsidir. O cümlədən
də, Azərbaycanın təhlükəsizliyi və onun təmin edilməsi prosesləri. Azərbaycandan
İrana qarşı hər hansı bir platsdarm, yaxud başqa məqsəd
üçün istifadə edilməsi məsələsi
isə heç zaman
müzakirə mövzusu olmayıb və olmayacaq da. İrandakı
30 milyondan artıq Azərbaycan türkünün mövcudluğuna,
onların anti İran
kampaniyaya cəlb edilməsi ehtimalına gəlincə,
bu məsələni Amerika
vaxtında aktuallaşdırmadı. Yalnız son
dövrlərdə İran daxilindəki milli azlıqlardan istifadə edilməsi
konsepsiyası qəzetlər səviyyəsində müəyyən
qədər gündəmə gəlir. Bu
isə o deməkdir ki,
sözügedən məsələ ABŞ-ın
İrandakı strategiyasının tərkib hissəsi ola bilər. Mən bu məsələnin
təzə başlandığını nəzərə alaraq, onun Azərbaycanda geniş müzakirə ediləcəyini
gözləmirəm. Amma İran
daxilindəki milli azlıqlardan istifadə
edilməsi prosesinin müzakirə mövzusu olacağını da
istisna etmirəm.
-ABŞ prezidenti bu yaxınlarda
Riçard Morninqstarın namizədliyini ölkəmizə səfir
vəzifəsinə irəli sürüb. Vaxtı ilə
Dövlət Departamentinin - Avrasiya enerji məsələləri
üzrə xüsusi nümayəndəsi kimi yüksək vəzifə
daşıyan bu şəxsin təyinatı ABŞ-ın
Dağlıq Qarabağ problemini ikinci plana keçirib, əsas
diqqəti enerji məsələlərinə yönəldəcəyi
ehtimalını yaratmır ki?
-
Çox təəssüflər olsun ki, Amerika Qafqaz məsələsinə
əvvəldən az əhəmiyyət verib. Bu regionun taleyini
və regionda inhisarçı mövqeyi Rusiyanın himayəsinə
buraxıb. Bu, açıq və ya gizli formada
bir strateji razılaşma idi. Amma mənə belə gəlir ki, Vladimir Putinin təkrar prezident postuna yiyələnməsindən
sonra strategiyalar və əvvəlcədən
əldə edilmiş
centelmen razılaşmaları
ya pozulacaq, yaxud da pozulmaq
üzrədir. Bu Gürcüstan,
eləcə də Azərbaycan məsələsinə
də aiddir. ABŞ və Avropa gizlətmir ki, onların əsas strateji məqsədləri
bölgənin enerji resurslarından istifadə
etməkdir. Ancaq bölgədəki strateji
resurslardan uzun müddətli istifadə etmək üçün bu bölgənin həlli vacib problemlərinə də münasibət bildirilməlidir.
Problemlərdən öndə
gedəni də Gürcüstanın və
Azərbaycanın ərazi
bütövlüyünün təmin edilməsi məsələsidir. Çikaqoda
keçirilən NATO sammitində
qəbul edilən bəyanatı məhz bu baxımdan əhəmiyyətli hesab etmək olar. Bu, indiyə kimi qəbul edilmiş beynəlxalq sənədlərin
içərisində ən
mükəmməlidir. Orada
Azərbaycanın ərazi
bütövlüyü məsələsi,
Dağlıq Qarabağ
bölgəsi və onun ətrafındakı rayonların erməni silahlı birləşmələri
tərəfindən işğal
edilməsi faktı çox açıq şəkildə vurğulanır.
ABŞ-ın bu məsələyə mövqeyində
əvvəllər neytrallıq
var idi. Ruslar kimi Ermənistanın
tərəfini tutmasa da məsələnin necə həll olunması rəsmi Vaşinqton üçün
əhəmiyyət kəsb
etmirdi. Ancaq indi ABŞ problemin beynəlxalq hüquq prinsipləri əsasında
həllinə tərəfdardır
və bu istiqamətdə hərəkət
etməkdədir. Azərbaycan
da əvvəlki illərə nisbətdə
o qədər də təcrübəsiz deyil ki, enerjisini satsın, amma bölgənin strateji problemlərinin həlli istiqamətində Qərbdən
hər hansı siyasi dəstəyi tələb etməsin. Bu mütləq baş verəcək. Fikrimcə,
Amerikanın özünün
də maraqlarına uyğundur ki, bölgədəki problemlər
yalnız beynəlxalq
hüquq normalarına
uyğun tənzimlənsin,
Gürcüstanın və
Azərbaycanın ərazi
bütövlüyü təmin
edilsin.
- Bəs, ABŞ dövlət katibinin regiona səfəri Gürcüstan və Ermənistan üçün
nələr vəd edir?
- H.Klinton İrəvana, Gürcüstana oradan isə Azərbaycana gələcək. ABŞ-ın
İrəvana deyiləsi
sözü çoxdur.
Amerika çoxdan çalışır ki,
Ermənistanı Rusiyanın
ağuşundan qoparsın,
onu Qərbə doğru meyilləndirsin. Vaxtı ilə ABŞ Sürix protokollarının
işə salınmasını
Türkiyədən təzyiq
formasında tələb
edərkən, bir çox reallıqları nəzərə almırdı.
Amma indi rəsmi Vaşinqton görür ki, Dağlıq Qarabağ problemi öz həllini tapmadan, «status-kvo»da müsbət irəliləyiş olmadan
Sürix protokollarını
işə salmaq mümkün olmayacaq. Eyni zamanda Ermənistanın
Qərbə inteqrasiyasını
gücləndirmək də
mümkün olmayacaq.
ABŞ Dövlət katibi
Ermənistan rəhbərliyinin
nəzərinə çatdıracaq
ki, Dağlıq Qarabağ mövqeyində
kompromisli, konstruktiv mövqe tutmadan həm Qərbə inteqrasiya məsələləri,
həm də qonşularla normal münasibət
qurmaq mümkün olmayacaq. Ermənistana ya eyhamla, yaxud
da açıq şəkildə xatırladılacaq
ki, Rusiyanın diktəsindən azad olmağa çalış
və Qərbə yaxınlaşmaq üçün
konkret mövqe nümayiş etdir. Gürcüstana isə sırf siyasi və mənəvi dəstək xarakterli səfər olacaq. Çünki Gürcüstanla
ABŞ arasındakı münasibətlər
normaldır. Bu ölkədəki
proseslər rəsmi Vaşinqtonu hələ ki, məmnun edir.
Rufik İSMAYILOV
Kaspi.-2012.-30 may.-S.6.