«6-nın yerinə
9 desəm, aləm qarışar»
“Qaynana” serialının Kamili deyir
ki, milli seriallarımızın internetdə yerləşdirilməsinin
qarşısı alınır
“Hansı
rejissorla danışıramsa seriala çəkmək
üçün aktyor axtarır. Bu sevindirici bir haldır ki,
aktyorların, rejissorların artıq işləri var.
Bütün serialların qəhrəmanları Gənc
Tamaşaçılar Teatrının aktyorlarıdır». Bu
sözləri Gənc Tamaşaçılar Teatrının
aktyoru, “Qaynana” serialından Kamil rolunun ifaçısı kimi
tanınan Elnur Kərimov «Kaspi»yə müsahibəsində
deyib.
-
Elnur Kərimov teatr aktyoru kimi daha çox tanınır, yoxsa
serial qəhrəmanı kimi?
-
Artıq 13 ildir ki, teatrda fəaliyyət göstərirəm.
İşlədiyim müddət ərzində kifayət qədər
tanınmırdım. Amma seriala çəkildikdən sonra
hiss edirəm ki, daha çox tanınmağa başlayıram.
Televiziya insanı daha çox tanıdır, əvvəllər
məni 5 nəfərdən biri tanıyırdısa, indi 5 nəfərdən
hardasa üçü tanıyır.
- “Azərlotoreya”nın
uduşlarını aparırdınız. Bu aktyor kimi imicinizə
zərər gətirmir ki?
- Əksinə,
lotereya oyunu dünyanın hər bir ölkəsində
mövcuddur. Azərbaycanda digər ölkələrdən fərqli
olaraq canlı şəklində yayımlanır. Artıq 7
ildir ki, “Lotereya” verilişinin aparıcısıyam. Belə
verilişin aparıcısı olmaq çətin və məsuliyyətli
bir işdir. Tamaşaçıya ekrandan baxarkən asan
görünə bilər. Ancaq bu, elə deyil, torbadakı rəqəmlərə
diqqətlə baxıb səni televiziya arxasında səbirsizliklə
gözləyən tamaşaçılara doğru rəqəmi
söyləmək çətindir. Əgər 6-nın yerinə
9 desən aləm dəyişə bilər.
- Belə hal başınıza gəlib?
-
Şükürlər olsun, olmayıb, amma 6-nın yerinə 9
demişəm. Onlar bir-birlərinə çox oxşayır,
xətlərinin yerini qarışdırmışam, tez də
səhvimi düzəltmişəm.
İstedadlı aktyor
- Gənc aktyor kimi bu gün teatrda
sizi nələr qane etmir?
-
Deyirlər ki, teatr əvvəllər daha yaxşı idi.
Yaşlı nəslin aktyorları ilə münasibət
qururuq, onlar da söyləyirlər ki, teatrda elə eyni proseslər
gedir. İndi teatr binalarımız təmirlidir, bütün
standartlara cavab verir, müasir gənclər yetişir,
onların da istəklərini nəzərə almaq
lazımdır. Onu da qeyd edim ki, binanın Avropa
standartlarına cavab verməsi, “hər şey əladır”
demək deyil. Səhnəyə çıxan yenə də
aktyordur. Aktyor gözəl binada da, təmirsiz binada da həmin
aktyordur, yəni onun ifasından çox şey
asılıdır.
- Sizcə yaxşı aktyor olmaq
üçün İncəsənət Universitetini bitirmək
lazımdır?
-
İstedad başqa şeydir. İnsan nə qədər
istedadlı olsa da savadsızlıq hardasa müəyyən bir
məqamda özünü göstərir. Yiyələndiyin
peşənin dərinliyinə varmaq insanı tamam başqa səmtə
yönəldir. Ola bilər ki, hamı səni tanısın, sən
məşhur da ola bilərsən, amma peşəkar səviyyədə,
səhnədə danışığında, ictimai bir tədbirdə
bu özünü büruzə verəcək. Aktyor səhnədə
elə bir vəziyyətə düşə bilər ki, burada
yalnız professionallıq köməyinə gələ bilər
və çıxış yolu tapar.
- Bu gün Azərbaycan
tamaşaçısı nə istəyir?
- Azərbaycan
tamaşaçısı köhnə dövrlərdəki
tamaşaları, aktyorları istəyir. Belə bir psixologiya
var ki, keçmiş aktyorlar qocaldıqdan sonra onlardan sonra
teatrın marağı yoxdur, onlarla birlikdə teatr da
qocaldı. Bu düşüncə ilə düşünən
tamaşaçı çoxdur. Doğrudur, həmin sənətkarların
öz yerləri var, onların yerini heç kim verə bilməz.
Onlardan da qabaq sənətkarlara daha çox qiymət verilirdi,
nəsil dəyişimini tamaşaçı qəbul edə
bilmir. İnsanlarımız bu psixologiya ilə teatra maraq
göstərmirlər. Azərbaycan teatr aləmində
istedadlı gənclər, istedadlı aktyor heyəti Gənc
Tamaşaçılar Teatrındadır. Bunu hamı təsdiqləyir.
Çox istəyirəm ki, tamaşaçılarımız
teatra gəlib, köhnə tamaşalar sindromunu
sındırsınlar. Məni bu sözlər narahat edir,
yaşlı nəslin nümayəndələri “Azərbaycanda
gənc aktyor yoxdur. Yaşar Nuri, Nəsibə Zeynalova kimi
aktyorlarımızdan olmayacaq” kimi sözlər deyirlər. O
sözü deyən şəxs gördükdə ilk olaraq
sorşuram ki, sonuncu dəfə teatra nə zaman gəlmisiniz?
Cavabında deyir ki, uzun müddətdir ki, teatra gəlmirəm.
Əgər o tamaşaçı teatra gəlmirsə,
teatrın daxilində baş verən prosesdən əlbəttə
ki, bixəbər olacaq.
Gənclərə şans
- Son
zamanlar Gənc Tamaşaçılar Teatrında baş qəhrəmanları
siz oynayırsınız. Teatrda bu rolların öhdəsindən
gələ biləcək başqa aktyor yoxdurmu?
-
Keçən mövsümdən teatrımıza gənc
aktyorlar gəlib: Səfa Mehdi, Xəyal Salahov, Vahid Orucoğlu
istedadlı gənclərdir. Sadəcə olaraq teatra gələn
dövrdə teatrın tərkibində gənc aktyor az idi.
Riskə gedib mənə baş rollar həvalə olundu. Mən
də öz üzərimdə işlədim, özümü
doğrultmağa çalışdım. Teatra gələndə
Elşən Rüstəmova dublyor kimi gəlmişəm.
Elşən Rüstəmov “Əlibaba və 40 quldur”
tamaşasında Əlibaba rolunu oynayırdı. Mənsə
“Ələddin” tamaşasında Vəzir obrazını
canlandırırdım. “Gənc aktyorlara da riskə getmək
lazımdır, onlara bu şans verilməlidir”- deyə
düşünürəm. Teatra yeni gələn aktyor səhnədə
ilk çıxışı təbii ki, çiy alınacaq,
ancaq 2-3 dəfə tamaşanı oynayandan sonra həmin
aktyorun hərəkətlərində, oyununda xeyli dəyişikliklər
olur. Əvvəllər belə bir qanun var idi ki, əgər
teatrda işləməyə başlayacaqdınsa bütün
tamaşaları diqqətlə izləməli idin, məşq
edilmədən, rejissor hər an səni tamaşaya
çağıra bilərdi. Teatra yeni gəldikdə
içimizdə qorxu var idi. Oturduğumuz yerdə rejissor
deyirdi ki, məsələn, kirpi maketini geyin, səhnədə
oyna. “Sözləri bilmirəm və ya necə canlandıraram”
sözü ola bilməzdi.
-
“Romeo və Culiyetta” yeni quruluşda təqdim olunduqdan sonra, bu
birmənalı qarşılanmadı. Klassik əsərə
rejissor müdaxiləsi sizin zövqünüzdə idimi?
- Mən
rejissorun işinə heç zaman qarışmamışam,
çünki onun öz düşüncəsi, öz aspektləri
var. Rejissor tamaşaya quruluş verərkən bizimlə məsləhətləşmir.
Bizdən tələb olunan odur ki, öz rolumuzun öhdəsindən
gələk. Hərdən olurdu ki, öz rolum barədə
deyilənlərlə razılaşmırdım. Mirzəağa
Mirzəyev mənimlə dublyordur, o oynayanda bu obraz tamam fərqli
alınır. Bizim ifalarımız tam fərqli olur,
çünki rəqslərdə çox dəyişikliklər
etmişəm. Culyettanın mənimlə rəqsi tamam
başqadır, Mirzağa ilə tamam başqa. Tamaşa
rejissorun adı ilə bağlıdır. Düzdür, səhnədə
tamaşaçılarla təmasda aktyor olur, ona görə də
çalışıram ki, rejissorun dediyini, öz
düşüncəmdəki obrazla ortaq məxrəcə gətirim
və o şəkildə tamaşaçılara
obrazımı nümayiş etdirim.
- Bu mövsümdən etibarən
teatrın baş rejissorluğu Bəhram Osmanova həvalə
olunub. Onun teatra gəlişindən nələr gözləyirsiniz?
- Bəhram
Osmanov bizim teatra yad bir insan deyil. O, kollektivi Cənnət Səlimovadan
qabaq tanıyır və bizim tamaşaları uzun müddətdir
ki, hazırlayır. Bəhram Osmanov quruluş verdiyi Əjdər
Ola məxsus “Molla Nəsrəddin Əmir Teymurun filləri”
tamaşasında mənə 4 obraz həvalə etmişdi.
Bundan başqa teatrımızda “Viktoriya”, “Hacı Qara”(bərpa
edib) kimi tamaşalara quruluş verib. Bəhram Osmanovun
hazırladığı tamaşada aktyorun çiyinlərinə
elə də böyük yük düşmür. O,
bütün kollektivlə işləyəcəyinə söz
verib. Gələn kimi, bütün kollektivi yığdı və
aktyorların fikrini öyrəndi, nə kimi dəyişiklər
istədiyimizlə maraqlandı.
- Sizcə nəyə görə
bizim gənc aktyorlarımız xaricdə tanınmırlar?
- Əhalinin
sayı, kütlənin televiziyaya marağı hər ölkədə
başqa formadadır. Məsələn, Türkiyənin əhalisi
75 milyondur, bizdə isə 9 milyon. Bizdə serial gedəndə
bu seriala 100 min adam baxsa sevinirik. Türkiyədə isə ən
azından minimum 1 milyon adam baxır. Göstəricilər tam
fərqlidir.
- Sizcə əhalinin sayı tanınmağa mane olur?
- Yox, deməzdim mane olur. Son zamanlar
bizdə sosial şəbəkələrə, internet saytlarına maraq güclənib. İnternet saytlarının
da dünyada tanınmaqda böyük rolu var. Bizim internet vasitəsilə tamaşalarımızın
xarici saytlarda yerləşdirilməsi bir
çox vasitələrlə
qarşısı alınır.
İndi
biz çalışırıq ki, tamaşaçılarımzı
çəkib internet saytlarında,
elə öz səhifəmizdə göstərək.
Bizim teatrın internet
saytının düzəlməsi
də bir az gecikir.
Teatra bununla məşğul olan peşəkar insan lazımdır. Tamaşaların reklamı, Azərbaycan
teatrında demək olar ki, yox
səviyyəsindədir.
Seriallarımız fərqlidir
- Bizdə çəkilən
seriallar tamaşaçıları
o qədər də qane etmir. Siz necə,
çəkilən serialların
keyfiyyətindən razısınızmı?
- Biz heç nəyi bəyənmirik, hər şeyin də yaxşısını istəyirik.
Elə götürək qonşu
Türkiyəni, onlar da yeni serial çəkiminə başlayanda
keyfiyyətsiz çəkilib.
Ancaq indi Türkiyə serialları dünyanın
ən məşhur seriallarından biri hesab olunur, hardansa
başlamaq lazımdır.
Heç kim
birdən-birə yüksək
səviyyəli serial çəkmir.
Hazırda çəkilən serialları görəndə
sevinirəm. Hansı rejissorla
danışıramsa seriala
çəkmək üçün
aktyor axtarır.
Bu sevindirici bir
haldır ki, aktyorların, rejissorların
artıq işləri
var. Aktyor avara qalmır, ya da ki, təkcə
teatrla kifayətlənmir.
Bütün serialların baş
qəhrəmanları Gənc
Tamaşaçılar Teatrının
aktyorlarıdır. İstedadlı cavanlarımız çoxdur.
İnsanlar bir az səbrli
olsunlar, hər şey düzələcək.
Bizim üçün tamaşaçının
fikri çox önəmlidir.
- “Qaynana”
seriyalında ekran arxasında nələr baş verir?
- İçəri girişdə
belə bir söz yazılıb: “Serialın keyfiyyətli olması üçün
bu qapıdan girərkən gülərüz
olmanız vacibdir”. Yəni əhval-ruhiyyə
olanda serial daha yaxşı və keyfiyyətli alınır.
Azərbaycanda yeganə olaraq
“Qaynana” ilə “Aramızda qalsın” serialları türklərin
serial prinsipləri əsasında
çəkilir. Onların qurduğu
sistemlə işləyir
və bunu heç cürə dağıtmaq mümkün
deyil.
Xəyalə Rəis
Kaspi.-2012.-1 noyabr.-S.11.