Hamı”ya bir “Mesaj”
Səlim Babullaoğlu “Hamı”ya ümumi baxış
Vaqif Bəhmənli
şeirin sirrlərinə, texnikasına vaqif olan usta şairdi,
bir çox şeirləri ilə milli poeziyamızın Vaqiflər
zəncirində (Molla Pənah Vaqif, Vaqif Səmədoğlu, Vaqif Bayatlı) elə bir halqadı ki, olmazsa,
olmaz. Nə olmaz? O qədər çox
şey ki...Sadalanması uzun çəkən bu suala professor
Nizami Cəfərov, Əbülfət Mədətoğlu,
Ağacəfər Həsənli, Etibar Cəbrayıloğlu və
çoxları cavablar da veriblər, cavablar da axtarıblar...
O Borxes idi ki, onlarla poetik və nəsr əsərinin
toplandığı bir qalın kitab haqqında rəyi bir
kiçik hekayə həcmində, yığcam, amma olduqca
dolğun, yəni, elə bədii mətnin özü qədər
maraqlı yaza bilirdi, hətta müstəqil janra da
çevirmişdi resenziyanı. Təəssüf ki, mən də
bir çoxları kimi o adam deyiləm.
Amma yaxşı anlayıram ki, əgər “şair ənənəyə
sədaqət göstərib yazacaqsa, yazdığının ən
yaxşı məziyyətlərinin belə yazdığı
dilin ayağına yazılmaq qorxusu var”. Vaqif Bəhmənli bunu əlbəttə
ki, bilir, amma bilə-bilə yazır:
“Sevda
körükləyir iki sinəni,
Nə
yaman alışır köz aramızda
İsti
sinən sini, sinəm səməni,
Yavaş
ol, əzilər yaz aramızda...”
Çünki arxayındır, təhtəlşüur
olaraq bilir ki, daha fərqli, daha gözəl məqamı var bu
şeirin. Bəndi
təkrar-təkrar oxuyanda əvvəl qeyd elədiyim, az qala aksioma kimi görünən fikir
dağılır, puç olur. “Ənənəvi qat və ənənəvilik
duyğusu” öz yerində, bənddəki alliterasiya ( “s”lar; Sevda, iSti, Sini, Sinə, Səməni) və
təkrir (sinəni, sinəm, sinən),səs
sırasının gücü bir tərəfdən,
aşiqanə mahiyyəti və xəlqi lüğət tərkibi
də digər tərəfdən bu şeiri milli
poeziyamızın müntəxəbata çevrilmiş
şah nümunələri (məs.: “Çərşənbə
günündə çeşmə başında”/Aşıq
Ələsgər) ilə bir sıraya qoyur. Fərq isə
adamı, oxucunu çaşdırır... Sevda qəlbi
körükləyir, alovlandırır, köz alışır.
Bir sinə (qadın sinəsi) siniyə, digər sini səməniyə
(kişi sinəsi) bənzədilir, sonra isə
deyilir ki, yavaş ol, əzilər yaz aramızda. Vizualdı hər şey, görünəndir.
Qadın sinəsinin siniliyi qədər tüklü kişi sinəsinin səməniliyi o qədər
görünəndir ki. Elə indiki kimi adi
sözlərlə yazanda, mənim kimi yozanda, çözələyəndə
bir qədər vulqar təəssürat yaranırsa da, Vaqif Bəhmənlinin
şeirinin diliylə bu olduqca zərif təqdim olunur. Hələ sinələrin arasındakı əzilmək
qorxusu olan “yaz”a diqqət yetirin. Gözləniləndi
ki, arada səməni əzilməsin. Yəni
Vaqif Bəhmənli belə yazsın. Amma şair bunu
demir, məhz “yaz” deyir. Bu çox incə məqamdır,
yazın rəmzi olan səməni desəydi,şeir
içində bu kişi sinəsinin əzilməsi demək
olardı, ilk baxışdan vizual dürüstlük sanki
gözlənilsə də (səmənin,otun əzilməsi
vizual olaraq daha təbii görünə bilərdi) , bu
doğru olmazdı, kişi sinəsi qadın sinəsiylə əzilməz.
Qanın cuşa gəldiyi “yaz”, sevginin
ehtirasın, oyanışın rəmzi olan “yaz”dan
danışır Vaqif Bəhmənli. O yazın rəmzi
isə,bəli, tamamilə doğrudur, məhz
səmənidir, o səməni ki, min illərdi tabaqlarda,
boşqablarda, yəni, elə sinilərdə qoyulur, orda
göyərir, boy atır. Məsələ də budur ki, “ əzilməsin
yaz aramızda” deməklə Vaqif Bəhmənli, bir sətir əvvəl
siniyə və səməniyə bənzətdiyi sinələri
“birləşdirir”, səmənini siniyə “otuzdurur”, ondan
“yaz” və sevgi düzəldir, sonra isə qadına “yavaş
ol” deyir. Yavaş ol-yəni sevgi bitməsin;
yavaş ol- dilə-dişə düşməyək;
yavaş ol- şükr elə, xoşbəxtliyi özünə
çox görmə. Və bütün bu
“yavaş ollar” gözəl bir tapıntı, əsrarəngiz
bir deyiş olan “yaz əzilməsin” sözləri ilə bitir.
Və beləcə vizual və mahiyyəti baxımından
çox qatlı, ikidibli kiçik və gözəl bir
şeir, 11-lik şedevr ədəbiyyatımızın,
oxucularımızın, “Hamı”nın
malına çevrilir.
“Hamı”da
müxtəlif mövzularda, növlərdə və metrik
ülgülərdə olan şeirlər var: qoşma var, qəzəl
var, rübai var; hecanın 11-liyi var (11-lik daha çoxdur) , 9-luğu var; müəllifin “Səkkizlik”
dediyi səkkiz misralıq 15-lik var.
Kitabın
fəsil bölgüsü də maraqlıdır : “O”, “Mən”,
“Sən”, “Biz”, “Sİz”, “Onlar”, “Hamı”, “Söz”, “Nöqtə”;
şəxs əvəzlikləri “Hamı”ya keçir,
“Hamı” və hər şey “Söz”dür; bütün
sözlərdən və cümlələrdən sonra
“Nöqtə” qoyulur, ya da ki sonucda elə hamı nöqtədir
və zərrədir...
Vaqif Bəhmənlinin
oğluna yazdığı şeirlər var, “bir ata öz
oğluyla bu qədər açıq, yox, bu qədər
çılpaq danışa bilərmi?!” deyə
düşündüm onları oxuyanda Görünür ata
Vaqif şair Vaqif Bəhmənli olmalıdı bunun
üçün...ya da tərsinə...
Kimsə
deyib, nə vaxtsa oxumuşam, müəllifini
xatırlamıram, deyib ki, şair həm də o kəsdir
kateqoriya müəyyənləşdirməli, tərif verməlidir,
o bilsin ki, bu tərif unudulub, eləysə unudlmuş o məhfumu,
o tərifi bəşərin ümumi yaddaşının
saxlancından tapıb çıxarmalı, təsdiqləməli,
xatırlatmalıdır... Şair Vaqif Bəhmənli bunu
“Hamı” da bir çox yerlərdə edir; bəzən tərif
verir, müəyyənləşdirir, bəzə də
xatrıladır: “Nə suyam, nə dənəm,/ bilmirəm nədənəm?-
/bir tökmə bədənəm,/həm də ki, vətənəm...//
Vətənəm özümə,/ özüm, həm vətənəm.../
Özümdə başlayıb,/özümdə bitənəm...”
Çoxmu adam insan üçün öz
təninin, öz bədəninin özünə həm də
vətən olduğunu bilir, xatırlayır?! Çoxmu adam özündə qurtardığını,
vətənində, torpaqda davam elədiyini hiss edir?!
Bir “Mesaj”
Kitabın, kitabdakı şeirlərin haqqında
danışılası yerləri, məqamları çoxdur;
amma mən bir şeirdən daha ətraflı danışmaq
kimi vərdişimə sadiq qalacam, çünki bir şeiri
düzgün oxumağı və anlatmağı bütün
kitabı düzgün oxumaq, bir şairi daha dərin tədqiq
eləməyi elə bütün ədəbiyyatı dərin
tədqiq eləmək sayıram.
Oxuyaq
“Hamı”dan birini, “Hamı” dakı “Mesaj”ı- bu uzun şeiri
gəlin birlikdə oxuyaq: “ Aleksandr Sergeyeviç,/ qaydasız
yazdım bu şeiri,/ amma faydasız yox...// Baxmayaraq ki, siz/
şairlik etalonu/Puşkin deyilsiniz,/ amma/ oğlumun
qayınatasısınız!/ Sadəcə/ ayrı-ayrı
düşüncələrdə,/ ayrı-ayrı dillərdə/
danışırıq biz,/ Həm də bizi/ Puşkin deyil,/
İskəndər birləşdirir- /nəvəmiz...//
İndi,/ Aleksandr Sergeyeviç,/ Rus şeirinin günəşi/işığı
bizdən alır,/ Hələ/ körpədir İskəndər,/
şeirsiz şairdi o-/sevgini,/ qidanı,/ ədanı/
yalnız bir çeşmədən-/gözdən alır./
Aleksandr Sergeyeviç,/ kömür,/ dəmir,/ və əlbəttə
ki, neft xəlitəsidir nəvəmiz,/ Sərhədsiz və
bütün/ bir məmləkət yaratmaq idi məramı/Makedoniyalı
İskəndərin-/ Nə bilək, / bəlkə,
dünyanın sərhədsiz / xəritəsidir nəvəmiz?!//
Siz, yaxşı adamsınız,/ Aleksandr Sergeyeviç,/ Bizim
yerdən / min beş yüz kilometr aralıda/ Natəvan
balamı böyütdüyünüzə,/ və onu,/
heç bir təmənna güdmədən/ mənim
qaraşın,/ qaraşirin/ ağıllı qafası/ bir az
qarışıq oğluma/ qıydığınıza
görə!/ Siz də sağ olun,/ Tamara bacı,/ bu çətin
işə/ qol qoyduğunuza görə...// Xoşbəxtəm,/
Aleksandr Sergeyeviç,/ gəlinim Natəvan/ kəklikotu
qarışıq/ elə çay dəmləyir ki, inan, / qantəpərin
də tamını/ duyuram o çaydan.// Nəyimə
lazımdır mənim/ nəhayət ki, xoşbəxt
olduğumu/ kim görür, kim görmür-/Əsas odur ki,/
oğlum/ bizim əlimizdən/ zəncir gəmirmir,/ daha
köks ötürmür,/ Aleksandr Sergeyeviç, / daha
köks ötürmür...// Dost!/ Mən indi anladım ki,/ sərhədlər,/
sərt hədlər,/ adətlər, / bir də ki, məkan/mane
olur/bəxtiyarlığa eyzan,/Azadlığın/qolunu
qandallayır onlar,/İnsanın nəinki dərisini,/ hətta
ruhunu da/gicitkən zalımlğıyla/ dalayır onlar./
Aleksandr Sergeyeviç, / bizim yerin adətinə uyğun/
ayağınız altda kəsməyə/ hazır eləmişəm
toğlunu,/ çünki, siz/ iki ən böyük müjdəni-/
Natəvanı verdiniz,/ hələ üstəlik/
qaytardınız mənə/ itkin düşən
oğlumu...// Aleksandr Sergeyeviç,/ daha nə yazım, /
artıq söz nəyə lazım?/ Ötən yay sizə gələndə/
qapınızda yediyim gilasın dadı/ damağımın
yadımdadı.../ Ömrüm boyu yaddan çıxmaz! / Gilas
göndərin bir az!//...Bilirəm, dərərsiniz, /dərib
göndərərsiniz,/ Nigaran qalmayın /səbət
sarıdan,/ yollaram geri,/ Həssas adamsınız siz,/ Aleksandr
Sergeyeviç,/ o səbətin dibinin/ ən dərin
boşluğunda/ sizə dua eləyən, /
çırpınan ürəyimi/ şübhəsiz, görərsiniz...”
Bu şeirin ilk diqqət çəkən məqamı
budur ki, məktubdur, elə adından bəlli olduğu kimi
mesajdır (əminəm, Vaqif Bəhmənli bu şeiri
sms/mesaj kimi Aleksandr Sergeyeviçə göndərmək
üçün telefonunda yığmağa ərinərdi, tərcümə
eləməkdən danışmıram hələ). Yəni,
epistolyardır. Epistolyar janrın isə
özəl bir xüsusiyyəti var, o məktub yazanın
konsentrasiya hissini və səmimiyyətini gücləndirir.
Niyə? Ona görə ki, adətən
yazılan bütün növ bədii mətnlərin
adresatı konkret olmur, məchul oxucuya, yaxud oxucu modelinə
yönəlir, belə hallarda isə səmimiyyət
adresatın səhihliyi ilə adekvat olur, yəni bir az məchul. Yalnız məktub janrı konkret
adresatı nəzərdə tutduğuna görə, yazar
onunla üzbəüz danışır bir tövrlə səmimi
yazmağa “məcbur” olur...
Bu şeir, həm də avtobioqrafikdir. Mən iddia eləmirəm
yüzəyüz müəllif bioqrafiyasıdır, elədisə
də belə, bunun mənə, oxucuya nə dəxli; hərçənd
iddia edirəm ki, bu insan Vaqif Bəhmənlinin şair Bəhmənli
ilə şərik olduğu (+bu şeirdəki) alter eqonun
bioqrafiyasının bir parçasıdır; özü də
yüzəyüz. Demək, avtobiqrafiya üstəgəl,
epistolyar üslub səmimiyyəti birəmin artırır.
İlk
xitab və xitabdan sonrakı ilk sözlər elə duyğu
yaradır ki, Vaqif Bəhmənli böyük rus şairi ilə
söhbətə başlayır; özü də bu söhbətin
davamı şeir haqqında olacaq, çünki müəllif
“qaydalı rus şeirinin nəhəngi” Aleksandr Sergeyeviç
Puşkinə “...qaydasız yazdım bu şeiri, amma
faydasız yox...” deyir. Amma şeirin birinci oxusu
bitəndən məlum olur ki, elə deyil, bu bir atanın digər
ataya minnətdarlıq məktubudur. Hərçənd
onu da ehtimal eləmək olar ki, məhz “Aleksandr Sergeyeviç,
qaydasız yazdım bu şeiri, amma faydasız yox” kimi sətirlər
şeir bitəndən sonra müəllif tərəfindən
təkrar qayıdılaraq əlavə olunmuş hissədir; əks
təqdirdə Vaqif Bəhmənli “...yazdım” yox,
“...yazıram” yazmalıydı... Yəni, giriş belə
olmalıydı: “Aleksandr Sergeyeviç, qaydasız yazıram
bu şeiri, amma faydasız yox”. Yaxud da ki, müəllif bunu
bitmiş keçmiş zamanda yazmaqla, eləcə bir fənd işlədir : oxucu, bir cümlə sonra biləcək
ki, Aleksandr Sergeyeviç- sadəcə bir addır, adi bir
eyniyyətdir. Hər necə olur olsun,
adresatın inisialları xüsusən maraqlı edir şeiri.
“Sairlik etalonu” böyük rus şairinin “sıravi”
adaşına Azərbaycan şeirinin 70-cilər nəslinin
görkəmli nümayəndəsi olan Azərbaycan
şairinin sıravi həyat dolu məsələrlə
bağlı xitabı dad qatır şeirə; bir az da əyləndirir; çarpaz simmetriya
duyğusu yaradır.
Bizi “...
ayrı-ayrı düşüncələrdə,/ ayrı-ayrı dillərdə/
danışırıq biz,/ Həm də bizi/ Puşkin deyil,/
İskəndər birləşdirir- /nəvəmiz...” deyə
yazır Vaqif Bəhmənli, sonra isə: ”Rus şeirinin
günəşi işığını bizdən alır”
-deyir. Müəllif burda dəqiq bir qənaətə gəlir:
dillərin ayrılığı- düşüncələrin
ayrılığıdır, çünki
dil-düşüncənin proyeksiyasıdır. Başqa tərəfdən, “bizi Puşkin deyil, nəvəmiz
birləşdirir...” deyir şair Bəhmənli. Nəyi
nəzərdə tutur ? Yəqin, əvvəla
onu ki, Puşkin haqqında danışsaydılar (ya da Molla Pənah
Vaqif məsələn), onların birləşmə nöqtələri
çox, yaxud başqa ola bilərdi;
çünki böyük poeziyalar adi, gündəlik dil və
mental fərqlərə rəğmən bəşəri
düşüncələrin ortaq zirvələridir; digər
tərəfdən bu cümlə inisalların böyük
şairə yox, yalnız onun adaşına aid olduğunu dəqiqləşdirmədir
həm də; və nəhayət bu əsas şəxsi mətləbə
girişdir. Nəvə İskəndər... hə....
Rusca desək, on je Aleksandr. Maraqlı
tranformasiyadır: Aleksandr Sergeyeviç- Aleksandr Makedonskiy-
Makedoniyalı İskəndər- balaca İskəndər.
Ortaq məxrəcdir. “İndi,/ Aleksandr
Sergeyeviç,/ Rus şeirinin günəşi/işığı
bizdən alır...” Bəs, bu nədir? Bu
“poeziya və hərb sərkərdələrinin” hər
iksinin adaşı olan nəvəni babanın
uğurlamasıdır; bir az da babanın
ümidləridir. Baba şairdir və
müdrikdir, hərbin, yox poeziyanın lehinə seçim edir,
bilir ki, “hələ körpə də olsa İskəndər”
onu da şair saymaq olar. “Şeirsiz şairdi o-sevgini,
qidanı, ədanı, yalnız bir çeşmədən-gözdən
alır...” Bəli, körpə qığıltıları bəlkə
də dünyanın ən gözəl şeirləridir...
Üstəgəl, “bəlkə də dünyanın sərhədsiz
xəritəsidir nəvəmiz...”- deyərək növbəti
gözəl təyini, gözəl tərifi verir; yuxarıda
demişdim axı, şairlər, ya müəyyənləşdirir,
ya da xatırladır...
Amma ondan əvvəl
“Aleksandr Sergeyeviç,/ kömür,/ dəmir,/
və əlbəttə ki, neft xəlitəsidir nəvəmiz”
deyir müəllif. Demək ki, balaca İskənədərin
anasının vətənində kömür, atasının
vətənində isə neft çıxır, müəllif
bura dəmir əlavə edir ki, hamımızın
qanının tərkibində ferrum, yəni dəmir vardır.
Bu fikrimcə şeirin çox maraqlı məqamıdır...
Məlum, çox anlaşıqlı başqa məqamları
çözməyək. Bir çox yerlərdə onların
üzərindən keçəcəm.
Ata təşəkkürü ilə doludur şeir. Əslində
övladının başqa millətdən olan bir xanımla
uğurlu izdivacına görə ata minnətdarlığıdır
bütünlüklə bu şeir. Ata həm buna, həm
də görünür, oğluyla arasında yaşanan,
ümumiyyətlə zaman-zaman bütün ataların
ağrıyla yaşadığı “atalar və oğullar”
probleminin bitdiyinə görə, çox sevdiyi oğlunun
üsyanlarının sakitləşdiyinə, oğlunun “zəncir
gəmirmədiyinə” görə xoşbəxtdir...Və
onun üçün fərq eləmir ki, bu xoşbəxtliyi
kimsə görür, ya görmür- bunu da qeyd edir müəllif.
Bu minnətdarlıq hissində anlamaq da var. Anlamaq da var ki, sən
demə bizim, insanların, millətlərin kompleksləri
varmış, Başqa millətlərlə qohum olmaq kimi bir
kompleksimiz varmış.Sən demə sərhədlər-sərt
hədlər imiş...bu da daha bir tərifdir...Şeirin əvvəlində
qeyd olunan düşüncə və dil
ayrılıqlarının “şərti və trafaret”
olmasının növbəti poetik təsdiqidir bu.
Şair
ata hətta o qədər xoşbəxtdir ki, başqa bir
şeirində qurban kəsilməsinin əleyhinə olan
şair oğlunu xoşbəxt edən qızın
atasının ayaqları altında toğlu da
hazırlayıb kəsməyə... Hərçənd
ciddi və məlum fərqlərlə yanaşı qurban
bayramının tarixçəsindən xəfif sezilən nəsə
vardı burda...Hər iki hadisədə ovlad və ata
münasibəti var.
Şeirin sonunda şair qonaq getməsini, qudasının
qapısında gilas yeməsini xatırlayır səmimiyyətlə. Hətta ərklə
dadı “damağının yadında” qalan (müəllif məhz
belə deyir, “dadı damağımdadır” demir,
“damağımın yadındadır” deyir ki, məncə bu
daha dəqiq və poetik deyişdir) gilasdan göndərməsini
istəyir oğlunun qaynatasından. Və nəhayət
şeir boyu hiss olunan böyük səmimiyyətin çox
uğurlu sonluğuna şahidlik edirik: “Bilirəm, dərərsiniz,
dərib göndərərsiniz, (burası lap bayatıya
oxşayır- S.B.)Nigaran qalmayın səbət sarıdan,
yollaram geri, Həssas adamsınız siz,Aleksandr
Sergeyeviç, o səbətin dibinin ən dərin
boşluğunda sizə dua eləyən, çırpınan
ürəyimi şübhəsiz, görərsiniz...” Ata minnətdarlığın bir şeir içində
son həddi. Bəlkə elə bir
ömür içində də.
Şeirin gözəl məziyyətlərindən biri də
müəllifin adresata “siz” deyə müraciətidir. Bu şeiri alicənab,
ağayana edir, təkcə ədəbiyyat kimi deyil, həyat
kimi də mədəniyyət(+lilik)
faktına çevirir.
Mən bu şeirin daha bir vacib məqamına toxunmaq istəyirəm. Ən vacib məqamına
həm də.
Sirr deyil, istənilən şeir linqvistik fenomendir, səs
hadisəsidir, təkrarolunmaz səs sırasıdır. Təəssüf ki, bizim ən
az diqqət yetirdiyimiz məqamdır. Diqqət
edin: sadə, anlaşıqlı sözlər, cümlələr
(bu keyfiyyətlər isə ənənəvi-metrik şeirlərini
daha çox 11-lik hecada yazan şair Vaqif Bəhmənlinin
bütün yaradcılığına xas poetik kredosudur həm
də) , özü də epistolyar
üslubda, xitabla, məktub kimi yazılan bu şeirin əvvəlində
müəllif belə deyir: “Aleksandr Sergeyeviç, qaydasız
yazdım bu şeiri, amma faydasız yox...” . Bu
haqda şeirlə bağlı girişdəcə bəzi məqamları
demişdim. Demişdim ki, ola bilsin şeir bitəndən
sonra əlavə edib müəllif bu hissəni, indi isə
özümə balaca düzəliş edirəm: ola bilsin
Vaqif Bəhmənli şeiri yazmağa başlayanda “qaydasız
yazıram” şəklində yazıbmış bu “cümləni”,
bitirəndən sonra isə “yazıram”ı “yazdım” şəklində
düzəliş edib; rezümesini, insiallarla bağlı
poetik fəndi (bu həm də həyat həqiqətidir: adam
Puşkinin adaşıdır da) əvvələ gətirib. Nəsə,
deməyim budur ki, indiyə qədər yazılanlar,
yazdıqlarım bu şeirin müəllifin elə
özünün dediyi kimi faydasız olmadığını
təsdiqləyən tədqiq idisə, indi deyəcəklərim,
yenə də müəllifin özünün dediyi kimi, amma
bu dəfə qaydasız olduğunu “inkar edən” tədqiq
olacaq. Əksinə, bu şeir qaydalıdır.
Müəllif ayrıclarına görə bu şeir 115
sətirdən ibarətdir. Amma bütöv
informasiya daşıyıcılığına, bitkinlik xassəsinə
görə normal cümlələrə ayıranda bu şeir
45 cümlədir. 30-u cüthecalı, 15-i
tək hecalı. Rəqəmlərə diqqət yetirin:
7+15+19+11+24+18+9+14
+ 8+7+ 18 +7+18+28+18+14+26+11+30+23+10+20+16+24+
18+19+
8+25+12+10+26 +28+18+18+12+7+28+8+7+7+7+16+14+14+20
115 də, 45 də, 30 da, 15 də beşə
bölünür. Təkhecalılar cüthecalıların
yarısıdır. Cüthecalılar
müllif bölgüsüylə şeirin 23/6, hissəsi,
bizim bölgüylə 9/6 hissəsidir. Təkhecalılar
isə müəllif bölgüsüylə 23/3, bizim
bölgüylə isə 9/3 hissəsidir şeirin. Ya başqa cür desək, bizim bölgüylə 45
elə 9 (4+5), 30 elə 3 (3+), 15 isə 6 (1+5) dir. Əlbəttə,
bu uyğunluq başqa uyğunluqları da qaçılmaz
edir. Bunun üçün vurğuları,
vurğu topalarını tədqiq eləmək
lazımdır.Qalsın başqa vaxta.
Vaqif Bəhmənlinin bu şeiri mənim onun
yaradıcılığından çox sevdiyim bir şeiri
kimi yadımda qalıb. İlk oxuduğum vaxtdan. Əminəm ki, “Hamı”dan hamı üçün
olan bu “Mesaj” sadaladığım və sadalamadığım
bir çox keyfiyyətlərinə görə ədəbiyyatımızın,
ədəbiyyatşünaslığımızın ciddi bir
faktı kimi yadda qalacaq.
Bəhruz Axundovun naşiri olduğu, “Çağdaş”
nəşriyyatının nəfis tərtibatla
buraxdığı bu gözəl kitab inanıram ki, təkcə
əmtəə kimi deyil, həm də ciddi poetik toplu kimi
çox sonralar da müzakirə predmetinə çevriləcək. Buna usta şairimiz Vaqif Bəhmənlinin
yaradıcılığı əsas verir. Şairlik
yüzmetrəyə qaçış deyil, marafondur. Bu gün 70-ci illər ədəbi nəslinin bu
marafonu uğurla davam edən azsaylı təmsilçisi,
“İlham pərisini heç yerdə görmədiyini” deyən,
“jurnalistikanı poeziyanın qapısında qul kimi saxlayan”
Vaqif Bəhmənli yürüşünü davam edir. Geniş nəfəsi, məhsuldarlığı ilə
təsdiq edir ki, yazmaq ardıcıllıqdır həm də.
Yola sədaqətdir.
Vaqif
müəllim, “Hamı” kitabında yazırsız: “Mən
hamı üçün yazıram... Hamı
susur...Axı, niyə hamı susur? Axı, mən
hamı üçün yazıram...” Görürsüz,
“Hamı” susmur...danışır, danışdırır.
Uğur oslun!
14-15
avqust, 2012-ci il...
Sözardı...
Yazı xeyli əvvəl yazlıb. Yazandan sonra
“dincə” qoyuram yazıları, sonra təkrar qayıdıb
işləyirəm. Bu yazıdan sonra araya Ramazan
bayramı, halsızlıq, məişət, səfərlər
girdi...
BSU-nun
Yaradıcılıq fakültəsində iki həftə əvvəl
“Şeir və tərcümə sənəti: nəzəri və
praktiki problemlər” adlı fənndən mühazirələr
oxumağa başlayanda, ilk mühazirə artıq geridə
qalıb, təhlil üçün dinləyicilərə
hansı mətnləri seçməyi düşünəndə
dünya klassikləri ilə yanaşı Rəsul Rza,
Müşfiq, Əli Kərim, Vaqif Səmədoğlu, Ramiz
Rövşən, Çingiz Əlioğlu, Zəlimxan Yaqub,
Kamal Abdulla və Əjdər Oldan ibarət siyahı tərtib
elədim, həmin müəlliflərin yazılarımda təhlil
elədiyim şeirlərini götür –qoy edəndə,
xatırladım ki, Vaqif Bəhmənli haqqında
yazdığım yazıya hələ də
qayıtmamışam. İndi siz bu sətirləri
oxuyanda yəqin ki, ikinci mühazirə də bitmiş olacaq və
mən o mühazirədə inşAllah Nəcib Fazilin”Otel
odalarında” və sizin “Mesaj” şeiriniz haqqında da
danışmış olacam.
Sizə
insan kimi minnətdarlıq bir borcum var, yox, bu yazı əsla o
borca görə yazılmayıb, amma o borc məni məcbur
edir ki, elə bu yazının “sözardında” bunu
“hamı”nın yanında dilə gətitim.
Söz vaxtına çəkər, bir il əvvəl, İstanbulda kitab festivalındaykən səfərimi yarımçıq qoydum. Anam can üstəydi. Qulağı qapıdakı səsdə, hər tıqqıltıya diksinir, məni gözləyirmiş. Təəssüf, çata bilmədim.Özümü o səfərə görə bağışlaya bilmirəm. İstanbulda, hava limanında, saat 4.15-də, anamın telefonumdakı son videoçəkilişinə baxmaq istədimsə, nə illah elədim, açılmadı videoyazı. Hə, Vaqif müəllim, mən iki qitənin arasındakı şəhərdəykən, yerlə göyün arasındakı limandaykən anam da iki dünyanın arasında son saniyələrini yaşıyırmış. Bunu elə onda başa düşdüm. Amma siz olmasaydız, mən dəfnə də yetişə bilməyəcəkdim. Valideynlərin qürur keçirdikləri “övladımın çiynində getmək” arzusu da həyata keçməyəckdi anamın. Buna görə sizə təşəkkür edirəm. Və özümü sizə həmişə borclu biləcəm. Sonrası da var. Bakıda mənə bir şeir oxudunuz. Mənə ünvanlanmış şeir. Təxminən bu misralar vardı: Anaların oğul doğduğunu görmüşdük, o gecə oğul ana doğurdu...Buna görə də sizə minnətdaram. Çox dəqiq müşahidə idi. Anladım ki, yalnız yaxşı şairlər bunu anlaya və beləcə ifadə edə bilərlər...Daha sonra 2008-ci ildə Kiyevə səfərimizi, 2009-cu ilin 26 fevral gününə (bu tarix Xocalı soyqırımına görə dəqiq yadımda qalıb) təsadüf edən birgə səfərlərimizi xatırlayıram, Bişkekə: Rəşad Məcid də bizimlə idi. Və nəhayət bir ay əvvəlki Moskvada birlikdə olduğumuz səfəri. Moskvada görüşdə siz “Desəm” şeirinizi oxuduz. Səsiniz, avazınız hələ də yadımdadır. Bu təkcə şeir deyildi, həm də sizin avtoportret idi. İndi bütün olanlar və oxuduqlarım sizin zahirən soyuqqanlı, daxilən isə olduqca kövrək ,həssas obrazınızı bütünlüklə canlandırır. Mən bu obraza uğurlar arzulayıram...
Kaspi.-2012.-3-5 noyabr.-S.10.