ŞƏMS TƏBRİZİNİN HEKAYƏTLƏRİ 

 

 ŞƏMS TƏBRİZİ haqda

 

Şəms Mövlananı Mövlana eləyəndi. Şəmslə qarşılaşana qədər Mövlana alimdi. Konyanın sevimlisi, kamil, fərasətli baş müdərrisidi.* Ağlın və onun övladı olan biliyin dairəsi içində dolaşan məntiqli İslam alimini cazibə adamına çevirən Şəmsdi.

Şəms qəfildən gəlir. Yaşı qırxı haqlamış Mövlananın bəlkə də heç gözləmədiyi, ümid eləmədiyi anda. Amma qırx peyğəmbərsayağı yaşdı. Üstəlik, son fürsətdi.

Qapı döyülürtaybatay açılır. Yolçu dinməzcə içəri girir. Yoldan keçirmiş… elə-belə baş çəkib… qala bilər…

Şəms qəribdi. Bu qəfildən gələn məğrur adam tamamilə başqa cür məğrurdu. Saxta təvazökarlığı təkəbbürə bərabər sayır, buna görə də ona nifrət eləyir. Qabiliyyət Allah vergisidisə, onu gizlətməyin də saxtakarlıq mənasına gəldiyini düşünə-düşünə məğrurdu. Dili ona görə bu qədər itidi. Qaydadan xaricdi, amma möcüzəlidi. Üstəlik, hər kəlməsində «bəla»ya dəvət var.

Şübhəli, naməlum, yad adamdı. Dayanacaq tanımayan yolçudu. Yolçunu yolundan saxlayan dilbərdi.

Şəxsiyyəti məlum deyil, ammaolar; Şəmsin saçları Təbrizin gecəsidi. Üzü İsfahanın günəşidi. Günəşlə Ay onun kəlamından tökülür. Çünki, Şəms xatırladır. Nəhayət, böyük qarşılaşma baş verib.

Şəmsdi. Şəms “Günəş” deməkdi. Elə bir daşqın yaradır ki, Mövlananın əngin dənizlərə oxşayan, amma hələ də külək görməmiş, sakit, əmin-amanlıq hökm sürən ruhunda Ayın kiçik dənizlərin səthində yaratdığı qabarma-çəkilmələrin onun daşqını yanında adını çəkmək belə olmaz. Çünki, Mövlana okeandı.

İndiyə qədər elə hey dənizlərin, ayların ardınca gedib, ancaq indi Günəşin cazibəsinə tutulub.

Gündəlik həyatın qarmaqrışıqlığından fərqli miqyasda, su torpağa hopan kimi yox, iki su bir-birinə qovuşan kimi qovuşurlar. Şəms Mövlananın həm canı, həm cananı olur. Müridi və mürşidi olur. Əslində, bərəkətin daşqını bu çoxluqdadı. Kimin aşiq, kimin məşuq olduğu bu qovuşmada bəlli deyil. Nə olar! Aralarındakı eşqdi. Zamanın, məkanın və cinsiyyətin hüdudlarını çoxdan aşmış, bu aşmaqla eşqin qaynağına gedib çıxmış, ədəbsiz baxışlar tərəfindən dərk edilməsi mümkün olmayan eşqdi. Dərk eləməyənləri də həssas olmadıqlarına görə bağışlamaq mümkündü, hardan dərk eləsinlər ki?..

Sonu o qədər qanlı gələcəyinə görə bəlkə, Şəms bıçaq kimi Mövlananın ömrünü ortadan düz ikiyə bölür. Əvvəllər Mövlana nəydisə, artıq o deyil. Təmkinliydisə, təmkindən əl çəkir, ağıllıydısa, ağlın hüdudlarını dağıdır.

Şəms sükut deyildi. Mövlana bu qədər fırtınanı necə gəzdirdi? Necə oldu ki, bu qədər yandı, amma külə dönmədi?

Şübhə yoxdu ki, Təbrizlinin ən qabarıq təsviri şübhəliliyidi. Amma onun şübhəliliyi şübhə yox, sirr olduğuna görə belə işıqlandırır. Kim olduğu, ailəsi, sülaləsi, mahiyyəti bəlli olmamaqla birgə bu mücüzəli şübhəliliyə ən uyğun gələn ad yenə də Şəmsdi. Şəms… Demişdim ki, günəş deməkdi. Bəlkə də buna görə Mövlana ayininin rəngi əvvəl qaradı, ağ tənnurə* sonra açılır.

Adı - Məhəmməd, atası - Əli, vətəni - Təbriz.

Vəssalam-şüttamam. Başqa heç bir şey yoxdu. Nə olar, elə qalsın!

Çünki, başqa bir şeyə ehtiyac yoxdu. Bu nə qədər səmimi sözdü belə!

Şəmsə də nə qədər yaraşır!

İki qübbə var İslam aləmində: ikisi də yaşıl, Qübbeyi-Hədradı. Biri Peyğəmbərin, biri Mövlananın. İndi Mövlana Qübbeyi-Hədrasının altındadı. Atası, oğlu, çələbisi* və katibi. Səlahəddini və Hüsaməddiniylə üzərində titrəyən zərif tünlüyünün arasındadı. Qıyıb toxunmaq mümkün olmayan nəcib, nəzakətli güldü; nazlı-qəmzəlidi. Vüqarlı-qururludu. Şəhər adamıdı, incədi, nəzakətlidi, zərifdi. Daha çox da zaman keçdikcə dərk olunur. Şəms uzaqdadı. Öz naməlumluğundadı. Bir guşədədi. Tənhalığındadı. Tənha yatır.

 

Tənhalıq eşqin vəkalətidi. Ölüm eşqin yüngülləşməsidi.

Hər eşq bir baş aparır. Bu dəfə baş verən Şəms olub.

 

Nazan Bəkiroğlu

 

HEKAYƏTLƏR

 

QƏLBLƏRİ ÇÜRÜDƏN XASİYYƏTLƏR

 

On pis xasiyyət üzündən qəlbləriniz ölüb. «Allah qəlbləri ölənlərin duasını qəbul etməz On pis xislət bunlardı:

1. Allahı tanıdığını iddia eləyir, amma ona olan borcunuzu vermirsiniz. Bu borcu, fəqir möhtaclara ehsanla ödəyin.

2. Quran-Kərimi oxuyursunuz, amma hökm qanunlarından xəbəriniz yoxdu. Oxuduqlarınızı həyata keçirin.

3. Şeytanın düşməniniz olduğunu iddia eləyir, amma ona itaət göstərirsiniz. Onun təkliflərindən boyun qaçırın.

4. Özünüzü Mühəmməd ümmətindən sayır, amma sünnəni həyata keçirməyə çalışmırsınız.

5. Cənnətə girmək istədiyinizi deyir, amma ona girmək üçün zəruriiəməllərin heç birini etmirsiniz.

6. Oddan aralı durmaq istəyir, amma günahlarınızla, pis əməllərinizlə özünüzü daim ona doğru sürükləyirsiniz.

7. Ölümün hamının başına gəldiyini bilir, amma ona heç bir hazırlıq görmürsünüz.

8. Bütün din qardaşlarınızın nöqsanlarını görür, amma öz nöqsanlarınızı görmürsünüz.

9. Allahdan gələn bütün nemətlərə şükr eləmədən yeyir, istifadə eləyir, amma ona olan minnətdarlığınızı sizə bəxş elədiyi nemətlərdən möhtaclara verməklə göstərmirsiniz.

10. Ölülərinizi, eyni sonun sizin başınıza gələcəyini billə-bilə, ibrət almadan basdırırsınız».

Peyğəmbərlər vəlilər güzgü kimidilər; güzgülər bizə üzümüzdəki çirkləri göstərdikləri kimi, övliyalar da sizə səhvlərinizi göstərirlər.

 

RUH

 

Ruh bu dünyaya aid deyil. Haqq mərtəbəsindən gəlib. Ruh bədənə girəndə, elə bil, qəfəsə salınır. Orda həbs həyatı yaşayır. Bədənimizdə bir çox başqa şey eləməyimizə şərait yaradan orqanlar var: məsələn, ürəyimiz. Amma bədəndə bu fiziki intuisiyaları əmələ çevirəcək güc olmadığına görə ruhdan kömək alır. Güc ruhdadı; amma vasitələr bədəndədi.

Ruh bu vasitələri istənməyən əmələ çevirəndə, o zaman ruhun xüsusiyyətlərindən danışmaq olar. Allah çirkin pis olan heç bir şey yaratmayıb. Pis çirkin olan bizim öz cüzi iradəmizlə elədiyimiz sui-istifadələrdi.

İndi bu vəziyyətdə pis hərəkətlərimizdən kim məsuliyyət daşıyır, bədənmi, ruhmu? Qiyamət günündə bədən ruhu, «Pislik eləməyə gücüm yoxdu» deyə, ruh da bədəni «Pislik eləməyə vasitəm yoxdu» deyə günahlandıracaqlar. Bir-birlərini günahlandırmalarına bu cavab veriləcək: Siz pislikdə bir-birlərinə yardım eləmiş olan götürümə kora oxşayırsınız. Götürüm görür, qərarları verirdi: amma korda pisliyi etdirəcək bədən güc vardı. İkisi günahkar idilər.

Nəfs öz-özlüyündə pis şey deyil. Nəfsinizi qəti günahkar eləməyin. Təsəvvüfi təhsilin vacib bir qayəsi nəfsin mərtəbəsini ucaltmaqdadı. Nəfsin ən aşağı mərtəbəsində ətrafımız tamamilə cismani şəhvani arzularla əhatə olunub. İkinci səviyyədə elədiyimiz bütün pislikləri görüb özünüzə qəzəblənirsiniz, hər şeyi Allahın rizasına uyğun eləməyə çalışırsınız. Bir sonrakı səviyyədəsə istər xeyir olsun, istər şər, Allahdan gələn hər şeyə razı oluruq.

Allah, «Biz Adəmə öz ruhumuzdan üfürdük» buyurmuşdu. Bax, ölüm anındakı «Rəbbinə qayıt əmrinə qədər bədəndə həbs olan ruh, həmin ruhdu. Ruhun ən aşağı səviyyələri bədəni tərk eləmək istəmir. Artıq, az qala, bədənin bir parçasına çevrildiklərinə görə oranı tərk eləməmək üçün üsyana qalxırlar.

 

PEYĞƏMBƏRLƏRİN VƏ VƏLİLƏRİN RUHU

 

Onların ruhları bizimkilərdən tamamilə fərqlidi. Daha təmizdilər. Bu kamil insanların bədənindəki dünyəvi maddələr dünyanın ən müqəddəs təmiz yerlərindən götürülüb. Bədənləri pislik işləmədiyi, tamamilə təmiz olduğu üçün ruh belə bədənlərə girəndə qətiyyən çirklənmir. Nəfsini tanıyan Rəbbini tanıyar» sözünü, az qala, hamı bilir. Bunun iki mənası var.

İlk mənası budur: öz ehtiyacımızı, arzumuzu, zəifliklərimizi bilir, bunun yanında sonsuz qüdrət sahibi olan Allaha iman gətiririk. Daha sonra da bizi bu dünyada qidalandıran, geyindirən, daldalanacaq verən hamiyə ehtiyacımız olduğunu bilirik.

İkincisi daha sirli izahdı. Allah «Sizə şah damarınızdan daha yaxınam» buyurub. Özümüzü tanıma müddətində Allahla olan bu dərin əlaqəni kəşf eləməyə başlayırıq. Bu əlaqədən istifadə eləyib Haqqa çatırıq. Bu dünyada olanda Allaha qayıtmaq, yəni ölməmiş yalnız yalnız O-nun əmrlərinə əməl eləməklə mümkündü. Allahıın arxasınca getməyib şeytana uyanlar ayrılacaqlar.

Bir salxım üzümü fikirləşin. Salxımdan qopan hər dənə dərhal çürüyür: amma qoparılmayanlar uzun yaşayırlar. Üzüm dənəsi salxımda qaldığı müddətdə qidalanır. Hər şey eynidi, zati etibarilə gözəldi. Çirkin olan yalnız zahiri xüsusiyyətlərdi.

 

YUXULARIMIZ

 

Yuxuda olanda ruh qəndildən düşən işıq kimi bədənlə olan əlaqəsini qırmamaq şərtilə onu tərk eləyir. Bu işıq gizli guşələrə qədər uzanıb özüylə əlaqəli olan bölümləri «oxuyur». Yatanda əl fənərinin söndürülməsi kimi ruh da vücuda geri qayıdır. Ruhun bu cür uzaqlara uzanmasının nəticəsində normal vəziyyətdə elmimizə çevrilməsi mümkün olmayan bir yığın şeyləri öyrənə bilərik. Amma bu öyrəndiyimiz hər zaman üçün ilahi elmin bir hissəsidi.

Yuxuda şeylər simvollar var; onları yalnız həqiqətən bilikli olanlar oxuya bilərlər; amma həmin simvollardan çıxarılan məna səviyyədən-səviyyəyə, adamdan-adama, ruhdan-ruha fərqlənir.

Hər bir adamda yeddi cür ruh var. Ruhi-mədəni, ruhi-nəbati, ruhi-heyvani, ruhi-insani, ruhi-mələyi, ruhi-sirr ruhi-sirrüs sirr. Yuxudakı simvollar bağlı olduqları ruh səviyyəsinə, onları dərk eləyən ruha görən adama görə fərqlənirlər. Sultan köləylə eyni yuxunu görə bilər, amma mənaları fərqlidi.

Yuxunu hansı səviyyəli ruhun gördüyü çox vacibdi. Ruhi-heyvani və ruhi-nəbatinin gördüyü yuxular adamın məqsədlərini və nəfsi arzularını əks etdirir. Məsələn, ac yatsanız, yuxunuzda böyük ehtimalla yemək yediyinizi görərsiniz. Ruhi-insani simvollar görür. Məsələn, ilan mal mənası verə bilər, amma dərviş görəndə alt dərəcədəki ruha işarə ola bilər.

 

ÖLÜM QORXUSU

 

Peyğəmbərimizin bir hədisi var: «Möminlər ölməzlər, amma nəql olurlar». Yəni, ölüm ayrı şeydi, nəql olmaq ayrı şeydi. Məsələn, sən dar və qaranlıq evdəsən, orda gəzə bilmirsən: ayaqlarını uzada bilmirsən, amma ordan, geniş bağçalı guşəyə nəql olsan, buna ölüm demək olarmı? Bu sözlərim güzgü kimi lap aydındı. Əgər səndə aydınlıq və zövq varsa, ölümü arzula (qorxma). Allah sənin köməyin olsun! Təbrik eləyərik, məni də dualarından əksik eləmə. Əgər belə bir zövq və arzu səndə yoxdusa, onda bu cür zövqü yarat, axtar, cəhd elə; çünki, Quranda bunu necə eləyəcəyin haqqında bu məlumat var: «Əgər səmimi möminsinizsə, ölümü arzulayarsınız» (“Bəqərə”, 94). Kişilər və qadınlar arasında mütləq belə səmimi imana malik olan adamlar var. Bu sözlər sizə güzgü olsun, öz halınızı da həmin güzgüdə görün. Ölümə nifrət eləmədikcə hansı halda və işdəsinizsə yaxşı hesab olunur. Bir işdə və halda çəkingənlik oldumu, bu güzgüyə baxıb qərar ver. Parlaq işıqda oturub ölümə hazırlaş, gözlə və ya cəhd göstərən kimi, sən də cəhd göstərib bu halı əldə elə.

İgid olan adam sıxıntılı vəziyyətində xoş və kədərli vaxtı xoşbəxt olmağı bacaran adamdı: çünki, muradlar muradsızlıq içində gizlənib. Ümidsizliyində nə qədər ümidlər var, amma dərhal narahat olmaq əsl ümidsizlikdi. Mən qızdırmalı, xəstə ola-ola xoşbəxtdim; çünki bilirdim ki, sabah sağalacağam, sağlam ola-ola sabah xəstə ola bilərəm, belə narahatlığım vardı. Bəzən deyirlər, «O yeməyi yeməsəydim, bu gün xəstə olmazdım». Bu sözlərdə təsəlli axtarırlar. İgid olansa, hər cür sıxıntıya dözməyi bacaran adamdı. Onun böyüklüyü budur. O, bu cür kamil insan olub.

 

 

Tərcümə edən: Nəriman Əbdülrəhmanlı

 

Kaspi.-2012.-3-5 noyabr.-S.16.