İndiki tamaşaçı salonda boş-boşuna əl
çalmaq istəmir
Xalq
artisti Qabil Quliyev: “Əgər tamaşaçı səhnədə
onu düşündürən problemin
işartısını görmürsə heç vaxt o
tamaşaya baxmaz”
“Teatr
mənəviyyatımızın aynasıdır, cəmiyyətimizdə
baş verən hadisələrin bir güzgüsüdür. O
güzgüyə həmişə baxmaq, diqqətli olmaq və
oradan nəyisə götürmək lazımıdır”.
Redaksiyamızın qonağı olan Xalq artisti, Lənkəran
Dövlət Dram Teatrının aktyoru Qabil Quliyevin bu fikirləri
müsahibəmiz boyu region teatrının bu günkü durumuna
da güzgü tutdu.
Tamaşaçıların qəlbinə
yol
- Lənkəran Dövlət Dram
Teatrı yeni mövsümü hansı tamaşa ilə
açdı?
- Lənkəran
teatrı yeni mövsümünü Molyerin “Mizantrop XXI əsr”
tamaşası ilə açdı. Tamaşanın
quruluşçu rejissoru bolqar Xristo Stoyçevdir. Bu əsəri
mən tərcümə etdim və teatrın rəhbərliyi
əsərin ideyasının, mövzusunun indiki zamanla səsləşdiyini
görüb səhnələşdirməyə razılıq
verdi. Hazırlanan tamaşa Molyerin yazdığı “Mizantrop
XXI əsr”-dən çox fərqlənir. Xristo Stoyçev
mizantropun ideyasından, mənasından istifadə edib, əsərə
başqa çalarlar qataraq tamaşanı təqdim etdi.
Tamaşada tarixin keşməkeşli dövrlərini
xatırladan hadisələr qeyd edilib: Oktyabr inqlabı,
İkinci dünya müharibəsi, Sovetlər
İttifaqında baş verənlər, Qarabağ hadisələri
və s...
Sözügedən
tamaşada geyimlər də fərqli üslubda
hazırlanmışdı. Belə ki, burada Fransa
dövrünün, müasir dövrün geyimləri realizə
olunurdu. Mizantropun əsri, dövrü yoxdur, mizantropluq həmişə
olub və olacaq da. Mizantrop sözünün mənası
insanları sevməmək deməkdir. O yerdə ki, insana nifrət
var, orada qətliam, qırğın, insanları qanına qəltan
etmək və s. kimi bütün pis əməllər
mövcuddur. Mizantrop faşizmin bir formasıdır. Fransa
inqlabında da, oktyabr inqlabında da, ikinci dünya müharibəsində
də mizantrop olub. Hər bir quruluşun devrilməsi
qan-qadalı, mizantrop düşüncəli insanların
psixologiyasının təsiri ilə baş verib. Tamaşada
biz bunları seyirçiyə göstərməyə
çalışdıq... Əsərin sonunu Molyerin
yaratdığı əsərdən tamam başqa bir sonluqda təqdim
etdik. Molyerin “Mizantrop XXI əsr” əsərində qəhrəmanlar
sonda birləşir, əsər müsbət sonluqla bitir. Amma
biz hazırladığımız tamaşada qəhrəmanları
ayırdıq. Rejissorun fikri belə oldu ki, bu tipli insanlar
heç vaxt birləşə bilməzlər. Çünki
yüksək cəmiyyətin ab-havasına
alışmış, daxili kin, nifrətlə dolu olan insan
heç vaxt o cəmiyyəti tərk edib, daxilindəki pislikləri
çıxara bilməz. Mən sözügedən tamaşada
Oront rolunun ifaçısıyam. Tamaşada cəmiyyətin tələblərini
üstün tutan Selimena son anda öz sevgilisindən
ayrılıb, başqa birisi ilə gedir. O, insana qovuşur ki,
həmin adam da hadisələrin həm təşkilatçısı
və həm də icarçısıdır. Əsər Mədəniyyət
və Tuzrizm Nazirliyinin sifarişi əsasında
hazırlanıb, teatrımızın ən uğurlu
tamaşalarından biri hesab olunur.
- Teatrınızda bu mövsüm
hansı tamaşaların səhnələşdirilməsi
planlaşdırılır?
-
Keçən mövsümün sonunda İslam Həsənovun
quruluşunda Savaş Dinçelə məxsus “Yaşanmayan gənclik”
tamaşası hazırlanıb. Bu əsərin də tərcüməsi
mənə məxsusdur. Hazırda Voyniçin ”Ovod” əsəri
üzərində iş gedir ki, bunu da teatrın baş
rejissoru hazırlayır. Noyabr ayının sonlarında “Ovod” əsərini
tamaşa şəklində təqdim etməyə
hazırlaşırıq. Yenə əsərdən fərqli
bir üslubda hazırlanacaq tamaşanın əvvəlində
hadisələrin gedişi dəyişdirilir. Əsərin
mövzusu, baxış bucağı tamam başqa prinsiplər
üzərində qurulacaq. Bu gün teatrın Gənclər
studiyasında “Ağ kələğayı” tamaşası
hazırlanır. Teatrın daxilində iş prosesi gedir,
truppamız daima işləyir və öz
tamaşaçılarının qəlbinə yol tapmağa
çalşır. Lənkəran teatrının özünəməxsus
ənənələri var. Bu yaxınlarda teatrın 122 illiyi
tamam olacaq. Biz də Lənkəran teatrının qədim ənənələrini
yaşatmağa çalışırıq. Teatr sənət
ocağıdır, tamaşaçı buraya sənət izləməyə,
düşünməyə, düşünərək
gülməyə gəlir. Teatr rejissoru, aktyoru seyrçinin ən
yaralı yerinə toxunmalıdır, onu
düşündürən, maraqlandıran problemləri
göstərməyə çalışmalıdır. Əgər
tamaşaçı səhnədə onu
düşündürən problemin işartısını
görmürsə, heç vaxt o tamaşaya baxmaz. Bundan əlavə,
onu da qeyd edim ki, teatrın direktoru İslam Həsənov
Gürcüstanda Mirzə Fətəli Axundovun “Lənkəran
xanın vəziri” tamaşasını gürcü dilində
hazırlayacaq. Biz Gürcüstanla yaradıcılıq əlaqələri
saxlayırıq. Belə ki, gürcü rejissoru bizim teatrda
“Neron“, ”Aşıq Qərib” tamaşalarını
hazırlayıb. Bizim teatra Ukraynadan da əcnəbi rejissor gələcək,
artıq danışıqlar baş tutub. Xristo Stoyçevlə
festivalda tanış olmuşuq. O, sonradan Mədəniyyət
və Turizm Nazirliyinin qərarı ilə bizim teatrda tamaşa
hazırladı.
- Eşitdiyimizə görə, Lənkəran
Dövlət Dram Teatrı təmirə dayanır. Sizcə,
bu, tamaşaların hazırlanmasında problemlər yarada bilər?
- Lənkəran
teatrının təmirə dayanması 2013-cü ildə
plana salınıb. Buna baxmayaraq, Lənkəranda bir neçə
teatr zalı var ki, biz öz işimizi orada davam etdirə bilərik.
Teatrımız birinci dəfə təmirə dayandıqda biz
tamaşalarımızı Lənkəranın mədəniyyət
sarayında oynayırdıq. Elə zamanımız olub ki, bir
ayda səyyar tamaşalarını 10 dəfə
oynamışıq. Bizim o sahədə çətinliyimiz
olmayacaq. Təmir müəyyən qədər çəkəcək
və teatrımız daha gözəl səhnə, gözəl
bina, yeni avadanlıqlarla əvəz olunacaq.
Tamaşalarımız da ləngimədən hazırlanacaq.
Düzdür, hazırlıq prosesi öz zalımızdakı
kimi olmayacaq. İnsan öz evinə öyrəşdikdə
belə, başqa yerə düşəndə qəribsəyir.
Hardasa texniki cəhətdən tamaşanın
hazırlanmasında müəyyən zəiflik özünü
göstərəcək.
Tələbkar tamaşaçı
- Lənkəranlıları teatral
tamaşaçılar adlandırmaq olarmı?
- 120
illik teatr tarixi olan bir şəhərdə teatrı sevən,
tamaşanın anlamını dərk edən, davamlı olaraq
teatra baş çəkən tamaşaçılar var.
Keçən il mövsümün axrıncı günlərində
“Yaşanmayan gənclik” tamaşanı oynadıq. Tamaşa
bitdikdən sonra tamaşaçı zalı tərk etmirdi.
Tamaşaçılar bizdən xahiş etdilər ki, zalı
tərk etməyək və tamaşadan sonra
tamaşaçılarla diskussiyaya başlayaq. Bizim
tamaşaçılarla diskussiyamız 50 dəqiqə davam
etdi. Bu gün Lənkəran teatrının
tamaşaçısı kifayət qədərdir. Sadəcə
olaraq, tamaşaçını maraqlandırmaq
lazımdır. Lənkəranda hər il regionlardan kollektivlər
səfərə gəlib, tamaşa göstəriblər.
Heç bir kollektiv deyə bilməz ki, onların
tamaşaları zamanı zal boş idi. Lənkəran
tamaşaçısı çox tələbkar
tamaşaçıdır. Bəzən onlar tamaşada hər
hansı bir mövzunu müzakirə edirlər ki, bu bizim
özümüzə də təəccüblü gəlir.
İndiki tamaşaçı salonda boş-boşuna əl
çalmaq istəmir. Cəmiyyətdə aydın şəkildə
dilə gətirə bilmədiyi sözləri, hissləri
teatr deməlidir. Aktyor öz obrazı ilə, oyun dili ilə
onu tamaşaçıya göstərməlidir.
-
Teatrın qastrol tamaşaları gözlənilirmi?
- Lənkəran
Teatrının xarici səfərləri nəzərdə
tutulub. Ancaq biz həmin qastrollarda maliyyə səbəbləri
ucbatından iştirak edə bilmirik. Yəni tamaşada
iştirak edən dəstənin yol xərci, otel xərci və
s. kifayət qədər məvacib tələb edir. Əgər
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
göstəriş, dəstək gəlsə, məmnuniyyətlə
iştirak edərik. Teatrımıza Bolqarıstandan, Türkiyədən
və s. ölkələrdən dəvətlər gəlir.
- Bəs regionlara qastrol səfərləri
nəzərdə tutulurmu?
-
Teatrın rəhbərliyi qərara alıb ki, bu mövsüm
Bakıda 5 tamaşamızı nümayiş etdirək.
Tamaşalarımızın nümayişinin zamanları bəlli
deyil, ancaq planlarımızda paytaxt və digər regionlar var.
Vaxtı müəyyənləşdikdən sonra biz bu barədə
məlumat verəcəyik.
- Gənc
kadrlar necə, teatra gəlirmi? Ümumiyyətlə,
onların teatra marağı varmı?
- Gənc
kadrları teatrın tərkibində özümüz
hazırlayırıq. İslam Həsənov gəldiyi
gündən truppa yaradıb, orada gənc kadrların
hazırlanması prosesi gedir. Gənclərin özləri
aktyorluq sahəsinə maraq göstərirlər. Öz istəkləri
ilə bu truppalara gəlirlər və biz də onları
aktyorluq sahəsində yetişdirməyə
çalışırıq. Gənc teatr həvəskarlarını
seçdikdən sonra onlarla işləyirik. Belə
truppanın teatrın daxilində yaradılmasının ən
müsbət cəhəti isə həmin gənclərin
teatrın daxilində yetişməsi və püxtələşməsi
prosesinin baş verməsi olur.
- Hansı rejissorların işini bəyənirsiniz?
- Bir
çox rejissorların işləri mənim zövqümcədir.
Bəhram Osmanovun, Rövşən Almuradlının
tamaşalarını bəyənirəm. Çünki
onların quruluşunda hazırlanan tamaşalarda bir həyatilik
var. Çox təəssüf ki, Akademik Milli Dram
Teatrının ştatında rejissor yoxdur. Dəvət
olunmuş rejissorlar işləyirlər, Bilmirəm, bunlar
özünü nə dərəcədə yaxşı
doğruldurlar...
Teatr qolunun axsaqlığı
- Mətbuatda
teatrlarda gedən proseslərdən bəhs edən məqalələr
sizi qane edirmi?
- Bu
gün teatrşünaslar teatr hadisələrinin həlli ilə
daha çox paytaxtda maraqlanırlar. Amma Azərbaycan təkcə
Bakıdan ibarət deyil. Doğrudur, Bakı mənən
böyük məmləkətdir, ancaq teatrşünaslar onu
da düşünməlidirlər ki, teatr təkcə
Bakıda inkişaf etmir. Regionalrımzda da maraqlı, paytaxt
tamaşalarından heç də aşağı səviyyədə
olmayan tamaşalar göstərilir.
- Bəlkə
həmin regionların öz teatrşünasları yoxdur, ona
görədir?
- Ola
bilməzmi ki, həmin regionlara teatrşünaslar özləri
gəlsinlər? Bu, teatr qolunun axsaqlığıdır. Nəyə
görə regiondan Bakıya qastrola gələndə onun
tamaşaları haqqında jurnalistlər, teatrşünaslar
yazır. Teatrşünasların region tamaşalarına
marağı yoxdur. Bakıdan Lənkərana teatrşünas
qonaq gələndə özləri nəyə görə
maraqlanmırlar? Bu artıq teatrşünasın öz
işidir.
- “Teatr mənəviyyatımızın
aynasıdır” deyirik. Cəmiyyətdəki proseslər bu
aynada necə əks olunur?
- Mənim
bu günkü tamaşaçılara bircə sözüm
var. Bu gün müasir Azərbaycanımızın həyatında
önəmli hadisələr baş verir və həmin hadisələr
də teatr prosesində öz əksini tapır. Cəmiyyətimizdə
baş vermiş hadisələrə real qiymət vermək
üçün ən yaxşı ünvan teatrdır. Biz səhnədə
real hadisəyə ayrı rəng versək, heç kəs
ona fikir verməz. Real hadisələr özlərini daha
dolğun, təbii teatr tamaşalarında tapır. Teatr mənəviyyatımızın
aynasıdır. Cəmiyyətimizdə baş verən hadisələrin
bir güzgüsüdür və o güzgüyə həmişə
baxmaq, diqqətli olmaq, oradan nəyisə götürmək
lazımıdır.
Xəyalə Rəis
Kaspi.-2012.-6 noyabr.-S.15.